Allah başdan-başa kamil vücuddur
Sual: Nə üçün biz insanlar Allahın vücudunun dərinliyinə, onun sifətlərinə vara bilmirik?
Cavab: Çünki Allah-taala başdan-başa kamil bir vücuddur. Onun zatı və sifətləri nəhayətsizdir. Biz insanlar naqisik, düşüncəmiz məhduddur. Məhdud bir varlıq nəhayətsiz bir varlığı layiqincə tanıya biməz. Dəryanın suyunu bir stəkana süzmək mümkün olmadığı kimi qeyri-məhdud bir varlığı da dərk etmək olmaz. Digər bir tərəfdən, vücudunun bütün səciyyələri mə`lum olan bir varlığı Allah saymaq olmaz. Belə bir varlıq artıq insanın təfəkküründə məhdud bir şəkildə yerləşmişdir və onun Allahlıq səlahiyyəti yoxdur. Belə bir mə`bud saxta və təxəyyül məhsuludur. Hansı ki Allah-taala məhdudluq kimi bir sifətdən uzaq və pakdır. Bəli, naqis insan Allahı kamil vəsf etmək gücündə deyil. Hər halda ağılın dərk edəcəyi bir həddə Allahın əzəməti haqqında düşünmək, Onun sifət və kamilliklərinə diqqət yetirmək lazımdır ki, qəlb alim mə`nadan sirab olsun.
Mahalsa Ceyhunun suyunu çəkək,
Susuzluq həddində qədəhə tökək.1
Sual: Nə üçün bütün kamal sifətləri Allaha aid edilir? Allahda bə`zi kamilliklərin olmaması nə üçün qəbahətdir?
Cavab: Bunun iki dəlili var:
1. Hər birimiz müşahidə edirik ki, varlıq aləmindəki əşya və məxluqların kamilliyi və müsbət nöqtələri var. Varlıqlar yaranışda Allaha möhtac olduqları kimi, kamillikdə də, camal sifətlərinin əldə olunmasında da ona ehtiyaclıdırlar. Bütün varlıqlar yaradana möhtacdır. Özü kamil olmayan varlıq yaratdıqlarına bir bu qədər kamillik əta edə bilməz. Məsələn, su nəm olmasa başqa əşyanı nəmləndirə bilməz. Yağda yağlılıq olmasa, başqa əşyaları necə yağlayar?!
Özü yaranışa möhtac olan kəs
Mümkünmü varlığa verə bir nəfəs?!2
2. Əgər Allahın zatı kamil olmasaydı, məhdudluq və ehtiyaca məhkum idi və öz ehtiyaclarını aradan qaldırmaq üçün başqalarına üz tutmalı idi. Bu səciyyələrə malik varlıqda mə`budluq səlahiyyəti yoxdur.
Mövzunun aydınlaşması üçün Allahın səlbi sifətlərindən birini nəzərdən keçirməyə ehtiyac var:
“Tövhid” (“İxlas”) surəsində buyurulur: “Allah ehtiyacsızdır.” Başqalarının ehtiyacını aradan qaldırmaq əzmində olan varlıq özü möhtac olmamalıdır. Əgər o özü möhtacdırsa, onda mə`budluq səlahiyyəti yoxdur. Kimsədən ehtiyacsız Allah isə cisim ola bilməz. Cisim olmayan varlığı müşahidə etməyimiz mümkünsüzdür. Hər bir cismin məkana ehtiyacı var. Əgər Allahın məkanı olsaydı, belə qəbul etməliydik ki, Allah məkansız mövcud ola bilməz! Bundan əlavə hər bir cisim ayrı-ayrı hissələrdən təşkil olunmuşdur, başqa sözlə mürəkkəbdir. Mürəkkəb varlıq mövcud olmaq üçün bütün üzvlərinə ehtiyaclıdır. Əgər Allah cisim olsaydı Onun bütün üzvləri bir-birinə ehtiyaclı olardı. Yenə də onu ehtiyaclı qəbul etmək lazım gələrdi. Amma Allahın cisim olmadığı sübuta yetdikdən sonra Onun gözə görünmədiyi də aşkarlanır. Çünki göz yalnız cismi görə bilir. Hər halda pak qəlb gözü ilə Allaha yaxınlaşmaq, Onu tapmaq mükündür. Amma belə bir görüş zahiri gözlə görmək mə`nasında deyil.
Sual: Əgər Allah cisim deyilsə və məkana ehtiyac duymursa, nə üçün Onun evi var və Kə`bəni “Allah evi” adlandırırıq?
Cavab: Məscidləri və Kə`bəni “Allah evi” adlandırmağımızın səbəbi bu məkanların təkallahçılıq mərkəzi olması, həmin məkanlarda dini vəzifələrin yerinə yetirilməsidir. Məscidlərdə və Kə`bədə yalnız Allaha ibadət olunur. Bu məqamı həmin yerlərə Allah-taala əta etmişdir. Bə`zi günlər də “Əyyamullah”, yə`ni Allahın günləri adlandırılır. Bu o demək deyil ki, Allah üçün hansısa zaman ayrılmışdır və zamanın Allaha tə`siri var. Sadəcə həmin günlərdə dini əzəmətləndirən, onun daha da yayılmasına səbəb olan hadisələr baş vermişdir.
Sual: Əgər Allahın xüsusi bir məkanı yoxdursa, nə üçün dua zamanı əllərimizi göyə açırıq?
Cavab: Əllərin yuxarıya qaldırılmasının müxtəlif səbəbləri var. Məsələn, biz əlimizi səmaya açmaqla öz acizliyimizi göstərir, möhtac bir varlıq təəssüratı yaradırıq. Bu işimizdə uca bir mə`nəvi məqamdan kömək diləyirik. Səma əzəmət və ucalıq göstəricisi olduğundan əllərimizi yuxarı qaldırırıq. Digər bir tərəfdən, insanın mühüm ehtiyaclarından olan yağış, günəş işığı və digər yağıntılar səmadan nazil olur. İnsan onun bu qəbil ehtiyaclarının səmadan nazil olduğunu görür və əllərini səmaya doğru açır.
Beşinci fəsil Allahın misilsizliyi
Allahın sifətlərindən biri də onun yeganəliyi, birliyidir. Allahın yeganəliyi dedikdə onun şərikinin olmaması, varlıq aləminin yaranışı və idarə olmasında kimsənin köməyinə möhtac olmaması nəzərdə tutulur. İslam Peyğəmbərinin (s) bəşəriyyət üçün qurtuluş zəmanəti olan əsas şüarlarından biri Allahdan qeyri mə`budların inkarı və Onun yeganəliyinin təsbitidir: “Qulu la ilahə illəllah tuflihu”.1 Yə`ni söyləyin ki, yeganə Allahdan savayı mə`bud yoxdur və xilas olun. Səmavi kitab olan Qur`an istənilən bir münasibətlə bu şüar üzərində dayanır və Allah-taalanın yeganəliyini bəyan edir. Allahın yeganəliyini sübut etməyin müxtəlif yolları var.
Birinci yol: Varlıq aləmində mövcud olan nizam
Varlıq aləminin ayrı-ayrı hissələri arasında mövcud olan tamlıq və uyğunluq Allahın yeganəliyini təsdiqləyən aydın bir dəlildir. Zəifliklər və qüdrətlər, hücumlar və müdafiələr amansızlıqlar və mərhəmətlər, ehtiyaclar və imkanlar insanı heyrətə gətirəcək şəkildə çulğaşmışdır. Körpənin zəifliyi ata-ananın qüdrəti ilə, meteorların hücumu yerin cazibəsi ilə dəf olunur. İnsanın tənəffüsü zamanı yaranan karbon qazı bitkilərdən ayrılan oksigenlə zərərsizləşdirilir. Bütün bunlar Allahın yeganəliyini göstərən nümunələrdir. Eyni bir qələmdən çıxmış varlıq kitabının mütaliəsi ilə insan onun müəllifinin yeganəliyinə əmin olur. Əgər bu kitabın müəllifi birdən artıq olsaydı həmin kitabda uyğunsuzluqlar yaranar, ziddiyyətlər özünü göstərərdi. Əlbəttə ki, nəzərdə tutduğumuz uyğunsuzluqları adi insanlar müəyyənləşdirə bilməz. Amma mütəxəssislər və mahir ustadlar belə bir ziddiyyəti qeydə alası idi. Bəli, bu varlıq kitabını açırıq. Varlıq aləminin hər guşəsinin mütaliəsi ilə müəyyən sahə mütəxəssisləri məşğuldur. Onlar bu aləmə hakim olan vahid nizama şəhadət verirlər. Onlar bildirirlər ki, varlıq aləmi vahid bir plan əsasında qurulmuşdur. Ona hakim qanunlar o qədər ümumi və yığcamdır ki, kiçik bir məxluqu yetərincə tədqiq edib böyük qanunlar kəşf etmək mümkündür. Varlıq aləmi saysız vərəqləri olan kitab kimidir. Onun hər vərəqini, bəlkə də hər sətrini minlərlə alim mütaliə edir. Onlar yekdil olaraq həmin kitabın sətrləri arasındakı tamlığa şəhadət verirlər.
Bu əzəmətli və ayrı-ayrı nöqtələri arasında uyğunluq olan aləmin iki yaradıcısı olsaydı uyğun rabitə və tamlıq mövcud olardımı? İmam Sadiqin (ə) yaxınlarından olan Hişam ibn Həkəm deyir: İmamdan Allahın yeganəliyinə dəlil istədim. Həzrət buyurdu: “Varlıq aləminin ayrı-ayrı hissələri arasındakı bağlılıq və uyğunluq, eləcə də yaranmışların tamlığı və kamilliyi yaradanın yeganəliyini göstərir.1 İmam Sadiq (ə) daha sonra belə bir ayəni yada salır: “Əgər göydə və yerdə Allahdan savayı mə`budlar olsaydı onlarda ziddiyyət və fəsad yaranardı.”2
Dostları ilə paylaş: |