Transparency Azцкифнсфт



Yüklə 88,08 Kb.
tarix07.07.2018
ölçüsü88,08 Kb.
#56016

Transparency Azərbaycan

1 fevral, 2007



Mətbuat Üçün Hesabat

Layihənin yaranma zəminləri
2005 ci il Aprel ayının 1-dən etibarən “Transparency İnternational” Təşkilatının Azərbaycan bölməsi MDB ölkələri arasında ilk olaraq yeni – ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsini həyata keçirir. Layihə ilk əvvəl Bakı və Gəncə olmaqla 2 mərkəz vasitəsi ilə fəaliyyət göstərirdisə, bu gün artıq 5 mərkəz (Quba, Lənkəran, Şəki) vətəndaşların qulluğundadır.
Hər bir şəxs aşağıdakı telefonlar vasitəsilə mərkəzlərə müraciət edə və pulsuz hüquqi yardım ala bilərlər.

Qaynar xətt Bakı 088 707 07 07 və yaxud (12) 497 68 15

Qaynar xətt Gəncə 088 202 02 02 və yaxud (22) 59 05 92

Qaynar xətt Lənkəran 088 303 03 03 və yaxud (171) 5 17 25

Qaynar xətt Quba 088 404 04 04 və yaxud (169) 5 14 37 ya 5 14 91

Qaynar Xətt Şəki 088 505 05 05 və yaxud (177) 4 26 55 ya 4 48 90


Layihə ABA CEELI və Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) (Bakı, Gəncə və Lənkəran mərkəzləri), eləcə də ATƏT-in Bakı ofisinin (Quba və Şəki mərkəzləri, qismən də Bakı və Gəncə mərkəzləri) qrant dəstəyi əsasında həyata keçirilir.
ALAC layihəsi bir sıra Mərkəzi və Şərqi Avropanın AB üzvlüyünə namizəd ölkələrdə uğurla həyata keçirilmişdir. Sözü gedən ölkələrdə bu kimi layihələr böyük rol oynayır və vətəndaşların korrupsiyaya qarşı müqavimətini təmin etməklə dövlətlərin korrupsiyaya qarşı mübarizəsini sürətləndirir.
ALAC layihəsinin məqsədi “Vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etməkdir”.

ALAC layihəsinin missiyası vətəndaşlara – korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir. Layihə zamanı göstərilən fəaliyyət inzibati və hüquqi şikayət, həmçinin vətəndaşlar tərəfindən qaldırılmış məsələlər nöqteyi nəzərdən korrupsiya mexanizmlərinin monitorinqi prosedurlarına əsaslanır. Lakin layihə vətəndaşları məhkəmədə təmsil etmir və onların adından və ya onların nümayəndəsi kimi 3-cü şəxslərin qarşısında çıxış etmir.




Layihə beş istiqamətdə həyata keçirilir:

  • Hüquqi məsləhət

  • Maariflənmə və məlumatlandırma

  • İctimai maraqların müdafiəsi

  • Dövlət orqanlarının institutsional inkişafına yardım

  • Mobil treninq və seminar



Hüquqi məsləhət – vətəndaşlara öz hüquqularının bərpası və qorunması üçün effektli hüquqi mexanizmlərin istifadə edilməsi və dövlət orqanlarına müraciətlərin hazırlanmasına dair məsləhətlərin verilməsi istiqamətində keçirilən fəaliyyətdir.

Maariflənmə və məlumatlandırma
Bu fəaliyyət növü vətəndaşların və ictimaiyyətin anti-korrupsiya sahəsində maariflənmməsini nəzərdə tutur.
İctimai maraqların müdafiəsi
Bu fəaliyyət verilən hüquqi məsləhətlərin və maariflənmənin əsasında dövlətin müvafiq siyasətini, institusional təcrübəsini, qanunvericiliyin və pozuntulara görə məsuliyyəti təkmilləşdirmək məqsədilə həyata keçirilir.
Dövlət orqanlarının institutsional inkişafına yardım
Bu fəaliyyət nəticəsində bir neçə dövlət orqanlarının qaynar xəttlərinin, korrupsiyaya mübarizə üzrə ixtisaslaşmış işçi qruplarının və s. yaradılmasına və fəaliyyət göstərmələrinə köməklik göstərilməsi nəzərdə tutulur.
Mobil treninq və seminar
Bu fəaliyyət ərzində mərkəz hüquqşünasları könüllülərin köməyi ilə müxtəlif hədəf qrupları (əsasən kənd əhalisi ilə) üçün görüş keçirir, mobil anti-korrupsiya təlimlərini keçirir və yerlərdə pulsuz hüquqi yardım göstərirlər.
Xarici ölkələr üçün təlim proqramı
“Şəffaflıq Azərbaycan” təşkilatı ötən rüb ərzində beynəlxalq tədbirə də ev sahibliyi edib. Ötən rüb noyabrın 30-dan dekabrın 5 aralığında “Tranparency İnternational” təşkilatı Bakıda bir həftəlik beynəlxalq təlim keçirib. “Şəffaflıq Azərbaycan” təşkilatının ev sahibliyi etdiyi təlimdə dünyanın müxtəlif ölkələrindən ALAC layihəsini həyata keçirən təşkilatlardan 28 nümayəndə iştirak edib. Təlimin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsində əsas rol oynayan faktor ondan ibarətdir ki, ALAC layihəsini həyata keçirən təşkilatlar içərisində “Şəffaflıq Azərbaycan” yeganə təşkilatdır ki, bu layihəni beş regional mərkəz tərəfindən həyata keçirir. O cümlədən könüllülərin layihə tərəfindən görülən işlərə cəlb edilməsi də digər ölkələrlə müqayisə də xeyli yüksəkdir. Layihənin həyata keçirildiyi müddət ərzində 100-dən artıq gənc təşkilatın işində könüllü şəkildə iştirak etmişdir. Təlim iştirakçılarına Azərbaycanda ALAC layihəsi tərəfindən görülən işlər barəsində də təlim iştirakçılarına məlumat verilib və böyük maraqla qarşılanıb.
Mərkəzlərin fəaliyyəti haqqında məlumat

Müraciətlərin ümumi statistikası
Bakı ofisi 2005-ci il iyul ayının 1-dən, 1 Avqust 2005-ci il tarixdən Gəncə mərkəzi, Lənkəran mərkəzi 1 İyul 2006-cı il tarixdən və Quba mərkəzi 1 Avqust 2006-cı il tarixdən, Şəki mərkəzi isə 1 Fevral 2007 ci il tarixdən tam fəaliyyət göstərir. Bu hesabat layihənin 2007-ci il 1 yanvar tarixinə qədər olan nəticələrini əhatə edir. Bütün layihə boyu zənglərin ümumi sayı 3142 olmuşdur ki, bunlardan 1614 (51.4%) Bakı, 1143 (36.3%) Gəncə mərkəzinə, 187 (6%) Lənkəran mərkəzinə və 198 (6.3%) Quba mərkəzinə daxil olmuşdur. Ötən rüblərlə müqayisədə bu rüb edilən müraciətlərin sayı xeyli artmışdır. Bunun əsas səbəbi isə layihə əməkdaşlarının kəndlərə gedərək sakinləri layihə barəsində məlumatlandırmalarıdır. Kənd sakinləri ilə keçirilən görüşlərin nəticəsi olaraq vətəndaşlar korrupsiayaya qarşı daha savadlı mübarızəyə qatılır və öz problemlərinin həllində birbaşa, müstəqil şəkildə iştirak edirlər.



2006-cı ilin Oktyabr-Dekabr aylarında daxil olan şikayətlərin sayı mərkəzlər üzrə aşağıdakı kimidir. Bakı-328, Gəncə-303, Lənkəran-110 və Quba-149.

Aşağıdakı diaqram bu rübün (Oktyabr-dekabr) statistikasını əks etdirir.





Şikayətçilərin münasibəti
Vətəndaşların korrupsiyaya müqavimət göstərməsi aşağı səviyyədədir. Bəzən vətəndaşlar bilmədən (məlumatlı olmadan) rüşvət və ya korrupsiyaya məruz qalır. Elə hallar da olur ki, vətəndaşlar özu rüşvət verməkdə maraqlıdırlar, buna da əsas kimi burokrat mexanizmlərinin mövcudluğunu gətirirlər.
Müraciətçilər mərkəzlərə müraciət etməkdə əsasən müraciətlərin dərhal, onların xeyrinə həll olmasını tələb edirlər. Bəzən isə, müraciət etmədən məsələlərin həllini tələb edirlər.
Elə hallar da var ki, müraciətçilər korrupsiya faktı ilə bağlı əsaslı dəlil gətirməkdə çətinlik çəkirlər və ya məsələnin həllinə kömək göstərə biləcək məlumatları gizli saxlayırlar. Bəzən isə, vətəndaşlar, məsələlərin həlli ilə bağlı ümidsizdik nümayiş etdirirlər.
Amma bu o demək deyil ki, ictimaiyyət arasında korrupsiyaya qarşı mübarizənin effektivliyinə inam çox aşağı səviyyədədir. Ötən rüb ərzində korrupsiya hallarına qarşı mübarizə məqsədilə mərkəzlərimizə edilən müraciətlərin bir qədər də artması, onu göstərir ki, cəmiyyətdə hələ də problemlərin rüşvətsiz yoluna qoyula biləcəyinə dair inam itməyib. Bununla yanaşı ötən rüblə birlikdə bütün layihə boyu təşkilatımıza təkrar müraciətlərin sayının 99 (ötən rüb 49 müraciət) olması vətəndaşlar arasında təşkilata olan etibarın göstəricisidir.


Müraciətlərin qəbul olunma statistikası
Aşağıdakı diaqramdan da göründüyü kimi, mərkəzə edilən müraciətlərin 39%-i əsasən layihə ilə maraqlananlar və ya korrupsiyaya aid olmayan müraciətlərdir. 17% müraciət ilk baxışdan sonra sonra, layihənin mandatına uyğun şikayətlər olmadığı üçün rədd olunmuş, vətəndaşların 22%-i yazılı müraciət verməkdən imtina etmişdir. Lazımı təşkilatlara ünvanlanmış müraciətlərin 12 % -i hələ də cavablandırılmamışdır. 8 % müraciət isə ALAC-ın icraatındadır. Ümumilikdə lazımı qurumlara ünvanlanmış müraciətlərin 13% (409) cavablandırılmışdır ki, 10% müraciətlə bağlı məsələ yekunlaşıb. 3% müraciətə verilən cavablar isə bizi qane etmədiyindən yenidən cavab alınması üçün təkrar müraciət edilmışdir. 12 müraciət isə müvafiq qurumlar tərəfindən növbəti instansiyaya göndərilmişdir.

Müraciətlərə göndərilən cavablar heç də hər zaman bizi qane etmir. Beləki, aşağıdakı dioqramdan da göründüyü kimi qənaətbəxş və qismən qənaətbəxş qiymətləndirilən müraciətlər, ümumi cavabların 88 %-ni təşkil etməsinə baxmayaraq, 48 (12%) müraciətə göndərilən cavablar qeyri qənaətbəxş hesab edilir.





Dövlət strukturlarının reaksiyası

Layihənin ilkin dövründə dövlət orqanları vətəndaşlar tərəfindən edilən şikayətləri cavablandırmağa daha az maraq göstərirdilər. Bəzi dövlət orqanları ümumiyyətlə cavab verməkdən boyun qaçırırdılar və ya qaneedici cavablar vermirdilər. Bu cür cavablar əsasən məsuliyyəti boynundan atmaq məqsəsi daşyırdı. Çox az halda dövlət orqanları tərəfindən qanun pozanlara qarşı tədbirlərin görülməsi müşahidə olunurdu.

Ötən rüb ərzində həm “Transparency İnternational”, həm də “Şəffaflıq Azərbaycan” təşkilatının rəhbərliyi tərəfindən bir sıra hökumət nümayəndələri ilə keçirilən görüşlərdə məhz bu məsələlər müzakirə olunub. Hökumət orqanları ilə layihə arasında əməkdaşlığın zəifliyinin və müraciətlərin müvafiq qaydada cavablandırılmamasının səbəblərinin müzakirə edildiyi görüşlərdən sonra “Şəffaflıq Azərbaycan” təşkilatı tərəfindən vətəndaşların şikayətləri əsasında müvafiq orqanlara ünvanlanan məktublara diqqət artmış və bir sıra hallarda müraciətlər müsbət cavablandırılmışdır.

“Şəffalıq Azərbacan” təşkilatı dövlət orqanları tərəfindən cavablandırılmayan və ya qanedici cavablar alınmayan müraciətlərin müsbət həlli üçün cavabdeh qurumlara təkrar və “xatırlatma“ xarakterli məktublar göndərilir. Sonuncu rübdə həmin mütəmadi “xatırlatmalar”ın nəticəsi olaraq müraciətlərə göndərilən cavabların sayında nəzərəçarpacaq dərəcədə irəliləyiş görülür.

Layihə müddətində müvafiq dövlət orqanları ALAC tərəfindən ünvanlanan müraciətlərin 409-u cavablandırılmışdır ki, bunlardan 107-si ötən rübün payına düşür. Müqayisə üçün aşağıdakı diaqramda ötən rüblərdə cavablandırılmış müraciətlərin sayı göstərilmişdir.

Əhaliyə müxtəlif xidmətlər təklif edən dövlət orqanları bir çox hallarda öz əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularını inkar edərək, əvvəllər rüşvətlə həyata keçirilən xidmətləri pulsuz yerinə yetirirlər. Maraqlı faktdır ki, sosial yönümlü dövlət orqanları məktubları daha yaxşı cavablandırır, qanunda nəzərdə tutulmuş vaxtda cavab verir və əksər hallarda müraciətlərdə göstərilən məsələləri müsbət həll edirlər. Bu mənada xüsusilə Sosial Müdafiə fondu, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin adlarını qeyd etmək olar.

Hüquq mühafizə orqanları məsələyə müdaxilə edərkən nə rüşvət hallarını inkar edir, nə də bunu dəfələrlə etmiş şəxslərə qarşı hər hansı bir sanksiya tətbiq edirlər. Amma bununla belə bu rübdə 2 halda vəzifə səlahiyyətərindən sui istifadə halları təsdiqlənib və buna yol verən vəzifəli şəxslərə qarşı cinayət işi qaldırılıb. Bu məsələylə bağlı Bakı Şəhər cra Hakimiyyətinə qarşı qaldırılmış ittihamla bağlı əldə etdiyimiz uğuru göstərə bilərik. Digər iki məsələylə bağlı isə maraqlı münasibətlə qarşılaşmışıq. Beləki qaldırdığımız məsələlər öz müsbət həllini tapıb və günahkarlar cəzalandırılıb, lakin məsul tərəf korrupsiya faktının qəbulundan boyun qaçırıb.



Müraciətlərin daxil olduğu sahələr
Lakin ötən rübdə olduğu kimi ictimaiyyətin ən çox narazı qaldığı sahələr bu rüb də eynilik təşkil edir. Məhkəmə sisitemi (məhkəmə icraatçıları da daxil olmaq), polis, icra hakimiyyəti, və müavinətlər (ünvanlı sosial yardım). Bu rüb bələdiyyə və təhsil sahələri ilə bağlı edilən şikayətlərin sayında da nisbətən artım müşahidə olunmuşdur.



Aşağıdakı diaqram layihə dövründə daxil olan şikayətləri sahələr üzrə əks etdirir




Müraciətlərin səviyyəsi
Diaqramdan göründüyü kimi, yerli orqanlar öz vəzifələrinə bir qədər az məsuliyyətlə yanaşır, bu da onların mərkəzi icra orqanlarından bir qədər az kompetentli olmasından irəli gəlir. Bundan əlavə, vətəndaşlar yerli idarələrlə ilkin əlaqəni özləri yaratmağa məcburdurlar.

Təşkilatı quruculuq

ALAC-ın elektron saytı Azərbaycan və İngilis dillərində hazırlanmış və şikayətləri online rejimdə qəbul etməyə tamamilə hazırdır. (www.alac-az.org). Həmçinin “Şəffaflıq Azərbaycan” təşkilatının da elektron səhifəsi yenilənmişdir (www.transparency-az.org). Ötən rüb yeni - Şəki ofisinin formalaşdırılması ilə bağlı xeyli iş görülmüş və mərkəzin fəaliyyəti üçün hər bir şərait yaradılmışdır. Mərkəzin yerləşdiyi ofis müasir avadanlıqlarla təmin edilmişdir. Mərkəzlərdə təlimlərin daha effektiv təşkili üçün onlara proyektor və noutbuklar verilib. Ofislərə əlavə telefon xəttləri çəkilib və yeni kompyuterlər quraşdırılıb.

Capacity Building (İnstitusional inkişaf)

Bakı ofisindən yerli QHT-lər tərəfindən (ACİ, ABŞ Səfirliyi, Korrupsiya ilə mübarizə üzrə dövlət komissiyası) daha tez-tez korrupsiya əleyhinə layihələr hazırlanması zamanı yardım göstərilməsi, korrupsiya əleyhinə müxtəlif layihələr çərçivəsində müsabiqələrin qiymətləndirilməsi xahiş olunur, mərkəz müxtəlif seminarlarda təqdimatlar edir, mətbuata müsahibələr verir və xarici jurnalistlər və beynəlxalq təhqiqatçılar da daxil olmaqla şikayətçilərlə daxili münasibətlər barədə infomasiya ilə təmin edir.



Layihənin həyata keçirilməsi regionlarda xüsusən gənc nəsil nünayəndələri tərəfindən yüksək qiymətləndirilir. Regional mərkəzlər gənc fəallara könüllüllər proqramı təqdim edir. Burada gənclər üçün pulsuz resurs mərkəzi təqdim olunur. Gənclər mərkəzlərdə pulsuz, sürətli internetdən, hüquq və etika sənədlərini əhatə edən kitablardan bəhrələnirlər. Bütövlükdə layihədə 100-dən çox könüllü iştirak edir. Həmin fəallar mərkəzlər tərəfindən qısa müddətli layihələrə yönəldilirlər (beynəlxalq ekspertlərin və müşahidəçilərin tərcüməçiləri və s), 3 aydan çox könüllü kimi mərkəzlərdə fəaliyyət göstərən könüllülərə şəhadətnamələr verilir. Könüllü kimi fəaliyyət göstərən gənclər bu yolla həm təşkilata fayda vermiş olurlar, həm də öz gələcək iş koryeralarının formalaşması istiqamətində təcrübə əldə edirlər. Könüllülər üçün hər mərkəzdə ingilis dili və komputer kursları təşkil edilir. Bu kurslar xaricdə təhsil alan tələbələr, ABŞ və Avropa universitetlərinin məzunları, ABŞ sülh korpusunun könüllüləri tərfindən keçirlir. Bu yolla könüllülər təşkilata, təşkilat da könüllülərə qarşılıqlı fayda ermiş olur.

İnstisional İnkişaf layihəsi hər beş mərkəz üzrə ATƏT tərəfindən maliyyələşdirilir. Layihənin keçirilməsində ki, məqsədlərdən biri mərkəzləri müasir, ixtisaslaşmış kitabxana və sürətli internetlə təmin etməkdir. Bu layihənin köməkliyi ilə mərkəzə müraciət edən sakinlər internetdən və kitabxanadan pulsuz istifadə etmək imkanı əldə edirlər. Həmçinin layihə çərçıvəsində kənd əhalisinin layihə barədə məlumatlandırılması da nəzərdə tutulur və mərkəzin əməkdaşları kəndlərə, qəsəbələrə gedərək vətəndaşlarla görüşür, onları həm təşkilat, həm də ALAC layihə barədə məlumatlandırır, korrupsiayaya qarşı mübarizə aparılması ilə bağlı maarifləndirirlər. Keçirilməsi plamlaşdırılan 72 belə görüşdən 12-si ötən rüb keçirilib. Digər görüşlər isə yanvar və fevral ayları ərzində keçiriləcək.

Resurs mərkəzlərindən istifadə edən vətəndaşların sayı ötən rübdə olduğu kimi bu rübdə də yüksək olmuşdur. Qeyd etmək lazımdır ki, Bakıda istifadəçilərin sayı, digər ofislərlə müqayisədə bir qədər aşağıdır. Bunun da əsas səbəbi Bakıda məlumat əldə etmək imkanlarının daha geniş olması ilə əlaqədardır.

Resurs mərkəzləri kitablarla və təlimatlandırməlumatlandırıcı materiallarla təmin edilir. Ümumilikdə mərkəzlərə 1354 kitab verilib. Bunlardan 127-si İnstitusional İnkişaf layihəsi çərçıvəsində, digərləri isə ALAC çərçivəsində alınıb. Növbəti rübdə də mərkəzlərə kitabların alınması davam etdiriləcək.

Aşağıdakı dioqramda bütün rüblər üzrə resurs mərkəzlərindən istifadə edən vətəndaşların sayı əks olunmuşdur.


Media ilə əlaqələr

Ötən rüb ərzində “Şəffaflıq Azərbaycan” və təşkilatın həyata keçirdiyi layihələr, gördüyü işlər barəsində media orqanlarında geniş informasiyalara yer verilib. Təşkilat rəhbərliyi bir sıra media orqanlarında müsahibələrlə çıxış edib, həm təşkilatın gördüyü işlər barəsində məlumat verib, həm də ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərinin effektliliyi barədə müzakirələrdə iştirak ediblər. Bir çox hallarda ölkədə korrupsiyanın vəziyyəti barəsində hazırlanan yazılarda təşkilatın statistik rəqəmlərindən istifadə edilir. Regionlarda fəaliyyət göstərən KİV-lər də ALAC-a biganə qalmayıb və regional media orqanları ALAC mərkəzlərinin fəaliyyətini geniş işıqlandırıblar. Konkret rəqəmlərlə isə ötən rüb ərzində 38 media orqanında “Şəffaflıq Azərbaycan” təşkilatı baradə məlumatlat dərc olunub. ALAC layihəsilə bağlı müxtrəlif KİV-lərdə 27 material yayımlanıb.
Ümumi statistika


  1. Şikayətçilərin cinsi

Ümumilikdə, şikayətçilər arasında kişilər qadınlardan daha aktivdirlər. Bununla belə, qadın şikayətçilərin də sayı kifayət qədər çoxdur. 20 müraciətlə bağlı. Bəzi keyslərin Korrupsiya və Cəmiyyət jurnalından götürülməsi faktı ilə əlaqədar 20 şikayətçinin cinsi, yaşı və onlar digər məlumatlar dəqiq deyil.


Axırıncı rüb ərzində qadınlardan daxil olan şikayətlər kişilərə nisbətən 32% azdır. Buda ki, Capacity Building layihəsi çərçivəsundə keçirilən görüşlərin əsasən kişilərin daha çox cəmləşdiyi yerlərdə keçirilməsi ilə əlaqədardır. Qadınların, xüsusən də regionlarda gedib əks cinsin nümayəndəsinə öz şikayətini çatdırmaqla bağlı müəyyən komplekslərini nəzərə alan təşkilat rəhbərləri regional mərkəzlərdə çalışan işçlərin arasında qadınların sayının artırılmasına bir qədər daha çox diqqət ayırmağa qərar verməsdir.


2 Şikayətçilərin yaşı
Keyslərin bir çoxu müntəzəm məktublar və zənglər vasitəsilə qəbul edilir. Belə ki, qeydə alınmış şikayətçilər 35-50 yaş qrupunu təmsil edən insanlar daha aktivdirlər, lakin 50-65 yaş qrupunun nümayəndələrinin də aktivliyi kifayət qədərdir. Əvvəlki rüblərlə müqayisədə 20-35 yaş arasında olan vətəndaşlarımız da haqqlarının müdafiəsi üçün təşkilatla birlikdə mübarizə aparmağa daha artəq həvəs göstərirlər. Yaşı 20-dən aşağı olan sakinlər isə təşkilatla əməkdaşlığa istisna hallarda səy göstərirlər. Bunun bir səbəbi bu yaşda olan insanların problemlərinin nisbətən azlığı, digər bir səbəbi isə problemlərini özlərinin həll etməyə daha çox can atmasıdır.

VII Rüb Müddətində Uğurla Həll Edilmiş Bəzi Müraciətlər

Bakı Üzrə

1-Əlilliklə bağlı sənədin alınması: Bir əlil insan müvafiq əlıllik dərəcəsi ilə bağlı sənədi ala bilməməsi ilə bağlı təşkilata ərizə ilə müraciət etmişdi. Sənədin verilməməsi, şəxsi qanunla təsbit edilmiş müfafiq müavinəti almaqdan da məhrum edirdi. Bir neçə dəfə müraciət edilməsinə baxmayaraq heç bir hüquqi əsas göstərilmədən vətəndaşın ərizəsinə rədd cavabı verilirdi. Əlavə olaraq sakinə bildirilirdi ki, rüşvət vermədiyi təqdirdə ünvanlı sosial yardımdan da faydalana bilməyəcək. ALAC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə edilən müraciətlər və təzyiqlər nəticəsində vətəndaşın hüquqları bərpa edilib və vətəndaş heç bir rüşvət ödəmədən əliliklə bağlı sənədi ala bilib.
2-Səkkiz vətəndaşın ünvanlı sosial yardım və müavinətlərinin yenidən hesablanması ilə bağlı qarşılaşdıqları problem həll olunub: Bu qəbildən olan 8 ərizə ilə bağlı müraciət müsbət həllini tapıb. Vətəndaşlar ərizələrində ünvanlı sosial yardım ala bilməmələrindən və müvavinətlərinin yenidən hesablanmaması ilə bağlı şikayətlərini bildirmişdilər. ALAC mərkəzi bu şikayətlərin müsbət həllinə nail olmuşdur.
3-II Dunya Müharibəsi əlili dövlət tərəfindən pulsuz qulaq aparatı ilə təmin edilib: II Dünya müharibəsi əlili vətəndaşlardan biri hökumətdən ona verilməli olan pulsuz qulaq aparatını ala bilməməsi ilə bağlı şəkayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmış və şikayətçinin problemi müsbət həllini tapmışdır. Korrupsiya faktı öz təsdiqini tapmamışdır.
4-Kommunal xidmətlə bağlı üç şikayət öz həllini tapıb: Kommunal xidmət göstərən orqanlarla bağlı şikayətlər, əsasən artıq ödəmələrin tələbi ilə bağlı olan şikayətlərdir. Bununla bağlı mərkəzə edilən müraciətlər müvafiq orqanlara göndərilmiş və onlardan üçü öz müsbət həllini tapmışdır. Vətəndaşların hesabına yazılan əsassız borclar silinib.

5-Bakı Meriyasına qarşı qaldırılan məhkəmə işində uğur əldə olunub: Təqaüdçü əlil bir vətəndaş Bakı Meriyasına və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək ona məxsus evin pəncərəsini dəyişib, həyətə çıxış olan qapıyla əvəzləmək və həmin həyətə çıxışı olan otağı gül dükanı kimi istifadə etməsinə icazə verilməsini istəyib. Vətəndaşa beş il ərzində bildirilib ki, onun istəyi qanunsuzdur, ancaq rüşvət müqabilində həll etmək olar. Beş ildən artıq müddət ərzində edilən müraciətlərə müsbət cavab verilmədiyi halda vətəndaşın qonşuluğuna gələn yeni sakin bu icazəni tez bir zamanda əldə edir. Bununla əlaqədar Bakı Meriyasına qarşı qaldırılan Məhkəmədə vətəndaş qalib gəlib və Məhkəmə Meriyadan vətəndaşın müraciətini müsbət müsbət həll edilməsini tələb edib. Hələki Məhkəmə qərarının icrası yubadılsa da ALAC bu məsələni izləyir.

6-II Dünya Müharibə əlili ona ayrılmalı olan avtomobili ala bilib- 1968-ci ildən maşın almaq üçün nöbəyə dayanan II Dünya müharibəsi əlili ALAC Mərkəzinin müraciətlərindən sonra vətəndaşın əvvəllər çalışdığı Milli Təhlükəsizlik Nazirliyinin də məsələyə müdaxilə etməsinin ardından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın istəyinin yerinə yetirilməsi ilə bağlı arayışı müsbət cavab verib.

7-Prokurorluq Orqanları Ceyranbatan Bələdiyyəsi ilə bağlı cinayət işinə başlayıb- Ceyranbatan sakinlərinin qəsəbə Bələdiyyəsinin qeyri-qanuni olaraq rüşvət alaraq qəsəbənin torpaq sahələrini satması ilə bağlı müraciəti Ədliyyə Nazirliyinin nəznində fəaliyyət göstərən Bələdiyyələrlə İş Üzrə Departamentə göndərilib. Aparılan araşdırmalar zamanı fakt sübuta yetirilib və iş aidiyyatı üzrə Abşeron Rayon Prokurorluğa göndərilib.

8-Respublika Prokurorluğu tərəfindən Yasamal Rayon Məhkəmə İcraatçıları barədə cinayət işi açılıb: Yasamal Rayon sakinlərindən biri Yasamal Rayonu Məhkəmə Qərarlarının İcraası idarəsinin onun hüquqlarını pozması ilə bağlı təşkilata müraciət edib. Şikayətçi bildirir ki, rayon məhkəməsinin ilkin qərarından dərhal sonra o və ailəsi yaşadığı mənzildən çıxarılıb. Vətəndaş, Apelyasiya Məhkəməsinə müraciət etmək hüququ olduğu halda buna məhəl qoyulmadan onun evdən bayıra atıldığını bildirirdi. Məsələylə əlaqədar Respublika Prokurorluğuna göndərilən müraciətə baxıldıqdan sonra məhkəmə icraatçıları barədə cinayət işinin qaldırıldığına dair təşkilata cavab göndərilib.
9-Torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı problem həll olunub: Vətəndaşlar bu halda ona məxsus torpaq sahəsinin özəlləşdirilməsində ona maneçilik törədildiyinə və torpaq sahəsinin özəlləşdirilməsi üçün ondan əlavə rüşvət istənildiyini dair ərizəylə təşkilata müraciət etmışdir. Heç bir əlavə haqq ödənilmədən özəlləşdirilməli olan torpaq sahəsinin özəlləşdirilməsi müxtəlif süni əngəllər yaradılaraq yubadılırdı. Lazımı orqanlar qarşısında məsələnin qaldırılmasının ardından problem yoluna qoyulub və vətəndaş yalnız dövlət rüsumu ödəməklə torpaq sahəsini özəlləşdirməyə nail olub.
10-Qeydiyyat və şəxsiyyət vəsiqələrinin alınmasında yardım edilib: Vətəndaşların şəxsiyyət vəsiqələrinin alınması vəya yaşayış yerində qeydə alınmaları ilə bağlı ciddi problemlərə rast gəlinir. Konkret bu kimi hallarla ötən rüb ərzində 3 vətəndaşın müraciətinə baxılmışdır. Vətəndaşlar polis orqanlarında onlardan şəxsiyyət vəsiqələrinin verilməsi vəya qeydiyyata salınmaları müqabilində rüşvət tələb olunması ilə bağlı təşkilata müraciət etmişdirlər. Məsələ ilə əlaqədar lazımı instansiyalara göndərilən müraciətlərin nəticəsi olaraq vətəndaşların problemi rüşvətsiz yoluna qoyulub.
11-Dövlət Notariat orqanları əməkdaşlarına töhmətlər verilib: Vətəndaşlar tərəfindən Notariat orqanlarında dövlət rüsumundan artıq məbləğ müqabilində işlərin görülməsi ilə bağlı edilən müraciətlər Ədliyyə Nazirliyinə ünvanlanıb. Nazirlik bu kimi faktları inkar etsə də bir sıra əməkdaşın cəzalandıldığına dair izahat verib. Amma “Şəffaflıq Azərbaycan” Təşkilatı olaraq bizə qaranlıq qalır ki, əgər həqiqətəndə korrupsiya halı varsa nə üçün qəbul edilmir, yoxdursa nə səbəbdən dövlət qulluqçuları cəzalandırılır.
12-Məktəb Direktoruna töhmət verilib: Bu halda müəllimə məktəb direktorunun ondan və bir sıra digər müəllimlərdən dərslərin onlara sərf edəcək şəkildə bölünməsi üçün rüşvət tələb etdiyini bildirib. Müraciət Təhsil Nazirliyinə göndərilib. Nazirlikdən verilən cavab isə Ədliyyə Nazirliyinin cavabı ilə eyni xarakterli olub. Belə ki, Nazirlik faktı qəbul etməsədə lazımı şəxslərin cəzalandırıldığını qeyd edib. Maraqlıdır ki, əgər qanun pozuntusu ilə bağlı fakt yoxdursa konkret bu halda direktorun cəzalandırılması hansı səbəbə əsasən baş verib.


Gəncə üzrə

13-Torpaq üzərində mülkiyyət hüququn bərpası: Samux Rayonunun Sərkər kənd sakini-fermer ona məxsus olan torpaq sahəsinin kənd bələdiyyəsi tərəfindən qanunsuz olaraq başqa bir nəfərə satılması ilə bağlı şikayət edib. Edilən şikayətlə əlaqədar Respublika Anti-Korrupsiya Kommitəsinə göndərilən müraciətin nəticəsində torpaq əvvəlki sahibinə qaytarılıb və sənədlər qaydasına salınıb.
14-Polis zorakılığının qarşısı alınıb: Gəncədə baş verən hadisə qəribəliyinə görə digərlərindən çox fərqlənir. Belə ki, Gəncə Şəhər elektrik paylayıcı şırkət polis orqanlarından enerji haqqını ödəməyən vətəndaşlardan borcların məcburi qaydada toplanmasında onlara yardım göstərilməsini istəyib. Polis orqanları isə elekrtik borcu olub-olmamasından asılı olmayaraq vətəndaşlara zor tətbiq etməklə onlardan “pulun” ödənməsini tələb ediblər. Heç bir borcu olmadığını bildirən sakinlər isə polis tərəfindən zorakılığa məruz qalıb. Məsələ ilə əlaqədar Respublika Daxili İşlər Nazirliyinə göndərilən müraciətlərdən sonra polis qeyri-qanuni hərəkətlərə son qoyub və baş vermiş hala görə vətəndaşlardan üzr istənib. Amma maraqlı fakt bundan ibarətdir ki, yaranmış vəziyyətlə əlaqədar heç kim məsuliyyətə cəlb edilməyib.
15-Məhkəmə qərarının icrası: Gəncə şəhər Nizami Rayon mhkəməsinin vətəndaşa (Gəncədə doğulmuş keçmiş Rusiya vətəndaşı) işləmək və yaşamaq hüququ verən vəsiqəsinin verilməsi barədə qərarı, məhkəmə qərarlarının icracıları tərəfindən icrası bir il ərzində həyata keçirilməli olan qeydiyyata salınma və yeni mənzilə köçmək barədə hökm həyata keçirilməməşdir. ALAC-ın müdaxiləsindən və Ədliyyə Nazirliyinə göstərdiyi təzyiqin nəticəsində məsələ yoluna qoyulmuşdur.
16-Sosial müavinətlərin və təqaüdlərin verilməsində ortaya çıxan problemlərin həlli: Konkret bu faktla bağlı dörd vətəndaşın müraciəti həll olunub. Təşkilata göndərilən müraciətlərdə qeyd olunurdu ki, ünvanlı sosial yardımın ayrılması ilə bağlı müəyyən maneələr yaradılır. Bəzi hallarda isə təqaüdlərin düzgün hesablanmaması ilə bağlı şikayətlər verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə göndərilən müraciətlərin nəticəsində problemlər yoluna qoyulub.
Lənkəran Üzrə

17-İş adamının yükü özünə qaytarlıb: İş adamlarından bir nəfər ona məxsus yükün Masallı Dəmir Stansiyası tərəfindən saxlanıldığını və boşaldılması üçün rüşvət tələb olunması ilə bağlı təşkilata müraciət etməsinin ardından müvafiq orqanlara göndərilən məktubların nəticəsində Nəqliyyat Nazirliyinin müdaxiləsi ilə problem yoluna qoyulub və vətəndaşın hüquqları bərpa edilib.

18-Qeyri qanuni olaraq işdən azad olunan müəllim yenidən məktəbə bərpa olunub: Masallı rayonundakı məktəblərin birində çalışan müəllimlərdən biri Təhsil Nazirliyinin Masallı Rayon Şöbəsi tərəfindən qanunsuz olaraq işdən çıxarılmasına dair təşkilata ərizəylə müraciət edib. Təhsil Nazirliyinə edilən müraciətlərdən sonra məsələ öz müsbət həllini tapıb və müəllimə öz işinə bərpa olunub.
19-Diabet xəstəsi vətəndaşın pulsuz müalicə alması təmin edilib: Lənkərn şəhər xəstəxanasından şikayət edən vətəndaş şəkər xəstəsi olduğu halda ondan müalicə müqabilində rüşvət istənildiyini bildirib. ALAC tərəfindən Səhiyyə Nazirliyinə göndərilən məktubun nəticəsində problem yoluna qoyulub və vətəndaş pulsuz olaraq müalicə ilə təmin edilib.
20- Məhkəmə qərarı icra edilib- Massallı rayon məhkəməsinin ittiham edilən tərəfindən vurulmuş ziyanın ödənilməsinə dair qərarın yerinə yetirilməməsi ilə bağlı təşkilata edilən müraciətin ardından lazımı orqanlara göndərilən məktubların nəticəsində məsələ mərhələli şəkildə həll edilib.
21-Məhkəmə hökmü iddiaçının xeyrinə tamamlanıb: Hakim tərəfindən məhkəmə hökmünün verilməsinin yubadılmasına dair iddiaçı tərəfindən edilən müracətlə əlaqədar Ədliyyə Nazirliyinə göndərilən məktubların nəticəsində məhkəmə iddiaçının xeyrinə hökm çıxarıb.
22-İki vətəndaşa ünvanlı sosial yardımın alınmasında köməklik göstərilib: Masallı və Lənkərandan olan iki vətəndaşa rüşvət ödəməyəcəkləri təqdirdə ünvanlı sosial yardım ala bilməyəcəklərinə dair izahat verilməsinin ardından vətəndaşlar təşkilatımıza müraciət edib. ALAC-ın məsələyə müdaxiləsindən sonra problem öz müsbət həllini tapıb. .

Quba Üzrə

23-Apelyasiya Məhkəməsinin çıxardığı qərar vətəndaşa təqdim edilib: Konkret bu halda vətəndaş Apelyasiya məhkəməsindən onun qaldırdığı məsələyə dair məhkəmə qərarının ona təqdim edilməməsi ilə bağlı mərkəzə müraciət edib. ALAC Mərkəzinin müraciətlərindən sonra vətəndaş məhkəmə hökmünü əldə edib. .





Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin