Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları
Maddə 659. Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları haqqında ümumi müddəalar
659.1. Satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ arxayın əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz.
659.2. Satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları yalnız nəzərdə tutduqları əqdin etibarlığı üçün tələb edilən formada qeydə alınmış olduqda etibarlıdır.
659.3. Satın almaqda üstünlük hüququnun və digər üstünlük hüquqlarının aşağıdakı hallarda qüvvəsi yoxdur:
659.3.1. onlar başqasına verilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi prosedurlarla tənzimlənən obyektlərə və ya hüquqlara aid olduqda;
659.3.2. icraat çərçivəsində, o cümlədən məcburi auksion satışı çərçivəsində satış halında.
659.4. Əgər satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları qıt olan ən zəruri əşyalara və hüquqlara aiddirsə, maraqlı şəxslər onların etibarlığı barəsində mübahisə edə bilərlər.
659.5. Əgər satın almaqda hər hansı üstünlük hüququnun və digər üstünlük hüququnun qüvvəsi yoxdursa, belə hüququn verilməsi üçün ödənilmiş haqqın əvəzi, o cümlədən onun ödənildiyi gündən qanunla müəyyənləşdirilmiş faizlər ödənilməlidir.
Dostları ilə paylaş: |