4.Monqoların Azəbaycana üçüncü yürüşü və Azərbaycan Elxanilər (Hülakilər) dövlətinin tərkibində. Monqolların Azərbaycan III yürüşü. Cənubi Qafqaz və Ön Asiyanı idarə edən monqol canişini Böyük Monqol xaqanına vergi ödəyirdi. Lakin XIII əsrin ortalarına mərkəzə daxil olan vergilər xeyli azalmışdı və onun ödənilməsində yubanmalar artmışdı. İran və Azərbaycanda hələ bir çox yerli feodallar mülklərini saxlaya bilmişdilər və monqol ağalarına müqavimət göstərirdilər. 1253-cü ildə ali monqol xaqanı Münke xaqan qurultay çağırdı və yeni yürüşü təşkil etməyi qərara aldı. Yürüşə başçılıq Çingiz xanın nəvəsi, Tulay xanın oğlu Hülaki xana tapşırıldı. 120 min nəfərlik monqol qoşunu 1256-cı ildə İranın şimalına daxil oldu və Əlamut qalasını tutdu. 1256-cı ildə bütün Azərbaycan işğal edildi. 1258-ci ildə monqollar Bağdadı ələ keçirdilər və Abbasilər xilafətinin 508 illik hakimiyyətinə son qoydular. Şəhər 40 gün talan edildi. Kiçik Asiya, Suriyaya yürüşlər təşkil olundu. Yeni tutulmuş ərazilərdə yeni ulus yaradıldı. Bu dovlət Hülakilər və yaxud Hülaki xan 1265-ci ildə "el xan" titulu qəbul etdiyindən Elxanilər dövləti adlanır. Dövlətin ilk başçısı Hülaki xan (1256-1265) oldu. Beləliklə, monqollar 1220-ci ildən 1256-cı ilə qədərki dövrdə Azərbaycana qarşı 3 yürüş təşkil etdilər və III yürüşün nəticəsi kimi Hülakilər (Elxanilər) dövləti yaradıldı. Hülakilər dövləti 1256-1357-ci illərdə, yəni 101 il mövcud olmuşdur. Bu dövlət geniş əraziləri birləşdirsə də, onun mərkəzi Azərbaycan torpaqları idi və ölkə Azərbaycandan idarə olunurdu. Bu baxımdan Hülakilər dövlətinin tarixi coğrafiyası əhəmiyyət kəsb edir.
Beləliklə, türk-monqol qəbilələrinin idarə etdiyi Hülakilər dövlətinin mərkəzi ərazisi Azərbaycan olmuş, Azərbaycan şəhərləri Marağa və Təbriz onun paytaxt şəhərləri olmuşdur. Bütün dövlət Azərbaycan torpaqlarından idarə olunmuşdur. Hülakilər dövlətinin inzibati-ərazi quruluşu haqqında məlumatlara orta əsr yazılı mənbələrində rast gəlinir.
Elxani əyanları, əsasən Azərbaycanda yaşayırdılar. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qişlağı idi. Dövlətin paytaxtı Marağa, Sultaniyyə və Təbriz kimi Azərbaycan şəhərləri olmuşdur.
Yüzillik tarixi boyu Hülakilər dövlətində daxili sabitlik olmamışdır. Hülaki xanın dövründə müəyyən iqtisadi və siyasi uğurlar əldə edilsə də, 1265-ci ildə onun ölümündən sonra dövlətdə daxili çəkişmələr başladı. Monqol əyanlarından ibarət müxtəlif qruplaşmalar yarandı və hər qruplaşma çalışırdı ki, hakimiyyətə öz namizədini gətirsin. Abada xanın (1265-1282) dövründə başlayan daxili çəkişmələr Əhməd xanın da dövründə (1282-1284) davam etdi. Əhməd xanı taxtdan salan Arqun xan da (1284-1291) əyanların özbaşınalığının qarşısını ala bilmədi. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Əmir Novruz üsyan qaldırdı və Arqun xan bu üsyanı çox çətinliklə yatırdı.
Qızıl Ordu dövləti Dərbənddən şimala Volqa çayı ətrafı əraziləri, Krım, Yenisey çayına qədər bütün Sibir ərazisini əhatə edirdi. Rus knyazlıqları Qızıl Ordudan vassal vəziyyətində idi. Paytaxtı Saray-Batı olan bu dövlətin əsasını Çingiz xanın nəvəsi, Cuçinin oğlu Batı xan qoymuşdu. Qızıl Ordu xanları belə hesab edirdilər ki, Cuçi xanın vəsiyyətinə görə, Cənubi Qafqaz Batı xana verilmişdir, ona görə də onlar bu əraziləri Hülakilərə güzəştə getmək istəmirdilər. 1263-cü ildə Noqay xanın başçılığı ilə 30 min Qızıl Ordu qoşunu Azərbaycana soxuldu. Hülaki xan məğlub oldu. Dərbənd ələ keçirildi. Lakin 1265-ci ildə onlar məğlub olub geri çəkildilər. Qızıl Ordunın 1288 və 1290-cı illərdə olan hücumları da müvəffəqiyyət qazandı. Arqun xanın ölümündən sonra hakimiyyətə gələn Abaqa xanın oğlu Keyxatu xan (1291-1295) iqtisadi tənəzzülün qarşısını almaq üçün pul islahatı keçirdi, dövriyyəyə "çao" adlı kağız çin pulu buraxdı. Lakin bu islahat əməli nəticə vermədi, kağız pullar dövriyyədən çıxdı. 1295-ci ildə hakimiyyətə Arqun xanın oğlu Baydu xan gəldi. O, monqol əsilli feodallara qarşı sərt mübarizəyə başladı və 6 aydan sonra taxtdan salındı. Onun əvəzinə hakimiyyətə gələn qardaşı Qazan xan (1295-1304) daxili siyasəti yenidən qurmağa başladı. Qazan xan mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. Köçəri monqol əyanlarının müqavimətini qırmaq, yerli Azərbaycan əhalisini öz tərəfinə çəkmək məqsədi ilə yerli əyanlarla yaxınlaşdı, islam dinini dövlət dini elan etdi. Özü də islam dinini qəbul edib, Mahmud adını götürdü. Qazan xanın yerli feodallara arxalanmaq siyasətinə qarşı çıxan monqol əyanları ona qarşı sui-qəsd hazırladılar. Bu işdə Xorasanda qərarlaşan monqol əyanları daha fəal idi və sui-qəsdçilər Təbrizə hücum edib Qazan xanı taxtdan salmağı planlaşdırmışdılar. Lakin qəsd baş tutmadı,qəsdi planlaşdıranlar tutulub edam olundular. Mərkəzi hakimiyyətədəki daxili ixtilaflardan istifadə edərək Gürcüstan üsyana qalxdı və Hülakilərə tabe olmaqdan boyun qaçırdı. Lakin 1297-1298-ci illərdə Qazan xan gürcü feodallarına da divan tutdu.
Qazan xandan sonra hakimiyyətə onun qardaşı Məhəmməd Ulcayut (1304-1316) gəldi. Ulcayut qardaşının siyasətini davam etdirirdi. O, Gilan və Heratı işğal edərək Hülakilər dövlətinin ərazilərini bir qədər də genişləndirdi. Lakin onun ölümündən sonra yenə dövlətdə daxili çəkişmələr başladı. Ulcayutu əvəz edən Əbu Səidin (1316-1335) cəmi 12 yaşı var idi. Atası hələ sağlığında Sulduz tayfasının nümayəndəsi, tanınmış sərkərdə Əmir Çobanı Əbu Səidin qəyyumu təyin etmişdi.
Beləliklə, Bagdad və ətrafdakı əyalətlər Hülakilərin nəzarətindən çıxdı. Hülakilər sülaləsinin zəifləməsi əsasən Urmiya gölü ətrafında məskunlaşan Sulduz tayfasından olan Çobanilərin yenidən fəallaşmasına gətirib çıxardı. 1338-ci ildə Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobani (Kiçik Həsən) Şeyx Həsən Cəlairiyə qalib gəldi. Öz hakimiyyətini qanuni çərçivəyə salmaq üçün Əbu Səidin bacısı Satıbəy xatunla (1338-1340) evlənərək onu dövlətin başçısı elan etdi və onun adından istifadə edərək dövləti idarə etməyə başladı. Hülaki şəhzadələri Həsən Çobanın əlində oyuncağa çevrilmişdilər. 1340-cı ildə o, Satıbəy xatunu taxtdan salıb əvəzinə Süleyman xanı gətirdi(1340-1344). Tezliklə Hülakilər nəsli hakimiyyəti formal xarakter aldı və hakimiyyət büsbütün Həsən Çobanın qardaşı Məlik Əşrəfin əlinə keçdi. Azərbaycan əhalisi Hülaki nəslindən olmayan eyni zamanda acgöz, zülmkar və amansız Məlik Əşrəfin hakimiyyətə gəlişinə qarşı üsyan qaldırdı. 1344-cü ildə Təbrizdə başlanan bu üsyan amansızlıqla yatırıldı. Eyni zamanda Hülakilərdən vassal vəziyyətində olan Şirvan və Şəki də Məlik Əşrəfin hakimiyyətini tanımaqdan boyun qaçırdı. Şəkidə 1330-cu illərdən müstəqillik mübarizəsi başlamışdı və bu mübarizəyə yerli Oyrat sülaləsi başçılıq edirdi. Şirvanşah Kavus Məlik Əşrəfin 1347, 1348-ci illərdə Şirvana talanedici yürüşlərindən sonra onun hakimiyyətini tanımağa məcbur oldu.
Vəziyyətdən çıxış yolu kimi Azərbaycan feodalları Hülakilərin əbədi düşməni Qızıl Ordu xanı Canı bəyə müraciət etdilər. 1357-ci ildə Canı bəy yerli feodalların dəstəyi ilə Təbrizi tutdu, Çobani Məlik Əşrəfi edam etdirdi. Bundan sonra Hülakilərin taxt-tacında öz oğlu Bərdi bəyi oturtdurub Volqa sahillərinə, Qızıl Orduya qayıtdı. Beləliklə, 101 il mövcud olan Hülakilər dövləti ləğv edildi, onun əraziləri Qızıl Ordunın nəzarətinə keçdi.