Maddə 580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri
580.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
580.2. Əgər satıcı alıcıya alğı-satqı müqaviləsinə uyğun çeşiddə əşyalarla yanaşı çeşid haqqında şərti pozmaqla əşyalar verərsə, alıcının ixtiyarı var ki, öz seçimi ilə:
580.2.1. çeşid haqqında şərtə uyğun gələn əşyaları qəbul etsin, qalan əşyalardan isə imtina etsin;
580.2.2. verilmiş əşyaların hamısından imtina etsin;
580.2.3. çeşid haqqında şərtə uyğun gəlməyən əşyaların müqavilədə nəzərdə tutulan çeşiddə əşyalarla əvəz olunmasını tələb etsin;
580.2.4. verilmiş əşyaların hamısını qəbul etsin.
580.3. Alğı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.
580.4. Alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.
580.5. Əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiymətin razılaşdırılması üçün ağlabatan müddətdə zəruri tədbirlər görmədikdə, alıcı əşyaları müqavilənin bağlandığı an müqayisəyə gələn şəraitdə oxşar əşyalar üçün adətən alınan qiymətlə ödəyir.
580.6. Bu maddənin qaydaları alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.
Dostları ilə paylaş: |