Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə6/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   2   3   4   5   6   7   8   9   ...   49

Nəfsi ram etmək

Şəhidin dostları


Tehrana güclü yağış yağmış, 17 Şəhrivər xiyabanını su basmışdı. Yolun o tərəfinə keçmək istəyən bir neçə qoca məyus halda dayanmışdı.

İbrahim oraya gələn kimi şalvarının balağını qatladı, qocaları belinə götürüb yolun o tərəfinə keçirdi.

O, tez-tez belə işlər görürdü. Məqsədi yalnız öz nəfsini ram etmək idi. Xüsusən də uşaqların arasında ad-san çıxardığı vaxtlarda belə edirdi.

***


İbrahimlə birgə gedirdik. Yay fəsli və axşamüstü idi. Bir küçəyə çatdıq. Uşaqlar futbol oynayırdılar.

Biz keçəndə bir oğlan topa möhkəm zərbə vurdu. Top düz İbrahimin üzünə dəydi. O, ağrıdan yerə oturdu. Üzü qıpqırmızı olmuşdu. Mən çox hirsləndim. Uşaqların hamısı qorxudan qaçırdı.

İbrahim oturduğu yerdə əlini çantasına saldı, qoz sellofanını götürüb qışqırdı: "Uşaqlar, haraya getdiniz?! Gəlin qoz yeyin".

Sonra da sellofanı futbol qapısının yanına qoydu və yola düşdük. Yoda təəccüblə soruşdum: "Dadaş İbrahim, bu nə iş idi?"

– Yazıqlar qorxdular. Axı bilə-bilə vurmadılar.

Sonra yenidən söhbətimizə qayıtdı və mövzunu dəyişdi. Mən bilirdim ki, yalnız böyük insanlar həyatlarında belə olurlar.

***

Güləş zalında məşqə hazırlaşırdıq. İbrahim, ondan az sonra da dostlarımızdan başqa birisi gəldi.



O, içəri girən kimi dedi: "İbrahim can, boy-buxunun və yaraşığın hamını heyran qoyub. İki qız səndən danışa-danışa arxanca gedirdi. Qəşəng şalvar-köynək geyinmisən, əlində də idman çantası”.

İbrahimə baxdım. O, narahat idi, fikrə getmişdi. Belə bir söz gözləmirdi.

Növbəti dəfə məşqdə İbrahimi görən kimi məni gülmək tutdu. Uzun köynək və enli şalvar geyinmişdi. İdman çantasının yerinə paltarlarını sellofan kisəyə tökmüşdü. Ondan sonra idmana belə gəlməyə başladı.

Uşaqlar deyirdilər: "Əşi, sən necə adamsan?! Biz idmana gəlirik ki, bədənimiz formaya düşsün, sonra da dar köynək geyinək. Səninsə belə qəşəng forman var, amma enli paltarlar geyinirsən".

İbrahim onların sözlərinə əhəmiyyət vermirdi. Dostlarına deyirdi ki, idman Allah üçün olsa, ibadət olar, başqa bir niyyətlə olsa, ziyan edərsiniz.

***


Bir dəfə meydançada futbol oynayırdıq. İbrahim tamaşaçı skamyalarının yanında dayanmışdı. Ona yaxınlaşıb salam verdim.

– Nə əcəb, bu tərəflərə gəlmisən?!

Əlindəki jurnalı mənə uzatdı.

- Şəklini çap ediblər.

Sevincimdən uçmaq istəyirdim. Jurnalı almaq istəyəndə əlini geri çəkdi.

– Bir şərti var.

– Nə desən, qəbuldur.

– Nə desəm?

– Hə, qəbuldur.

Jurnalı verdi. Orta səhifədə mənim böyük bir şəklimi vermiş və yanında yazmışdılar: "Gənclər futbolunda yeni fenomen". Məni çox tərifləmişdilər. Oturub mətni oxudum, jurnalı vərəqlədim, sonra başımı qaldırıb dedim: “Sağ ol, İbrahim can, məni çox sevindirdin. Doğrudan, şərtin nə idi?”

Yavaşca dedi: "Nə desəm, qəbul edəcəksən, elə deyil?!"

– Hə, de.

Bir qədər dayanıb dedi: "Daha futbolla məşğul olma".

Yerimdə quruyub qaldım. Təəccüblə dedim: "Daha futbol oynamayım?! Necə yəni?! Mən hələ indi tanınıram”.

– Yox, oyna, amma peşəkar futbolla məşğul olma.

– Nə üçün?

Yaxınlaşıb jurnalı aldı, şəklimi göstərdi.

- Bu rəngli fotoya bax. Burada idman paltarında, şortikdə şəklini veriblər. Bu jurnala yalnız biz baxmırıq. Onu hamı görür. Çoxlu qızlar bunu görə, buna baxa bilərlər.

Bir az sonra sözünə davam etdi: "Məscid uşağı olduğun üçün bunları deyirəm, yoxsa işim olmazdı. Get, inanclarını gücləndir, sonra peşəkar idmanla məşğul ol ki, sənə problem yaranmasın".

Bunları deyib sağollaşdı və getdi.

Mən mat-məəttəl qalmışdım. Oturub İbrahimin sözləri haqda çox düşündüm. Həmişə zarafat edən və sadə sözlər danışan bir adamdan belə təklif gözləmirdim.

Sonralar onun sözünü real həyatda gördüm. Bəzi namazqılan məscid uşaqlarının inancları güclü deyildi. Onlar peşəkar idmanla məşğul oldular və getdikcə təsir altına düşüb hətta namazlarını da tərk etdilər.


Yədulla

Seyid Əbülfəz Kazimi


İbrahim bazarda bir mağazada işləyirdi. Bir gün onu görüb çox təəccübləndim. Belində iki böyük qutu aparırdı. Bir mağazanın önündə dayanıb qutuları yerə qoydu. Təhvil verəndən sonra yaxınlaşıb onunla salamlaşdım.

- Ağa İbrahim, yaxşı deyil, bu iş fəhlələrə görədir.

Mənə baxıb dedi: "İşləmək ayıb deyil, işsizlik ayıbdır. Gördüyün bu iş də mənə görə yaxşıdır, heçkim olduğuma əmin oluram, qürurumun qarşısını alır".

- Sən idmançısan, çoxları səni tanıyır. Səni belə görmələri yaxşı deyil...

Gülüb dedi: "Həmişə çalış Allahın xoşu gəlsin, camaatın yox".

***


Bir neçə nəfər oturub İbrahim haqda danışırdıq. Onu tanımayan bir dostum şəklini alıb baxdı və təəccüblə dedi: "Sən əminsən ki, onun adı İbrahimdir?"

Təəccüblə dedim: "Hə. Necə məgər?"

– Bir qədər əvvəl mənim Sultani bazarında mağazam vardı. Bu adam həftədə iki dəfə bazarda dayanıb fəhləlik edir, yük daşıyırdı. Bir dəfə ondan adını soruşdum. Dedi ki, mənə Yədulla deyin. Bir dəfə bir dostum bazara gəlmişdi. Onu görən kimi təəccüblə dedi: "Bu ağanı tanıyırsan?"

Dedim ki, yox, necə məgər? Dedi: “O, voleybol və güləş üzrə çempiondur, çox imanlı insandır, nəfsini məğlub etmək üçün bu işi görür”.

Onun sözləri məni çox düşündürdü. Nəfslə belə mübarizə aparmaq ağlıma batmırdı.

***


Bir dəfə qədim dostlarımdan biri ilə İbrahim haqda danışırdıq. O dedi: "İnqilabdan qabaq bir gün ağa İbrahim yanıma gəldi. Məni, qardaşımı və başqa iki nəfəri restorana aparıb ən yaxşı xörək, salat və içəcək sifariş verdi.

Çox dadlı idi. O vaxta qədər elə xörək yeməmişdim. Yeyəndən sonra ağa İbrahim dedi: "Necə idi?"

– Çox əla idi. Əllərinə sağlıq!

– Bu gün səhərdən indiyə qədər bazarda işləmişəm. Bu xörək çəkdiyim zəhmətə görə dadlıdır.


Hacı ağa Müctəhidinin mədrəsəsi

İrəc Girayi


İnqilabdan bir qədər öncə idi. İbrahim bazardan əlavə başqa bir işlə də məşğul idi. Təxminən heç kimin ondan xəbəri yox idi. Özü də heç nə demirdi. Onun əxlaqı və rəftarı tamam dəyişmiş, mənəviyyatı çox güclənmişdi. Səhərlər qara bir sellofan götürüb bazara tərəf gedirdi. İçində bir neçə kitab olurdu.

Bir gün motosikletlə gedərkən İbrahimi gördüm.

– Dadaş İbrahim, haraya gedirsən?

– Bazara gedirəm.

Onu motosikletə mindirdim. Yolda dedim: "Haçandır əlində bu sellofanı görürəm, nə məsələdir?"

– Heç nə, kitabdır.

Naibüs-səltənət küçəsinin başında motosikletdən endi, sağollaşıb getdi. Təəccübləndim. Onun iş yeri ora deyildi.

Maraqlanıb arxasınca getdim. Bir məscidə girdi, mən də arxasınca. İçəridə bir neçə gəncin yanında oturub kitabını açdı.

Məsciddən çıxanda oradakı bir qocadan soruşdum: "Bağışlayın, bu məscidin adı nədir?"

– Hacı Ağa Müctəhidinin mədrəsəsi.

Təəccüblə ətrafa baxdım. İbrahimin hövzə tələbəsi olduğunu düşünməzdim.

Orada divara Peyğəmbərdən bir hədis yazılmışdı: "Yer, göy və mələklər gecə-gündüz üç zümrəyə bağışlanmaq istəyirlər: alimlər, tələbələr və səxavətli insanlar".1

Axşam zorxanadan çıxanda dedim: "Dadaş İbrahim, hövzəyə gedirsən, amma bizə demirsən?!"

Dönüb təəccüblə mənə baxdı. Bildi ki, arxasınca getmişəm. Çox yavaşca dedi: "Heyfdir adam ömrünü yalnız yeyib-yatmağa sərf edə. Mən rəsmi tələbə deyiləm, elə-belə öyrənmək üçün gedirəm. Günortadan sonra da bazara gedirəm. Amma hələlik heç kimə bir söz demə".

İnqilabın qələbəsinə qədər İbrahimin işi belə idi. İnqilabdan sonra isə onun işləri o qədər çoxaldı ki, daha belə işlərə vaxt qalmadı.


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin