DÜNYA NEMƏTLƏRİNDƏN İSTİFADƏ QAYDALARI
Ayə və hədislərdə, adətən, dünyaya bağlılıq məzəmmət olunur. Əlbəttə ki, söhbət ifrat və təfrit bağlılıqdan gedir.
Əvvəla təyin etməliyik ki, dünya nemətlərinin faydalı bir həddi varmı? Doğrudanmı ləzzətli xörəklər, gözəl geyimlər, xoş ətirlər zərərlidir? Bəziləri qəti şəkildə bildirir ki, bütün bunlar zərərlidir və onlardan istifadə edən insan mütləq cəhənnəmə gedəcəkdir. Bu olduqca yanlış fikirdir. Bəzi şəraitdə məsumlar dünyanı zəhərli ilana oxşadırlarsa, digər bir şərait barədə Quran buyurur: «Bu gün pak nemətlər sizə halal edilmişdir»1, «Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur»2, «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik»3.
Adətən, kənddə yaşayıb heyvandarlıqla məşğul olanlar üçün öz sağlam, çox saylı sürüsünü müşahidə etməkdən ləzzətli iş yoxdur. Allah-təala buyurur: «Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alır, fərəhlənirsiniz»1. Allah-təala hər şərait üçün xüsusi nemətlər yaradaraq dünya həyatını zinətləndirmişdir. İnsan bütün halal nemətlərdən istifadə etməli, şəxsi görünüşünə də fikir verməlidir: «Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz»2.
İkinci mühüm məsələ insanın bu nemətlərə qəlbən bağlı olmasıdır. Hər hansı bir nemətə qəlbən bağlanmaq üçün insan çox qüdrətli olmalıdır. Ayə və rəvayətlər dünyanı yox, məhz dünyaya bağlılığı pisləyir. Dünya yox, dünyaya məşğul olub Allahı unutmaq pisdir.
İnsan öz təsiri altında olanları dünyaya bağlılıqdan xilas edə bilərmi?! Ən təsirli üsullardan biri ifrat və təfritdən çəkinib orta həddi gözləməkdir. İnsanı ifrat və təfritdən çəkindirəcək şərait lazımdır. Belə bir şərait olmadıqda orta həddi qorumaq problemə çevrilir.
Məsələn, yetkinlik yaşına çatmış bir gənci tərbiyə etmək üçün onunla yumşaq rəftar edib onu mənəvi işlərə həvəsləndirəcək şərait yaratmaq lazımdır. Hansı ki, dünya məhəbbəti nə tərbiyəçi, nə də şərait istəyir. Əgər insan tabeçiliyində olan insanlar üçün orta həddən artıq dünya şəraiti yaradarsa onları dünyapərəstliyə təşviq edir. İnsan bütün sahələrdə özünü normadan aşağı faydalanmağa öyrətməlidir. Dünya məsələlərində üstünlük qazanmaq həvəsi insanı küfrə endirə bilər. «Qəsəs» surəsinin 83-cü ayəsində buyurulur: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edirik». İmam Sadiq (ə) buyurur ki, ayaqqabısına dostununkundan yaxşı bağ bağlamaq istəyən özünü yuxarı tutmaq xəstəliyinə düçar olub. İmam (ə) İbn Cündəbə buyurur: «Allahın müqəddər etdiyinə qane ol. Öz olanlarına nəzər sal. Başqalarının malik olduqlarına göz dikmə. Bax gör Allah sənə necə nemətlər verib».
Adamların xarakterinə işarə olunan bir məsəldə deyilir ki, kimi bə’zi insanlar içində yarısına qədər su olan stəkanın boş yarısını, bə’ziləri isə dolu yarısını görür. Allah istəyir ki, insan dolu yarısına nəzər salıb şükr etsin. Bə’zən insan heç vaxt çata bilməyəcəyi şeyləri ələ gətirməkdən ötrü daim götür-qoy edir. Qənaət ruhiyyəsində olan heç zaman acımadığı kimi bu ruhiyyədə olmayanlar da heç zaman doymur. Onlar hesablarında pul, süfrələrində dadlı təamlar olduğu halda, ehtiyac və aclıq hissi ilə əriyirlər. Dünya şor suya bənzəyir. Onu içənin ciyəri yanır. İnsan malik olduğu şeylərin qədrini bilib qane olarsa hər zaman şad olar. Amma öz olanlarına qane olmayıb əlçatmaz arzularla qovrulanlar sevinc üzünə həsrətdir. İmam (ə) «əlində olanlardan axirət səadətin üçün də faydalan» buyurur.
Dostları ilə paylaş: |