Ümumi hissə I bölmə Cəzaların İcrası qanunvericiliyinin əsas müddəaları


XV fəsil   Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin xüsusiyyətləri



Yüklə 105,01 Kb.
səhifə23/41
tarix05.01.2022
ölçüsü105,01 Kb.
#111081
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
XV fəsil

 

Yetkinlik yaşına çatmayan məhkumların azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin xüsusiyyətləri

 

Maddə 123. Yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələri



 

123.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan məhkumlar ümumi və möhkəm rejimli tərbiyə müəssisələrində cəza çəkirlər.

123.2. Ümumi rejimli tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.

123.3. Möhkəm rejimli tərbiyə müəssisələrində əvvəllər müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar cəza çəkirlər.

 

Maddə 124. Tərbiyə müəssisələrində cəzanın icrası şərtləri



 

124.1. Yetkinlik yaşına çatmayan məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq tərbiyə müəssisəsinin ərazisi daxilində hərəkət edə bilərlər.

124.2. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar:

124.2.1. adi yaşayış binalarında saxlanılırlar;

124.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;

124.2.3. il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna malikdirlər;

124.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

124.3. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda cəza müddətinin ən azı dörddə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

124.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

124.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;

124.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara valideynlərinin və ya himayəçilərinin müşayiəti ilə qısa müddətli səfər etməyə icazə verilə bilər.

124.4. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar:

124.4.1. adi yaşayış binalarında saxlanılırlar;

124.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;

124.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;

124.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.

124.5. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda, cəza müddətinin azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:

124.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;

124.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər.

 

Maddə 124-1. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən həvəsləndirmə tədbirləri

 

124-1.1. Tərbiyə müəssisələrində nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə yetkinlik yaşına çatmayan məhkumlara bu məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərindən əlavə tərbiyə müəssisəsi nümayəndəsinin müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə bir dəfə tamaşa etməyə icazə vermək növündə həvəsləndirmə tədbiri tətbiq edilə bilər.

124-1.2. Həvəsləndirmə tədbiri qaydasında tərbiyə müəssisəsinin nümayəndəsinin müşayiəti ilə müəssisəsinin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərə tamaşa etməyə icazə verilmiş məhkumlara tədbir zamanı onlara məxsus mülki paltarlar verilir.

124-1.3. Tərbiyə müəssisəsindən kənara çıxma müddəti səkkiz saatdan çox olmamaq şərti ilə müəssisənin müdiriyyəti tərəfindən müəyyən edilir.

124-1.4. Məhkumların gecə vaxtı keçirilən idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakına yol verilmir.

 

Maddə 125. Tərbiyə müəssisələrində məhkumlara tətbiq edilən tənbeh tədbirləri



 

Cəzanın icrası qaydalarını pozan yetkinlik yaşına çatmayan məhkumlara bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərindən əlavə təhsili davam etdirmək şərtilə yeddi günədək müddətə intizam təcridxanasına keçirmək növündə tənbeh tədbiri də tətbiq edilə bilər.

 

Maddə 126. Məhkumların intizam təcridxanasında saxlanılması şərtləri



 

126.1. İntizam təcridxanalarına keçirilmiş məhkumlara uzun müddətli görüş, telefon danışıqları, ərzaq məhsulları və ən zəruri mallar əldə etmək, bağlama, sovqat və ya banderol almaq, kinofilmlərə və televiziya verilişlərinə baxmaq, stolüstü oyunlardan istifadə etmək qadağan edilir. Onlar hər gün iki saat gəzinti hüququna malikdirlər.

126.2. İntizam təcridxanasında saxlanılan məhkumlara intizam təcridxanasına keçirilməkdən başqa digər tənbeh tədbirləri tətbiq edilə bilər.

126.3. Bir təqvim ili ərzində intizam təcridxanasında saxlanma müddəti otuz gündən çox ola bilməz.

 

Maddə 127. Tərbiyə müəssisələrində məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edən vəzifəli şəxslər



 

Yetkinlik yaşına çatmayan məhkumlara həvəsləndirmə və tənbeh tədbirlərini tərbiyə müəssisəsinin müdiriyyəti tətbiq edir.

 

Maddə 128. Yetkinlik yaşına çatmış məhkumların tərbiyə müəssisələrində saxlanılması



 

128.1. On səkkiz yaşına çatmış məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə müəssisələrinə keçirilirlər. Tərbiyə müəssisələrində məhkəmənin qərarına əsasən məhkumlar iyirmi yaşınadək saxlanıla bilərlər.

128.2. On səkkiz yaşı tamam olandan sonra tərbiyə müəssisələrində saxlanılan məhkumlara yetkinlik yaşına çatmayan məhkumlar üçün müəyyən edilmiş cəzanın icrası şərtləri, yemək normaları və maddi-məişət təminatı aid edilir. Bu məhkumların əmək şəraiti əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

Maddə 129. Məhkumların tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi



 

On səkkiz yaşına çatmış və tərbiyə müəssisələrində saxlanılmış məhkumlar cəzanın icrası qaydalarını pozduqda tərbiyə müəssisəsinin müdiriyyətinin təqdimatı və məhkəmənin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilirlər.

 

Maddə 130. Tərbiyə müəssisələrində tədris-tərbiyə prosesinin təşkili



 

130.1. Tərbiyə müəssisələrində məhkumların islah edilməsi və müstəqil həyata hazırlanması məqsədilə onlarda qanuna itaətin həvəsləndirilməsinə, əməyə və təhsilə vicdanlı münasibətin formalaşmasına, onların mədəni səviyyəsinin artırılmasına yönəldilmiş vahid tədris-tərbiyə prosesi həyata keçirilir.

130.2. Məhkumların ümumi orta təhsili tərbiyə müəssisələrinin ümumtəhsil məktəblərində, peşə təhsili ilə tərbiyə müəssisələrinin peşə məktəblərində və ya tərbiyə müəssisələrinin istehsalat sahələrində həyata keçirilir.

130.3. Tərbiyə müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə sağlamlıq imkanları məhdud məhkumların xüsusi təhsili qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilir.

 

Maddə 131. Tərbiyə müəssisələrinin işində ictimaiyyətin iştirakı



 

131.1. Tərbiyə müəssisəsinin müdiriyyətinə tədris-tərbiyə prosesinin təşkilində, onun maddi-texniki bazasının möhkəmləndirilməsində, məhkumların sosial müdafiəsinə dair məsələlərin həllində, cəza çəkməkdən azad olunanlara əmək və məişət şəraitinin yaradılmasında kömək göstərilməsi məqsədi ilə tərbiyə müəssisəsinin nəzdində dövlət müəssisə, idarə və ya təşkilatlarının, ictimai birliklərin, digər müəssisələrin nümayəndələrinin və fiziki şəxslərin iştirakı ilə himayəçilik şurası yaradılır. Himayəçilik şurasının işinin təşkili və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ hüquqi aktla tənzimlənir.

131.2. Məhkumlara göstərilən tərbiyəvi təsirin səmərəliliyini artırmaq və tərbiyə müəssisəsinin müdiriyyətinə islah işində kömək etmək məqsədi ilə bu müəssisələrdə məhkumların valideynlərindən və ya digər yaxın qohumlarından ibarət valideynlər komitəsi yaradıla bilər. Valideynlər komitəsinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi normativ-hüquqi aktla tənzimlənir.

 


Yüklə 105,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin