Uzağa getməyə dəyməz, çünki dövlət xidmətləri ovucunun içində



Yüklə 23,35 Kb.
tarix29.07.2018
ölçüsü23,35 Kb.
#62230

Uzağa getməyə dəyməz, çünki dövlət xidmətləri ovucunun içində

Bu gün Azərbaycanın bütün sahələrində yeniləşmə, müasirləşmə, modernləşmə prosesləri baş verməkdədir. Bütün bunlar da günün tələbinə uyğun olan avtomatlaşdırılmaya aparır. İllər öncə vətəndaşlar avtomatlaşdırılmış şəkildə pensiyalarını, əməkhaqlarını almağı xəyal edə bilərdilər, artıq bu, reallıqdır. İndi isə dövlət orqanlarının əhaliyə göstərdiyi xidmətlərin avtomatlaşdırılması prosesi həyata keçirilir. Özü də bu xidmətlərin hamısı bir məkanda, daha dəqiq desək, “Elektron hökumət” portalında cəmlənib. Xatırladaq ki, respublikamızda "Elektron hökumət”in formalaşdırılması və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı istifadəsinin əsası ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı "Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi prosesinin daha da geniş vüsət almasına xidmət etmişdir. Daha sonra 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı hazırlanmışdır. Sözügedən dövlət proqramının həyata keçirilməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müstəsna rolu var. Artıq ölkə ərazisində yaşayan bütün vətəndaşlar, hüquqi və fiziki şəxslər, eləcə də xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər www.e-gov.az saytına daxil olmaqla onları maraqlandıran informasiyaları əldə edə və təklif olunan elektron xidmətlərdən bəhrələnə bilərlər. “Elektron hökumət” dövlət qurumları tərəfindən əhaliyə göstərilən bütün xidmətlərin elektronlaşdırılmasını təmin edir. Başqa sözlə desək, məmurlar ilə vətəndaşlar arasında keyfiyyətcə yeni münasibətlərin formalaşmasına zəmin yaradır. Elektron xidmətlərə keçid bir sıra strukturların fəaliyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının azalmasına, dövlət orqanlarının həyata keçirdikləri işlərin səmərəliliyinin artırılmasına, eləcə də süründürməçilik hallarının aradan qaldırılmasına, vətəndaşla dövlət strukturları arasında canlı əlaqənin, o cümlədən kağız daşıyıcılarının minimuma enməsinə gətirib çıxarır. Habelə, adıçəkilən xidmətlərə keçid elektron sənəd dövriyyəsi və təhlükəsizlik, kağız əməliyyatlarının ləğvi, sənədlərlə iş prosesində şəffaflıq, eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı, hesabatların hazırlanmasında avtomatlaşdırma, sənəd arxivləri işinin səmərəli təşkili və idarəetmənin effektivliyinin artırılmasına xidmət edir. “Elektron hökumət” portalında dövlət vətəndaşa xidmətləri ən asan, rahat, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı və şəffaf şəkildə göstərir. Həmçinin sözügedən portal dövlət qurumlarının öz aralarında da əlaqələrinin asanlaşdırılmasına və sərbəstləşdirilməsinə xidmət edir.

“Elektron hökumət” portalında qeydiyyatlı və qeydiyyatsız xidmətlər bölümü var. Hazırda 21 dövlət qurumu 78 qeydiyyatsız elektron xidmət göstərir. Məsələn, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi məşğulluq orqanları vasitəsilə iş axtarışı, işsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru, sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi, sığortaedənin uçot nömrəsinin öyrənilməsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi poçt indeksinə görə küçələrin axtarışı, rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi, AzDataCom internet xidmətinə qoşulma üçün sifariş, klassifikator üzrə idarələrin axtarışı, küçə adına görə küçənin kodunun, poçt indekslərinin və aidiyyəti rayonun tapılması, mobil cihazların IMEI kodunun yoxlanılması, mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatların verilməsi, telefon nömrəsi üzrə axtarış, rabitə və kommunal xidmət haqlarının internetlə ödənilməsi kimi xidmətlər təklif edir. Portalın xidmətlərindən tam istifadə etmək üçün qeydiyyatdan keçmək şərtdir. "Elektron hökumət” portalına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş elektron imza kartı, asan imza, “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı və smartfon ilə daxil olmaq olar.

Vətəndaşlar üçün kod-parolun onlayn şəkildə alınması xidmətinin yaradılması "Elektron hökumət” portalına daxil olma prosedurunun sadələşdirilməsi məqsədini daşıyır. “Elektron hökumət” portalına daxil olmaq üçün kod və parolların internet vasitəsi ilə alınması” e-xidməti elektron xidmətlər portalına daxil olma və autentifikasiya prosesinin maksimum sadələşdirilməsi hər bir kəsin vaxtdan səmərəli istifadə etməsi və heç bir xidmət məntəqəsinə müraciət etmədən birbaşa internet üzərindən müraciət edərək kod və parol əldə edə bilməsi üçün nəzərdə tutulmuşdur. Portalın servis xidmətlərindən, qeydiyyatdan keçərək kod və parol əldə edən istənilən şəxs istifadə edə bilər.

“Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə portala daxil olmaq üçün öncə portalda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportunun, dövlət sosial sığorta şəhadətnaməsinin, sürücülük vəsiqəsinin, şəhər, mobil telefon nömrəsi elektron blanka daxil olmalıdır. Təbii ki, şəxsiyyət vəsiqəsi istisna olmaqla, digər tələb olunanlar vətəndaşda olmaya bilər. Belə olduğu təqdirdə istənilən poçt şöbəsindən istifadəçi adı və şifrə alaraq portala daxil olmaq mümkündür.

“Elektron hökumət”in cəmiyyət üçün bir çox faydası var. Bu portal vasitəsilə vətəndaşlar müəssisələrdə təqdim olunan vakansiyalarla tanış olaraq iş axtarışını həyata keçirə bilərlər, pasport və sürücülük vəsiqəsini almaq üçün elektron qaydada müvafiq quruma sənədlərini verə, ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında onlayn ərizə təqdim edə bilərlər. Eləcə də, vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin qeydiyyatı, yaşayış yerində qeydiyyat, səhiyyə xidmətləri ( e-məsləhət) və sair xidmətlərdən asanlıqla istifadə etmələri üçün şərait yaradılıb.

Onu da qeyd edək ki, biznes sektorunda çalışanlar da diqqətdən kənarda qalmayıblar. Belə ki, onlar üçün sosial ödəmə, e-bəyannamə, e-vergi hesab-fakturası, yeni şirkətlərin qeydiyyatı, gömrük bəyannamələri, e-lisenziya, e-satınalma, e-kotirovka, e-hərrac, arayışların verilməsi və sair elektron xidmətlər təqdim olunub. “Elektron hökumət”in yaradılması ilə müasir texnologiyaların geniş tətbiqi dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artmasına, büdcə vəsaitlərinə qənaət edilməsinə, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalmasına, dövlət orqanlarının vahid informasiya bazasının formalaşması və təhlükəsizliyinin təmin olunmasına, həmçinin effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olmasına nail olunub.

Yaradılan bütün bu imkanlar vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsinə, onların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə, daha münasib və çevik formada həyata keçirilməsinə xidmət edir. İnsanlar bu portala daxil olaraq informasiya tələbatının dolğun ödənilməsinə rahatlıqla nail olurlar. Ən əsası isə odur ki, məhdud imkanlı insanlar da dövlət xidmətlərinə çıxış imkanı əldə edə bilirlər. 

Hazırda “Elektron hökumət” portalında təsdiq edilmiş xidmətlərin sayı 446-dır. Bunlardan 291-i portala inteqrasiya olunub. Portalda olan xidmətlərin sayı isə 374-dür. Onu da qeyd edək ki, dövlət saytlarında olan xidmətlərin sayı 478 təşkil edir.

Bu sahədə dünya təcrübəsi də maraqlıdır. Artıq hər kəs fərqindədir ki, gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni informasiya inqilabı baş verir. Bu yeni sosial-texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Əhalisinin 30-50 faizi internet istifadəçisi olan ABŞ, Fransa, İngiltərə, İtaliya, Sinqapur, Avstraliya, Almaniya və digər inkişaf etmiş ölkələrdə bu yeni elmi texniki inqilab özünü daha tez büruzə verdi.



Rusiyada əhalinin 30 faizi elektron xidmətlərdən istifadə edir. Özü də, həmin ölkənin vətəndaşları əsasən mobil cihazlar vasitəsilə bunu edirlər. Ölkənin mütəxəssisləri hesab edirlər ki, elektron xidmətləri elə səviyyəyə yüksəltmək lazımdır ki, onlardan hər bir vətəndaş asanlıqla istifadə edə bilsin. Yeri gəlmişkən onu da qeyd edək ki, Rusiyada ən çox istifadə edilən elektron xidmətlər sırasında yol hərəkəti qaydalarını pozmağa görə tətbiq olunan cərimələr, ümumvətəndaşlıq pasportunun alınması, vergi cərimələrinin öyrənilməsi və sair məsələlərlə bağlıdır. Hazırda Rusiyanın “Elektron hökumət” portalında (www.gosuslugi.ru) təqdim olunan xidmətlərdən tam istifadə etmək yalnız 2 vasitə ilə həyata keçirilir. Bunlar kod-parol və elektron imzadır. Xatırladaq ki, Azərbaycanda sözügedən vasitələrin sayı daha çoxdur. Məlumat üçün onu da qeyd edək ki, “E-hökumət” konsepsiyası Rusiya hökuməti tərəfindən 2008-ci ildə təsdiq edilmişdir. 2009-2010-cu illər isə praktiki olaraq həyata keçirilməyə başlanılmışdır.

Qazaxıstanda 2005-2007-ci illər üçün “E-hökumət” proqramı 2004-cü ildə təsdiq edilmişdir. Həmin ölkənin “e-hökumət” portalında www.egov.kz öncə yalnız informativ xidmətlər daxil edilmişdir, daha sonra isə sistem təkmilləşərək e-xidmətlər də əlavə olunmuşdur. 2007-2009-cu illəri əhatə edən dövr ərzində e-hökumət infrastrukturunun müəyyən əsas komponentləri formalaşdırılmışdır. 2007-ci ildə 20, 2010-cu ildə 59, 2011-ci ildə isə 74 elektron xidmət yaradılmışdır.

Belarusda isə 2010-cu ildə Nazirlər Şurasının qərarı ilə 2015-ci ilədək dövr üçün Belarus Respublikasında informasiya cəmiyyətinin inkişafı strategiyası (“e-hökumətin” qurulmasını təmin edir) qəbul edilib.

Onu da deyək ki, Azərbaycan bu sahədə ən qabaqcıl ölkələrin təcrübəsindən kifayət qədər faydalanır. Hətta bu sahədə bir çox yeniliklərə imza atıb. Elə buna görə də, Azərbaycanın “Elektron hökumət” sahəsindəki təcrübəsi artıq bir çox dünya ölkələrinin diqqətini cəlb etməkdədir.



Təcrübə göstərir ki, “Elektron hökumət”in inkişaf etdirilməsi əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadiyyatın inkişafı üçün yeganə effektiv vasitədir. Dünyanın qabaqcıl ölkələri sırasında yer tutmaqda israrlı olan Azərbaycan Respublikasında bu istiqamətdə xeyli işlər görülüb. Aparılan islahatların bəhrəsi isə hər bir vətəndaşın həyatında özünü göstərir.

Cəmilə Əsgərxanqızı

Bu yazı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elan edilmiş müsabiqə üçün hazırlanıb
Yüklə 23,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin