Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti Sərbəst iş
Ad: Elsevər
Soyad: Cəfərov
Fakültə: Tarix və coğrafiya
İxtisas: Tarix və coğrafiya müəllimliyi
Qrup: 842A
Kurs: III
Fənn: Multikultralizmə giriş
Müəllim: Fərhadova Jalə
SUMQAYIT-2023 1.Dini radikalizm və onunla mübarizə yolları. “Radikalizm” termini latın dilindəki “radix” (radiks) sözündən götürülüb, mənası əsas, köklü deməkdir. XVIII əsrin sonlarında İngiltərədə yaranan, sonra isə XIX əsrdə Avropa qitəsində yayılan bu termin ictimai-siyasi, iqtisadi və mədəni islahatlara, eləcə də müvafiq islahat təcrübəsinə əsaslanan fəaliyyət mənasında işlədilmişdir. Bu gün isə daha çox siyasi münasibətlərin, eləcə də siyasi sistemin əsas institutlarının qətiyyətli, köklü dəyişdirilməsinə yönəldilmiş ifratçı siyasi ideyaları və fəaliyyəti ifadə edir. Əvvəlcə siyasi mahiyyətdə işlədilən “radikalizm” müasir dövrdə həm də müxtəlif sahələrdə, o cümlədən dində köklü dəyişikliklər etməyə cəhd göstərən qruplara şamil olunur. Bu mənada “dini radikalizm” və ya “radikal dini qruplar” tez-tez rast gəldiyimiz ifadələrdir. Dini radikalizm hansısa dinin üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ etməklə digər etiqadların mənsublarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Dini radikallar isə bu cür ideyaların təsirinə məruz qalmış, din adı altında gizlənən fərdlər və ya qruplardır. Əslində, dini radikalizm termin kimi yeni olsa da, ictimai hadisə kimi yeni deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Ümumiyyətlə, tarixən istənilən dinin mənsubları arasında radikallar olub. Məsələn, Yəhudilikdə I əsrdə meydana çıxmış zelotları, Xristianlıqda tampliyerləri, İslamda həşşaşiləri və digərlərini göstərmək mümkündür. Halbuki, ibrahimi dinlərin prinsiplərinin təməlində sevgi, sülh, qardaşlıq və ədalət kimi ümumbəşəri, ülvi niyyətlər dayanır. Heç bir müqəddəs kitab başqa dinin nümayəndəsini öldürməyə, insanların dinini zorla dəyişdirməyə çağırmır. Həm “Tövrat”, həm “İncil”, həm də “Qurani-Kərim”də digər dinlərin mənsubları ilə, ümumiyyətlə, insanlarla xoş rəftar etmək və zorakılıqdan uzaq durmaq tövsiyə edilir. “Qurani-Kərim”in “Maidə” surəsinin 32-ci ayəsində deyilir: “Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kimsə belə bir kimsəni diriltsə (ölümdən qurtarsa) o, bütün insanları diriltmiş olur”. Eyni mahiyyətli fikirlərə Yəhudiliyin müqəddəs kitabında da rast gəlmək mümkündür: “Bir insanı öldürənin bütün dünyanı öldürmüş sayılacağını sənə öyrətmək üçün tək yaradıldın; Bir insanın canını qurtaran, bütün dünyanı xilas etmiş sayılcaq...” (“Mişna”, “Sanedrin” 4:5).
Digər ibrahimi dinlər kimi, Xristianlıqda da humanizm prinsipləri önə çəkilir: “Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur...” (Əhdi-Cədid, Pavelin romalılara məktubu, 13:8-10). Bütün bunlardan sonra haqlı bir sual yaranır: dinlər sülhü, rifahı və əmin-amanlığı təbliğ etdikləri halda, dini radikalizm necə yaranır və nədən qaynaqlanır?! Radikalizmə aparan yol fanatizmdən başlayır. Fanatik dindarlıq isə cahillikdən doğur. Bu cür dindarlar Tanrını dərk etmədən Onu “razı salmağa” çalışır, savadlı dindar isə Tanrını razı salmağa Onu tanıyıb öyrənməklə başlayır. Çünki inanc təkcə qəlb işi deyil, həm də ağıl işidir. Axı Yaradanı dərk etmədən Onun bizdən nə istədiyini, bizi necə görmək istədiyini anlaya bilmərik.
Fanatizm hər hansı bir inanca və ya baxışa ifrat dərəcədə bağlılıq, digər düşüncə tərzlərinə qarşı dözümsüzlük deməkdir. Dini fanatizm dini ideyalara hansısa tənqidi yanaşmanı istisna edən kor-koranə, həddindən artıq bağlılığı və real həyatda onlara şərtsiz riayət etməyi nəzərdə tutur. Savadsızlıq, xüsusilə dini savadsızlıq, bir sözlə, cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Bu cür mühitin yaranmaması üçün elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi dini düzgün anlamamağa və anlatmamağa gətirib çıxarır. Psixoloji problemlər də bu məsələdə önəmli rol oynayır. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni başqalarını öz yerinə qoyma duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayırlar. Dünyaya inteqrasiya proseslərində zəif iştirak radikalizm üçün münbit şərait yaradır. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi-patriarxal həyat tərzi sürür. Bu faktor radikal cərəyanlar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.
Sosial ədalətsizlik də dini radikalizmin inkişafı üçün zəmin formalaşdırır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacarıqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir. İşsizlik və yoxsulluqdan radikal qrupların təbliğatında geniş istifadə olunur. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edə bilirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır. Radikal qrupların təşkilati struktur formaları, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə metodları da dini radikalizmin yayılmasında əhəmiyyətli rola malikdir. Günümüzdə “radikalizm” və “ekstremizm” sözləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremizmin radikalizmdən ən böyük fərqi ifrat ideyaların zorakı metodlarla həyata keçirilməsidir. Başqa sözlə desək, hər ekstremist radikaldır, lakin hər radikal ekstremist deyildir. Dini ekstremizm fərqli dinlərin nümayəndələrinə qarşı dözümsüzlükdə, yaxud konfessiyalararası sərt qarşıdurmada özünü göstərir. Dini ekstremizm “özgə” həmişə açıq və potensial düşməndir, ancaq “özününkünə” güvənə bilərsən prinsipinə əsaslanır. Dini ekstremist təşkilat isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təsisatdır. Müasir dövrdə ekstremist və radikal qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir.