Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 215,64 Kb.
tarix22.10.2017
ölçüsü215,64 Kb.
#10333
növüYazı

“Adyazar.az” saytının suallarını filologiya elmləri namizədi, yazıçı-publisist Akif ƏLİ cavablandırır



“Adyazar.az”

Baş redaktor: Rasim Qaraca

Redaktorlar:  Qan Tural, Elmin Həsənli

Səhifənin linki: http://www.adyazar.az » Müsahibə » Akif Əli ilə müsahibə

 

Akif Əli ilə müsahibə



“Adyazar.az” saytının suallarını filologiya elmləri namizədi,

yazıçı-publisist Akif ƏLİ cavablandırır



- Akif bəy, Siz Sovet dövrü Azərbaycan ədəbiyyatını necə qiymətləndirirsiniz, Sizcə bu irslə necə rəftar edilməlidir, bu irsin neqativləri və pozitivləri nədir Sizə görə?

- Qədim və zəngin Azərbaycan ədəbiyyatının ümumbəşəri dəyərlərə uyğun bir çox klassik yazılı və şifahi nümunələri var. Tarixin müxtəlif dönəmlərində istedadlı, dahi yaradıcıların şedevr əsərləri hətta ölkə sınırlarını aşaraq geniş arealda yayılıb. Lakin Sovet istilasının gətirdiyi “mədəni inqilab” dalğası ədəbiyyatın da missiyasını məhdudlaşdırıb onu sırf ideoloji mülahizələrə yönəltdi. Repressiya “maşınından” keçirilən ədiblər yeganə “sosrealizm” metoduna nizamlandılar. Ədəbiyyat işi ümumbəşəri mahiyyətindən ayrılıb kommunarların arabasında vintciyə çevrildi. İdeoloji konveyerdən çıxan hər bədii əsər formaca “milli”, məzmunca “sosialist” olmaqla xalqın (təbii ki, periodik repressiv aksiyalardan üzüntülü və gözüqıpıq çıxan “sovet xalqının”) avanqardı fəhlə-kəndlilərin əmək xarüqələrini vəsf etməyə yönəldildi.

“Mədəni inqilabın” proletar ədəbiyyatı qarşısında qoyduğu tələbləri nizamlamaq və yazıçıların “sosrealizmə” (əslində sovet quruluşuna) nə dərəcədə əməl etdiyini nəzarətdə saxlamaq üçün zəhmli “ellər atası” İosif Stalin partiyanın absurd “demokratik mərkəziyyət” prinsipini ədəbiyyata da tətbiq etdi. Dünyada anoloqu olmayan xəfiyyə komendaturası tipində SSRİ Proletar Yazıçıları İttifaqı adlı mərkəzi təşkilat yarandı. Onun yerli filialları vasitəsilə üzvlüyə alınan “sınaqdan çıxmış etibarlı ədiblər” kolxozlara, fabrik-zavodlara, zərbəçi əmək cəbhələrinə ezamiyyətə göndərilir, onlara siyasi konyuktura uyğun təbliğat xarakterli, kütləvi şüura mücərrəd kommunist-kosmopolit baxışlar aşılayan yad-yabançı ruhlu əsərlər sifariş verilirdi. Təbii, qonorar, mükafat və təltiflər də eynən plana uyğun şəkildə fərqlənən “etibarlılar” arasında paylanırdı…

Belə ədəbiyyat artıq dünya üçün maraqlı deyildi. Kolxozdan, traktordan, fabrik-zavoddan sifarişlə yazı yazmaq istəməyən hüseyncavidlərin, mikayılmüşfiqlərin, əhmədcavadların, almasyıldırımların… aqibəti isə bəllidir. Ona görə də indi “Sovet dövründə də dəyərli ədəbiyyat yaranmışdır” deyiləndə geniş miqyaslı ədəbi şücaətdən danışmaq yersizdir. Əsasən ayrıca bir söz, fikir, cümlə, monoloq, dialoq səviyyəsində hansısa epizodik bədii sayrışmaların mövcudluğundan söhbət gedə bilər. Çünki Sovet dövründə çapdan çıxan kitabların mütləq əksəriyyəti forma və məzmun etibarilə bir metoda uyğun, bir beynəlmiləlçi ruhlu və bir kommunist əqidəli ideologiyanın daşıyıcsıdır. “Başqa cür” yazılan əsərlərin 30-cu illərdən sonra SSRİ məkanında üzə çıxması mümkün deyildi. Çünki “başqa cür” yazanlar sadəcə 30-cu illərdən salamat çıxmamışdılar…

Beləliklə, Sovet ədəbiyyatına (bu bölgüyə repressiyaya olunmuş, təqiblərə məruz qalmış milli sənətkarlar daxil edilə bilməz) münasibət ayıq və soyuqqanlı olmalıdır. Ucdantutma bütün irsi “istehlaka” qəbul etmək yanlışdır. Yadların ideologiya təbliğatına xidmətçi olmuş ədəbi təsərrüfatda milli özünüdərkə istiqamətlənən, tarixi həqiqətlərə yönəlik, Azərbaycan türkünün ruhuna uyğun pozitivlər varsa – bunlar seçilib ayrılmalı, arıtlanmalıdır. Nüvəsində azad ruhu daşıyan hər sözün, cümlənin, cəsarətli hər fikrin oxucuya çatması üçün vicdanlı söz adamları bəzən çox böyük yaradıcılıq şücaəti göstərməli olublar. Bunu qiymətləndirmək lazımdır. Yalnız milli-mənəvi-əxlaqi-estetetik dəyərə malik klassik irs hörmətə layiqdir. Əgər belə irs həqiqətən imperiya kanselyariyalarında milli orientirin azdırılması və xalqın tərəqqisinin ləngidilməsi məqsədilə süni şəkildə “klassikləşdirilməyibsə”, o məqbul sayıla bilər, pozitiv məqamları yaşadıla bilər.

Ancaq konseptual baxımdan bütöv halda Sovet dövrü ədəbiyyatı əsas etibarilə yabançı kommunist-kosmopolit ideyalar xəzinəsi kimi neqativ prizmada, total və güzəştsiz ideoloji nəzarət altında sifarişlə yaradılmış, yaxud antimilli ideoloqların məxsusi istismar olunanlar üçün nəzərdə tutduğu saxtalaşdırılmış ədəbi-bədii surroqatdan başqa bir şey deyildir. İmperiya zamanında ictimai şüur dövriyyəsinə zor-xoş yeridilmiş belə neqativ nümunələr təkcə ədəbiyyatda yox, ümumiyyətlə mədəni mühitdə N qədərdir. İndiki dövrdə vəzifə ondan ibarətdir ki, səriştəli, vicdanlı filoloqlar, kulturoloq-alimlər, dilçi mütəxəssislər həmin həlməşik ədəbi-bədii kütlənin içində çox ciddi, obyektiv araşdırmalar aparıb hər əsərin, hər ədibin öz qiymətini versin, dəyəri bilinsin. Azərbaycan müstəqillik əldə etdikdən sonra ictimai-siyasi-hüquqi-sosial-iqtisadi sferalarda olduğu kimi, humanitar-mədəni, o cümlədən ədəbi-bədii sahələrdə də islahatların getməsi zəruri və təbiidir. Bu günün prizmasından baxanda Sovet ədəbiyyatı praktiki tətbiqatdan daha çox elmi-nəzəri tədqiqatlar, ideoloji nüsxələr, politoloji araşdırmalar obyekti kimi maraqlıdır.

Cəmiyyətin, insanların gəlişmiş bəşəri standartlara uyğun inkişaf etməsi, xalqın imicinin beynəlxalq aləmdə daha cilalı görünməsi üçün bəzən hətta elliklə lağ edilən və eyni zamanda elliklə də əməl olunan bir çox neqativ çalarlı ədəbi-bədii-mədəni-sosial və məişət irsindən acımasız imtina olunmalıdır. Ziyanlı adət-ənənələr, vərdişlər arasında ciddi islahlatların aparılması zəruridir. Heç bir mədəni xalq birdən birə avtomatik şəkildə tərəqqinin zirvəsinə yüksəlmir. Xalqın intibahı, dinamik inkişafı və dialektik qanunauyğunluqla formalaşdırılması ağır, əzablı prosesdir. Bu məqsədə çatmaq naminə mənəvi-mədəni mühitdə inkarı inkar fəlsəfəsi əsasında sərt, ancaq labüd islahatlar zaman-zaman bir çox qabaqcıl ölkələrdə – Yəhudi, Rus, Yapon, Amerikan, Türk xalqları arasında aparılıb və faydalı olub.

- Çağdaş ədəbi prosesi izləyirsinizmi? Ümumi mənzərəni necə görürsünüz?

- Təbii izləyirəm. Mənzərə təxminən belədir ki, prosesdə iki alternativ qrup iştirak edir – “ayb-çilər” və “azad yazarlar”. Onların arasında gah səngiyən, gah şiddətlənən avtonom çəkişmələr, lokal qarşıdurmalar müşahidə olunsa da, geniş ictimai anlamda hələlik balans pozulmayıb. Yəni çəkişən tərəflərin biri həqiqətin üzə çıxması naminə maksimalistcəsinə ədəbi mühitdə baş verən və haçansa baş vermişlərin açıqlanmasını istəsə də, digər tərəf eyni əzmlə imicini, nüfuzunu, mövqeyini qorumaqdadır. Əksliklərin belə vəhdəti hələlik tarazlığın qorunmasına səbəb olur.

Ancaq arada bir özəllik var ki, son illər ədəbi proses nə geniş cəmiyyət daxilində, nə də ədəbiyyat mətbəxinin öz içində yox, yalnız mətbuat müstəvisində gedir. Yəni konkret olaraq proses bütün ölkə ziyalılarının maraq dairəsindən və hətta “qocaman” yazarlar qurumunun qəzet-jurnallarından çıxıb alternativ yenilikçi gənc yazarların redaktə etdiyi “Alatoran”, “Proloq”, “Alma”, “Reytinq”, “Yeni nəfəs”, “Ay-Ulduz”, “Sənət” və s. kimi jurnal-qəzetlərə, digər müstəqil ictimai-siyasi-hüquqi qəzetlərin ədəbiyyat səhifələrinə və gənclərin öz hesablarına yaşatdıqları “Kultaz”, “Adyazar”, “Qaynar”, “Kultura”, “Mia” və s. kimi internet portallarına keçib. Bu fonda təsir gücünün, inkişaf balansının, imzalar nisbətinin də yenilikçi qüvvələrin xeyrinə dəyişdiyi müşahidə olunur. İndi müasir zövqlü, geniş dünyagörüşlü, cəsarətli gənc yazarlardan Elnur Astanbəylinin məntiqli, praqmatik publisistikası, Seymur Baycanın ekksentrik, humanist düşüncələri (elə bu yaxınlarda İsa peyğəmbərin niyə sevildiyi barədə çox maraqlı yazısı kimi), Qan Turalının dərin savadlı fəlsəfi-kulturoloji esseləri, təmənnasız ədəbiyyat təəsübkeşi Rasim Qaracanın poetik fikirləri, dəyərli Zahir Əzəmətin ədəbi-mədəni portalları çox maraqlı və oxunaqlıdır. Eləcə də heç bir protejesiz yalnız öz istedadları hesabına çağdaş ədəbiyyatın gündəmində qalan yaradıcı təfəkkürə malik Azad Yaşar, Nərmin Kamal, Murad Köhnəqala, Günel Mövlud, Həmid Herisçi, Elçin Səlcuq, Güntay Gəncalp, Sevinc, Aqşin və b. çox məhsuldar çalışmaqdadırlar. İstedadlı yaradıcı insanların siyahısı bununla bitmir və mütəmadi yeni-yeni maraqlı əsərlər çıxır, oxunur, bəyənilir…

Əlbəttə, müzakirələr təmiz ədəbiyyat söhbətləri kontekstində getsəydi mövqelər daha tez durular və geniş ictimaiyyət üçün yaxşıyla pis daha tez aydınlaşardı. Ancaq təəssüf ki, mühafizəkar tərəf (əslində onlar daha çox öz şəxsi imiclərini mühafizə edirlər) modernist yenilikçilərin təklif etdiyi ədəbi mahiyyət, sənətkarlıq məsələləri, sözün və işin məzmunu kimi mühüm mövzulardan sapıb, ənənəvi formanın, zahiri görüntünün, ədəbi fəaliyyət imitasiyasının arxasına keçirlər. “Azad yazarlar” müasir cəmiyyətə müasir dünya standartlarına uyğun müasir ədəbiyyat təklif edirsə, ənənənəviçilər əski dünyaya xas ədəbiyyatı fetişləşdirirlər. İş bərkə düşəndə isə kütləvi şüura hesablanmış çəki və yaş qradasiyası, kitabların kəmiyyəti, tərcümə və tirajlanma sayısı, paytaxta gəlmə və xaricə getmə, noutbookun və otelin markası, məşhurlarla və Nobel ödülçüləri ilə şəkil çəkdirmənin dəfəsi və s. bu sayaq “zəif damar” arqumentlərinə üz tuturlar. Yəni yaradıcılığın mahiyyətindən, əsərin əhəmiyyətindən və sənətkarlıq keyfiyyətindən başqa bütün ədəbiyyatətrafı məqamlar qabardılır.

Nəhayət mənzərənin başqa bir özəlliyi ondadır ki, qarşı tərəf eyni maksimalizmlə yenilikçiləri qəti rədd edir, ancaq bununla belə “döyüşə qocalar özləri getmir”, müzakirələrə öz düşərgələrindəki oxşarları vasitəsi ilə reaksiya bildirirlər. Müzakirə mövzuları, ədəbiyyat standartları barədə fikirlər və nümunələr əsasən mütərəqqi gənc yazarlardan gəlir, qarşı tərəf buna alternativ göstərə bilməyəndə yalnız qorunmaq və qorumaq çabaları göstərir. Düşünürəm, zaman onsuz da təbii axarla gələcəyi yenilikçi gəncliyə verəcək.

- 4 il əvvəl Sizi Azərbaycan Yazıçılar Birliyindən xaric etdilər. Bu hadisəni necə xatırlayır və qiymətləndirirsiniz?

- Açığı, mən bu mövzuya toxunmaq istəməzdim. Çünki AYB mənim üçün daha heç bir maraq kəsb etmir. Artıq bir neçə ildir biz qarşılıqlı surətdə bir-birimizi tanımırıq: yəni nə mən orda varam, nə də mənim aləmimdə belə bir qurum mövcuddur… Ancaq bir halda ki soruşursunuz, qısaca xatırladım ki, bəli, vaxtilə 2002-2005 arası sözügedən ictimai təşkilatla həqiqətən ciddi çəkişmələrimiz oldu və bir-neçə səbəbə görə: a) AYB-yə qarşı radikal islahatçı mövqedə duran AYO-çu gəncləri müdafiə etdiyim üçün; b) əski sovet dəyərlərini müstəqillik dövrünə də daşımağa cəhd edən mühafizəkar AYB rəhbərliyinin yanlış ədəbi siyasətini kəskin tənqid etdiyim üçün; c) bu təşkilatın dövlət büdcəsindən maliyyələşdiyini ilk dəfə geniş ictimaiyyətə açıqladığım üçün – onlar məni “cəzalandırmaq” qərarına gəldilər…

O illərin acı təəsüratı belədir ki, zatən “cəzam” çox ağır oldu. AYB Katibliyi xəfiyyəvari xislətinə uyğun xəlvəti yığışıb öz qərarı ilə məni “yazıçılıqdan” çıxartdı. Qələmimi əlimdən alıb hətta qara karandaşla yazmağı belə yasaq etdi. Mən də o vaxtdan məcburam ürək sözlərimi klavişlə deyəm. Nə yazsam kağıza yox, kompyüterə döşəyirəm. Ancaq bilirsiniz ki bu artıq yazıçılıq deyil. Çünki əsil yazıçı gərək AYB-nin üzvü olsun və Katibliyin icazəsi ilə yazsın. Səmərəli işləyə bilmək üçün pırıl-pırıl yanan qırmızı üzvlük biletini gözü qarşısında tutaraq yazsın. Qələmindən çıxan hər dahiyanə əsəri öncə “ən çox oxunan qəzet” devizi ilə çıxan nüfuzlu “Ədəbiyyat qəzeti”ndə çap olunsun, sonra kim istəyər təkrar nəşr edər. Yazar özü isə günaşırı AYB koridorlarını dəqiq və qərəzsiz addımlarla ölçsün. Arada fürsət tapıb iti addımlarla koridorun o başına “vacib iş dalınca” tələsən hansısa “canlı klassikin” üzünə gülümsəsin, məlul-məlul baş əyib boyun büksün, bağır basıb diz çöksün, palaza bürünüb yerlə sürünsün və digər bu kimi dühalar hüzuruna layiq məhrəmanə davranışlar göstərsin ki, onu hər nə saymasalar da, “yazar” saysınlar… Bax bu olur əsil yazıçılıq! Bu olur “ən çox oxunan qəzetdə” ömür boyu “gənc və perspektivli” imajı ilə tanıtdırılan, vaxtlı-vaxtında “ümidverici şair-yazıçılardan” Gətir Gəlin 60, Fitnəli bəyin 70, Əleyküm Sağolun 80, Xuda Hafizin 90 illik yubileyləri kimi yuvarlaq yaş günlərində o qəzetdə standart yubiley təbrikilə təbriklənən və sonda da “ən çox oxunan qəzetdə” eyni standart nekroloqla yola salınan şərəfli AYB-çi ömrü… Nə isə, dediyim kimi, çox insafsız “cəza” verdi kahinlər mənə. Budur ən acı təəssüratım…

O ki qaldı şirin xatirələrimə, bunun üçün yaxşı olar həmin vaxt isti-isti yazıb 2006-cı ildə çap etdirdiyim “Üçüncü yazı” adlı kitabımdan sitatlara nəzər salaq. Çünki təfsilatı yadımda deyil.

Beləliklə, “Üçüncü yazı” kitabından bəzi sitatlara baxaq:

“…Akif ƏLİ ayb-çilərin ayıblı dərəcədə haqsızlığı ilə üzləşənə qədər 15 il AYB-nin üzvü olmuşdu. 5-6 kitabı çıxmışdı, külli miqdarda kino-tele-radio ssenariləri, yüzlərlə elmi-publisistik və tənqidi məqalələri var idi, xeyli tərcümələri, filoloji, kulturoloji araşdırmaları çap olunmuşdu. Mədəniyyət, incəsənət, mətbuat sahəsində gördüyü işlər, topladığı təcrübə bir yana, ən azı ədəbiyyat nəzəriyyəsindən dissertasiya müdafiə etmişdi, filologiya elmi üzrə alimlik dərəcəsi vardı, Türk dünyasının böyük öndərləri dahi Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” adlı fəlsəfi-publisistik foto-illüstrativ esse formalı ciddi bir kitabın müəllifi idi. Bir sözlə, həmin 15 ildə ictimai-siyasi və ədəbi-mədəni proseslərdə sıravi AYB-çi üçün 15 qat artıq məhsul vermişdi. Hər yaz lalələr açanda guya M.Ə.Sabir yanğısını söndürmək üçün iştahaçan səfalı Şamaxı oylağına yürüyən bu ədiblər – gözlərinin önündəki “M.Ə.Sabirin satira sənətkarlığı” mövzusunda yazılan dissertasiyanı, kitabı görmək istəmədilər… Sanki bunlara yazı yazanlar yox, yazmayanlar və yaza bilməyənlər daha sərfəli imiş. Görünür Akif ƏLİ daha başqa nələrsə eləməli idi ki, həm də yaradıcılığı nəzərə alınsın…

Xülasə, yeni ədəbi dalğa təmsilçiləri olan gənc “azad yazarlarla” ayb-çilər arasında ilk müzakirələr başlayanda, mühafizəkarlar ədəbi polemikanın gərginliyinə tab gətirməyib mətbuatda “Düşmən ocaq başında” adlı təhqiramiz bir məqalə dərc etdirmişdilər. AYB Katibliyinin həmin məqalədə cavan yazarlara qarşı əsassız, haqsız ittihamları, hətta “küçə xuliqanı”, “ədəbi xuliqanlar” deməsi ziyalı qurumu üçün rüsvayçılıq idi (yeri gəlmişkən, o təşkilatın başbilənlər günü bu gün də opponentlərinə qarşı ağına-bozuna baxmadan eyni kobud, mədəniyyətdən kənar dingiş, hətərən-pətərən ifadələrlə “mübarizə aparmaqdadır”). Demokratik düşüncəli yenilikçi ədəbi qüvvələrin üstünə belə haqsız və mədəniyyətsiz hücumları qəbul edə bilməyən AYB üzvü Akif ƏLİ “Ədalət” qəzetində “Yeni ədəbi nəsil. Düşüncələr” adlı geniş bir məqalə ilə çıxış etdi və AYB Katibliyinə etirazını bildirdi. Hələ üzünü görüb tanımadığı, təkcə mətbuatda yazılarını oxuyub bəyəndiyi “Alatorançılar” haqqında yazdı: “…bu gənclər öz üzərlərinə çox ciddi missiya götürüblər: onlar durğun ədəbi mühiti tərpətməyə çalışırlar… Amma bu nə qədər ağır bir işdir, Həmid Herisçi, Rasim Qaraca, Murad Köhnəqala, Azad Yaşar, təsəvvür edirsinizmi?!.. Alatorandan sübhə doğru yolunuz uğurlu olsun!”

Sonra proseslər daha şiddətlə davam etməyə başladı. Bu dəfə Katiblik öz “təəssübkeşlərini” Akif ƏLİ-yə tərəf hücuma göndərdi və təbii ki, onların dürlü-dürlü hərzəvü-hədyanları hər dəfə cavabını aldı… 2004-cü ildə yazıçıların növbəti qurultayı ərəfəsində isə mətbuatın ən aktual mövzularından biri Azərbaycan yazıçılarına dövlət qayğısı ilə bağlı idi. Müxbirləri maraqlandıran bu suala aydınlıq gətirmək bilavasitə vəzifə səlahiyyətləri daxilində olduğundan müxbir sorğusuna cavab olaraq Akif ƏLİ bildirdi ki, ölkə Prezidentinin Fərmanı ilə dövlət büdcəsinin əsas xərclərinin bölgüsündə Azərbaycan yazıçıları üçün də müəyyən vəsait nəzərdə tutulub. Ziyalı əməyinin qiymətləndirilməsinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yaradıcılığın stimullaşdırılmasına kömək məqsədilə hər il olduğu kimi bu il də yazıçıların istifadəsinə (o vaxt təxminən 236 min ABŞ $) vəsait ayrılıb. Bura AYB aparatının, “Azərbaycan”, “Qobustan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarının və “Ədəbiyyat” qəzetinin xərcləri daxildir və s.

Sanki bomba partladı. AYB rəhbərliyinin sıravi üzvlərindən dövlətin bu qədər maliyyə dəstəyini gizlətməsi hamını heyrətə saldı. Bundan AYB rəhbərliyi çox həyəcanlandı. Hətta onların səviyyəsini təmsil edən Ə.Ə. adlı birisi müxtəliv kiv-lərdə kulturoloqlar üçün ekzotik etiket nümunəsi nümayiş etdirərək guya bu məlumatın “yanlış olduğunu” iddia edir, “nkvd”-çi ədiblərlə reket-jurnalistikanın simbiozunu xatırladan qırmızı bir əzmkarlıqla qatığın qara olduğunu sübuta çalışırdı. Adam müxtəlif dezinformasiya xarakterli izahatlar verərək Birliyin “problemsizlik” imitasiyasını yaratmağa çalışırdı…

Kəsəsi, nəticə etibarilə AYB rəhbərliyi hirsini Akif ƏLİ-ni üzvlükdən çıxartmaqla soyutdu. “Şərq” qəzeti bu məlumatı belə şərh etmişdi: “Akif Əli AYB üzvlüyündən xaric edilməsini sakit qarşılayıb: “O qədər sadəlövh deyiləm ki, miskinlərdən alicənablıq gözləyəm” – deyən Akif Əli üzvlükdən çıxarılmasının gözlənilməz olmadığını desə də, ittihamları da qəbul etmir. “Hesab edirəm ki, AYB rəhbərliyinin hərəkətlərinin heç bir hüquqi əsası yoxdur. Ancaq şəxsi ambisiyalardan çıxış ediblər. Bütün bunlar həm də AYB-də demokratik ab-havanın olmaması səbəbindən baş verir. AYB-nin islahatlara ciddi ehtiyacı var”. Akif Əli üzvlükdən çıxarılmasını sakit qarşıladığını da dedi: “Bəzilərindən fərqli olaraq qan təzyiqim qalxmayıb, şəkərin faizi artmayıb, nəbzim normada vurur”…

Maraqlı (hətta məzəli) idi ki, AYB başbilənləri vərdişli ziyanəvər xəbərçilik – yəni “donos” məqsədi ilə Akif ƏLİ-nin üzvlükdən çıxarılması barədə öz protokollarının surətini hökumətin müxtəlif rəhbər şəxslərinə göndərmişdilər. Yazı yazmağı, dil öyrətməyi, söz söyləməyi özünə peşə seçən bu xalq yazıçı-şairlərinin imzaladığı rüsvayçı dərəcədə savadsız tərtib edilmiş, 3 səhifəlik sənəddə 30 qramatik səhvlə dolu həmin sənədi hətta kənd təsərrüfatının, aqrar sektorun, fermer təsərrüfatlarının inkişafına nəzarət edən məsul vəzifəli şəxsə də göndərmişdilər. Amma Yazıçılar Birliyinin daxili iş qaydasına aid protokol ona nə üçün lazım ola bilərdi və ondan harada, necə istifadə etməli idi – bu maraqlı idi. Bəlkə də bu addım AYB-nin özünü sövq-təbii bir kolxoz, kəndli-fermer təsərrüfatı kimi təsəvvür etməsindən irəli gəlirdi… Xülasə, AYB rəhbərliyi ora-bura ünvanladığı “donos” kağızları yalnız xadimələrin işini artırmaqdan başqa heç nəyə nail olmadılar…

Son olaraq qeyd etmək vacibdir ki, o illərin qalmaqalında “qocaman” ayb-şniklərin qələmə verdiyi kimi – gənc ayo-çuların tənqidi çıxışlarında heç bir şəxsi maraq, təmənna davası-filan yox idi. Arada yalnız yeniliklə köhnəliyin, totalitar şüurla demokratik düşüncə tərzinin, inkişaf etmiş qərb dünyasına baxan modern zəka sahibləri ilə geriyə boylanan zəkaların qarşıdurması, əqidələrin, təsəvvürlərin, təfəkkür tərzinin toqquşması var idi… ”

Vəssalam. Necə deyərlər, sitatın sonu.

O illərin bütün bu “şirin xatirələri” tam sənədlərə istinadən yazılmış 211 səhifəlik “Üçüncü yazı” kitabında ətraflı təsvir olunub.



- Yenidən Yazıçılar Birliyinə üzv olmaq istərdinizmi? (Nəyə görə?)

- Artıq dediyim kimi, mənimçün bu təşkilatın nəinki üzvlük biletinin, heç bütövlükdə özünün bir əhəmiyyəti qalmayıb. Mən üzvlükdən çıxarılan nə birinciyəm, nə axırıncı. Məlumdur ki, öz sözünü açıq deyən müasir düşüncəli qələm adamlarına heç vaxt bolşevizm ruhlu sovet təfəkkürünün, iş üslub və metodlarının qaldığı o məkanda yer olmayıb.

Bu gün artıq ölkəmiz tam sərbəstdir, müstəqildir, demokratik təsisatlar öz ritmində çalışır və hər kəs öz fikrini bildirməkdə, hansısa mütərəqqi ideyanı cəmiyyətə təqdim etməkdə sərbəstdir. Yəni bunun üçün sosializmdə olduğu kimi hansısa sosial (ictimai) təşkilatın zəmanətinə ehtiyac yoxdur. Əvvəllər hətta DOSAAF-ın üzvlük “knijkası” da adamlara üstünlük verdiyi halda, indi belə tələblər yoxdur. Kiminsə yaradıcılıq fəaliyyətinin mahiyyəti üçün harasa üzv olub-olmamaq təsir və əhəmiyyət kəsb etmir. O cümlədən də 75 illiyini fəxrlə car çəkən AYB-yə.

Yeri gəlmişkən, paradoksa baxın ki, qəzetlər “AYB-75” rubrikası altında dərc etdikləri materialların əksəriyyətində repressiya illərindən bəhs olunur, bu təşkilat daxilində baş verən və ədəbiyyata dəxli olmayan iyrənc əməllərdən yazılır, əzəl başdan o quruma rəhbərlik etmiş şəxslərin portret-oçerkləri yaradıcılıq fonunda yox, vəhşi repressiyalar kontekstində oxucuya təqdim olunur. Yəni bu qurumun əsas tarixi haqsızlıq-insafsızlıq, satqınlıq, donos, qırğın, sürgün, ölüm-itim hadisələri ilə zəngindir. Onun divarları arasında pisniyyətlilər tərəfindən istedadlı ədiblərin pisikdirilməsi, qansızlar tərəfindən qanının içilməsi, ürəksizlər tərəfindən ürəklərinin partladılması, xəstə təfəkkürlülər tərəfindən ağır xəstələndirilməsi, çuğulçu miskinlər tərəfindən dahilərin sürgünlərə sürdürülməsi, çürük əqidəlilər tərəfindən türmələrdə çürüdülməsi, saxta üzəgülənlər tərəfindən güllələnmə hökmünə ürcah edilməsi… kimi iblisanə əməllərdən, tükürpədici hadisələrdən başqa müasir oxucuya təqdim ediləcək maraqlı heç nə tapılmır. Və tapılmırsa, o zaman qurumun yubileyində nələrdən danışılacaq, nələri öyüb, nələrlə öyünəcəklər? Bu da az maraqlı deyil!

Məncə bu düşüncələrdə sualınıza cavabım da var. Təkcə onu əlavə edim ki, bu günlərdə mətbuatda oxuyuram vaxtilə üzvlükdən çıxarılmağıma həvəslə əl qaldırıb imza atan katiblərdən biri indi AYB-yə “yeni düşüncənin, yeni təfəkkürün gəlməsi” naminə dəyişikliyi vacib sayır, dövlət büdcəsindən maliyyələşməni nəinki etiraf edir, hətta “Ədəbiyyat qəzeti”nə ayrılan 200 000 manat pulun haraya (havaya?!) sovrulduğunu iddia edərək qəzet rəhbərliyinin hesab verməsini, işdən çıxarılmasını, oraya gənclərin gətirilməsini və s. arzulayır… Bəs mən nə istəyirdim?! Bu fakt beş il öncə mənim üzvlükdən çıxarılmağımın tam qərəzli və səhv addım olduğu anlamına gəlir. Axı, onlar mənim də məhz “yeni düşüncə, yeni təfəkkür” arzusu ilə yazdığım tənqidi iradlara dözməyərək bu addımı atmışdılar və yazdıqları qərarda bəhanə kimi Akif Əlinin guya “vəzifədən sui-istifadə edərək (?) ələ keçirdiyi (?) rəqəmləri mətbuata ötürməsi” (?) kimi sərsəm bir formulirovka vermişdilər. İndi güman edirəm mənim dediklərimin üstünə gəlib öz səhvlərini etiraf etməyə, hətta büdcə konusunda açıq-aşkar danışmağa (“Dövlət ədəbiyyata bir milyon manat pul ayırır. Biz də o pulu xərcləyirik. Bundan sizə nə?”), onun israfına səbəb olanların cəzalandırılmasını tələb etməyə cəsarəti çatmış ayb-çi katib haçansa daha bir qədər də irəli getsə (yəni məsələn, sədr olsa), məntiqlə növbəti addımı yəqin ki, barəmdə çıxartdıqları səhv qərarın ləğvi… və AYB binasındakı tabloda üzü günəşə doğru gedən repressiya qurbanlarının cərgəsində mənim də portretimin asılması barədə yeni bir qərar olar.

- Əslində Sovet ədəbiyyatı YB timsalında hələ də öz varlığını sürdürür. Mənəvi cəhətdən iflas etsə də bu təşkilat hələ də öz varlığını sürdürməkdədir. Üstəlik YB sıralarına qoşulma tendensiyası davam edir. Bu prosesin real adı nədir Sizcə?

- Bu dünyada hər şey axır, hər şey dəyişir. Nəinki postsovet məkanında, hətta o yaraşıqlı “məhsulu istehsal etmiş” Moskvanın özündə belə totalitarizmin əlaməti olaraq Yazıçılar İttifaqı kimi absurd qurumlar özünü çoxdan buraxıb. Hətta cürbəcür köhnə nazirlik, komitə və baş idarələr də ləğv olunub. İndi hər respublikada demokratik düzənə uyğun rəsmi qeydiyyatdan keçmiş bir neçə müstəqil yaradıcılıq qurumu var. Mədəniyyətin mühüm qollarından biri olan ədəbiyyatın inkişafına, ədəbi istedadların üzə çıxarılaraq yetişdirilməsinə isə dövlət qayğısını əks etdirən yardım paketi şəffaflığın təmin olunması məqsədilə elə dövlətin öz icra strukturları vasitəsilə, əsasən də mədəniyyət, təhsil, gənclər təsisatları xəttilə icraya yönəldilir. Və bu daha səmərəli olur.

Başqa bir yandan, hamıya bəllidir ki, öncül ictimai qurum imicinə iddialı AYB əsasən ictimai fikirin önündə yox, arxasınca sürünüb. Şəxsi maraqlar və təmənnalar zəminində onun səhv addımlar atmasına dair faktlar cəmiyyətdə və mətbuatda kifayət qədər deyilib, yayılıb. Hələ repressiya illərindən, sovet dövrünün müxtəlif dönəmlərindən, “dissidentlərin ifşası” aksiyalarından başlamış, ta Ermənistandan gələn ilk qaçqın dalğasına münasibətə, 1990-cı ilin Yanvar hadisələrində qara yumora çevrilmiş “partbilet” əhvalatına, müstəqillik uğrunda xalq hərəkatının ağır məqamlarındakı passivliyə və həlledici anlarda qaçıb gizlənmə hallarınadək bir sıra olaylar zaman-zaman ictimaiyyətin müzakirə mövzusu olub, qəzetdə yazılıb. Mən daha bunları təkrar qabartmaq istəmirəm… Amma son dövrlərin ictimai hadisələrində də bu ictimai qurumun ictimai rəylə uzlaşmayan mövqeyi görünüb. Ötən il xalqın təəssübkeşi olan əsil milli elitaya qarşı yanlış mövqe sərgiləməsi, erməni qarışıq beynəlmiləlçi konqlomeratın ölkədən çıxıb getməsi ilə guya “milli elitanın” qeybə çəkilməsi, yeni elitanın isə yaranma mexanizminin daha mövcud olmaması, əyalətlərdən gələn adamların paytaxtın mənzərəsini korlaması və s. barədə cəfəng fikirlərə ayb-çi başbilənlər də öz imzaları ilə dəstək verdilər.

Yaxud adətən ölkə daxilində mühüm ictimai-siyasi-mədəni proseslərdən kənarda durduqları halda, bu yaxınlarda Azərbaycana aid olmayan, qardaş Türkiyənin özündə isə etirazla qarşılanan bir situasiyada da onlar yersiz canfəşanlıq göstərdilər. Məlum olduğu kimi, uca Atatürkə həqarət edən, kəc baxanın nəsibi – bütün türk dünyasındakı türk ruhu daşıyan qeyrətli insanların nifrəti ola bilər! Amma ilin əvvəlində Atatürkün düşməni, əski stalinçi-kommunist, vətən xaini olan birisinə bəraət verib vətəndaşlığa bərpa edəndə, Atatürkçü düşüncəni qəbul etməyən AKP iqtidarı və Başbakan Rəcəb Tayyib Ərdoğan bütün türk dünyasında təkcə… Azərbaycandan təşəkkür məktubu aldı. Bu məktubu onlara AYB rəhbərliyi yazmışdı. Şanlı məktubda ermənipərəst AKP-çilərin, R.T.Ərdoğanın siyasətini alqışlayan ayb-çilər Atatürkə həqarət, vətənə xəyanət etmiş bir kəsin əfvini hətta vəcdlə “haqq-ədalətin təntənəsi” (?) adlandırmışdılar. “Bu ədalətli qərarı verdiyinizə görə Sizə və başçılıq etdiyiniz hökumət üzvlərinə səmimi təşəkkür edirik”- deyib, merkantil maraqlar naminə AKP hakimiyyətinə reverans etmişdilər…

“Məzəli lap bu ki”, şanlı məktubdan bir ay sonra Qarabağın işğalı faktını nəzərə almadan Ermənistanla sərhədləri açmaq istəyən həmin AKP iqtidarına qarşı etirazlar, piketlər, yığıncaqlar keçirib bəyanatlar verən qardaş Türkiyə ilə Azərbaycanın qeyrətli insanlarına… həmin ayb-çi başbilənlər də “qoşuldu”. Amma bu dəfə əvvəlki şanlı məktuba əks bəyanat verib AKP iqtidarına, bir ay öncə reverans etdikləri Başbakan Rəcəb Tayyib Ərdoğana ünvanlanan etiraz məktubuna imza atmaqla…

İctimai əhəmiyyətsiz dediyimiz çoxstandartlı ictimai təşkilatın əsil siması budur. Və belə səbatsız, sürüşkən mövqeli bir qurumun real siması göz önündə ikən hansısa şəxsi mülahizələrə görə kimsə ora yenə can atırsa… canı sağ olsun!



- Son dovrlərdə hansı kitabı oxumusunuz, sırada hansı müəlliflər var?

- Təbii ki, mütaliə hünər deyil. Oxu həmişə mənim üçün fasiləsiz, aramsız proses, adi yaşam tərzi olub. Bəzən oxumaq üçün materialın bolluğundan bir neçə yazını parallel oxumalı oluram. Normal öyrənçi kimi vaxtilə orta məktəbdə Azərbaycan ədəbiyyatının klassik nümunələrini, ali məktəbdə isə dünya ədəbiyyatının şedevrlərini oxumuşam. Ancaq “nə qədər çox oxuyursansa, görürsən ki hələ heç nə oxumamısan”. İndi isə sovet dövründən fərqli olaraq hər yanda, xüsusən də internetdə, dünya ədəbiyyatının türkcə, rusca tərcüməsini, eləcə də rusların özlərinin yazdıqları dəyərli əsərləri asanlıqla tapmaq olur. Bu səbəbdən bizim rusca yazanların artıq “böyük qardaş” qarşısındakı xidməti aktuallığını itirib. İllah da bazara çıxarılan günəbaxan tumu kimi milli koloritdən məhrum kosmopolitan bulvar versiyaları heç yerdə ciddi yaradıcılıq nümunəsi kimi qəbul olunmur. Bu gün müstəqil Azərbaycanda ictimai şüura mütərəqqi təsir göstərə biləcək, ümumbəşəri dəyərlərlə çulğaşan milli təfəkkürün və xəlqi ruhun inkişafına xidmət edəcək samballı əsərlərə ehtiyac var. Məsələn, bir müddət öncə hələ əlyazma şəklində oxuduğum çağdaş ədəbiyyatımızın şəksiz-şəriksiz nümunələrindən olan Aqil Abbasın “Dolu” romanı kimi, yaxud Yunus Oğuzun dəyərli tarixi romanları və araşdırmaları kimi.

…Ümumən mütaliəyə hər gün təzə qəzetlərin oxunması ilə başlayıb, 1-2 saat ərzində azı 15-20 qəzetə baxıram. Sonra internetdə ictimai-siyasi, iqtisadi-mədəni materiallarla tanış oluram. Operativliyi itən yazıları dərhal oxuyuram, qalanlarını, xüsusən fəlsəfəyə, mədəniyyətə, tarixə aid olanları köçürüb “Oxu” papkasına atıram və sonraya saxlayıram. İndi o papkada Aristoteldən, Platondan, Makiavellidən, Erazm Rotterdamskidən, Nitsşedən tutmuş, Yaşar Kamalın, Cəlaləddin Ruminin, Əsəd bəyin, Alber Kamyunun, Xorxe L. Borxesin, Frensis Fukuyamanın, Fransuaza Saqanın, Ayris Merdokun əsərlərinədək oxunmalılar var. Professor Yaqub Mahmudovun redaktəsi ilə çap olunmuş 2-cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, Norveçli filosoflar Qunnar Skirbekk və Nils Gilyenin “Fəlsəfə tarixi”, “Alatoran” jurnallarının son sayları, Fatimə Mernisinin “Pərdələr arxasında gizlədilən tarix”, Finlandiyada yaşayan Təbrizli Güntay Gəncalpın “Sezənin sevgisi” toplusu, Z.Freydin psixoanalizə, yuxuyozmalara dair əsərləri, Nadir İsmayılovun “Tibbi psixologiya və Psixoterapiya” kitabları, veteran hüquqşünas Eynal Əliyevi “Azərbaycanda Prokurorluq orqanlarının tarixi” və “Azərbaycanda 30-cu illərdə repressiya olunanlar haqqında” kitabları da indi stolumun üstündədir.

Xülasə, M.Ə.Sabir demişkən, “…evdə, hər yanda kitab, taxçada, boxçada, eyvanda kitab…” Amma insafən, bizim evin Xanımı heç bir “Xanbacı”ya şikayət etmədən fədakarcasına tam 24 ildir bu ziyalı məişətinə dözür və kinodakı milyoner Hacının sözü olmasın, Londonun düz göbəyindən gətirdiyim dəri üzlü “diplomat” çantamdan nə vaxtsa dəftər-kitabın boşalıb təyinatı üzrə dəst-dəst pullarla dolacağı günü gözləyir… Heyhat!

Nəhayət, klassika ilə yanaşı mən gənc “azad yazarları” da ona görə məmnuniyyətlə oxuyuram ki, onlarda indiyəcən azərbaycandilli ədəbiyyatda olmayan yeni fikirlər, yeni ideyalar var və bu fikirləri konkret demək bacarığı var. Obrazları yenidir və gözlənilməzdir, dili oxucunu yormur, bezdirmir, əsəbiləşdirmir. Deyəcəkləri sözü dəqiq və birbaşa ünvana istiqamətləndirirlər. Daha mətnin içində öz dühalarını təbliğ etməklə məşğul olmurlar. Məhz dünya çapına uyğun belə müasir ədəbi yaradıcılıq üslubu həqiqətən maraqlıdır, cəlbedicidir… Ancaq obyektivlik naminə onu da deməliyəm ki, arada cazibədar Erosa uyub Eposla az əlaqəsi olan intim ifratlara varmasalar məsləhətdir…

Sonda mütaliə ilə bağlı bir fikrimi də təkrar etmək istərdim ki, məlum məşhurlar vaxtilə klan və propoqanda maşını vasitəsilə məşhurlaşdırılanda ona görə uğurla məşhurlaşa bilirdilər ki, onların o vaxt çoxlu ağıllı, savadlı, bacarıqlı, səmimi, yeniliyə paxıllıq etməyən, istedadlı Oxucuları var idi! İndi hər şey əvvəlki kimi olsa da, məhz həmin Oxucuları yoxdur… Bəli, həm də yeniliyə paxıllıq etməyən, yaxşıya sevinən, ağıllı, savadlı, istedadlı Oxuculardır Ədəbiyyatı yaşadan!



- Bəs nə üzərində işləyirsiniz, gələcəyə dair yaradıcılıq planınız nədir?

- Prinsipcə mən adətən hər sözün, fikrin üstündə çox dayandığım üçün ləng işləyirəm. Üstəlik yaradıcılığa vaxtım az olur. Amma bundan narahat deyiləm. Həm ilk gəncliyimdən, ta ədəbiyyat aləminə təzə qədəm qoyduğum vaxtlardan fərqli olaraq, indi öz dövlətimizə qulluğu ədəbiyyata qulluqdan üstün tutduğum üçün, həm də öz dövlətimə inamım ədəbiyyata inamımdan böyük olduğu üçün yaradıcılığa bir elə vaxt ayırmıram, yalnız şair demişkən, “az-az uydururam yeri gələndə”. Həmişə də ürəyim istəyən mövzunu işləməyə çalışıram… 80-ci illərdə tele-radioda efir konveyeri üçün saysız-hesabsız süjetlər, oçerklər, miniatürlər, ssenarilər yazırdım. “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında müxtəlif janrlarda yazılar, tərcümələr çap etdirir, hekayələr, pyeslər, ssenarilər, satirik yazılar yazırdım. Maksimum dərəcədə çalışırdım sovet dövrünün ideoloji ilğımları yaradıcılıq arealıma daxil olmasın. Bu səbəbdən dövrün konyukturasına uyğun “sosializm yarışı”, “beşillik planlar”, “traktoristin arzuları”, “kommunizmə doğru” və s. tipli rahat mövzular cəlbedici perspektivlər vəd etsə də, mən əsasən alternativ xarakterli satira-yumor janrına müraciət etmişəm. Radionun “Satira və yumor” şöbəsinə rəhbərlik etməyim, məşhur “Molla Nəsrəddin” satirik radio jurnalını yaratmağım, “Sabahınız xeyir” proqramına sosial-məişət xarakterli satirik-yumoristik səhnələr yazmağım, “Mozalan” satirik kinojurnalı üçün ssenarilər yazmağım, Sirusun məşhur qalmaqallı “Həftə gülüşü” səhifəsinə mütəmadi satirik miniatürlər təqdim etməyim (o vaxtlar tənqidi mövqeyinə görə o da Yazıçılar İttifaqında haqsızlıqla üzləşirdi), sonralar bir neçə satirik kitablar dərc etdirməyim, EA-da professor Yaşar Qarayevin rəhbərliyi altında “M.Ə.Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya yazmağım… bütün bunlar V. Mayakovski demişkən, – “müəllifin mənəvi saflığının göstəricisidir”…

Dolayısı ilə, indi riyakarcasına Akif Əlini inkar edən bəzi ədəbi “fitnəgöyərdən qocalar” hələ 20 il bundan qabaq mənim yazılarımı öz qəzet-jurnallarında bəh-bəhlə çap edərdilər. Üstəlik tanınmaq, reklam olunmaq üçün Az.TV-də başçılıq etdiyim “Gənclik” redaksiyasında həvəslə veriliş aparar və daha həvəslə yazdığım qonorarları alardılar. Yaradıcılığıma dair isə heç vaxt heç bir tənqidi irad, qeyd, mənfi fikir bildirməzdilər…

Mövzudan uzaqlaşmayım. Bir çox yazılarım var ki, hazır şəkildədir, müxtəlif vaxtlarda yazıb yığmışam kompyüterin yaddaşına. Çapa verməyə də tələsmirəm. Hazırda üzərində çalışdığım yarımçıq yazılar da var, gələcək üçün planlarım da. Kəmiyyətcə az olsa da, keyfiyyətcə lazımlı işlər görməyə, cəmiyyətə lazımlı fikirlər, faydalı ideyalar təqdim etməyə çalışıram. Ötən il mətbuatda bir neçə tənqidi yazı, publisistik məqalə, elmi araşdırma çap etdirdim. “Şuşada eşşək otaran erməniyə tragikomik müraciət” formasında qələmə aldığım “Ay… erməni!” silsilə yazıları, H.B. Zərdabinin fəaliyyətindən bəhs edən “Mədəniyyət toxumu səpən “Əkinçi” araşdırması, internet üçün silsilə miniatürlər məncə uğurlu oldu. Həm çox oxundu, həm də müsbət rəylər gəldi. Qarabağ mövzusunda “Dumanlı dağlar” adlı kinopritçanı da qeyd etmək istərdim. Digər yazdıqlarım kimi o da həm internetdə, həm də mətbuatda yayıldı, Qarabağ qeyrəti çəkən, sənəti bilənlər dəyərləndirdi. Gələcəkdə bu kino-pritçanı film kimi də görmək istərdim.

 

Bu ilin siyahısında isə “Adyazar”-da yayılan A. Soljenitsınla müsahibə və Yapon yazıçısı M.Takaxasinin “Kəpənək mövsümü” novellasının tərcümələrini göstərə bilərəm. Yenə bir neçə hazır orijinal və tərcümə işlərim var. Onları da haçansa çapa verəcəm. Yəni yazmağa mövzu çoxdur. Ancaq hansını reallaşdıra biləcəm, hansı unudulacaq – Allah bilir. Dəyərli ədəbiyyatçı dostumun sovet dövrünün ədəbi-mədəni mühiti barədə kitab yazmaq təklifi isə məni çox cəlb edib və onu tezliklə reallaşdırmaq istərdim… İnşallah!



Son olaraq “Adyazar”-ın administrasiyasına diqqətə görə təşəkkürümü bildirirəm. Saytın qonaqları və istifadəçiləri olan hörmətli oxuculara isə bunu deməyi vacib sayıram ki, hər hansı məsələ barədə mən yalnız bir filoloq alim, yazıçı-publisist, yaradıcı ziyalı kimi öz şəxsi mövqeyimi, sırf subyektiv qənaətimi, mütləq həqiqət sayılmağa iddialı olmayan özəl baxışlarımı Sizinlə bölüşdüm. Təbii ki, bu mövqe, qənaət və baxışlar heç də hamı tərəfindən qəbul olunmaya bilər. Lakin ölkədə mövcud demokratik plyuralizm mühitinin təzahürü kimi onların müəlliflik hüququnun etirafı qaçılmazdır.

—————————————-



aprel 2009
Yüklə 215,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin