5.Sintoizmin mahiyyəti. Yaponların milli dini olan Sintoizmin tarixi qədim dövrlərə gedib çıxır. Çoxtanrılı din olan Sintoizm bir növ arxaik şaman kultlarının varisidir. Xalqın ruhunun təzahürü kimi ortaya çıxan bu ənənəvi yapon dini onun mentalitetinə, tarixinə, mədəniyyətinə, ölkənin siyasi və ictimai həyatına təsir göstərmişdir. Uzun əsrlər boyu yaponlar özlərinin ənənəvi inanclarını təyin etməyə ehtiyac duymamışlar. Bu ehtiyac xarici inanclar, ilk növbədə, buddizm, daosizm və konfutsiçilik kimi təlimlər Yaponiya adalarına ayaq açdıqdan sonra yaranmışdır. Məhz buddizmlə müxalifətdə “kami-no-miti” (hərfi mənada “tanrıların yolu”.- Red.) termini ortaya çıxmışdır. Bu terminin Çin dilində eyni mənaya gələn analoqu “Şen Dao” adını almışdır ki, bu da Avropa dillərinə ”sinto” şəklində keçmişdir. Adətən, dinşünaslığa aid dərsliklərdə qeyd edilir ki, bu mənəvi ənənə özündə ibtidai xalqlara xas olan bütün inanc və ibadət növlərini – totemizm, animizm, sehr, əcdadlar kultu və s. birləşdirir. Qədim yaponlar onları əhatə edən təbii hadisələri, bitki və heyvanları, ölmüş əcdadlarını ilahiləşdirir, ruhlar aləmi ilə vasitəçi rolunu oynayan sehrbazlara, maqlara, şamanlara hörmətlə yanaşırdılar. Xalq inancı yapon dilində “kami-no-miti” söz birləşməsi ilə ifadə olunur. Kami kultun obyekti sayılır: ümumi ibadətlərdə, o cümlədən ev ibadətlərində ona sitayiş edilir. Bu terminin adekvat tərcüməsini tapmaq olduqca çətindir. Tədqiqatçılar arasında sözün etimologiyasına dair vahid fikir mövcud deyil. Avropa dillərinə əsasən “tanrı” və ya “ruh” şəklində tərcümə olunur. Sintoizmə görə, insanlar, heyvanlar və daşlar kimi cansız obyektlər ruha sahibdirlər, buna görə də böyüyə bilirlər (ancaq olduqca asta). Bununla yanaşı, onlar həm də ilahi təbiətə malikdirlər, çünki dünya nizamını idarə edən və zərurət yarandıqda tarixin gedişinə müdaxilə edən Kami ilə əlaqəlidirlər.
Kultun mənşəyi və buna müvafiq olaraq da, panteona daxil olma üsulu baxımından bütün kamiləri dörd kateqoriyada ümumiləşdirmək mümkündür:
1. Xalq arasında məşhur olanlar. Bir qayda olaraq, Kami yatmış əcdadların yerlərinin və ya ruhlarının qoruyucusudur (məs.: dağların kamisi, çayların kamisi, təbiət hadisələrinin kamisi, ölmüş əcdadların kamisi.- Red.). Çox vaxt onların şəxsi adları, ikonoqrafik təsvirləri, hətta daimi səcdəgahları olmur;
2. Mənşə baxımından xarici ilahi personajlar. Onların şəxsi adları və fərdi şəkilləri var, çox vaxt şərəflərinə səcdəgahlar qurulur. Belə personajların klassik nümunəsini yeddi xoşbəxtlik tanrısı (“Daykoku”, “Ebisu” və s.) təşkil edir.
3. Tarixi personajlar, yaxud xüsusi şeylərin qoruyucusu qismində ehtiram bəslənənlər. Onların adı mifoloji mənbələrdə qeyd edilmir, müqəddəs təsvirləri yoxdur, lakin çox məşhurdurlar. Bu kaminin adına ölkənin müxtəlif yerlərinə səpələnmiş bir çox məbəd və səcdəgahlar vardır. Bunun klassik nümunəsini elm və poeziyanın himayədarı Tendzin təşkil edir. O, real tarixi şəxsiyyət – IX əsr şairi Suqavara-no-Mitidzanenin ilahiləşdirilmiş formasıdır.
4. Qədim mifoloji toplularda adları çəkilən əfsanəvi tanrılar və onların nəsilləri (imperator ailəsinin dünyasını dəyişmiş üzvləri). Bu tanrılar dövlət səviyyəsində olduğundan onlara hər yerdə hörmət bəsləyirdilər. Vaxtilə onlara dövlət hesabına çoxlu məbədlər tikilmişdi. Ancaq bu tanrılar xalq arasında o qədər populyar deyil və tarixi kami qədər sevilmirlər. Bunlara misal kimi, panteonun baş tanrısı Amaterası göstərmək olar. O, hökmdar ailənin və birbaşa imperatorun özünün himayədarı sayılırdı.
Kamiyə bir neçə “tama” (“mənəvi qüvvə”, “ruh”.- Red.) verilirdi. Funksional mənada kami aşağıdakı tamaya sahib ola bilərdi: “arami-tama” – dünyanı idarə edən və kaminin proseslərin təbii gedişatına müdaxiləsinə imkan verən; “nihimi-tama” – yaddaş və harmoniya ilə əlaqədardır; “kusimi-tama” – möcüzələr və dəyişikliklər etməyə qadirdir; “sakimi-tama” – zövq, xoşbəxtlik verən. Bunlarla yanaşı, Yaponiyada pis ruhlara da inanırdılar. Güman edilirdi ki, bunlar arzuolunmaz şəraitdə, faciəvi şəkildə ölən insanların və ya düşmənlərin ruhudur. Həmçinin inanılırdı ki, heyvanlar öldükdən sonra cinlərə (mono və ya mononoke) çevrilə və insanlara zərər verə bilərlər. Sintoizmin əsas fərqləndirici xüsusiyyəti bu dinin heç bir kanonik mətnə sahib olmamasıdır. Bununla belə, yaradılış haqqında sintoist ruh və məzmunda olan miflər toplusu, qədim əfsanələr mövcuddur. Bunlardan ən məşhuru “Kodziki” (“Qədim işlər haqqında qeydlər”) və “Nihongi”dir (“Yapon xronikaları”). VII əsrin sonunda imperator Temmanın fərmanına əsasən tərtib olunmuş və 712-ci ildə tamamlanmış “Kodziki” zamanın başlanğıc hadisələrinə dair bir sıra qeydlərdən ibarətdir. Burada tanrıların, dünya və insanların yaranmasından, həmçinin kral hakimiyyətinin meydana gəlməsindən bəhs edən miflər toplanmışdır. Həmçinin o, qədim əfsanəvi dövlət başçılarının və 628-ci ilədək real tarixi hökmdarların təsvirini ehtiva edir. 720-ci ildə Çin dilində tərtib olunmuş “Nihongi”də tanrılar dövrü və dünyanın yaranması haqqında əfsanələr yer almışdır, eləcə də keçmişdəki qəhrəmanların zəfərləri və imperatorların şəcərələrindən bəhs olunur. VI əsrdən başlayaraq Yaponiya hökuməti buddizmi dövlət ideologiyası kimi qəbul etdikdən sonra Sintoizm ikinci plana keçmişdir. O, tamamilə aradan qalxmasa da, yeni gələn din ilə daim rəqabət halında olmuşdur. Digər tərəfdən, buddizmlə yanaşı, yaponların həyatında daosizmin və konfutsiçiliyin təsirləri də özünü büruzə verirdi. Buddizmi inzibatçı üsullarla dəstəkləyən dövlət, eyni zamanda Sintoizmi tənzimləyərək öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Bu vəziyyət 1868-ci ilə - qarşıdurma və iğtişaşlar dövründən sonra imperator Meydzinin (1852-1912) öz hakimiyyətini bərpa etməsinə qədər davam etmişdir. Bütün sahələrdə genişmiqyaslı islahatlar aparmağa başlayan imperator Sintoizmə də hakim din statusunu qaytarmış və ona milli dirçəliş ideologiyasının daşıyıcısı rolunu vermişdir.
XX əsrin 30-cu illərində Yaponiya artıq militarizmin və millətçi şovinist ideyaların təsiri altında yaşayırdı. Xüsusilə, Birinci Dünya müharibəsi illərində hərbi əməliyyatlar zamanı yapon əsgərlərinin cəsarəti və özlərini qurban etməyə hazır olmaları hər kəsi heyrətə gətirirdi. Xüsusi intihar qrupları – kamekadze dəstələri yaradılırdı. Həmin dövrdə belə bir dini konsepsiya mövcud idi ki, baş tanrı Amateras pilotlara Yaponiyanı qorumaq üçün xüsusi missiya tapşırmışdır. Döyüşdə ölənlər qəhrəman adı qazanır, kami elan olunurdu. Onların adına məbədlər tikilir, ailələri isə həmvətənləri tərəfindən hörmətlə qarşılanırdı. Ölkəsi və imperator üçün canını verməyə hazır olan gənclərin sayı bunun üçün nəzərdə tutulmuş təyyarələrin sayından qat-qat çox idi. Ancaq 1945-ci ilin avqust ayında Hirosima və Naqasakiyə atılan atom bombaları, həmçinin Rusiyanın Yaponiyaya qarşı müharibəyə başlaması vəziyyəti dəyişdi. Bu hadisələr nəticəsində 2 sentyabr 1945-ci ildə Yaponiyanın qeyd-şərtsiz təslim olması barədə akt imzalandı. 1945-ci ilin dekabrında dini qurumlara etiqad azadlığı verən sərəncam qəbul olundu. Sintoizm milli din və ideologiya statusundan məhrum edildi. 1946-cı ilin fevralında özündə 100 min məbəddən 80 minini birləşdirən Sinto Məbədləri Assosiasiyası yaradıldı. 1947-ci ildə isə Yaponiya yeni sekulyar konstitusiya qəbul etdi. Bu gün yaponların əksəriyyəti praktikada az dindar olsalar da, özlərini eyni anda həm sintoist, həm də buddist sayırlar. Yaponiya ərazisinin müxtəlif bölgələrində fərqli ölçüyə və ehtiram dərəcəsinə malik 100 min məbəd vardır. Ənənəvi olaraq, sinto məbədi “cinca” (yapon dilindən tərcümədə “müqəddəs yer, ibadətgah” deməkdir.- Red.) adlandırılır. Onu vizual olaraq buddist məbədindən fərqləndirən özünəməxsus cəhət “torii” adlanan darvazalardır. Bu darvazalar məbədin müqəddəs ərazisini ətraf yerlərdən ayırır. Bir çox dindar yaponların evində kiçik ev səcdəgahları – “kamidana”lar (hərfi mənada “kami üçün rəf”) olur. Bunlar xüsusi ehtiram bəslənilən əcdadların, yaxud ailə üçün əhəmiyyətli olan ruhların şərəfinə tikilir. Xalq mərasimləri ruhanilər, “kannusi” adlanan kahinlər tərəfindən həyata keçirilir. Qədim dövrlərdə hesab olunurdu ki, məbəd ayinləri zamanı kaminin ruhu kahinin bədəninə keçir. Başqa sözlə, kannusi şaman rolunu oynayırdı.