BEHİŞTİN DƏYƏRİ
Allahı tanıyaraq Ona təhlil deyən, əməldə bütün saxta mə’budlardan üz döndərib Allahdan qeyrisinə itaət etməyən insan behiştin dəyərini hazırlamağa başlamışdır. Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, Allah-Taala buyurmuşdur: «Tövhid (Allahın birliyinə inam) Mənim qalamdır. Mənim qalama daxil olan kəs əzabımdan amandadır».259
Həzrət Peyğəmbər (s) buyurur: «Tövhid ne’məti əta olunmuş şəxsin mükafatı yalnız behiştdir».260 «Allaha yəqinliyi olan halda ölən şəxs behiştə daxil olar».261
İmam Sadiq (ə) buyurur: «La ilahə illəllah demək behiştin dəyəridir.»262 «Xalisliklə la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bu işdə xalislik odur ki, bu sözlər insanı Allahın haram buyurduqlarından çəkindirsin».263
İslam Peyğəmbəri (s) buyurmuşdur ki, «la ilahə illəllah deyən şəxs behiştə daxil olar. Bir kişi İmam Baqirin (ə) yanına gəlib, bu hədis haqqında soruşdu. İmam (ə) buyurdu: «Rəvayət doğrudur, amma şərtləri var və bu şərtlərdən biri mənəm».264
Bəli, bütün hallarda yeganə çıxış yolu tövhid və onun şərtləridir. Allahı tanıyıb, Onun birliyini təsdiq edən, peyğəmbərliyi və imaməti qəbul edən, dinin göstərişlərinə tabe olan şəxs yeganə doğru yolu tapmışdır. Tövhid kölgəsində bütün xeyir əməllər qəbuldur və qəflətdən baş vermiş günahlar tövbədən sonra bağışlanır. Tövhiddən kənarda isə heç bir əməl qəbul olunmur və ən kiçik günah belə bağışlanmır.
Tövhid əhli ağır günaha görə qiyamət əzabına düçar olsa, belə tövhid sayəsində qurtulur.
Həzrət Peyğəmbər (s) Cəbrailə buyurdu: «Mənim üçün cəhənnəmi təsvir et». Cəbrail cəhənnəmi və onun əhlini təsvir edərkən birinci təbəqəyə çatdıqda susdu. Həzrət Peyğəmbər (s) soruşdu ki, bu təbəqənin sakinləri kimlərdir? Mələk dedi: «Bura ən asan təbəqədir və onun sakinləri sənin ümmətinin asiləridir. Onlar böyük günaha yol verib, dünyadan tövbəsiz gedənlərdir». Bu sözləri eşidən Peyğəmbər (s) üç gün ağladı. Dördüncü gün Həzrətin (s) ziyarətinə gəlmiş Zəhra (s) gördü ki, Həzrət (s) üzünü torpağa qoyub ağlayır. Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) Cəbrailin dediklərini Zəhraya çatdırdı və buyurdu: «Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və ağlamağımın səbəbi də elə budur.» Həzrət Zəhra (ə) ərz elədi: «Vəhy mələyindən soruşdunmu ki, günahkarlar Cəhənnəmə hansı surətdə gələcəklər?» Buyurdu: «Bəli, kişilərin saçlarından və qadınların hörüklərindən yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora yaxınlaşarlar, Maliki (Cəhənnəmin böyüyü olan mələk) gördükdə dad-fəryad qoparar və ona belə yalvararlar: «bizə bir qədər möhlət ver ki, öz halımıza ağlayaq.» Malik möhlət verdikdə o qədər ağlayarlar ki, gözlərinin yaşı quruyar və qan ağlayarlar. Malik deyər: Nə yaxşı olardı ki, dünyada bu cür ağlayaydınız və bu günün qorxusundan gözlərinizdən axıdaydınız!
Sonra Malik onları Cəhənnəmə atar və onlar birdən fəryad edərlər ki: «La ilahə illəllah.» Bu zaman od onlardan uzaqlaşar. Malik odun üstünə qışqırar ki, «ey od, onları bürü!» Od deyər: «Dillərində pak «la ilahə illəllah» kəlməsi olan halda onlrı necə bürüyə bilərəm?» Malik yenə qışqırar ki: «Onları bürü!» Lakin Haqq tərəfindən xitab olunar ki, «üzlərini yandırma, çünki Allaha səcdə etmişlər, və qəlblərini yandırma, çünki mübarək Ramazan ayında susuzluq çəkmişlər.» Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar.
Bir neçə müddətdən sonra Cəbrailə nida olunar: «Ümmətin günahkarlarının halı necədir?» Malik Cəhənnəmin örtüyünü çəkər və günahkarlar Cəbraili gözəl bir surətdə müşahidə edər və deyərlər: Bu gözəl üzlü şəxs kimdir görəsən? Cavab verilər: Bu, Cəbraildir – o ki, dünyada həzrət Məhəmmədə (s) vəhy gətirirdi. Elə ki, Cəhənnəm əsirləri Peyğəmbərin mübarək adını eşidərlər, fəryad çəkib deyərlər: Bizim tərəfimizdən Məhəmmədə (s) salam yetir və söylə ki, ümmətin günahkarları Cəhənnəmdə giriftardırlar.
Vəhy mələyi bu xəbəri Peyğəmbərə (s) yetirər, bu zaman o həzrət başını səcdəyə qoyar və Allah dərgahına ərz edər ki: «Ümmətimin günahkarlarını Cəhənnəmə apardın, indi də onları mənə bağışla.» Xitab yetişər: «Onları sənə bağışladım.» Beləliklə, Peyğəmbər (s) onları Cəhənnəmdən çıxarar və onlar kömür kimi qapqara olduqlarından əvvəlcə «eynül-həyat» adlı bulağa aparılarlar. Elə ki, o bulaqdan içərlər, zahiri və batini çirkinlikləri təmizlənər və pak-pakizə olarlar, alınlarında isə belə bir ifadə yazılar:
«Mehriban Allahın oddan azad etdiyi şəxslər.» Onlar Behiştə aparıldıqları zaman, Behişt əhli onları bir-birlərinə göstərib deyərlər: «Bunlar nicat tapmış Cəhənnəm əhlidirlər.»
Belə olduqda onlar deyərlər: «Ey Rəbbimiz! Rəhm edərək bizi Behiştə gətirdin, elə isə bu əlaməti alnımızdan sil.» Onların istəkləri yerinə yetirilər və həmin əlamət alınlarından yox olar.»
TƏSBİH VƏ HƏMD
Təsbih Həzrət Haqqı hər bir eyibdən pak bilmək, Onun sonsuz kamalını təsdiq etməkdir.
Təlhə ibn Übeydullah deyir: «Həzrət Peyğəmbərdən (s) «sübhan Əllah» haqqında soruşduğum zaman Həzrət (s) buyurdu ki, «sübhan Allah» Allahı hər bir eyibdən pak bilməkdir».265
Qur’ani-Məciddə «İsra» surəsinin 44-cü ayəsində buyurulur: «Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib Ona şükür etməsin. Lakin siz onların təsbihini anlamahsınız».
Duanın bu hissəsində Allahın təsbihindən məqsəd günah və xataların e’tirafından sonra bağışlanmaq üçün təsbihin ən üstün vasitə olmasıdır. Yunus gecənin, dənizin, düşdüyü yerin qaranlığında belə fəryad etdi: «Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalımlardan olmuşam».266 Bu ayə haqqında Həzrət Peyğəmbər (s) buyurur: «Bu duanı oxuyan hər bir dərdlinin duası qəbuldur».267 Həzrət Əli (ə) buyurur ki, təsbih əməl tərəzisini savabla doldurar».268
Əllamə Məclisi «Biharul-ənvarda» belə nəql edir: «Həzrət Peyğəmbər (s), qarşısına onu xoşhal edəcək bir iş çıxdıqda bu ne’mətə görə Allaha həmd oxuyardı. Qarşısına onu qəmləndirəcək bir iş çıxdıqda isə deyərdi: «Bütün hallarda Allaha həmd olsun».
«Zələmtu nəfsi və təcərrə’tu bicəhli, və səkəntu ila qədimi zikrikə li və mənnikə ələyyə»
(«Özümə zülm etdim və nadanlıqdan cəsarətə yol verdim, keçmişdə əta etdiklərini xatırlamaqla arxayınlaşıb oturdum.»)
Dostları ilə paylaş: |