V BAŞLIQ
{Sokrat öyrəncilərinə, gözü-könlü tox olmağı aşılayardı}
Gözü-könlü toxluq, yüksək insanlıq dəyəri sayıldığından, gəlin, baxaq görək, Sokrat bu konuda nə deyirdi:
-Arxadaşlar! Bir anlıq elə düşünəyin, savaş başlayıb, biz də döyüşmək üçün özümüzə elə bir başçı seçmək istəyirik, onun yönətimi ilə yağıları yenə bilək, sizcə biz, - qarınqulu, içki-qadın-yuxu düşkünü olan birisini özümüzə başçı seçərdikmi? Onun yağılara üstün gəlib, bizi qurtaracağına inanardıqmı? Tutalım, biz ölüm ayağında olanda, azyaşlı oğullarımızı boya-başa çatdırmağı, qızlarımızın namusunu qorumağı, var-yatırımızı qoruyub, saxlamağı, kiməsə tapşırmaq istəyirik: belə bir acgöz adama ürək qızdırardıqmı? Alçaq istəklərinin düşkünü olan qulumuza,- mal-qara saxlamağı, sursatımızı qorumağı, hansısa işimizə görüm-baxım eləməyi tapşırardıqmı? Beləsini, evimizin qulluğunu tutmağa buraxardıqmı, gərəksələrimizi alıb gətirsin deyə, alış-veriş eləməyə göndərərdikmi? Belə bir acgöz, düşkün qılıqlı kimsəni, qul yerinə işlətməyi belə özümüzə yaraşdırmırıqsa, onda bu sayaq öyrəncələrə(vərdişlərə) qapılmaqdan özümüzü də qorumalı deyilikmi? Əldəgöz(təmənnalı) kimsə, başqasının axçasını əlindən çıxarıb varlanmaq istəyir; ancaq acgöz kimsənin başqasına yamanlıq eləyəndə, öz yaxşılığına çalışdığını da demək olmaz: yox, o, başqalarına bir yamanlıq eləyəndə, özünə beşqat artıq yamanlıq eləyir - təkcə öz evini yıxmaqla qalmır, öz bədənini, öpözünü də yaman günə salır. Arxadaşları ilə yeyib-içmək yığıncağında olanda, dadlı yeməkləri, içkiləri görüncə, bunlara ac qurd təki soxulub, başqalarına aman verməyən kimsə ilə; qadınla əylənməyə axça dağıtmağı, arxadaşlarına əl tutmaqdan üstün sayan birisi ilə, kim oturub-durmaq istəyər? Yaxşılıqların kökündə, gözü-könlü toxluğun dayandığına ürəkdən inanmaq, ona könül vermək yetkinlik deyilmi? Kim, özünü düşkün istəklərdən qorumadan, gərəkli bilikləri öyrənə, özünü gözəl öyrəncələrə alışdıra bilmişdir? Əyləncələrin, kirli duyğuların düşkünü olan qul, sonucda öz bədəni ilə öpözünü gözdən də, əldən-dildən də salmırmı? And olsun Heraya, bir özgür kimsə də belə bir qulu almaq istəməzdi, əyləncə düşkünü olan qula isə ancaq tanrılara yalvarmaq qalır, ona bir yaxşı ağa yetirsinlər, ola bisin, ona düzgün yiyəlik eləyib, qapılıb qaldığı düşkünlüklərində batıb getməyə qoymasın.
Sokrat dinləyicilərinə belə sözlər deyərdi; ancaq özünün gördüyü işlərdə dediyindən də qat-qat artıq gözü-könlü toxluq örnəkləri göstərərdi: o təkcə əyləncə düşkünü olmaqdan yox, axça düşkünü olmaqdan da özünü çəkindirə bilmişdi, onun düşüncəsinə görə, bilik öyrədəcəyin kimsədən axça alınca, onu özünə ağa eləyirsən, onun quluna çevrilirsən, bununla da özünü alçaldırsan.
Dostları ilə paylaş: |