Tarixləşən daş yaddaşımız



Yüklə 14,19 Kb.
tarix29.12.2017
ölçüsü14,19 Kb.
#36427
növüYazı

Tarixləşən daş yaddaşımız

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır,

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən nəsilə bir yadigardır.

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdən biridir. Hətta bu məqsədlə 1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyası da təsis edilib. Məqsəd diqqəti maddi-mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub.

Sivilizasiyalı bəşəriyyətin tarixi keçmişini məhz bu kimi abidələrlə öyrənmək mümkündür. Minilliklərin yadigarları olan abidələrin, təəssüf ki, heç də hamısını günümüzə qədər qoruyub saxlamaq mümkün olmayıb. Onların sıradan çıxmasının isə təbii və süni səbəbləri vardır. Belə ki, təbii aşınmalara məruz qalan abidələr həmçinin insan əli və əməlinin də qurbanlarına çevrilmişlər. Zaman-zaman ərazilər yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi mədəniyyət nümunələri içərisində dini xarakterliləri də az deyildir. Bütün hallarda belə tarixi sərvətləri qoruyub saxlamaq hər bir xalqın vətəndaşlıq borcuna çevrilməlidir.

Bildiyimiz kimi, Azərbaycan da bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərində yerləşir. Təbii coğrafi mövqe və həyat şəraitinin təmini üçün zəruri mühitin olmasındadır ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Aparılan arxeoloji tədqiqatların nəticəsindən məlum olur ki, Azərbaycan ərazilərində yaşamış qədim insanlar çox böyük və şərəfli tarixə malikdirlər. Ulu babalarımız çox dəyərli maddi-mədəniyyət nümunələri yaratmışlar və onlar respublikamızın ərazilərində yetərincə qeydə alınıblar. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, inkişafının ən bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ona görə də ölkəmizə səfər edən Avropa səyyahları Azərbaycanın tarixi mədəni abidələrinə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.

Maddi-mədəniyyət abidələri ilə yanaşı, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi nəzərə alınıb.

Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığanacaqlar, bir sözlə, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənləridir.

Manna və Atropatena dövlətinin mədəniyyət abidələri, müdafiə tikililəri-qalalar, yolüstü karvansaralar, o dövrün şəhərlərinin əzəmətli qala divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ VI yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Bu günümüzədək gəlib çatan belə sərvətlər Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb.

Hər bir dövrün özünəməxsus memarlıq abidələri olub və onlar tarixi əhəmiyyət daşıyıblar. Heç də təsadüfi deyil ki, Vətənimiz abidələr məskəni sayılır. Aprelin 18-i dünyada Abidələrin və Tarixi Yerlərin Beynəlxalq Mühafizəsi Günü kimi qeyd olunur. Xalqın zəngin mədəni irsini təsdiqləyən elementlərdən biri də abidələr və tarixi yerlərdir. Abidələr təkcə dövlətə yox, həm də xalqa məxsusdur. Deməli, onların qorunmasında sıravi vətəndaşlara qədər hər kəs təşəbbüs göstərməlidir. Biz bunu insanlara, cəmiyyətə təbliğat yolu ilə çatdırmalıyıq. Əhali arasında mədəni sərvətlərimizi, dəyərlərimizi tanıtmalıyıq. Abidələrimizin hamısını tanıtmalı, onların dəyərini başa salmalıyıq. İnsanların diqqətinə çatdırmalıyıq ki, abidələr nə üçün qorunur.

Tarixi-mədəniyyət abidələrinə nəzər saldıqda tarixin ağlı-qaralı səhifələrini görür, bərkə-boşa düşmüş xalqımızın həyat salnaməsini oxuyruq. Abidələr keçmişin qaranlıqlarına işıq saçır, onun nurlu şüaları altında bütöv bəşəriyyəti görürük, keçmiş mədəniyyətlə müasir mədəniyyət arasındakı xüsusiyyətləri öyrənir, onları əlaqələndiririk.

Abidələr əsrlərin, illərin ünvanıdır. Keçmişdən yadigar qalan daşlar, izlər, sözlər olmasaydı Babəki, Koroğlunu tanımazdıq, Nizamini, Füzulini, Nəsimini və onlarla dahilərimizi unudardıq.

Ona görə də tarixi-mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. Öz tarixini, keçmişini öyrənmək üçün qədim abidələr hər bir xalqın vizit kartı olmalıdır. Çünki abidələr tarixin şahididir. Keçmişimizdən yadigar qalan abidələri qoruyb saxlamaq, öyrənmək, təbliğ etmək , gənclərdə milli sərvətimizə hörmət və ehtiram hissini aşılamaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Bu günün qeyd olunmasında mədəni-maarif müəssisəsi kimi kitabxanaların qarşısında da mühüm vəzifə qoyur. Çünki kitabxanalar oxucularla, gənc nəsillə daim əlaqəda olur. Onlara öz xalqının tarixini, keçmişinin yadigarı olan abidələrimizi öyrənməkdə köməklik etməklə onlarda vətənpərvərlik hisslərini oyatmış olur. Bu məqsədlə mədəni-kütləvi tədbirlər keçirtmək hər bir kitabxanaçının borcudur. Kitabxanalarda kitab sərgiləri, foto-stendlərin təşkili, sual-cavab, ədəbi-bədii gecələr, söhbətlər keçirtmək və tarixi yerlərə ekskursiyalar təşkil etmək olar. Həmçinin kitabxanalarda tarixi və mədəni irsimizin öyrənilməsi və qorunması ilə bağlı tədbirlərdə Dağlıq Qarabağda, işğal altında olan ərazilərdə qalan və Qərbi Azərbaycan abidələrinin öyrənilməsi və təbliğ edilməsi mühüm şərtlərdən biridir. Çünki hamımız yaxşı bilirik ki, vəhşi işğalçılar abidələrimizə, bizim tariximizlə, mədəniyyətmizlə bağlı yerlərə necə divan tuturlar. Bu abidələri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışırlar. Qədim abidələr xalqın tarixidir, onun varlığını və yaşamaq ləyaqətini sübut edən dəlildir.



Hazırladı: Sabunçu rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə
Yüklə 14,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin