III bölmə
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların İcrası
IX fəsil
Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasının ümumi müddəaları
Maddə 65. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası yeri
65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər. Sağlamlıq vəziyyətinə görə, şəxsi təhlükəsizliyini təmin etmək məqsədi ilə və digər müstəsna hallara görə məhkum cəzasını çəkmək üçün başqa ərazidə yerləşən cəzaçəkmə müəssisələrinə göndərilə bilər.
65.2. Cinayətlərin xüsusi təhlükəli residivinə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya və ya cəzalarının bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar, həmçinin əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cəzalarını çəkmək üçün yaşadıqları yerdən asılı olmayaraq, müvafiq cəzaçəkmə müəssisələrinə göndərilirlər.
Maddə 66. Cəzaçəkmə müəssisələrinin növləri
66.1. Cəzaçəkmə müəssisələri yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrindən, yetkinlik yaşına çatmış şəxslər üçün müxtəlif rejimli cəzaçəkmə müəssisələrindən, həbsxanalardan və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrindən ibarətdir. İstintaq təcridxanaları penitensiar müəssisə olmaqla təsərrüfat və məişət xidməti işlərinə görə bu müəssisədə saxlanılan məhkumlar üçün cəzaçəkmə müəssisələrinin vəzifələrini yerinə yetirirlər.
66.2. Cəzaçəkmə müəssisələri məntəqə tipli, ümumi, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.
66.3. Müalicə müəssisələrində stasionar şəraitdə müayinə və müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər.
Maddə 67. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi
67.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkum bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququna malikdir.
67.2. Cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır.
Maddə 68. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzanın icrası yerinə göndərilməsi qaydaları
68.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər.
68.2. Məhkumların müşayiətlə göndərilməsi ayrılıqda saxlanma qaydalarına riayət olunmaqla həyata keçirilir. Kişilər qadınlardan, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan, eyni cinayət işi üzrə məhkum olunmuşlar ayrılıqda, vərəm xəstəliyinə tutulmuş (vərəm çöpləri ifraz edənlər), zöhrəvi xəstəlikdən müalicə kursunu tam keçməmiş şəxslər və psixi xəstələr bir-birindən ayrı-ayrılıqda və sağlam məhkumlardan təcrid olunmaqla tibb işçilərinin müşayiəti ilə göndərilirlər.
Maddə 69. Məhkumların təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanması
69.1. İlk dəfə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkən şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanıla bilərlər. Əvvəllər məhkum edilmiş və yenidən yeddi ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər müstəsna hallarda onların razılığı ilə təsərrüfat və məişət xidməti işi üçün müalicə müəssisələrində saxlanıla bilərlər.
69.2. Məhkumun təsərrüfat və məişət xidməti işi üçün saxlanması istintaq təcridxanası, müalicə müəssisəsi və ya həbsxana müdiriyyətinin qərarı ilə həyata keçirilir.
69.3. Təsərrüfat və məişət xidməti işi üçün istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada saxlanılan məhkumlar, ümumi rejimli cəzaçəkmə müəssisələri üçün bu Məcəllədə nəzərdə tutulan şərtlərlə başqa şəxslərdən təcrid olunmaqla saxlanılırlar. Bu məhkumlar bağlı bina və ya otaqlarda işlədikləri hallarda gündə iki saat müddətinə gəzinti hüququna malikdirlər.
Maddə 69-1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin istintaq təcridxanalarına keçirilməsi
69-1.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər şəxslər tərəfindən törədilmiş cinayət işləri üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi və ya digər şəxslər tərəfindən törədilmiş cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmənin qərarına əsasən iki aydan çox olmayan müddətə cəzaçəkmə müəssisəsindən istintaq təcridxanalarına keçirilə bilərlər. Zəruri hallarda bu müddət məhkəmənin qərarı ilə dörd ayadək uzadıla bilər. Məhkəməyədək icraat zamanı göstərilən məsələlərə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkumun cəza çəkdiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
69-1.2. Bu Məcəllənin 69-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilmiş şəxslərin saxlanılma şərtləri həmin yerlərin saxlanma rejimi və onlara məhkəmənin hökmü ilə təyin edilmiş cəzaçəkmə müəssisəsinin növü və rejimi nəzərə alınmaqla müəyyən edilir. Belə halda məhkumlara bu Məcəllədə nəzərdə tutulmuş uzun müddətli görüşlər onların razılığı ilə qısa müddətli görüş və ya telefon danışıqları ilə əvəz oluna bilər.
69-1.3. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslər digər cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, onların cəzaçəkmə müəssisələrindən istintaq təcridxanalarına keçirilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Bu şəxslərin istintaq təcridxanalarında saxlanma müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş həbsdə saxlanma müddətləri daxilində müəyyən edilir.
Maddə 70. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi
70.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.
70.2. Müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər:
70.2.1. həbsxanadan cəzaçəkmə müəssisələrinə-məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə;
70.2.2. ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.
70.2.3. ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.
70.2.4. az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə.
70.3. Aşağıdakı məhkumlar məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmirlər:
70.3.1. cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslər;
70.3.2. ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslər;
70.3.3. tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslər.
Dostları ilə paylaş: |