Maddə 79. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payının verilməsi
79.1. Tam ortaqlığın iştirakçısı onun qalan iştirakçılarının razılığı ilə şərikli kapitaldakı payını və ya onun bir hissəsini ortaqlığın başqa iştirakçısına və ya üçüncü şəxsə verə bilər.
79.2. Pay (pay hissəsi) başqa şəxsə verildikdə payı (pay hissəsini) vermiş iştirakçıya mənsub hüquqların hamısı və ya müvafiq hissəsi ona keçir. Pay (pay hissəsi) verilmiş şəxs bu Məcəllənin 75.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada ortaqlığın öhdəlikləri üzrə məsuliyyət daşıyır.
79.3. Ortaqlıq iştirakçısının özünün bütün payını başqa şəxsə verməsi onun ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin 75.2 və 75.3-cü maddələrində nəzərdə tutulan nəticələrə səbəb olur.
Maddə 80. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına tutmanın yönəldilməsi
80.1. İştirakçının ortaqlıqda iştirakla bağlı olmayan borcları (şəxsi borcları) üzrə tutmanın iştirakçının tam ortaqlığın əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borcları ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları tam ortaqlıqdan tutmanın borclunun şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinə yönəldilməsi məqsədilə həmin hissəni ayırmağı tələb edə bilərlər. Ortaqlığın əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların ayırma tələbini irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir.
80.2. İştirakçının tam ortaqlığın şərikli kapitalındakı payına uyğun əmlaka tutmanın yönəldilməsi onun ortaqlıqda iştirakına xitam verir və bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur.
Dostları ilə paylaş: |