Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı
90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.
90.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.
90.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir.
90.4. Əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.
90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.
90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır.
90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur.
90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır.
90.8. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitammı, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Dostları ilə paylaş: |