İkinci fəsil Dinin əsasları (ülsuli-din) və dini inancların gücləndirilməsi
“Oxuculara” adlı söhbətdə qeyd etdiyimiz kimi, insandakı ən üstün mərhələ təfəkkür və düşüncə mərhələsidir. İnsan təfəkkür və düşüncə sahibidir. O düşünür: Mən kiməm? Nə üçün dünyaya gəlmişəm? Varlıq aləmini kim yaradıb? Bu aləm hansı məqsədə doğru hərəkətdədir. Aqibətim nə olacaq? İnsan əbəsmi yaradılıb? Bu dünyada hansısa vəzifələrim varmı?
Yox yarpağım, yox gülüm,
Nə meyvəm, nə də kölgəm,
Heyrətdəyəm, Xudaya,
Niyə yaranmışam mən?
Bu düşüncəli varlıq öz suallarına qənaətbəxş cavab tapanadək heyrətdə və başını itirmiş vəziyyətdə qalacaq. Hər bir məslək və məzhəbdə istər-istəməz varlıq aləmi ilə bağlı baxışlar var. Bu baxışlar həlledicidir və uyğun məktəbin düşüncə əsası sayılır. Hər bir məktəb varlıq aləminə münasibətləri əsasında öz ardıcıllarının suallarını cavablandırır. Bu sayağı baxış və qənaətlər “dünyagörüşü” adlanır. Hər bir məzhəb və dində onun əsasını təşkil edən dünya görüşləri mövcuddur. Bu dünyagörüşü puça çıxdıqda məzhəbin əsasları viran qalır. İslam dinində onun əsasını təşkil edən bünövrə məsələlər, həm də bu bünövrədən rişələnmiş ikinci qrup məsələlər mövcuddur. İslam dininin əsaslarından, bünövrə məsələlərindən hər bir müsəlman yetərincə xəbərdar olmalı, həmin əsaslara dəlillər əsasında inanmalıdır. Bu əsaslar istər şiə, istər sünni, bütün müsəlmanlar tərəfindən qəbul olunur və “tövhid”, “nübüvvət”, “məad” mövzularından ibarətdir.
Amma biz şiələr həmin üç əsasdan əlavə “ədl” (ədalət) və “imamət” kimi daha iki əsasa inanclıyıq.
Sünni məzhəbindən olanlar ədalət prinsipinə (əsasına) biz şiələr əhəmiyyət verdiyimiz qədər əhəmiyyət vermirlər. Onlardan bir çoxlarının ədalət məsələsinə münasibəti biz şiələrin münasibətindən fərqlənir. İmamət prinsipi də bizim anladığımız mə`nada (qarşıda bu barədə ətraflı danışacağıq) yalnız biz şiələrin inanclarındandır.
İslamda haqqında danışılan əsaslardan əlavə məsələlər də var. Bu məsələlər “fürui-din” (dinin budaqları) adlanır. Füruidin on mövzudan ibarətdir: Namaz, oruc, xüms, zəkat, Həcc, cihad, əmr be mə`ruf (yaxşılığa də`vət), nəhy əz münkər (pisliyə qadağa), təvəlla (Allah dostları ilə dostluq), təbərra (Allah düşmənləri ilə düşmənçilik).
Üsulidinlə füruidin arasında ən mühüm fərq bundan ibarətdir ki, üsulidinə dəlillər əsasında inanmaq lazımdır. Hər bir insan varlıq aləmində baş verənlər haqqında düşünməli, ağıl və fitrətinə müraciət etməklə düzgün e`tiqad üçün müqəddimə hazırlamalıdır. Başqa sözlə, üsulidin təqlid yox, təhqiq olunası, araşdırılası mövzulardan ibarətdir. Amma füruidin bölməsində insan mütəxəssisə müraciət etmək, təqlidlə uyğun vəzifələrini yerinə yetirə bilər. Məsələn, insan namazın qunutunda türkcə dua oxuya bilərmi? Gəlincik (dələkimilər fəsiləsindən olan məməli heyvan) və ya pinqivin əti yemək halaldırmı? İnsan uyğun hallarda mərcə alim və fiqhi məsələlərdə mütəxəssisə müraciət etməklə vəzifəsini öyrənə bilər. Amma varlıq aləminin yaradıcısı olan Allahın mövcud olub-olmaması məsələsi, yaradanın bir və ya çox olması kimi suallara cavab tapmaq üçün araşdırma aparmaq, varlıq aləmi ilə bağlı mütaliələr etmək lazımdır. Uyğun mövzulara yalnız dəlillər əsasında inanmaq olar.
Dini inancların gücləndirilməsi yolları
Müsəlman fərd əqidə əsasları və dini prinsiplərə inamını o qədər gücləndirməlidir ki, uyğun sahədə müxaliflər tərəfindən hücuma mə`ruz qaldıqda müqavimət göstərib, qəti dəlillərlə əqidəsini müdafiə edə bilsin.
Söhbətin bu əsnasında dini inancları möhkəmləndirmək yollarından bə`zilərini nəzərdən keçirsək münasib olar:
Birinci yol varlıq aləmi və onda baş verən hadisələr haqqında dərindən düşünməkdir. İnsan öncə özünü tanımağa cəhd etməlidir. O öz zatında mövcud olan qüvvələri yetərincə tanımalı, öz mürəkkəb zahiri quruluşunu, yə`ni cismini nəzərdən keçirməli, ruhundakı tutumları, vicdan və fitrətini dəyərləndirməlidir. Bu halda insan rahatlıqla varlıq aləminin yaradıcısına inanır. Həzrət Peyğəmbər (s) uyğun mövzu ilə bağlı buyurur: “Özünü tanıyan hər kəs, şübhəsiz, Rəbbini tanıyacaq.”1
Qur`ani-məcid müxtəlif məqamlarda insanların varlıq nizamına diqqətinə xüsusi əhəmiyyət verir. Bir məqamda buyurulur: “Məgər dəvənin quruluşuna baxmırlar ki, necə yaradılıb? Səmalar necə yüksəldilib, dağlar necə qərar verilib, yer necə açılıb və hamarlanıb?”2 Başqa bir məqamda buyurulur: “Həqiqətən, yerin və göyün yaranışında mö`minlər üçün, sizin yaranışınızda və Allahın yer üzünə yaydığı canlıların yaranışında inananlar üçün, gecə-gündüzün gediş-gəlişində, onlar arasındakı fərqdə, Allahın səmadan nazil etdiyi və ölü torpağı diriltdiyi ruzidə (yağışda), küləklərin əsməsində düşüncə sahibləri üçün nişanələr var.”3
İkinci yol varlıq aləmi və ondakı mövcudlar haqqında yazılmış müxtəlif kitabların mütaliəsidir. İnsan botanika, astronomiya, zoologiya kimi müxtəlif sahələrlə bağlı elmi kitabları mütaliə etməklə ətrafı ilə tanışlıq üçün faydalı mə`lumatlar əldə edə bilər. Uyğun mövcudlar və məxluqlar, hər bir varlığa hakim olan qanunlar barədə düşünməklə bütün bunları ərsəyə gətirmiş qeybi qüvvəyə inanmaq mümkündür.
Bu baxımdan e`tiqad əsasları mövzusunda yazılmış kitabların da mütaliəsi faydalıdır. Uyğun kitablarda əqidə əsaslarının sübutu üçün dəlillər göstərilir. Kəlam və fəlsəfə kitabları nümunə göstərilə bilər. Hər bir insan öz düşüncəsi tutumunda bu kitablardan faydalanıb üsulidin sahəsində öz inanclarını möhkəmləndirə bilər.
Üçüncü yol e`tiqad əsasları sahəsində nəzər sahibi olan alimlər və mütəfəkkirlərlə üzbəüz söhbətdir. İnsan bu yolla öz e`tiqadındakı zəif nöqtələri müəyyənləşdirib onların islahı istiqamətində addım ata bilər.
Dördüncü yol uyğun ehtiyacların aradan qaldırılması üçün Allahdan yardım və hidayət diləməkdir. İnsan Allahla daha artıq rabitədə olduqca ona daha da yaxınlaşır, onu daha yaxşı tanıyır və şübhələri aradan qalxır.
Mə`şuq aşiqinə salmasa nəzər,
Aşiqin sə`yləri gedəsi hədər.
İnsanın e`tiqadlarının güclənməsində və əbədi səadətində Allah zikrinin böyük tə`siri var.
Sual: Əgər bütün insanlar ömrünü e`tiqad əsasları ilə bağlı mütaliə və araşdırmaya sərf etsələr, cəmiyyət iflic olar, kimsə başqa bir işə vaxt ayıra bilməz. Bu nöqtə nəzərə alınarsa, e`tiqad əsaslarında təqlid yolu ilə getməyən insan nə etməlidir?
Cavab: Məqsədimiz bu deyildi ki, hamı kəlam alimi (mütəkəllim) və ya filosof olmalıdır. Sadəcə, bildirmək istədik ki, insanın imanı şüar səviyyəsində qalmamalı, kiçik bir şübhə ilə rastlaşan zaman puça çıxmamalıdır. Bu işi hamı bacarar. İnsan ətrafında baş verən kiçik bir hadisəni araşdırmaqla öz e`tiqadının düzgünlüyünü anlaya bilər. Əl çarxı ilə ip əyirən qoca qarının əhvalatını nümunə göstərə bilərik. Uyğun hadisə deyilənləri təsdiqləyir. Bir şəxs ondan Allahını necə tanıdığı barədə soruşur. Qoca qarı əlini çarxdan çəkir və çarx dayanır. Qarı deyir: “Hətta bu kiçik və sadə çarx hərəkət üçün mən qoca qarının köməyinə möhtacdır. Necə ola bilər ki, əzəmətli varlıq aləmi qadir yaradana möhtac olmasın?!”
Dostları ilə paylaş: |