Ana dili dərsliyi iki əsas hissədən ibarətdir. Əlifba (savad təlimi) və Oxu (savad təlimindən sonrakı dövr). Əlifba dövrünün ilk dərsləri şəkillər üzrə şagirdlərin nitqini inkişaf etdirir, onlara dil qaydalarını öyrədir. Hazırlıq dövrü üzrə ümumi məqsədləri aşağıdakıları hesab etmək olar: 1. Cümlə qurulmasının öyrədilməsi məqsədilə sözlərin xüsusiyyətlərini uşaqlara başa salmaq. 2. Əşya, əlamət və hərəkət bildirən sözlərlə şagirdləri tanış etmək; 3. Şagirdlərin cümlə qurmaq bacarıqlarını inkişaf etdirmək; 4. Şagirdləri cümlə anlayışı, onun qurulması və sxematik təsviri ilə tanış etmək. 5. Oxuya hazırlıq məqsədilə şagirdləri qrammatika elementləri ilə tanış etmək. 6. Süjetli şəkillər üzrə şagirdlərin şifahi nitqini inkişaf etdirmək. 7. Şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək məqsədilə müxtəlif texnikalar vasitəsilə alınan sözlərin, yaxınmənalı, əksmənalı, eynimənalı, eyniköklü sözlərin öyrənilməsi ilə tanış etmək. Əlifba təliminə hazırlıq dövründə şagird Ana dilində verilən şərti ifadələrlə də tanış olur.