Ramiz Mehdiyev. “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”
Prezident Administrasiyasının rəhbəri: “Milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini maraqlandırmır”... Telekanalların fəaliyyətini kəskin tənqid edildi.
Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev rəsmi dövlət qəzeti “Azərbaycan”da ölkə telekanallarının fəaliyyətini tənqid edən məqalə ilə çıxış edib.
“Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” başlıqlı məqaləni olduğu kimi təqdim edirik..
XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı.
Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyev söz və məlumat azadlığını, KİV-lərin müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi.
İstər Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verirdi. 2001-ci ildə Heydər Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdimat mərasimində o, çıxışı zamanı demişdir: "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır". Beləliklə, 1998-ci ildə Azərbaycanda senzuranın ləğvi, sonrakı illərdə KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, onların müstəqilliyinin inkişaf etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər azad, demokratik medianın formalaşması üçün mühüm addımlar oldu.
Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur, insanların rifahı yüksəlir. Vüsət alan inkişaf prosesləri təbii olaraq KİV-lərdən də yan keçməmişdir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və sairə son illərdə Azərbaycanda həyata keçirilmiş mühüm tədbirlərdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ölkəmizdə söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və onların mövcud problemlərinin aradan qaldırılması üçün silsilə tədbirlər müəyyənləşdirmişdir. Konsepsiyanın tələblərinə uyğun olaraq 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış və KİV layihələrinin maliyyələşdirilməsinə başlanmışdır.
Hal-hazırda Azərbaycan Respublikası KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçmiş və ya uçota götürülmüşdür. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir.
Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışlar. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olmuşlar.
Müstəqillik dövründə Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçmiş, nəzərəçarpacaq uğurlar əldə etmişdir. Cəmiyyətdə liberal dəyərlərin, demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşlar. Ölkəmizdə teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir. 2002-ci ildə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2003-cü ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurası yaradılmışdır. 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında" Qanun qəbul edilmiş və bir il sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başlamışdır. Özəl televiziya kanalları ölkənin teleradio məkanını daha da zənginləşdirmiş, müasir informasiya-kommunikasiya texnologiyalarının, son texniki nailiyyətlərin tətbiqi proqram siyasətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə, keyfiyyətli verilişlər hazırlanmasına kömək göstərmişdir. Televiziya kanallarının texniki imkanları hədsiz dərəcədə genişlənmiş, qarşılıqlı əlaqə və kommunikasiyanın yeni formaları yaranmış, onların operativliyi yüksəlmiş, təsir dairəsi genişlənmişdir. Artıq ümumrespublika kanalları peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlanmağa başlamışlar.
Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Teleradio ana dilinin inkişafına, milli adət-ənənələrin qorunub saxlanmasına, cəmiyyətin maddi və mənəvi dəyərlər sisteminin, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında təsəvvürün formalaşmasına böyük təsir göstərir.
Bununla yanaşı, etiraf etməliyik ki, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir.
Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri sırasında digər vacib məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsipləri öz əksini tapmışdır. Qanunun 5-ci fəsli (Teleradio yayımının təşkili) ölkə ərazisində teleradio yayımının həyata keçirilməsi şərtlərini, proqrama verilən tələbləri, uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, reklam və digər məsələləri tənzimləyir. 32-ci maddədə proqram üçün qoyulmuş tələblər sırasında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması, habelə milli-mənəvi dəyərlərin qorunması, sosial yayımların təşkil edilməsi vacib şərtlər kimi göstərilmişdir. Qanunun 6-cı fəslində (Yayımçıların hüquq və vəzifələri) yayımçının hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Həmçinin Milli Televiziya və Radio Şurası (MTRŞ) qanunlara və Əsasnaməsinə müvafiq olaraq televiziya və radio yayımı sahəsində dövlət siyasətini həyata keçirmək və bu fəaliyyətin tənzimlənməsi istiqamətində müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir. Xüsusi qeyd edilməlidir ki, bu günə kimi MTRŞ televiziya və radio kanallarının monitorinqi, qanunun tələblərinin pozulması hallarının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müvafiq tədbirlər həyata keçirmiş, habelə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericilik təşəbbüsləri ilə çıxış etmişdir.
Lakin MTRŞ teleradio qurumlarının yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil və deməli, bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür.
Bu gün Azərbaycanın efir məkanında televiziya kanalları milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları nümayiş etdirmək iqtidarındadırlar. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən muğam müsabiqələri zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə mühüm töhfə olmuşdur. Azərbaycan muğam sənəti ölkə hüdudlarından kənara çıxaraq bir çox Şərq ölkələrinin auditoriyasının rəğbətini qazandı. AzTV kanalında "Günün nəbzi", "Azərbaycan - yurdum mənim", "Ailə həkimi", "Məclisi-üns", İctimai televiziyada "Çarpaz baxış", "Gerçəyin özü", "Ortaq məxrəc", "İşgüzar zaman", "Körpü", "Din və cəmiyyət", "Ovqat" və digər verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanır. Digər televiziya kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər hazırlanır. Göründüyü kimi, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdirlər. Lakin bu nümunələr heç də teleradio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz. Beləliklə, televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar hansılardır və onların aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Hal-hazırda bu məsələ cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat, həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı müəyyən fikir səsləndirmişlər. Lakin, görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi, həmçinin onların aradan qaldırılması, yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac yaranmışdır.
İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?
Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir.
Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.
Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni ("Xeyir ola", "Çal-çağır şou", "Yağ kimi", "10-lar", "Perfomans", "106 house", "Tam sərbəst-solo", "ATV maqazin", "Kim kimdir", "Yeni ulduz" verilişləri), "Lider" telekanalı 16,4%-ni ("Maşın şou", "Qızıl pillə", "Kim, harada, necə", "Cavaba sual var", "Solo", "Dostum", "Ən" verilişləri), "Xəzər" telekanalı 12%-ni ("Nar star", "Ulduzlu xəzər", "Mix şou", "Ay Zaur" verilişləri), "ANS" telekanalı 11,3%-ni ("Günəbaxan", "Çərşənbə axşamları Tural ilə", "El bilir ki", "Toylar kraliçası" verilişləri), "Space" telekanalı isə 8%-ni ("Bazar", "Bazar+", "Komedi-şou", "Azəri star" verilişləri) şou-biznes verilişlərinə həsr edir. Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur.
Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.
Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, "Azəristar" müsabiqəsini "Yeni ulduz", "Xalq ulduzu", "Nar star", "De gəlsin", "Sözüm var" və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşmışdır.
Qeyd edilməlidir ki, yaradıcılıq potensialının aşağı olması, yeni ideyaların və onların həyata keçirilməsi imkanlarının məhdudluğu kifayət qədər maraqlı olmayan verilişlərin, filmlərin növbəti gün təkrarlanması yolu ilə efir vaxtının doldurulmasına gətirib çıxarır. Heç də gizli deyil ki, belə hallar özəl yayımçının keyfiyyətli efir siyasəti həyata keçirməsinə, reytinqini və populyarlığını artırmasına mənfi təsir göstərir.
Maraqlı məsələlərdən biri də televiziyaların, daha doğrusu, konkret verilişlərin reytinqinin müəyyənləşdirilməsi metodologiyası ilə bağlıdır. Məlum olduğu kimi, əksər ölkələrdə sosioloji təhqiqat şirkətləri xüsusi avadanlıqlar vasitəsilə televiziya verilişlərinin reytinqini ölçürlər. Əldə olunmuş nəticələr verilişin nüfuzunu, əhatə dairəsini və deməli, rentabelliyini, teleradio qurumunun reytinqinin yüksəlməsinə təsirini müəyyənləşdirmək üçün əsas vasitədir. Azərbaycanda bu məqsədlə teleyayımçılara xidmət göstərən bir neçə özəl qurum ("AGB", "Siar" və s.) mövcuddur. Həmin qurumların metodologiyasına, nəticələrinin obyektiv və əsaslı olmasına inam yoxdur. Hər halda, efir məkanında keyfiyyətsiz və zərərli şou-biznes verilişlərinin çəkisinin artmasını bu etimadsızlığa səbəb kimi göstərmək olar.
Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır.
Belə problemlərin mənfi təsirinin azaldılması məqsədilə beynəlxalq praktikada ictimai və dövlət yayımçılarının xidmətlərindən istifadə olunur. Bu mənada Azərbaycanın dövlət büdcəsindən maliyyələşən kanallar öz fəaliyyətini reklam cəlbetmə istiqamətində yox, əhalini düşündürən, cəmiyyət üçün aktual olan mövzuların işıqlandırılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimizin təbliğinə yönəltməlidirlər. Təəssüf ki, nəinki özəl kanallar, hətta dövlət büdcəsindən maliyyələşən televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində maarifləndirmə, jurnalist araşdırmaları, hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir.
Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətlə yanaşma tələb edir. Məsələn, AzTV "Əsgər anı", İTV "Salam əsgər", ANS "Marş", "Lider" "Lider əsgər" kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırırlar. Halbuki, vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər.
Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir. Bu sahədə digər ölkələrin aparıcı kanallarının təcrübəsindən bəhrələnmək olar. Məsələn, Rusiyanın birinci kanalının "Umniki i umnitsı", STS kanalının "Samıy umnıy" verilişləri kifayət qədər populyar və geniş tamaşaçı auditoriyası qazanmış proqramlardır. Həmçinin, uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, son illər yerli cizgi filmləri istehsal olunmadığı üçün, televiziya kanalları uşaqların milli ruhda böyüməsinə heç də müsbət təsir göstərməyən xarici filmlər nümayiş etdirirlər.
İctimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsi müasir tamaşaçının tələblərinə cavab vermir. Bəzi televiziya kanallarında analitik verilişlər, cəmiyyət üçün maraq kəsb edən məsələlərin ekspertlər səviyyəsində müzakirəsi müşahidə olunmur.
Televiziya kanallarında aparıcı problemi kəskindir. Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən də əyləncə xarakterli verilişlərin aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslərdir. Bir sıra "aparıcıların" telejurnalistika sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir.
Xarici ölkələrin istehsal etdiyi filmlərin dublyajında problemlər qalmaqdadır. Məlum olduğu kimi, dublyajın keyfiyyəti peşəkar aktyorların, yaxşı nitq qabiliyyəti olan şəxslərin cəlb edilməsindən birbaşa asılıdır. Azərbaycanda hər televiziya kanalının öz dublyaj studiyası fəaliyyət göstərir. İstisna deyil ki, bu və ya digər səbəblərdən dublyaja peşəkarların cəlb edilməsi problemə çevrilir. Buna görə də, bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac yaranmışdır.
Cəmiyyətin məlumatlandırılması, xəbər proqramlarının keyfiyyəti artırılmalıdır. Televiziya kanalları dünyanın ayrı-ayrı nöqtələrində baş vermiş hadisələr barədə əsasən xarici televiziya kanallarının və informasiya agentliklərinin xəbərlərini yayırlar. Bəzi televiziya kanallarının nəinki müxtəlif ölkələrdə, hətta Azərbaycanın bölgələrində belə müxbir məntəqələri yoxdur. Üstəlik, müasir texnikanın potensialından təyinatı üzrə istifadə məsələlərində də nöqsanlar müşahidə olunur. Məsələn, Səyyar Televiziya Stansiyaları təkcə konsertlərin canlı nümayiş etdirilməsi üçün istifadə edilməli deyil. Bu texnikadan xəbərlərin hazırlanması, hadisə yerlərindən birbaşa xəbər verilməsi üçün daha çox istifadə oluna bilər.
Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır.
Digər bir problem telekanallarda qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir.
Müasir dövrdə internetin sürətli inkişafı müəyyən sahələr üzrə ixtisaslaşmış bir çox televiziya kanallarını balanslaşma istiqamətində səy göstərməyə məcbur edir. Məsələn, Fransanın BFMTV, ABŞ-ın Bloomberg, CNBC kimi biznes və maliyyə kanalları ənənəvi statuslarından imtina etməyə, siyasət və digər sahələr üzrə proqramlar hazırlamağa məcbur olurlar. Təəssüf ki, Azərbaycan telekanalları müasir tendensiyaları nəzərə almaqda, fəaliyyətlərini günümüzün tələbləri səviyyəsində qurmaqda passivlik nümayiş etdirirlər.
Televiziya kanallarında müşahidə olunan neqativ hallar özünəməxsus formada radio kanallarında da təkrarlanır. Radio aparıcıları münasib hesab etdikləri, lakin cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, bir sıra hallarda isə etik normalardan kənar mövzularla bağlı saatlarla müzakirələr təşkil edirlər.
Beləliklə, bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir.
Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır. Məsələn, xəbərlərin, süjetlərin təqdimatında dünyada mövcud standartlar (BBC və CNN standartları əsas kimi götürülə bilər) öyrənilməli, proqressiv yeniliklər tətbiq olunmalıdır.
İdarəetmə, menecment, marketinq fəaliyyətinin təkmilləşdirilməsi, dünyada mövcud təcrübənin öyrənilməsi və yeniliklərin tətbiqi məsələləri diqqət mərkəzində olmalıdır.
İxtisaslı kadr seçimi, yaradıcılığın səviyyəsinin yüksəldilməsi, xarici dilləri bilən professional jurnalistlərin hazırlanması, kadrların peşəkarlığının artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir. Azərbaycanda televiziya məktəbinin inkişaf etdirilməsinə, müasir tendensiyaların öyrənilməsi və yeniliklərin tətbiqinə ehtiyac yaranmışdır. Ali məktəblərin jurnalistika fakültələri jurnalistika sahəsində təhsil verir, nəzəri cəhətdən jurnalistikanın əsaslarını öyrədir. Lakin praktikada, jurnalist konkret iş yerinə gələndə onu təzədən öyrətmək zərurəti yaranır. Bir sıra ölkələrdə Televiziya Akademiyası fəaliyyət göstərir və televiziya sahəsində olan problemlərin araşdırılması, telejurnalistlərin hazırlanması ilə məşğul olur. Hesab etmək olar ki, indiki mərhələdə telekanallarda çalışan kadrların ixtisaslarının artırılması məqsədilə ölkədə əsaslı tədbirlər haqqında düşünməyin vaxtı çatıbdır.
Dünyanın aparıcı televiziya kanallarının təcrübəsi göstərir ki, təqdim olunan proqramların böyük əksəriyyəti müxtəlif şirkətlər (prodakşnlar) tərəfindən hazırlanır. Həmin şirkətlər həm televiziya kanallarının sifarişlərini yerinə yetirir, həm də hazır məhsulları onlara satır. Azərbaycan televiziya kanallarının nümayiş etdirdiyi əksər verilişlər teleradio qurumlarının özləri tərəfindən hazırlanır. Hər halda, Azərbaycanın teleradio məkanında prodakşnların fəaliyyəti hiss olunmayacaq dərəcədə aşağıdır. Azərbaycanda bu sahənin güclənməsi, telekanalların sifarişlərini yerinə yetirə biləcək şirkətlərin inkişaf etdirilməsi və ya yaradılması, onların səmərəli fəaliyyət mexanizminin formalaşdırılması vacibdir.
Teleradio yayımının inkişaf etdirilməsi, onların dünyada mövcud yeniliklərə meylləndirilməsi üçün televiziya kanalları arasında sağlam rəqabət mühitinin gücləndirilməsi vacib amillərdəndir.
Verilişlərin təqdimatında müasir standartlardan istifadə edilməsi aşağı səviyyədədir. Məsələn, dünyanın aparıcı televiziya kanalları "No comment" ("Şərhsiz" - video süjetlərin şərhsiz təqdim olunması) kimi yenilikdən geniş istifadə etdiyi halda, Azərbaycanda heç bir televiziya kanalı bu praktikadan yararlanmır.
Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır.
İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə onun imkanlarından maksimum istifadə edilməsi zəruridir. Məlumatların operativ ötürülməsində internetin imkanları genişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən region dövlətlərində müasir 3G texnologiyasından (üçüncü nəsil mobil rabitə - mobil telefon vasitəsilə video əlaqənin yaradılması və sürətli internet) istifadə olunur. Bu texnologiyanın yaxın zamanlarda Azərbaycanda tətbiq olunması istiqamətində səylər artırılmalıdır.
Milli Televiziya və Radio Şurası, televiziya kanallarının rəhbərləri, mütəxəssislər, ekspertlər cəmiyyətin tələblərini, ictimai marağı, tamaşaçıların istək və arzularını öyrənməli, efir məkanının tarazlaşdırılması, mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər.
Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir.
Xüsusi qeyd edilməlidir ki, bir çox ölkələrin, məsələn, Estoniyanın müvafiq qanunvericiliyində qanunların pozulmasına görə cərimə, fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Həmin cərimələrin məbləği çox yüksəkdir və artan xətt üzrə tətbiq olunur. Düzdür, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də qanunun pozulmasına görə cərimələr müəyyən edilmişdir. Lakin həmin cərimələrin məbləği çox aşağıdır və qanunla müəyyən edilmiş bəzi hallara (milli-mənəvi dəyərlərin qorunması) görə konkret məbləğ nəzərdə tutulmur. Görünür, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı proqramlara verilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh tədbirlərinin daxil edilməsi məsələsinin baxılmasına ehtiyac var.
Milli Televiziya və Radio Şurası qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirməli, televiziya verilişləri arasında balansın qorunması, etik normalara riayət olunması və digər məsələlərlə bağlı zəruri tədbirləri daha ciddi səylə davam etdirməlidir.
Bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır. Ümid etmək olar ki, teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəyəcək, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaqlar.
Dostları ilə paylaş: |