İnsan öz fərdi və ictimai ehtiyaclarını ödəmək üçün başqaları ilə əlaqə saxlamağa məcburdur. Əgər insan cəmiyyətlə agah və sağlam münasibətdə olsa bu əlaqələr onun dünya və axirəti üçün faydalı ola bilər. Məsələn, imanlı və savadlı insanlarla münasibət insanın qəlbini işıqlandırır, onun mərifətini artırır. Amma əksəriyyət belə deyildir. Cəmiyyətə çıxan adam özünü yalan, qeybət, böhtan kimi günahlardan qorumalıdır. Ətrafımızda baş verən hadisələri düzgün anlamaq və ictimai vəzifələrimizə düzgün əməl etmək üçün öz hərəkət və rəftarlarımızı dəqiq qiymətləndirməliyik. Xüsusi ilə cəmiyyətdə üstün mövqeyə malik olanlar cəmiyyətə müsbət təsirlərinə, xalqa xeyir verəcəklərinə, özlərini xətadan qoruya biləcəklərinə əmin olmalıdırlar. Bunlara əmin olmadan başqaları ilə münasibətləri tənzimləmək qeyri-mümkündür. Xüsusi ilə din təbliğatçıları bu nöqtələrə çox fikir verməlidirlər. Natiqlər öz nitqlərinin lent yazılarına diqqətlə qulaq asıb nöqsanları aradan qaldırmalıdırlar. İnsanlar üzdə yaxşı münasibət göstərsələr də, əslində başqa cür fikirləşə bilərlər. Onlar müəyyən səbəblərə görə əsl düşüncələrini açıqlamaya da bilərlər. Bəzən insan pis münasibətlə üzləşəcəyindən qorxaraq həqiqəti açıqlamır. Şagird müəllimin, fəhlə müdirin düşməninə çevrilməmək üçün həqiqi münasibətini gizlədir. İnsan özünü sevdiyindən gördüyü yaxşı işlərdən ləzzət alır. Möminlər isə gördükləri yaxşı işdə Allahın yardımını unutmayaraq «əlhəmdulillah» pıçıldayırlar. Bəziləri insandakı eqoizimdən istifadə edərək tərif söyləməklə onu sevindirirlər. Çoxları yağlı dilini işə salaraq yüksək vəzifədə olanların qəlbini alır. Onların niyyəti öz məqsədinə nail olmaqdır. Cəmiyyətdə təsadüf olunan şeytani üsullardan biri budur. Ümumiyyətlə tərif yolu ilə məqsədə çatmaq məşhur üsuldur. Cəmiyyətdə yüksək vəzifə tutanlar bu üsullardan xəbərdar olmazlarsa cəmiyyətdə böyük fəsadlar yarana bilər. Vəzifəli şəxslər başqalarının onlara irad tutmasını gözləməməli, öz nöqsanlarına diqqətli olmalıdırlar. Ətrafdakıların yağlı tərifləri çox vaxt həqiqətə uyğun olmur. Yağlı tərifə aldananlar bir zaman həqiqəti anlayanda artıq gec ola bilər.