Təsirli deyilən ziyalı sözü öz təsirini göstərir



Yüklə 98,49 Kb.
tarix22.10.2017
ölçüsü98,49 Kb.
#10543
növüYazı

Nazim Hikmət: Olduğu kimi – III

(3-cü məqalə)

Akif ƏLİ,

filologiya elmləri namizədi,

yazıçı-publisist

 ————————————

Görünür həqiqət yaşaması üçün vaxtaşırı təkrarlanmağa məhkumdur.

* * *


Nazim Hikmət haqqında da yalanlar həyasızcasına, həqiqətlər isə təkrarlana-təkrarlana yaşamaqdadır.

Adamın əsil siması Azərbaycanda tanıdıldığı kimi deyil, Türkiyədə tanındığı kimidir. Sovetlər dönəmində in vaxtında bizimkilərə “qan qardaşı, türk soydaşı, doğma şair” və s. kimi təqdim olunan, yaddaşlarda həsrətli motivlərlə qalan bu şair Türkiyədə vətən xaini, türklüyün düşməni, Türkiyədə sosializm görmək eşqi ilə yanan (o öz şerində «sən yanmasan, mən yanmasam» deyəndə bunu nəzərdə tuturdu) şarlatan, Kreml aşiqi, Lenin-Stalin məddahı və s. kimi ifşa olunur.

Artıq kommunizm arxivə gömülüb, Azərbaycan daha asılı siyasət yürütmür. Ancaq Kremlin yapdığı bir kommunizm aşiqi yenə gen-bol şərəfləndirilməkdədir. Nazim Hikmətin əqidə dönüklüyünə Türkiyənin özündə münasibət bəllidirsə (elə lap bu günlərdə yenə İstanbulda onun abidəsini qoymaq istəyən yaramazlara rədd cavabı verildi), onda bizdəkilərin canfəşanlığı gülməli deyilmi?

Bu mülahizələrlə mən son yüz ildə Azərbaycan mətbuatında ilk dəfə Nazim Hikmət haqqında alternativ mövqeni üzə çıxaran yazılar işləyib ötən il oxuculara təqdim etdim (bax: «Nazim Hikmət: olduğu kimi», “Yeni Azərbaycan” qəzeti, 2 may 2001; «Ədalət» qəzeti  7 iyul və 14 iyul 2001).

*  *  *

Ancaq görünür həqiqət tez-tez təkrarlanmalıdır ki yaşasın.



Nazim Hikmət haqqında Türkiyədə belə yazırlar:

“-Nazim Hikmət (əsil soyadı – Borzeski olub) Rusiyaya qaçdıqdan sonra yəhudi əsilli bir polyak olduğunu söyləyib, bundan qürur duyduğunu deyərək Türkiyəyə və türklüyə  hücumlara başlamışdır…

-Ardıcıl olaraq məmləkət əleyhinə işləyən, Türkiyənin dövlət quruluşunun və hökuməti idarə edənlərin əleyhinə təbliğat kampaniyası apararaq kommunizmi yaymaq məqsədi güdən yazıları ilə  Sovet hökumətinin tapşırıqlarını yerinə yetirən qatı kommunist Nazim Hikmət Ran 1951-də hökumətin rəsmi qərarı ilə Türk vətəndaşlığından çıxarılmışdır…

- Yüz minlərlə türkün  qatili, insan qəssabı, «fikirlərimin atası, gözümün nuru»  dediyi  Stalinin ölümünə çox üzülərək mərsiyə oxuyan Nazim Hikmət heç vaxt Atatürkün ölümünə, ya başqa bir Türk böyüyünə belə həyəcanlı misralar həsr etməmişdir. Əksinə, Atatürkə həqarət edən Nazim Hikmət həmişə Lenini göylərə qaldırıb, ona şerlər qoşub…

-1921-ci ildə  Türk əsgəri azadlıq savaşı apararkən Nazim Hikmət  Moskva Radiosu ilə türkcə -Təslim ol, Mehmet!- deyə bağırırdı…

-Yunanıstanda güllələnmiş kommunistlərə acıyaraq ağılar qoşan Nazim Hikmətin 255 min Türk övladının şəhid olduğu Çanaqqala, Sakarya, Dumlupınar barəsində bir misra şeri yoxdur…”

-  və s. və i.

*  *  *


Beləliklə, ötən il diskussiyaya səbəb olan bu açqlamalardan sonra Nazim Hikmətin köhnə pərəstişkarları təbii ki,  “Nazimin bədxahlarına” cavab vermək üçün mücadiləyə qalxdılar. Bolşevik şairin yubileyinin dövlət səviyyəsində keçirilməsi məqbul sayılmasa da, nazim-hikmət-şünaslar 100 illiyə məqalə yazdılar, xatirə danışdılar, arxivdəki fotolarını çapa çıxartdılar, şairin yanındakıları təbliğ eləmək üçün şairin özünü o ki var təriflədilər, yəqin ki «Nazim Hikməti tənqid edənin» əleyhinə yazı yazdırmaq üçün yazıçı da axtardılar və çox yəqin ki o adam da daha vicdanlı çıxaraq bu miskinliyə getmədi və s. və i. Sonra mən bu mövzunu unutdum. Amma sən demə mübarizə «yarın da varmış». Və onun «ön sıralarındakılar» paraddan cəbhəyə yürümək əzmi ilə bu il «Günəşi içənlərin türküsü» adlı bir kitab daha buraxdırıblar. Və kitabın ön sözündə «Nazimin bədxahlarına» alovlu cavab da dərc etdiriblər (əlbəttə ki mən o kitabı almamışam və almayacam da, sadəcə belə bir nəşrin və oradakı son söz iddialı bir Ön sözün mövcudluğunu «Ədəbiyyat qəzeti»nin 20 sentyabr tarixli 3319-cu sayından oxuyub bilmişəm. Bu barədə fikirlərimi bildirəcəm) .

Məlumdur ki, nazim-hikmət-pərəstlərin tez-tez işlətdikləri sevimli «Nazimin bədxahları» terminologiyası təkcə Türkiyədəki vətənpərvər ziyalıları deyil, Azərbaycandakıları da nəzərdə tutur. Ancaq mən hesab edirəm ki, harda olur-olsun, «Nazimin bədxahı» daha şərəfli missiyadır, nəinki Türk dünyasının bədxahı olmaq!

* * *

Əslində mən başa düşürəm ki, onlar Nazim Hikməti belə dişlə-dırnaqla müdafiə etməkləri daha çox özlərinə, öz yazdıqlarına və yazmaq istədiklərinə, öz keçmişlərinə, öz ata-babalarına görədir. Ancaq mən bu delikat məqama toxunmaq  istəmirəm. Mənim hədəfim adamlar deyil, hallardır. Əqidəsizlik, qeyrətsizlik  halları.



Nazim Hikmət haqqında söylənən tənqidləri təkzib etmək üçün yazılan cavablar o dərəcədə bəsit olur ki, adam bu  cavabları yazanların düşüncəsindən daha çox, onların cəmiyyətdə tutduqları mövqeyə və iddialarına məəttəl qalır. Yalnız ümumi aşiqanə mülahizələr yürüdərək, Nazim Hikmətin əvəzinə fikir söyləyən, şairin mücərrəd əzablarından, ürək ağrılarından, həsrətindən, iztirablarından, nifrətindən, qəzəbindən, incikliyindən-filan bol-bol yazan bu yazarlar heç bir praktik əhəmiyyəti olmayan emosional izharlardan başqa bir tutarlı əsas gətirə bilmirlər. Bəs nə vacibdir görən özünü satqın bir şairin yolunda həlak eləmək?!

Axı, mən yazıram ki, neçə milyon illik insanlıq tarixində Vətəni, Dövləti və Xalqı düşmənə satmaqdan böyük şərəfsizlik olmayıb və bu satqınlıqdan sonrakı bütün peşimançılıqlar, ürək ağrıları, iztirablar, nisgilli misralar, etiraflar, ah-oflar, göz yaşları-filan elə Gülhanə parkındakı ceviz (yəni – qoz) ağacının bircə meyvəsi dəyərindədir. Bilərəkdən şüurlu və könüllü surətdə Türkiyəni Rusiyaya, türkü rusa, Atatürkü Leninə-Stalinə, Ankaranı Moskvaya dəyişən şairə «Türk dünyasının böyük şairi demək» nə böyük qəbahətdir!

Opponentlər həmişə şövqlə Nazim Hikmətə münasibət məsələsində ümumxalq məhəbbətindən danışırlar, ancaq bir sadə suala cavab vermirlər ki, axı nədən bu adamın əsil siması, əqidəsi və əməlləri barədə həqiqətlər ötən ilə qədər, yəni az qala yüz il sərasər həmin o «sevən xalqdan» gizlədildilib? Və yalnız indi -  o ifşa olunandan sonra öz yazılarında alternativ fikrin mövcudluğunu etiraf edirlər ki, bəli Nazim Hikmətə Türkiyədə münasibət yaxşı deyil, onu vətəndaşlıqdan çıxarıblar, o vaxtilə Sovet quruluşuna belə inanıb, Moskvaya belə aldanıb, belə peşimant  olub, filan-beşməkan…

Əgər nazim-hikmət-pərəstlər əvvəlki yazılarından fərqli olaraq indi artıq bunu bildiklərini özləri də etiraf edirlərsə, demək onlar da xalqı bilə-bilə aldadıblar,  həqiqətləri gizlədiblər. Bəs ondi «Nazimin bədxahları» deyə-deyə niyə dizlərinə döyürlər, anlaşılmır.

* * *

Nazim-hikmət-pərəstlərin əsas ritorikası belədir ki: “Nə qədər əclaf, xain, satqın olsa da adam istedadlı şairdir! ”



Ancaq mən düşünürəm ki, onda Zori Balayanın da Azərbaycan əleyhinə yazdığı üfunətləri yaddan çıxarıb görkəmli yazıçı-publisist kimi Bakıda yubileyini keçirmək olar. Silva Kaputikyan, İgityan, Hambarsumyan, Ağambekyan və başqalarını da beləcə «sterilizə» etmək və sevmək olar. Bunlar da elmi-bədii yaradıcılıq istedadından məhrum deyillər axı!

Ancaq olarmı?!

Hələ Lenini, Stalini, Kirovu, Şaumyanı, Mikoyanı, Avakyanı, Sitaryanı, demirəm… Onlar da istedadsız adamlar deyil. Biz onları ona görə rədd etmirik ki istedaddan məhrum idilər, ona görə rədd edirik ki, əqidə  düşmənlərimizdir. Yəni bunu anlamaq nə çətin problemdir?

Yaxud bizim  istedadlı şairimiz N. Əgər sabah Ermənistana qaçıb düşmən qoynuna sığınarsa və oradan bizə həqarətlər yağdıra-yağdıra gününü şer yazmağa həsr edərsə, günlərin bir günü biz burada ah, o necə istedadlı şairdir deyə ona  yubileymi keçirməliyik?!

Bu iblislikdir!

İnsanlar insani dəyərlər naminə əsrlər boyu cilaladığı zəruri prinsiplərdən imtina etsə, onda hər alçaqlığa bəraət qazandırmaq mümkün olardı. Bax mənə aydın olmayan bu sərsəmlikdir.

* * *

Bəzi ədibləri hələ ilk gənclik çağlarından doğmuş hansısa munis bağlar vadar edir ki, müstəqil Azərbaycanda milli mədəni, ideoloci aspektdə görülməli işlərimiz dura-dura, imperiyadan, Sovetlərdən, leninizm-stalinizmdən, bolşevizmdən əzab-əziyyət çəkmiş yüzlərlə ziyalımızın haqqının qaytarılması üçün münbit şərait yarandığı vaxtda, yenə dövrə vurub qayıdırlar keçmişə və Türkiyənin, türklüyün düşməni, Kreml aşiqi, sədaqətli Leninçi-Stalinçi olan bir “böyük eşşəyi” (bu avtobioqrafik sitat Nazim Hikmətin özündəndir- A.Ə.)  zorla reanimasiya etməyə çalışırlar.



Mən təkrar edirəm, bu xalqın klassik Kişiləri şərəf və ləyaqət naminə hətta qanı-qanlarından olan doğmalarından keçiblərsə, bəs çoxdan dövranını sürüb cəhənnəmə vasil olmuş bir bolşevikə platonik sevgi nə sevgidir belə?!

«…Babaları qaçaq olub, qoçaq olub, mərd olan adamların namərd törəmələri mənə dərd olub» deyən şair Fikrət Qocanı da bir vaxtlar məhz bu sayaq suallar narahat etmirdimi?

* * *

Mən həmişə bu fikirdə olmuşam ki, Nazim Hikmətin kommunizmə, Moskvaya, Stalinə mədhiyyələr söyləməsi ilə o müdhiş dövrdə yaşayıb-yaratmış bir çox Azərbaycan ziyalısının analoci fəaliyyətini eyniləşdirmək düzgün deyil. Bizdə nə qədər vicdanlı adam əqidənin yox, taleyin girovu olub. Öz Vətənində  min bir tellərlə bağlandıqları ev-eşikləri, qohum-əqrabaları, ailələri, sevdikləri adamları, oğul-uşaqları ilə birlikdə girov düşmüşdülər. Və mən əminəm ki, məsələn, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, böyük mütəfəkkir Rəsul Rzanın, fitrətdən istedadlı şair Səməd Vurğunun və b. bu cür seçilən ziyalıların dövrün tələblərindən doğan məcburi passacları ilə Nazim Hikmətin sevdası bir tərəziyə qoyulmamalıdır. Nazim Hikmət sırf əqidə naminə yaşadığı Türkiyədən qaçıb xoşluqla Kremlin qoynuna girmişdi. O, Türkiyəni sevməyə bilərdi, ölkədən çıxıb başqa yerə gedə bilərdi, ancaq o məhz Moskvaya qaçmaqla hansı əqidə sahibi olduğunu büruzə verirdi. Çünki bu süni əqidəylə başqa ölkələrə ayaq basa bilməzdi. Demək adam şair istedadına görə yox, başqa “istedadına” görə SSRİ-də idi. Məni qınama, Rəsul Rza, bunu anlamayanlarla mübahisə etmək də böyük dərddir!



Nazim Hikmətin o illərdə ilk kitabının Bakıda çap olunması, onun həm də Bakıya gəlib-getməsi, azəri türkləri ilə oturub-durması, teatra, konsertə ekskursiyaları hələ heç də nazim-hikmət-pərəstlərin iddia etdiyi kimi, onun da «dəxi bizlərdən biri» olması demək deyildi. Nə qədər acı da olsa, bu – hər şeydən əvvəl o demək idi ki, Sovet KQB-si, yaxud NKVD-si Türkiyəli “obyektini” sədaqətli Sovet Azərbaycanının “kurasiyasına” vermişdi. Sovet KQB-si Nazim Hikmətlə məşğul olmaq səlahiyyətlərini inandığı adamlara etibar edirdi. Yoxsa Sov. İKP-nin, KQB-nin, Qlavlitin “dobrosu” olmadan SSRİ-nin heç bir nöqtəsində heç bir əcnəbi köpəyoğlunun nəinki kitabı, heç bircə misrası da işıq üzü görə bilməzdi. Bu ki mübahisəli  məsələ deyil!

* * *


Nazim Hikməti qiymətləndirmək üçün, poetik axtarışlardan çox, politoloci araşdırmalara üstünlük vermək düzgün olardı. Ona görə ki, 1920-ci ildə Azərbaycandakı milli hökuməti qan içində boğan Kreml də Dəli Petronun “strateci vəsiyyətlərinə” sadiq idi, qırmızılığından və ya ağlığından asılı olmayaraq imperiyanın sərhədlərini genişləndirmək, “isti dənizlərə” çıxmaq, o cümlədən İstanbulda çəkmələrini yumaq  sevdası ilə yaşayırdı. Şimali Azərbaycan imperiyanı xammal bazasından başqa, həm də Şərqə çıxış plasdarmı kimi maraqlandırırdı. Bütün qalan məsələlr poeziya sahəsinə aid olan işlər idi. Bu həqiqətləri görmək üçün adi savad da kifayət edər. Sovet cəmiyyəti üçün KQB-də müəyyən ideoloci ştamplar və stereotiplər hazırlayıb mütəmadi dövriyyəyə buraxmaq taktikası elə nazim-hikmət-pərəstlərin özlərinə də yaxşı  məlumdur. Yüz milyonlarla insanın başını qatmaq, onları dəmir çəpərlər arasında saxlamaq imperiya dəftərxanasının əsas məşğuliyyətlərindən idi.

“Türk kommunisti Nazim Hikmət” də Moskvada hazırlanmış ideoloci modeldən başqa bir şey deyildi. Bu model dünyanın dörd tərəfinə caynaq atan monstra ona görə lazım idi ki, içəridəki “pantürkistlərə” görk olsun, türklərin də «bizim tərəfə» keçdiyini nümayiş etdirsin və dünya inqilabının tezliklə Türkiyədə də qələbə çalacağı ideyasını əyani göstərsin. Türkiyəli kommunist şairin timsalında böyük rus xalqına pənah gətirmiş bir nüsxə çox yaxşı nümunə idi. Sovet təbliğat maşınının bütün qüdrəti ilə şişirdilən bu obraz Qafqaz türklərinə də, Orta Asiya türklərinə də yararlı idi. “Pantürkist” damğası ilə ziyalı qaymağının məhv edilməsinə kompensasiya olaraq  “Türkiyəli arkadaş” ara-bir Mosvadan türksoylu azərilərin yanına xidməti ezamiyyətə göndərilirdi. Onu arada bir transporant kimi Orta Asiya respublikalarına da aparırdılar. O da təlimata uyğun olaraq «yeni şən həyatı», kolxoz quruluşunu tərifləyir, boğazdan yuxarı sloqanlar ataraq sadə adamların başını qatırdı.

Əvəzində isə alqışlar, gül çələngləri, pullar, mükafatlar, təriflər təşkil edilirdi. Bu gün «Nazim Hikmət şöhrətindən» danışanlar həmin üfürülmüş şöhrətin illüziyasına hələ də aldanırlar.

* * *


Nazim-hikmət-pərəstlər deyir: o istedadlı şair idi.

Biz deyirik: cəhənnəmə istedadlı şair idi, o türklüyə və  Türkiyəyə  xəyanət etmiş adamdır!  Dahi satqının nə dəyəri ola bilər?

Məgər Kreml istedad hərləyən idi?!

20-30-40-50-ci illərdə “istedadlı türk şairi Nazim Hikmət” SSRİ-də mütəmadi alqışlananda, şöhrətlənəndə, boynuna çələnglər taxılanda, kitabları basılanda, pyesləri oynananda, iclaslarda yuxarı başa qaldırılanda, rahat mənzili, yaşayışı, isti iş otağı, rus sevgilisi olanda…

…ondan heç də az istedadlı olmayan başqa türk şairi Mikayıl Müşfiq dəniz kənarındakı zirzəmidə doğranıb dənizə axıdılırdı. İstedadlı türk şairi Almaz İldırım qürbətdə “Azərbaycan, oy!” deyib sızıldayırdı. Çox istedadlı türk şairi Əhməd Cavad məhv edilirdi. İstedadlı türk ədibi Yusif Vəzir Çəmənzəminli aradan götürülürdü. Dahi türk şairi Hüseyn Cavid Sibirdə çürüdülürdü. İstedadlı türk yazarı Mirzə Bala Məmmədzadə qürbətdə çırpınırdı.

Və daha neçə-neçə istedadlı şairlər, nasirlər, publisistlər, habelə Azərbaycanın müstəqilliyi uğrunda əvəzsiz mübarizlər mühacirətin, sürgünün, qurşunun acılarını çəkirdilər. Beləcə yüzlərlə, minlərlə  istedadlı azəri türkü Nazim Hikməti sığallayan Krasnaya Moskva tərəfindən pərən-pərən salınır, incidilir, qovulur, güllələnir, öldürülürdü…

Bəli, Kreml, Moskva, Sovet hökuməti, Lenin, Stalin istedadlı türk  axtarırdı, amma öyməyə yox, öldürməyə.  Bu da bəlli həqiqətdir.

* * *


İndi zaman dəyişib, quruluş dəyişib, dünya dəyişib, Azərbaycanın yolu  1918-1920 -ci illərdə məhz Qırmızı Moskvanın qan içində boğduğu milli hökumətin yolunun davamıdır. Bayraq da həmənkidir, himn də, gerb də. Siyasi orientir totalitarizmdən, kommunizmdən demokratik dövlət quruculuğuna yönəlib. Siyasətdə, iqtisadiyyatda, hüquqda yeni düzənə uyğun çox ciddi islahatlar aparılıb.

Bəs niyə ədəbiyyat, mədəniyyət  köhnəlmiş  dəyərlərdən xilas olmamalıdır?

Axı, Nazim Hikmətdən əl çəkməmək həm gerilik əlamətidir, həm də çağdaş dövlətçilik kursunun məntiqinə uyğun gəlməyən iddia. Niyə ədəbi-mənəvi-mədəni məkanda əski dönəmlərdə haqsız incidilmiş, unudulmuş şəxslər yada salınmasın? Vaxtilə burcuaziyanın nökərləri, irticaçı yazıçılar, pantürkistlər və s. damğalarla boykot edilən ziyalılarımız – “Türkləşmək, islamlaşmaq və Avropalaşmaq” ideyası ilə üçrəngli bayrağımızın təməl prinsiplərini kəşf etmiş Əlibəy Hüseynzadə, “Azərbaycanın bütün türk dünyasına vermiş olduğu böyük şəxsiyyətlərdən biri” Əhməd bəy Ağaoğlu, “Bir kərə qalxan bayraq bir daha enməz” deyərək müstəqil Azərbaycan dövlətçiliyinə ömrünü fəda etmiş Məmməd Əmin Rəsulzadə kimi aydınların haqqını qaytarıb qurtardıqmı ki, yenə növbə bolşevik trafaretinə yetişdi? Sovet xalqları bərabərdir şüarı  altında bizə həqarətlə baxan imperiyanın mahiyyəti nə tez unuduldu və onu mədh edən vətən xaininin saxta obrazı  yenidən dirçəldilir?

Bu absurd deyilmi: 20-ci ildə Nazim Hikmət, 30-cu ildə Nazim Hikmət, 40-cı ildə Nazim Hikmət, 50-ci ildə Nazim Hikmət, 60-cı ildə Nazim Hikmət…və 2002-ci ildə yenə də Nazim Hikmət?!

Bəs hanı Ceyhun Hacıbəyli, Hüseyn Baykara, Əlimərdan bəy Topçubaşov, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Kərim Odər, Sürəyya və Səməd Ağaoğlular, Məmməd Sadıq Aran,  Kərim Yaycılı, Alazan Baycan, Araz Almaz, Gültəkin… Bəs hanı bu «şair xalqın» istedadlı, üstəlik də qeyrətli, vətənpərvər qələm sahibləri?

Axı adları çəkilən və çəkilməyən, istər klassik istər müasir  milli ziyalıların hər biri bu xalq üçün 100 yaşlı kosmopolitdən 100 qat artıq iş görüblər! Sovet recimi onları  çıxdaş edib yad bir şairi bu şairlər yurduna soxmuşdu. Moskvanın pərən-pərən saldığı türklər gedib Türkiyədə sığınacaq tapdığı halda, Türkiyədən qaçan namərd gəlib Moskvanın qoynuna girmişdi.

Bütün bunların  fərqinə  varmamaq ən azı namərdə tay olmaq deməkdir.

* * *


Ötən yazılarımda da vurğulamışdım ki, «Nazim Hikmət» işində şəxsən mənim üçün prinsipial cəhət odur ki, imperiya caynaqlarından qurtulmuş azad, müstəqil Azərbaycan Respublikasında uzun illərdir ayrı salınmış Türkiyə-Azərbaycan dostluq əlaqələri möhkəmləndiyi bir zamanda bu istiqamətdə heç bir xidməti olmayan, bəlkə əksinə maneçiliyi olan adamlar daim Atatürkə və Türklüyə həqarət etmiş, Atatürkün hakimiyyətinə nifrət bəsləmiş, Türkiyəni sataraq düşmənin qucağına sığınmış Nazim Hikmət kimi əski ideoloci məhsulları öz şəxsi mənfəətləri üçün saxta bürüncəklər altında reanimasiya edib təzədən bu xalqa sırımasınlar!

Təbliğatını aparmağa istedad axtaranlar hər şeydən öncə bu Vətən uğrunda, bu xalq, bu millət və bu  azad, müstəqil respublika uğrunda özlərini fəda etmiş adamların haqqını versinlər, satqınların yox!



 

16 oktyabr 2002.
Yüklə 98,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin