Namazın rüknləri
Rükn namazda vacib olanlardandır, onun bilərəkdən və ya səhvən artırılması və ya tərk olunması namazı batil edir. Rüknlərlə tanış olaq.
1. Niyyət
Niyyət dedikdə insanın bir iş üçün qərara gəlməsi nəzərdə tutulur. Niyyəti dilə gətirmək vacib deyil. Sadəcə, insan nə iş gördüyünü bilməlidir.
Namaz qılan şəxs namaza Allaha yaxınlaşmaq, Onun əmrinə itaət məqsədi ilə başlamalıdır. Bir şəxs özünü camaata göstərmək üçün namaz qılarsa, onun namazı batildir. Hətta namazın bir hissəsi Allahdan qeyrisinə xatir qılınarsa, namaz batil olar.
Sual: Niyyət edərkən namazının rəkətlərinin sayını müəyyənləşdirmək lazımdırmı? Məsələn, “Allaha yaxınlaşmaq üçün iki rəkət sübh namazı qılıram” söyləmək vacibdirmi?
Cavab: Rəkətlərin sayını müəyyənləşdirmək vacib deyil. Amma namaz qılan bilməlidir ki, hansı namazı qılır. Onun vacib və ya müstəhəb namaz qıldığını bilməsi də zəruridir.
2. Qiyam
Qiyam dedikdə farağat, düz dayanış, əyilməmək nəzərdə tutulur. Təkbirətul-ehram deyərkən qiyam halı, eləcə də rükudan öncəki, rükuya bitişik qiyam namazın rüknlərindən sayılır. Amma həmd-surə oxuyarkən, eləcə də rükudan qalxdıqdan sonra qiyam vacib olsa da, rükn sayılmır. Bu qiyamlar bilməyərəkdən yaddan çıxarsa, namaz düzgündür.
Məsələ 1. Namaz qılan şəxsin bədəni qiyam zamanı aram dayanmalı, vacib ehtiyata əsasən divar və ya əsa kimi bir şeyə söykənməməlidir. Çıxılmaz hallar istisnadır.
Məsələ 2. Qiyam vəziyyətində hər iki ayağın yerə toxunması vacib ehtiyat sayılır. Amma bədənin ağırlığını hər iki ayağa salmaq vacib deyil.
Məsələ 3. Qiyam zamanı fəqərə sütununu, boyunu düz saxlamaq, çiyinləri salmaq, əl ovuclarını budların üzərinə qoymaq, barmaqları bir-birinə yapışdırmaq, səcdə yerinə baxmaq, namazı xüzu və xüşu ilə qılmaq, ayaqların birini qabağa, birini geriyə qoymamaq, ayaqlar arasında üç barmaqdan bir qarışadək ara saxlamaq müstəhəbdir. Qiyam zamanı əlləri və barmaqları hərəkət etdirməmək müstəhəb ehtiyat sayılır.
Məsələ 4. Namaz qılan şəxs namaz vaxtı azca irəliyə və geriyə getmək istəsə, bədənini azca sağa və ya sola hərəkət etdirsə, hərəkət zamanı bir şey danışmamalıdır. Yalnız bədən aramlaşdıqdan sonra namazı davam etdirmək olar.
Məsələ 5. Əgər namazqılan namaz arasında ayaq üstə qala bilməsə oturmalıdır. Əgər oturmaq da mümkün deyilsə, IX fəsildə deyildiyi qaydada uzanmalıdır. Amma nə qədər ki bədən aramlaşmayıb namazdan nə isə oxumaq olmaz.
Məsələ 6. Müstəhəb namazları oturaq halda qılmaq olar. Amma yaxşı olar ki, iki rəkət oturaq namaz bir rəkət ayaqüstü namaz sayılsın.
3. Təkbirətul-ehram
Hər bir namazın başlanğıcında “Əllahu Əkbər” deyilməsi təkbirətul-ehram adlanır. Allah və Əkbər sözləri, eləcə də onların hərifləri ardıcıl şəkildə deyilməlidir. Təkbirətul-ehram və ya digər təkbirləri deyərkən əlləri qulaqlar və ya üz bərabərində qaldırmaq müstəhəbdir.
4. Rüku
Namaz qılan şəxs 1-ci rəkətdə həmd-surədən, 2-ci rəkətdə qunutdan, 3-cü və 4-cü rəkətlərdə təsbihati-ərbəədən sonra rüku niyyəti ilə qabağa doğru, əllərinin içi dizlərinə çatanadək qabağa əyilməlidir. Ehtiyata əsasən əllər dizlərə qoyulmalıdır.
Rükuda aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1. Rükuda dizləri arxaya çəkmək, beli düz saxlamaq, boyunu uzatmaq, bel ilə bərabər saxlamaq;
2. İki ayaq arasında yerə baxmaq;
3. Rükunun zikrindən öncə və ya sonra salavat göndərmək.
Sual: Əgər bir şəxsin qolları və dizləri başqalarından fərqlənərsə, məsələn, qolları qısa olarsa, rükuda nə qədər əyilməlidir?
Cavab: Adi insanlar rükuda necə əyilirsə, o qədər əyilsin.
Sual: Əgər namaz qılan şəxs rükunu unudub səcdəyə çatmamışdan qabaq xatırlasa, vəzifəsi nədir?
Cavab: Qalxıb düz dayanmalı, sonra rükuya getməlidir. Əgər yerə əyilmiş vəziyyətdən rüku vəziyyətinə gəlsə rükuya bitişik qiyamı yerinə yetirmədiyi üçün batildir. Namazı batildir.
5. Səcdələr
Namaz qılan şəxs vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə yerinə yetirməlidir. Səcdədə alın, əllərin içi, iki diz, ayaqların baş barmaqları yerə və ya səcdə ediləsi şeylərə toxunmalıdır.
Yerə, ağac və yarpaq kimi yerdən cücərən və yeməli, geyməli olmayan şeylərə, mərmər və qaradaş kimi mə`dən daşlarına səcdə etmək olar. Səcdə üçün ən üstün şey imam Hüseynin (ə) türbəti, ondan sonra torpaq, daş və otdur.
Səcdə edilən şeylə bağlı müəyyən şərtlər var:
1. Səcdə edilən şey pak olmalıdır. Amma murdarlanmış xalçanın üzərinə qoyulmuş möhürə, bir üzü murdarlanmış möhürün pak üzünə səcdə etməyin eybi yoxdur.
2. Vacib ehtiyata əsasən səcdə edilən şey heç olmaya bir dirhəm boyda olmalıdır.
3. Neft məhsullarına, geyim əşyalarına, buğda və arpa kimi yeyilən şeylərə, qızıl və gümüş kimi mədəndən çıxarılan şeylərə səcdə etmək olmaz.
4. Bir şeyin üzərində alın aram dayanmırsa, ona səcdə etmək olmaz. Amma əgər döşək üzərindəki möhürə alını qoyduqdan sonra bir qədər hərəkət edib dayanırsa, ona səcdə etmək olar.
5. Alınla səcdə edilən şey arasında maneə olmamalıdır. Möhür üzərindəki çirk alının möhürə toxunmasına mane olursa ona edilən səcdə batildir. Amma təkcə rəngi dəyişmiş möhürə səcdə etmək olar.
Səcdədə bə`zi əməllər müstəhəbdir:
1. Səcdəyə gedən kişi öncə əllərini, qadın isə öncə dizlərini yerə qoysa yaxşıdır.
2. Alından əlavə burunun da səcdə edilən şeyə qoyulması yaxşıdır.
3. Səcdə halında əl barmaqları bir-birinə birləşmiş halda üz bərabərində qoyulur. Belə ki barmaqların ucu üzü qibləyə qalır.
4. Səcdəni uzatmaq, səcdədə salavat göndərmək müstəhəbdir.
5. Səcdədə dua edib Allahdan nə isə istəmək müstəhəbdir. Amma səcdə halında Qur`an oxumaq məkruhdur.
Sual: Allahdan qeyrisi üçün səcdə etməyin hökmü nədir?
Cavab: Belə bir səcdə haramdır. Peyğəmbər (s) və imamların qəbri kənarında onlar üçün alını səcdəyə qoymaq olmaz. Amma bu səcdə Allaha şükr üçündürsə, eybi yoxdur. Bununla belə bu işdən çəkinmək yaxşıdır.
Sual: Əgər səcdə zamanı ixtiyarsız olaraq alın səcdədən qalxarsa nə etmək lazımdır.
Cavab: Bu halda yenidən alını səcdə yerinə qoymamaq laımdır. Səcdə zikrinin deyilib-deyilməməsinin bu hökmə tə`siri yoxdur. Əgər ixtiyarsız olaraq alın səcdə yerinə qoyulsa onun səcdə yeri ilə təmasları üst-üstə bir səcdə sayılır. Belə bir halda səcdənin zikri deyilməmişsə, onu demək lazımdır.
Sual: Səcdənin zikri deyilərkən bədənin yerə toxunmalı olan yeddi üzvündən biri qalxarsa nə etməli?
Cavab: Əgər bilərəkdən səcdə zikri deyilərkən yeddi üzvdən biri yerdən qalxarsa ehtiyata əsasən namazı bitirib, onu yenidən qılmaq lazımdır. Əgər səcdə zikrinə başlanılmayıbsa, alından savayı o biri üzvlər yerdən qaldırılır və yenidən yerə qoyulur. Səcdənin zikri bitməmiş səhvən alın səcdə yerindən qaldırılarsa və yenidən səcdə yerinə qoyularsa bunu bir səcdə saymaq lazımdır. Amma digər üzvlər səhvən yerdən qaldırılarsa vacib ehtiyata əsasən onları yenidən yerə qoyub zikr demək lazımdır.
Sual: Əgər bir şəxs səcdənin zikrini səcdəyə çatmamış və ya səcdədən qalxan halda deyərsə, onun vəzifəsi nədir?
Cavab: Əgər alın səcdə yerinə çatmamış və bədən aramlaşmamış bilərəkdən səcdə zikri deyilərsə, namaz batildir. Səcdə zikri qurtarmamış vəziyyətdə də bilərəkdən səcdədən qalxmaq namazı batil edir. Amma bilməyərəkdən səcdəyə çatmamış zikrə başlayarsa, səcdəyə çatdıqdan və bədən aramlaşdıqdan sonra zikri yenidən deməlidir. Əgər bilmədən zikr başa çatmamış səcdədən qalxarsa, eybi yoxdur.
Sual: Namaz qılan şəxs 1-ci səcdədən qalxdıqdan sonra dərhal 2-ci səcdəyə gedə bilərmi?
Cavab: Xeyir. 1-ci səcdədən qalxdıqdan sonra bədənin aramlaşması üçün bir qədər oturmaq lazımdır. Yalnız bundan sonra 2-ci səcdəyə getmək olar.
Sual: Kağıza səcdə etmək olarmı?
Cavab: Əgər kağız ağac və saman kimi şeylərdən düzəldilmişsə onlara səcdə etmək olar. Amma səcdə üçün yararsız sayılan şeylərdən düzəlmiş kağıza səcdə etməyin eybi var.
Sual: Əgər bir şəxsin səcdə üçün nəzərdə tutulan şeylərə əli çatmasa və ya hər hansı səbəbdən onlardan istfadə edə bilməsə, necə səcdə etməlidir?
Cavab: Əgər vaxt çoxdursa, namazı dayandırmalı və səcdə ediləsi şey tapdıqdan sonra namazı yenidən qılmalıdır. Əgər vaxt azdırsa öz libasına səcdə edə bilər. Əgər libası da yoxdursa, əlinin arxasına səcdə etsin.
Sual: Əgər birinci səcdədə möhür alına yapışarsa həmin vəziyyətdə bilərəkdən 2-ci səcdəyə getmək olarmı?
Cavab: Xeyir. Möhürü alından ayırmaq lazımdır.
Dostları ilə paylaş: |