Yengi Ögə
Bəxtiyar Tuncay
Xalçalarımızda rast gəlinən Maral motivinin tarixi və mifoloji kökləri
Eneolit və erkən Tunc dövründə Azərbaycan əhalisinin dünyagörüşündə və bədii təfəkkürünün inkişafında mühüm yeniliklər baş verir və bunlar yeni-yeni təsvir, damğa və naxışların ortaya çıxmasına səbəb olur. Bu dövrün qaya təsvirləri üçün xarakterik olan əsas cəhətlərdən biri qayalarda cızılmış təsvirlərin realistikliyidir. Bu dövrdə ən çox rast gəlinən petroqliflər maral (Bax: Şəkil 91-93) və aslan təsvirləridir.
Şəkil 91. Maral və insan təsviri (Qobustan)
Şəkil 92. Maral (Qobustan)
Şəkil 93. Maral qovan ovçu (Qobustan)
Qobustandakı Yazılı təpənin 24 №-li daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə (Mezolit və Neolit dövrlərinə) aid sxematik təsvirlərdən öz gözəlliyi ilə fərqlənməkdədir. Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsindəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar (Yengi Ögə, Tuncay B).
Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə, yəni Avropanın içlərindən uzaq Sibir, Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi ədəbiyyata «İskit maral daşları» adı altında düşmüş daşlarda, daha sonra isə iskit zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir (Yengi Ögə, Tuncay B).
Bahəddin Ögəlin yazdığına görə, maral turklərdə müqəddəs bir heyvandır. Türk mif və nagıllarında yeri çox böyükdür. Bununla bərabər türklərə aid qədim və orijinal əfsanələrdə türklərin maraldan törədiyinə dair hər hansı bir qeydə rast gəimirik. Sibirin tundra meşələrində, hər şeyin maralla bağlı olduğu bölgələrdə bu heyvanla əlaqədar bə'zi törəyiş inanclarının olduğu da bizə mərumdur. Lakın bunlar çox az görünən nümunələrdir. Türk əfsanələrində daha çox yer tutan dişi maraldır ki, onlar daha çox dişi əyələr formasında təsəvvür edilərdilər. «Bu əfsanələrin ən gözəl nümunəsi Göytürk dövründə Çin mənbələri tərəfindən yazıya alınan bir rəvayətdir. Əfsanə belədır: "Göytürklərin əcdadlarından biri tez-tez bir mağaraya gedərək, orada dişi bır dəniz əyəsi ilə əlaqədə olurmuş. İkisi arasındakı bu eşq əlaqələri davam edərkən, günün birində bu Göytürk rəisi ordusu ilə sürək ovuna çıxmışdı. Əsgərlər geniş bölgələrdəki vəhşi heyvanları sürərək, nəhayət, kiçik bir yerə sıxışdırmış, sonra isə onları dairəyə salıb bir-bir ovlamağa başlamışdılar. Elə bu vaxt əsgərlərin biri qarşısına çıxan bir ağ maralı oxla vurub öldürmüşdü. Bundan sonra sevgilisini yerində tapmayan Göytürk rəisi məsələni başa düşmüş və bu ağ maralı vuran əsgəri və qəbiləsini cəzalandırmışdı (Ögəl, 2006, s. 566-567).
Bu əfsanəni bizim üçün maraqlı edən ən önəmli cəhəti budur ki, Qobustandakı qaya təsvirlərindən birinin süjeyi həmin əfsanəni süjetini xatırladır. Bu təsvirdə kişi və maral təsviri verilib. Bu təsvirdə kişinin cinsi orqanının xüsusi olaraq qabardılmış verilməsi, ağla, istər-istəməz, əfsanədəki eşq məcarasını gətirir (Bax: Şəkil 91).
Dişi maralın onqon kimi çıxış etməsi halını Çingiz xanla bağlı bütün etnoqonik əfsanələrdə görməkdəyik. Elm aləminə rus saxtakarlığı nəticəsində «Monqolların gizli tarixi» kimi düşən və əslinin guya monqol dilində olduğu iddia edilən, gerçək adı isə «Tatarların gizli tarixi» olan və uyğur hərfləri ilə uyğur türkcəsində qələmə alınmış olan kitabda deyilənlər də bu baxımdan istisna deyil. Həmin kitabda belə deyilir: «Çingiz xanın babası Tanrının buyruğu ilə göydə doğulan boz qurd idi. Arvadı isə sarı-qızıl rəngli bir maral idi. Onlar bura dənizi (Xəzər dənizini-B.T., Y.Ö) keçərək gəldilər» (Ögəl, 2006, s. 571).
Onqon maral surətinə Bahəddin Ögəlin «maral qovlama» kimi təqdim etdiyi mifoloji süjetlərdə də rast gəlinməkdədir. Bu süjetlərdən birini eyni dərəcədə həm kimmer, həm də hun əfsanəsi adlandırmaq mümkündür. Çünki sözügedən əfsanə təkcə özünün onqon maral surəti ilə deyil, həm də hunların kimmerlərdən törəmiş olması haqqında dəyərli məlumat daşıması ilə diqqət çəkir. Hunların kimmerlərdən törəmiş olması haqqında məlumata erkən orta əsrlər tarixçisi Prokopiyada da rast gəlirik: «...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmiş-lər.Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur adlandırırlar» (Oğuz Y., 2002, s. 20; Гейбуллаев Г. А., 1991, s. 96-97).
Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamışdır. Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün «Türk mifologiyası» kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir: «Vaxtilə Kimmer kralınn Kutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlrin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kəmarına gəlirlər. Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır. Uşaqlar da üzə - üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır» (Ögəl, 2006, s. 575).
Maraqlıdır ki, «maral qovlama» motivinin də qədim ilkin köklərinə məhz Qobustan qayalarında rast gəlinməkdədir (Bax: Şəkil 93).
Skif və sakların incəsənətini dərindən tədqiq edən M. Artomonov bu xalqın incəsənəti üçün xarakterik olan «heyvani üslubun» əsas motivinin maral motivi olduğunu göstərmişdir (Артомонов М. И., 1974, s. 25). Bu təsbitin skif və sakların, eləcə də onların incəsənətinin mənşəyini anlamamız baxımından böyük önəmi var. Gerçəkdən də maral motivi skif-sak incəsənətində ən yayğın motivdir. Eyni motivə elm aləmində «skif maral daşları» adı altında tanınan daşların (Bax: Şəkil 94) üzərində də rast gəlinməkdədir. Və «skif maral daşları»nın kökləri e.ə. lX əsrdə formalaşan «heyvani üslub»dan daha qədim dövrlərə qədər uzanır. Və bu köklər də məhz Azərbaycana işarə edir.
Şəkil 94. Maral daşı (Skif çağı)
Mövzu ilə bağlı tarixçi alim X. Mahmudova yazır ki, maral daşları skiflər dövrünün incəsənətini, ideologiyasının və sosial həyatının öyrənilməsi baxımından əvəzsiz mənbədir. «XX əsrin 70-ci illərindən geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil, Avropada da təsbit edilmişdir. Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumıniyada, Dinoqeti-Tarvanadlı yerdə, Bolqarıstanda, Almaniyada, Gürcüstanda, Şərqi və Mərkəzi Qazaxıstanda, Baykal gölü ətrafında və Monqolustan ərazisində rast gəlinmişdir. Maral daşları skif qəbilələrinin özünəməxsus incəsənət nümunələridir. Bu nümunələr özündə sözügedən xalqın dini və kosmoqonik dünyagörüşü ilə bağlı olmuşdur» (Махмудова Х., s.125).
Şəkil 95. Xalçalarda rast gəlinən maral təsvirləri (Altda Pazırık xalçası, e.ə. V-IV əsrlər)
Şəkil 96. Skif incəsənətində maral motivi
Maral motivi skif zərgərlik (Bax: Şəkil 96) sənətində də ən yayğın motivlərdəndir. Qobustan marallarının elmi baxımından əsas önəmi ondadır ki, bu təsvirlər skif-sak mədəniyyətinin köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söyləməyə ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-istəməz iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir. Fəqət Qobustan təsvirləri eynən Soyuqbulaq kurqanları kimi bu mədəniyyətin daha dərin köklərini gözlər önünə sərməkdədir. Və onun kökləri Eneolit dövrünə qədər uzanır.
Yeri gəlmişkən qeyd edək, maral motivi xalçalarımızda, o cümlədən saklara aid Pazırık (e.ə V-IV əsrlər) xalçasında da özünü (Bax: Şəkil 95) göstərməkdədir.
Yuxarıda qeyd edildiyi kimi maral motivinin önəmli bir hissəsini «maral qovlama» motivi təşkil edir ki, onun da ən qədim örnəyinə Qobustanda rast gəlirik ki, bu da bizə həmin motivin ilk doğuş yerinin məhz Azərbaycan olduğunu söyləməyə əsas verir. Bu baxımdan qeydə alınmış ilk əfsanəvi süjetin də məhz kimmerlərlə bağlı olması bizə təəccüblü görünməməlidir. Çünki kimmerlərdən söz açan ən qədim yazılı mənbələr, daha dəqiq desək, onları «qamira» adlandıran aşşur mənbələri kimmerlərdən Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqdadır (Гейбуллаев Г. А., 1991, s. 327-219).
Musa Kağankatlının «Alban tarixi»ndə yazılanlara əsasən, Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuhun adı ilə bağlanır.Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir: «Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axarına çatırdı» (Kalankaytuklu M.,1993, s. 14).
Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər idi və qamərlər, yəni kimmerlər onun soyundandır (Kalankaytuklu M.,1993, s. 14-15). Müəllif eyni zamanda kimmerlərin soy babası olan Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri olmuşlar.
«Maral qovlama» motivinə Azərbaycan Xalq Ədəbiyyatının ən qədim yazılı abidəsi hesab edilən «Kitabi-Dədə Qorqud»da da rast gəlirik ki, bu da motivin təkcə çox-çox qədim olmasından deyil, həm də çox-çox yayğın olmasından xəbər verir. «Kitab»ın «Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım, hey…» boyunda oxuyuruq:
«Nagahan Oğuzun üzərinə bir süri keyik (maral) gəldi. Bamsı Beytək birini qova getdi. Qova-qova bir yerə gəldi. Nə gördi, sultanım?! Gördi gög çayırın üzərinə bir qırmızı otaq fikilmiş. «Yarəb, bu otaq kimin ola?»-dedi. Xəbəri yoq ki, alaçığı ala gözli qızın otağı olsa gərək. Bu otağın üzərinə varmağa ədəbləndi. Ayıtdı:
«Nə olursa-olsun, hələ mən snımı alayım!»-dedi. Otağın önində irişi gəldi, keyiki sinirlədi. Baqdı gördü bu otağ Banı Çiçək otağıymış ki, Beyrəgin neşikkətmə nişanlısı-adaxlısıydı…» (KDQ, 2004, s. 55).
Bu süjetin eynisinə Anadoludan toplanmış dastanların birində də rast gəlirik. Həmin dastanda maralı qovan Mühəmməd Hənəfi bir mağaraya yetişir və orada Minə Xatunu bulur. Bu dastanda da eynən «Kitab»da Bamsı Beyrək öz adaxlısı ilə güləşdiyi kimi Mühəmməd Hənəfi də Minə Xatunla güləşib onu alır (Ögel B., 1995, s. 102).
Bənzər motiv Altay türklərindən toplanmış başqa bir dastanda da qeydə alınmışdır. Həmin dastanda deyilir ki, Xan Alp göylərə qalxan Xan Mergen adlı bir igidi aramağa gedirdi. Göydə bir yol görünür və Xan Mergeni həmin yolda atını bir maralın ardınca sürdüyünü görür. Maral yeddi tanrının çalışaraq yapdıqları Mis Dağa çıxır. İgid qamçısı ilə marala vurum deyir. Dağ yarılır və maral dağın içinə girir. Maral bir çadırın önünə gəlib uzanır və igid də onu vurur. Çadırın içindən bir qoca çıxır və «Mənim adım Çeş (Mis) Alpdır. Bu dağ mənimdir. Səni bura gətirsin deyə, maralı mən göndərdim»-deyir (Ögel B., 1995, s. 101).
Maraqlıdır ki, Altay süjetinin İslami dona bürünmüş başqa bir variantına Anadoluda da rast gəlinməkdədir. Burada bir dərvişin ərvahının bir maralı qovaraq yaralamasından söhbət açılır, maralın qaçaraq dərvişin dərgahına girdiyi, ərvahın da onun ardınca dərgaha girdiyində dərvişi yaralı görməsindən bəhs edilir (Cahit Öztelli, 1961, s. 2391).
Yuxarıda qeyd edildiyi maral motivinin önəmli bir hissəsini ən qədim örnəyinə Qobustan təsvirlərindən birində rast gəldiyimiz «maralla eşq» motivi təşkil edir. Bu motiv Radlovun Sibir türklərinin dilindən yazıya köçürdüyü «Yestey Mönkö» nağılının əsasını təşkil edir. Lakin burada da «maral qovlama» olayı olmadan keçinilməmişdir. Nağılda deyilir ki, maral qız yeraltı dünyanın bitdiyi yerdə yaşayırdı. Yestey Mönkö adlı bir igid bir gün yer üzünə çıxan bu qızı görür və onun arxasınca düşür. Yeddi il maral qızı qovalayır, onun ardınca yeraltı düyaya enir və onu, nəhayət, daş bir evdə taparaq onunla evlənir (Ögel B., 1995, s. 103).
«Maral qovlama» ilə bağlı süjetlərdən biri həmin süjetlərin əsasında duran ana süjetin təqribən hansı dövrlərdə ortaya çıxdığı barədə əlimizə çox maraqlı bir ip ucu verir. Söhbət Xan Alp və Xan Mergenlə bağlı Altay dastanından, daha doğrusu, buradakı Mis Dağın sahibi Çeş Alp obrazından gedir. Qədim türk mifologiyasına görə, insanları mislə tanış edən və misdən əşyalar düzəltməyi öyrədən məhz Çeş Alp olmuşdur. Bu fakt bizə söhbətin misin kəşf edildiyi Eneolit dövründən getdiyini düşünməyə əsas verir. Maraqlıdır ki, qədim yunan əfsanələrində də misin kəşfi türklərə, daha dəqiq desək, skiflərə aid edilir. Təsadüfi feyil ki, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir (Tuncay B., 2015a, s. 54).
Qaynaqça
-
Cahit Öztelli. Anadolu Dini Edebiyyatından, Geyik Hekayeleri. Türk Folklor Araştırmaları, 1961.
-
Kalankaytuklu M. Alban tarixi."Elm", B.,1993.
-
Kitabi Dədə Qorqud. Bakı, Yazıçı, 1988. 255 s.
-
Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. B.: Öndər nəşriyyatı, 2004, 376 s.
-
Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri."Azərbaycan Milli Ensiklopediyası" NPB., B., 2002.
-
Tuncay B. Azərbaycan türklərinin islamaqədərki dili və ədəbiyyati (şifahi və yazili ədəbi nümunələr əsasında), Bakı, Elm və təhsil, 2015a, 288 səh.
-
Tuncay B. Xalçalarda mövcud olan sirli aləm. “Cümhuriyyət”, 7 oktyabr, 2015b.
-
Yengi Ögə, Tuncay B. Kür-Araz mədəniyyəti və türk damğaları : Damğadan yazıya keçid (https://bextiyartuncay.wordpress.com/2013 /12/28/kur-araz-m%C9%99d%C9%99niyy%C9%99ti-v%C9%99-turk-damgalari-damgadan-yaziya-kecid/).
-
Артомонов М.И. Скифо-сибирское искусство зверинего стиля. Сб. Скифской археологиию М.,1974.
-
Гейбуллаев Г. А. К Этногенезу азербайджанцев. "Элм", Б., 1991.
-
Махмудова Х. Оленные камни скифского времени. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B., 2005.
Dostları ilə paylaş: |