3.Eynik-mədəni müxtəlifliyin qorunması. Multikulturalizm siyasəti cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bu baxımdan bu və ya digər dövlətin multikulturalizm siyasəti sahəsindəki uğurlu fəaliyyətinin əsas göstəricisi cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasıdır. Bəs etnik-mədəni müxtəlifliyin qorunmasının, ümumiyyətlə multikulturalizm siyasətinin səmərəliliyi özünü hansı göstəricilərdə, indikatorlarda büruzə verir? Multikulturalizm siyasətinin səmərəliliyini necə ölçmək olar? Məsələn, məlum olduğu kimi, dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsi ənənəvi olaraq ümumdaxili məhsulun (ÜDM) ümumi həcmi və onun adambaşına düşən payı ilə ölçülür. Bu göstəricilərin əsasında Dünya Bankı bütün ölkələri iqtisadi inkişaflarına görə 4 qrupa bölür: yüksək, yuxarı-orta, aşağıorta və aşağı gəlirli ölkələr. Ölkələrin iqtisadi inkişaf səviyyəsinin ölçülməsinə bənzər ölkədəki etnik-mədəni müxtəlifliyin qorunmasının səviyyəsinin, multikulturalizm siyasətinin səmərəliliyinin ölçülməsinin yolu varmı? Burada hansı indikatorlardan istifadə olunur? Bu indikatorlar necə ölçülür? Ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyi dedikdə, burada titul xalqla bir cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun vəziyyəti nəzərdə tutulur:
1. Azlıqda olan yerli xalqlar (avtoxton xalqlar);
2. Tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış milli azlıqlar (alloxton xalqlar);
3. Müasir dövdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə pənah gətirmiş miqrantlar.
Qeyd olunan azlıq qruplarının cəmiyyətdəki vəziyyəti dedikdə, onların hər biri üçün ayrıca yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına kömək edəcək şərtlərin dövlət tərəfindən həll edilməsi nəzərdə tutulur. Azlıq qruplarının yaşadıqları cəmiyyətə inteqrasiya olmasının şərtlərinin ödənilməsi eyni zamanda ölkədə etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin indikatorlarıdır. Əlbəttə, hər bir azlıq qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə gəlmə tarixləri, onların siyasi, iqtisadi, sosial, mədəni tələbatları bir-birindən fərqli olduğuna görə onların yaşadıqları cəmiyyətə inteqrasiya olma məsələləri, şərtləri bir-birindən fərqlənir. Başqa sözlə desək, sözügedən 3 azlıq qrupunun hər birinin yaşadığı cəmiyyətə inteqrasiya olmasının şərtləri arasında müəyyən fərqlər vardır. Buna görə də hər bir azlıq qrupuna münasibətdə multikulturalizm siyasətinin səmərəliliyini göstərən indikatorlar müəyyən edilmişdir.
Beləliklə, yerli (avtoxton) və gəlmə (alloxton) xalqlardan ibarət milli azlıqların, eləcə də immiqrantların bu və ya digər ölkədəki vəziyyəti etnik-mədəni müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin əsas göstəricisidir. Dövlətin multikulturalizm siyasətinin səmərəliliyi bu üç qrupa daxil olan insanların sosial və iqtisadi tələbatlarının ödənilməsi, etnikmədəni dəyərlərinin qorunması ilə ölçülür. Bu isə öz növbəsində yuxarıda təhlil etdiyimiz hər bir azlıq qrupuna daxil olan indikatorlar vasitəsilə müəyyən edilir. Azlıq qruplarının cəmiyyətdəki vəziyyətini göstərən indikatorlar nəticə etibarı ilə multikulturalizm siyasətinin səmərəliliyini göstərir. Hər bir azlıq qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə gəlmə tarixləri, onların siyasi, iqtisadi, sosial və mədəni tələbatları bir-birindən fərqli olduğuna görə onların yaşadıqları cəmiyyətə inteqrasiya olma məsələləri, şərtləri bir-birindən fərqlənir. Başqa sözlə desək, sözügedən 3 azlıq qrupunun hər birinin yaşadığı cəmiyyətə inteqrasiya olmasının şərtləri arasında müəyyən fərqlər vardır. Bu fərqlər indikatorlar arasındakı müxtəlifliklərdə öz əksini tapır.
Etnik-mədəni müxtəlifliyin qorunmasını və inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasəti, bu siyasətin mahiyyəti və müxtəlif modelləri müasir dövrdə Avropa ölkələrində əsas müzakirə mövzularından birinə çevrilmişdir. Bu siyasət bəzi Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada etnik, dini və ya mədəni müxtəlifliklərin harmoniyası və birgəyaşayışın əsas təminatçısı kimi nəzərdən keçirilir və müxtəlif siyasi modellər vasitəsilə icra edilir. Digər tərəfdən isə, əsasən sağçı millətçi siyasi partiyalar tərəfindən immiqrasiya əleyhinə səslənən fikirlər nəticəsində multikulturalizm siyasətindən müəyyən qədər uzaqlaşma meydana gəlmişdir. Böyük Britaniyada multikulturalizm, ilk növbədə, immiqrantların hüquqlarının təminatı ilə bağlıdır. Burada immiqrantların mədəni hüqüqlarının təmin edilməsi multikulturalizm siyasətinin əsas istiqamətidir. Kontinental Avropa multikulturalizmindən fərqli olaraq, Böyük Britaniya etnik-mədəni müxtəliflyin tənzimlənməsində xüsusi bir strateqiya mənimsəmişdir. Belə ki, bu inteqrasiya strategiyasının prioritetini etnik qruplar deyil, fərdlər təşkil edir. Bu siyasət, etnik müxtəlifliklər də daxil olmaqla, əsasən fərdi azadlıqların ifadə edilməsinə yönəlmişdir. Bu baxımdan etnik qruplara mənsub olan fərdlər özünəməxsus mədəni praktikalarını fərdi müstəvidə reallaşdıra bilirlər. Xüsusilə qeyd edilməlidir ki, Britaniya mədəniyyətinin mərkəzində xalqın çoxluğunun bölüşdüyü anqlo-sakson mədəniyyəti, həyat tərzi, dəyərləri, əxlaqi normaları mühüm yer turur. Buna görə də, “başqa” mədəniyyətə mənsub olanların hakim təbəqənin dəyərlərinə inteqrasiya etməsi arzuolunan hesab edilir. Burada ikili etnik və mədəni mənsubiyyət yalnız hakim dəyərlərin mənimsənilməsi kontekstində reallaşdırıla bilər.