Maddə 1105. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət
1105.1. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər.
1105.2. Qəyyumun və ya nəzarət etməli təşkilatın fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs tərəfindən vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinə həmin şəxsin sonradan fəaliyyət qabiliyyətli sayıldığı halda xitam verilmir.
1105.3. Əgər qəyyum ölmüşdürsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirsə, zərərvuranın isə belə vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin hamısının və ya bir hissəsinin zərərvuranın özünün hesabına ödənilməsi barədə qərar qəbul edə bilər.
Dostları ilə paylaş: |