İYİRMİNCİ DƏRS
ALLAHIN SİFƏTLƏRİ ONUN ZATININ EYNİDİR
Əli (ə), söhbətimizin əvvəlində qeyd etdiyimiz xütbəni belə başlayır: «Həmd olsun o Allaha ki, tərif edənlər Onu layiqincə tərif edə bilməzlər, nemətlərini saymaq istəyənlər onu sayıb qurtara bilməzlər».
Xütbənin başqa bir yerində buyurur: «O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu idrak etməkdə acizdir. Əql və fikir dəryasına dalanlar onun zatının əslinə vara bilməz. Elə bir hüdud yoxdur ki, sifətlərini əhatə edə bilsin, bir vəsf yaradılmayıb ki, zatına laiq olsun. Onun üçün məhdud bir an yoxdur. Onun nəzərindən kənarda zaman da yoxdur». Bu yerə çatdıqda buyurur: «Xalisliyinin kamalı Onu sifətlərdən uzaq bilməkdir».
Zahiri cəhətdən bu iki cümlə, «elə bir hüdud yoxdur ki, sifətlərini əhatə edə bilsin» və «xalisliyinin kamalı Onu sifətlərdən uzaq bilməkdir» bir-birinə ziddidir.
Amma əgər cümlələrin özlərinə diqqət edilsə, bu ziddiyyət aradan gedər.
İmamın (ə) «Allahın sifəti yoxdur» deməkdə məqsədi budur ki, Allahın zatına başqa yerdən bir sifət artırılmamışdır. Yəni, Pərvərdigarın müqəddəs zatı, eyni kamaldır.
Məxluqatlarda olan sifətlər onların zatına başqa yerdən əlavə olunmuşdır. Buna misal olaraq, məxluqlardan olan elmin adını çəkmək olar.
Elm nəfsani bir keyfiyyətdir ki, insanın ruhunda hasil olur.
Elm, qüdrət və başqa bu kimi sifətlər bəşər üçün arizi, yəni başqa yerdən əlavə olunmuş bir keyfiyyətdir. Yəni xüsusiyyət əvvəldə olmayıb, sonradan əmələ gəlir. Sifətlərin ariz olması yalnız məxluq üçündür.
Dostları ilə paylaş: |