Maddə 508. Hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası sahəsində vəzifəli şəxslərin vəzifələri
508.1. Müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər.
508.2. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstəriş vermiş hakimə, habelə məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə cəzanın icrası, cəzanın çəkildiyi yer, məhkumun yerdəyişmələri və azad edilməsi barədə dərhal məlumat verir.
508.3. Bu Məcəllənin 508.1 və 508.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran, yaxud onları lazımınca icra etməyən müvafiq orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyırlar.
Maddə 509. Məhkəmə hökmünün icrası zamanı məhkumun hüquqlarının təmin edilməsi
509.1. Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:
509.1.1. cəzanın çəkilməsinin təxirə salınması haqqında;
509.1.2. xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında;
509.1.3. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında;
509.1.4. cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında;
509.1.5. cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında;
509.1.6. amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;
509.1.7. müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;
509.1.8. məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında;
509.1.9. bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında.
509.2. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə bu Məcəllənin 510—520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır.
509.3. Məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrinə məhkəmə tərəfindən baxılarkən məhkum, onun müdafiəçisi və ya qanuni nümayəndəsi aşağıdakı hüquqlara malikdir:
509.3.1. məhkəmə iclasında iştirak etmək;
509.3.2. sübutlar təqdim etmək;
509.3.3. vəsatətlər qaldırmaq və etirazlar etmək;
509.3.4. bütün materiallarla tanış olmaq.
509.4. Yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəliklərdən əzab çəkən şəxsin barəsində hökmlərin və ya məhkəmənin digər yekun qərarlarının icrasına dair bu Məcəllənin 509.1-ci maddəsində göstərilən məsələlərə dair həmin şəxsin əvəzinə onun qanuni nümayəndəsi və ya müdafiəçisi məhkəməyə ərizə ilə müraciət edə bilər. Belə halda məhkəmə tərəfindən bu ərizələrə baxılması zamanı göstərilən şəxsin qanuni nümayəndəsinin və ya müdafiəçisinin iştirakı məcburidir.
Maddə 510. Hökmün icrasının təxirə salınması
510.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya azyaşlı uşağı olan məhkum edilmiş qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər.
510.2. Mülki iddia və ya zərərin digər formada ödənilməsinə dair məhkəmə hökmünün icrasının təxirə salınması haqqında məsələ işin konkret halları və məhkumun maddi vəziyyəti nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.
510.3. Məhkum tərəfindən cərimənin 1 (bir) ay müddətində ödənilməsi mümkün olmadıqda, cərimənin ödənilməsi 6 (altı) ayadək müddətdə təxirə salına və ya müddəti göstərilməklə hissə-hissə ödənilə bilər.
510.4. Bu Məcəllənin 510.1 və 510.3-cü maddələrində nəzərdə tutulmuş hallarda hökmün icrasının təxirə salınması məsələsinə məhkumun ərizəsi əsasında məhkəmə tərəfindən baxılır.
Maddə 511. Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə
511.1. Məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər.
511.2. Məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxılır.
511.3. Psixi xəstəliyə tutulmuş məhkum cəzanı çəkməkdən azad edildiyi halda, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq etmək, yaxud onu səhiyyə orqanlarının və ya qohumlarının himayəsinə vermək hüququna malikdir.
511.4. Psixi xəstəliyə tutulmuş şəxslər istisna olmaqla ağır xəstəliyə tutulmuş şəxslərin cəzanı çəkməkdən azad edilməsi haqqında məsələni həll edərkən, məhkəmə törədilmiş cinayətin ağırlığını, məhkumun şəxsiyyətini və digər halları nəzərə alır.
511.5. Məhkəmə məhkumu xəstəliyinə görə cəzanı çəkməkdən azad edərkən, onu həm əsas, həm də əlavə cəzadan azad etmək hüququna malikdir.
Maddə 512. İttiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad etmə, habelə cəzanın çəkilməsinin təxirə salınmasını ləğv etmə
512.1. Cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış məhkəmə ittiham hökmünün icrası müddətinin başa çatmasına görə məhkumu onun ərizəsi əsasında cəza çəkməkdən azad edir.
512.2. Cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.
Maddə 513. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə
513.1. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.
513.2. Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir.
Maddə 514. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi
514.1. Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müәssəsinә keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizәsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.
514.2. Yetkinlik yaşına çatmayan məhkumun bir növ tərbiyə müəssisəsindən başqa növ tərbiyə müəssisəsinə və ya tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi məhkumun qanuni nümayəndəsi və ya müdafiəçisinin ərizəsi və ya tərbiyə müəssisəsinin təqdimatı əsasında həyata keçirilir.
514.3. Məhkəmə cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün dəyişdirilməsindən imtina etdikdə belə müraciətə təkrarən baxılmasına müraciətin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir.
514.4. Yetkinlik yaşına çatmış məhkumun tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında məsələni həll edərkən, məhkəmə onun islah olunmasını nəzərə almalıdır. Məhkum iyirmi yaşı tamam olanadək tərbiyə müəssisəsində saxlanıla bilər.
Maddə 515. Məhkumun barəsində amnistiyanın tətbiq edilməsi
515.1. Cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir.
515.2. Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.
Maddə 516. Müalicə müəssisəsində saxlama vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi
Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs cəzaçəkmə müddətində cəzaçəkmə müəssisələrindən kənarda mühafizə altında müalicə müəssisəsinə yerləşdirildikdə, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi məhkumun ərizəsi əsasında məhkumun müalicə müəssisəsində saxlandığı vaxtı cәzaçәkmә müddətinə daxil edir.
Maddə 517. Məhkumluğun vaxtından əvvəl götürülməsi
517.1. Məhkumluğun vaxtından əvvəl götürülməsini aşağıdakı məhkəmələr həyata keçirir:
517.1.1. şərti məhkum edilmiş, ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəzadan və ya cəzanı çəkməkdən azad edilmiş şəxslər barəsində—hökmü çıxarmış məhkəmə və ya yaşayış yeri üzrə birinci instansiya məhkəməsi;
517.1.2. xəstəliyə görə cəza çəkməkdən azad edilmiş və ya cəzanı çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində—cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi;
517.1.3. müxtəlif cəza növlərinə məhkum edilmiş digər şəxslər barəsində cəza çəkənin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi.
517.2. Məhkumluğun vaxtından əvvəl götürülməsi məhkəmə tərəfindən məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq həyata keçirilir.
517.3. Məhkumluğun vaxtından əvvəl götürülməsi barədə məhkumun ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatətinə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla baxılır.
Maddə 518. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı şübhələrin və anlaşılmazlıqların həll edilməsi
518.0. Hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun ərizəsinə, cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir:
518.0.1. hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək;
518.0.2. hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək;
518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək;
518.0.4. öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq.
Maddə 519. Cəzaları icra edən müəssisə və ya orqanların, habelə tibbi xarakterli məcburi tədbirləri həyata keçirən müəssisələrin təqdimatı (vəsatəti) əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlərin həll edilməsi
519.1. Məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır:
519.1.1. hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran şəxsə təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi barədə;
519.1.2. şərti məhkumetmə zamanı sınaq müddətinin uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın çəkilməsi üçün göndərilməsi barədə;
519.1.3. cəzasının çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi və ya belə məhkumun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi barədə;
519.1.4. cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə.
//çıxarılıb//
519.2. Məhkumun yaşayış yeri üzrə məhkəmə bu Məcəllənin 152-ci maddəsinə uyğun olaraq cəzaları icra edən müəssisənin və ya orqanın vəsatəti və prokurorun təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır:
519.2.1. hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran şəxsin hökmün, yaxud məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya ona təyin olunmuş cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və bununla bağlı məsələlərin həlli üçün məhkumun tutulması barədə;
519.2.2. şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilərək məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi və bununla bağlı məsələlərin həlli üçün məhkumun tutulması barədə.
519.2-1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələlərinə dair cəzaçəkmə müəssisəsinin və ya məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müraciəti aşağıdakı qaydada həll edilir:
519.2-1.1. psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır;
519.2-1.2. ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicədə olan narkoloji xəstələrin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və ya məcburi müalicə müddətinin uzadılması məsələlərinə məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır;
519.2-1.3. cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.
519.3. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının vaxtında icrasına mane olan üzrlü səbəblər olduqda cəzanı icra edən orqanın təqdimatı əsasında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin saxlanıldığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanın Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş icra müddətinin uzadılması məsələsinə baxır.
Maddə 520. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması
520.1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır.
520.2. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclasında iştirak etmək hüququna aşağıdakı şəxslər malikdirlər:
520.2.1. məhkum və onun müdafiəçisi və ya qanuni nümayəndəsi;
520.2.2. hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və ya orqanın nümayəndəsi;
520.2.3. prokuror.
520.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar məsələlərə baxılması üzrə məhkəmə iclasında müdafiəçinin iştirakı məcburidir.
520.4. Məhkumun xəstəliyə görə cəzadan azad edilməsi yaxud onun xəstəxanaya yerləşdirilməsi məsələsinə dair və məsələ mülki iddiaya aid olduqda, məhkəmə iclasına həmçinin müvafiq olaraq rəy vermiş həkim komissiyasının nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi çağırıla bilər. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə hakim məhkəmə iclasında ifadələri dinləmək, müraciətdə göstərilən halları təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutlar tələb etmək hüququna malikdir.
520.5. Müdafiəçinin iştirakı məcburi olan hallar istisna edilməklə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.
520.6. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlər üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:
520.6.1. hakim məhkəmə iclasını açır, baxılan müraciəti elan edir, məhkəmə iclası iştirakçılarının səlahiyyətlərini yoxlayır və onlara hüquq və vəzifələrini izah edir;
520.6.2. müraciət etmiş şəxs və ya onun nümayəndəsi müraciəti şifahi əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;
520.6.3. məhkəmə iclasında müraciətlə mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdikdə, onlara izahat vermək və etirazlarını bildirmək imkanı yaradılır;
520.6.4. məhkəmə iclasında iştirak edən şəxslər baxılan məsələ üzrə çıxış edir və hakim onlara təqdim olunmuş sübutların tədqiqində iştirak etmək imkanı yaradır;
520.6.5. prokuror öz yekun sözündə məhkəməyə müraciətin təmin və ya rədd edilməsini təklif edir;
520.6.6. hakim bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq müraciətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir.
520.6-1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair məhkəmənin qərarı bu Məcəllənin 520.1-ci maddəsində göstərilən müddət daxilində çıxarılmalı və qərarın surəti elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq bu Məcəllənin 520.2-ci maddəsində göstərilən şəxslərə verilməlidir.
520.7. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər.
Maddə 521. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası qaydası
Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası məsələlərinə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
14 iyul 2000-cu il tarixli 907-IQ nömrəli “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, №8 (II kitab), maddə 585) ilə təsdiq edilmişdir.
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar
1. 2 iyul 2001 nömrəli-ci il tarixli 172-IIQD “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455)
2. 27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9)
3. 16 aprel 2002-ci il tarixli 301-IIQD nömrəli "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 233)
4. 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 8, maddə 463)
5. 20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 276)
6. 4 may 2004-cü il tarixli 646-IQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 321 )
7. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 505)
8. 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 598)
9. 7 sentyabr 2004-cü il tarixli 731-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 10, maddə 761)
10. 12 oktyabr 2004-cü il tarixli 770-IIQD nömrəli “Azərbaycan folkloru nümunələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavələr edilməsi barədə” AzərbaycanRespublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 890)
Dostları ilə paylaş: |