Pretenziyalar, iddialar və iddia müddəti
Maddə 312. Dənizlə yük daşınması iştirakçılarının məsuliyyəti üçün əsas ola bilən halların təsdiqlənməsi
312.1. Yük daşıyanların, göndərənlərin, alanların və sərnişinlərin məsuliyyəti üçün əsas ola bilən hallar kommersiya aktları və ya ümumi formalı aktlarla təsdiqlənir. Xarici limanlarda bu hallar həmin limanlarda mövcud olan qaydalara müvafiq olaraq təsdiqlənir.
312.2. Kommersiya aktı aşağıdakıların təsdiqlənməsi üçün tərtib olunur:
312.2.1. həqiqi yükün və ya baqajın adı, kütləsi və ya yerlərinin sayı ilə daşınma sənədində göstərilənlər arasında uyğunsuzluğun;
312.2.2. yükün və ya baqajın zədələnməsinin;
312.2.3. sənədsiz yükün və ya baqajın, habelə yüksüz və ya baqajsız sənədin aşkar edilməsinin;
312.2.4. oğurlanmış yükün və ya baqajın daşıyıcıya qaytarılmasının.
312.3. Aktların forması və tərtib edilmə qaydası, habelə aktların tərtib edilməsini tələb etməyən halların təsdiqlənmə qaydası bu Məcəllənin 3.2-ci maddəsinə uyğun qəbul edilən qaydalara müvafiq olaraq müəyyənləşdirilir.
Dostları ilə paylaş: |