Hicrət
I
Xüsusi bir işimiz olmadığına görə bir neçə gündən sonra Təbrizin Şəhid Qazi qarnizonuna qayıtdıq. Səbrim həqiqətən, tükənmişdi. Təzəlikcə beşinci bölgənin kəşfiyyat komandiri təyin olunmuş qardaş Fəthi məni çağırıb dedi: "Səni qardaş Ələddinin yaratdığı briqadaya kəşfiyyat komandiri göndərirəm. Onunla danışmışıq, bu gündən gedə bilərsən".
Ələddinin yaratdığı briqadanın adı Neynəva idi. Şəhid Təcəllayi qarnizonunda dördmərtəbəli bir bina vardı. Onun ikinci mərtəbəsinin iki otağını Neynəva briqadasına vermişdilər. Soraqlaşıb qardaş Ələddini tapdım. Orada oturduq və vəziyyəti izah etdi. Dedikləri maraqlı idi: "Yaratdığımız briqadaya bir kəşfiyyat komandası lazımdır. Bunun məsuliyyəti sizin üzərinizə düşür. Sizdən İslam Respublikasının bütün nöqtələrinə dair planlarınızın olmasını gözləyirik..."
Ələddinin nəzərdə tutduğu layihə çox ideal olsa da, məncə, bu tezliyə həyata keçən deyildi. Qərara gəldik ki, ertəsi gün birlikdə briqadanın Şəbüstərin yaxınlığında yerləşən qarnizonuna gedək.
Orada məni qarnizon rəisinə təqdim edib çadır və digər imkanlar yaratmasını əmr etdi. Çadır qurmaq üçün bizə yer də göstərdilər. Qardaş Ələddinlə qarnizonda gəzərkən hansı bölüyə gedirdiksə, şəxsi heyət bayırda sıraya düzülüb hələ o zamanlar Sepahda adət olmayan nizam-intizamla və hərbi salamla qardaş Ələddini qarşılayırdılar. Təəccüblə öz-özümə düşünürdüm ki, bu Ələddinin necə fikirləri var.
Ertəsi gün Şəhid Qazi qarnizonuna gedib iki-üç nəfəri Neynəva briqadasının kəşfiyyatında mənimlə çalışmaq üçün ayırdım. Briqadanın kəşfiyyat komandirinə xidmət edəcək toyota ilə Şəbüstərdəki qarnizona getdik. Qarnizon rəisi təchizat bölməsinə məktub yazıb bizə bir çadır və hər adama iki ədyal verilməsini bildirmişdi.
Çadırı almaq üçün təchizat anbarına getdim, amma anbar bomboş idi. Sonda bizə bir çadır və bir neçə ədyal verildi. Təyin olunmuş yerdə milləri basdırdıq, çadırı açanda isə yalnız millərin yarısına qədər gəldi. Millərlə çadır bir-birinə uyğun deyildi.
Fikirləşdim ki, yaxşısı budur Şəhid Təcəllayi qarnizonuna qayıdım. Toyotanın sürücüsü çox qanunpərəst adam idi. Ona deyilmişdi ki, haraya getmək istəsəm, məni aparsın. O da həmişə maşında oturub mənim qayıtmağımı və haraya getməli olduğumuzu söyləməmi gözləyirdi. Mən iki gün Şəhid Təcəllayi qarnizonunda qaldım, sürücüm həmin iki günün əksərini maşının içərisində keçirdi. Yalnız yeməyə, namaza və tualetə getmək üçün maşından enirdi. Axırda ona dedim: "Qardaş, sən burada qalma, qayıt briqadaya, mən daha ora gəlməyəcəyəm".
O getdi, mən də Kərim Fəthinin yanına yollandım.
– Mənə Neynəva briqadasının kəşfiyyat komandirliyindən başqa bir iş tapılmadı?!
Həmin günlərdə diviziyanın kəşfiyyat uşaqları Şərqi Azərbaycan korpusunun kəşfiyyatçıları ilə birləşmişdilər və qərargahları Təbrizin Bağşimal xiyabanında idi. Fikirləşdim ki, harada olsam, kəşfiyyatda qalmaqdan yaxşıdır. Çünki bir gün də cəbhədə vuruşmamış, indi isə şəhidlərin qisasçısı olmuş adamlara dözmək çox ağır idi.
Hələ də cəbhənin ətrini duyacağımı düşündüyüm yeganə yer İmam Mehdi (ə) briqadası idi. Qardaş Fəthidən göndəriş vərəqəmi alıb yubanmadan qatara mindim və özümü Dezfulun Şəhid Bakiri qarnizonuna çatdırdım. Briqada orada yerləşirdi. Bütün yol müharibə bitəndən bir neçə ay sonra sanki əfsanəyə bənzəyəcək qədər uzaqda qalmış günləri xatırladırdı.
Şəhid Bakiri qarnizonuna çatıb ağa Seyid Fatiminin yanına getdim. İki-üç gün onların otağında qalandan sonra ağa Seyid dedi: "Yaxşı olar ki, briqadanın əməliyyat bölməsində işləyəsən".
Ağa Sövdagər briqadanın əməliyyat komandiri idi və mən son illərdə onunla çox ünsiyyətdə olmuşdum. Onların otağına gedib əşyalarımı ağa Məhəmmədin yanına qoydum. Həbib Azərniya və Cəfər Daruiyan da orada idilər. Mən dördüncü adam idim, amma bir neçə gün ərzində onların ikisi də cəbhədən getdilər və ağa Sövdagərlə mən qaldım. Həmişə get-gəl etdiyimiz toyota bizim evimizə çevrilmişdi.
Batalyonların genişləndirilməsi işi davam edirdi və biz get-gedə öz gözlərimizlə dəyərlərin zəiflədiyini görürdük. Keçmişdə sadə döyüşçülər hörmətlə və çoxlu israrla batalyon komandirlərinin qablarını yuyurdularsa, get-gedə batalyona xadimlər gəldilər və komandirlərin qablarını yumaq onların vəzifə borcu oldu. Hətta get-gedə rəftarlar da dəyişir, cəbhələrdə hamıya zövq verən təvazökarlıq, hörmət və sevgi yavaş-yavaş yaddan çıxırdı.
Kuşk cəbhəsində İmam Hüseyn (ə) və Həbib batalyonlarının Bəqiyyətullah və Əmirəlmöminin (ə) batalyonları ilə dəyişdirilməsi əmri verildi. Batalyonlar bir-birini əvəzlədilər və xüsusi bir hadisə baş vermədi. Səbrim tükənmişdi. Daha orada qalmaq istəmirdim. Amma hara gedəydim? Şəhərə? 8 il uzaq qalandan sonra o şəhərdə məhəlləmizdən başqa bir yeri tanımırdım.
***
Qətnamə qəbul olunsa və atəşkəs elan olunsa da, o müddətdə düşmən tərəfi bir dəfə Kuşk bölgəsindən irəliləmiş və bizim qüvvələrimiz oranı yenidən azad etmişdilər. Müdafiə xətti qarışıq idi və ağa Sövdagərlə onu bərpa etmək qərarına gəlmişdik. Briqada komandiri olaraq ağa Seyid də bu məqama ciddi yanaşırdı, orada daimi və möhkəm bir işin görülməsini istəyirdi.
Bölgənin müdafiəsi, səngər və istehkamların quruluşu üçün bir layihə hazırlandı, ağa Sövdagərin səyi və ağa Seyidin dəstəyi ilə işə başlandı. İmam Hüseyn (ə) və Həbib batalyonlarının orada müdafiə işini gördükləri 45 gün ərzində vəziyyət 180 dərəcə fərqlənmişdi. Öncəki səngərlər təmir olundu və bənddə digər səngərlər qazıldı. Tankların yerləşməsi üçün çox təmiz, hündür və səliqəli torpaq depolar quruldu.
Bu müddətdə uşaqlar əzadarlıq mərasimləri də keçirirdilər, amma müharibə bitəndən sonra Bəsic üzvləri get-gedə azalır, şəhərlərinə qayıdırdılar.
Düşmən hərdən atəşkəsi pozmağa çalışırdı. Bir gün ağa Məhəmmədlə birgə müdafiə xəttinə gedəndə o qədər güclü atəşə məruz qaldıq ki, maşının üstünə bir raket düşəcəyini düşündük. Bu güclü atəş bizi çıxış yolu haqda düşünməyə vadar etdi.
– Heç eybi yox! Atəşin cavabı yalnız atəşdir!
Bütün silahlarla və xətdə olan üç top və raketlə düşməni güclü atəşə tutduq ki, qarşılarındakı qüvvələrin zəif olduğunu düşünməsinlər. Təxminimiz doğru çıxdı: ondan sonra bir də belə bir hadisə təkrarlanmadı.
Belə hallarda ağa Sövdagərin məntiqli qərarları səmərəli olurdu. Nəhayət, həmin müdafiə mövqeyini elə bir həddə çatdırdıq ki, bütün istiqamətdə məşhur oldu. Sağ və sol bölgələrin müdafiə mövqeləri əsla müdafiə mövqeyinə oxşamırdı; səliqəsiz idi, düz-əməlli yolları da yox idi. Elə şəraitdə bizim səliqəli səngərlərimizin və möhkəm yollarımızın təriflənməsi təbii idi. Müdafiə xəttini yenicə bərpa edib qurtarmışdıq ki, Qaim briqadası ilə yerimizi dəyişmək əmr olundu. O briqadanın komandirləri bölgəyə gəldilər, birgə iclas keçirdik və həmin gün axşam xətti təhvil verib Dezfuldakı Şəhid Bakiri qarnizonuna qayıtdıq.
II
Beləliklə, cənub bölgəsindəki vəzifəmiz sona çatdı. Uşaqların hamısı getmişdi, yalnız briqada komandirliyi, əməliyyat və kəşfiyyat qüvvələri qalmışdılar. Biz də əşyalarımızı toplamaqla məşğul idik.
Əşyalarımızı hazırlayandan sonra ağa Seyidin yanına getdik. Təklif etdi ki, şam yeməyini Dezfulda yeyək. O, xəbərlərə xüsusi həssaslıqla yanaşırdı. Radionu açdı və biz İmam Xomeyninin (r) xəstəxanaya yerləşdirildiyini eşitdik. Hizbullahçı ümmətdən imamın sağalması üçün dua etmələri istənirdi. Biz imamın rahatsız olduğunu öncədən eşitmişdik, amma xəstəliyinin güclənəcəyini düşünmürdük.
Daha heç nəyə hövsələmiz yox idi, hətta xörək də yemədik. Nə danışır, nə də bir iş görürdük. O anda radionun hər dəfə imamdan danışan diktorunun səsindən başqa bir şey önəmli deyildi. Təbrizə qayıda-qayıda Allaha yalvarırdıq ki, növbəti xəbər ümidverici olsun.
Təbrizə çatdıq. Gecə şəhərdə qaldıq və ertəsi gün axşam Rəhmanlıya yola düşdük. Briqada da Rəhmanlıda yerləşmişdi. Orada əməliyyat bölməsinin düz-əməlli qərargahı yox idi və biz ağa Seyidin otağında qalırdıq. Haraya gedirdiksə, hamı narahat halda imamdan danışırdı. Qərara gəldim ki, bir müddətə evə gedim. Ağa Sövdagərdən ongünlük məzuniyyət alıb evə yollandım.
Günüm məsciddə, dua mərasimində, ya da televizorun önündə keçirdi. İmamı göstərirdilər; xəstəxanada çarpayıda namaz qılır, Quran oxuyurdu. Cümə günü ağa Rəfsəncani Tehranın cümə namazı xütbələrində demişdi: "İmam tövsiyə edib ki, xalqımız Allahın məni qəbul etməsi üçün dua etsin, lakin biz dua edirik ki, Allah imamı bizdən almasın".
Bu cümlə məni çox darıxdırdı. Hərdən Rəhmət vadisi məzarlığına gedir, uşaqların məzar daşlarının yanında oturub imam üçün dua etmələrini istəyirdim. Həkimlərin bütün açıqlamalarını izləyirdim, amma ürəyimdə qəribə həyəcan vardı.
Ayətullah Şəhidi məscidində idim və qərarsızlıqdan təngə gəlmişdim; nə otura, nə yata, nə də fikirləşə bilirdim. Gecə saat iki idi, get-gedə narahatlığım artırdı. Diviziyanın kəşfiyyat bölüyünə zəng vurdum. Bilirdim ki, həmin gecə mənim kimi çoxlarının yuxusu ərşə çəkilib. Mənsur İzzəti kəşfiyyat komandiri olmuşdu və mən onu telefona çağırdım. Ağa Mənsur, çox narahatam, imamdan xəbər var?
– Ağa Mehdi, bizə hazırol komandası veriblər, amma xüsusi bir xəbər yoxdur. Siz dua edin.
Ürəyim üzüldü. Deməli, bütün bu həyəcanlar səbəbsiz deyilmiş. Yəni imamın halı pisləşib? Zehnimdə bundan dərinə gedə bilmirdim. Atamı xatırlayırdım. Xəstələnəndə cəbhədən qayıdıb yanında oturmuşdum, vəfat edəndə şəhərdə idim. Narahat idim, amma nə qədər?! Nə üçün nə qədər fikirləşirəmsə, bu halıma oxşar hal tapa bilmirəm?!..
Sübh azanına qədər yatağımda o qədər oyan-buyana çevrildim, oturdum, ayağa qalxdım, gəzişdim... Sübh çağı çox yorğun idim. Sübh namazını məsciddə qıldım. Dua etməyə dilim gəlmirdi. Ürəyim dolu idi. Fikirləşdim ki, bəlkə evə getsəm, halım dəyişər. Hava qəribə şəkildə ağır idi. Saat yeddinin yarısında evə çatıb dərhal radionu açdım. Quran səsi evə yayıldı. Təəccübləndim: Səhərin bu vaxtı Quran?!
Sözlər, fikirlər vücudumu sıxırdı, amma imamın başına bir iş gəldiyini düşünməyə cəsarət etmirdim. Öz-özümə deyirdim: “Məgər bu, mümkündür?! Bizim yalnız imamımız var. Məgər Allah onu bizdən alar?!”
– Nə üçün Quran yayımlanır? Nə olub, bala? Sənin xəbərin yoxdur, Mehdi?
Anam da narahat idi. Onun və digər ailə üzvlərimizin sualları məni daha da üzürdü. Kaş heç kim bir söz deməsin, bir söz soruşmasın, bir cavab verməsin. Zamanın da məni ələ saldığını hiss edirdim. Əqrəblər irəliyə yox, geri gedirdi. Həyatın heç bir zamanında, hətta narahatlıq və müsibət zamanlarında da gündəlik işlərini tərk etməyən yeganə adam anam idi. Süfrəni sərdi. Stəkanlardan buxar çıxırdı. Səhərin ilk xəbər proqramının zəngləri eşidildi.
– Səhər saat yeddi, bura Tehrandır...
Boğazım qurumuş, sanki qəlbim dayanmışdı. Səs titrəyə-titrəyə deyirdi: "Bismillahir-Rəhmanir-Rəhim. İnna lillah və inna iləyhi raciun!1 Allah ruhu2 ruhani aləmə qovuşdu!"
Ağlamağa başladım. Sanki özümdə deyildim, ixtiyarım əlimdə deyildi. Anam qorxmuşdu. Hərdən səsini eşidirdim. Məni sakitləşdirməyə çalışır, başıma bir iş gələcəyindən qorxurdu.
– Yox... Daha başıma iş gəlməkdən keçib. İlahi! Məni aparmayıb saxladın ki, bu günü görüm?!..
Yarım saat danışıb ağladım. Mənim üçün dünyanın sonu gəlmişdi... Artıq nəfəsim gəlmirdi. Evdən bayıra çıxdım.
– Mən Sepaha gedirəm.
Şəhər dəyişilmişdi. Yavaş-yavaş qapı və divarlardan üçkünc qara bayraqlar asıldı. Yetimlik hissi acı idi, xüsusən təsəlli verməyə heç kim olmayanda. Yadıma düşdü ki, bu şəraitdə münafiqlərin fəallığı arta bilər və bizim mütləq iş başında olmamız lazımdır. Aşura diviziyasının əsas qüvvələri Rəhmanlıda, Zəncanda və Ərdəbildə yerləşmişdi. Sepahın şəhərdə ciddi hərbi qüvvəsi yox idi. Orada hamı qızarmış yaşlı gözlərlə heç nə danışmadan oyan-buyana qaçır, tapşırıqları yerinə yetirirdilər. Hər tərəfdən mərsiyə səsi gəlirdi. Təqvim 04.06.1989 tarixini göstərirdi. Aşura idi. Şəhidlərin müsibəti təzələnmişdi.
Hava qaralana qədər Sepahda qaldım, gecəni də orada yatdım. Şəhərdən xüsusi bir məlumat gəlmədi. Ertəsi gün səhər briqadaya hansı tapşırığın verildiyini öyrənmək üçün oraya getdim. Qardaş Seyid Fatimini televizorun önündə tapdım. Mən də yanında oturdum. Xalqın imamla vidalaşmasını canlı göstərirdilər. Axşama qədər namaz və yeməkdən başqa bir iş üçün televizordan ayrılmadıq. Qəribə hal idi. Uşaqların çoxu Tehrana getmişdi. Bizim kimi qalanların əli ancaq televizora çatırdı. Həmin günlərdə bəlkə də cəbhələrdə 8 il ərzində ağladığımız qədər ağladıq.
Sanki İran yetim qalmışdı. Hərə öz dili ilə ürəyini açır, növhə deyirdi. Sepah və Bəsic uşaqları daha böyük matəm içində idilər. İmam dəfn olundu və biz onun təsvir etdiyi yolla baş-başa qaldıq...
Dostları ilə paylaş: |