Ruhaninin tələbə ilə ünsiyyəti
Çox əhəmiyyətli olan üçüncü şərt budur ki, universitetə gedən şəxs onun bu mərkəzlə və bu insanlarla əlaqə tərzinin mühüm işlərə çox böyük təsir buraxdığını bilsin. Bunu moizə etməklə bərabər tutmayın. Biz dini söhbətlər etmək üçün səfərlərə çıxırdıq. Bəzi yerlərdə anlayırdıq ki, işlər korlandı, minbər alınmadı. Minbər üzərindəki adamın özü korladığını bilir. O zaman deyirdik ki, korlanıbsa, korlanıb, problem yoxdur, uzaqbaşı sonrakı ongünlükdə dəvət etməyəcəklər; yaxud ağır paket verəcəkdilərsə, buna görə yüngül paket verəcəklər; yaxud deyəcəklər ki, bu ruhani təzədir və başqa birisini dəvət edəcəklər. Yəni mənim pis danışmağımın və işləri korlamağımın təsiri bu qədər idi. Bəzən isə belə deyil və insan anlayır ki, burada işlər korlansa, təsiri çox ağır olacaq.
Təsəvvür edin sizin övladınız siyasi, yaxud etiqadi baxımdan ilk dəfə bir qrup fırıldaqçının tələsinə düşüb. Bunlar onun diqqətini elə məsələlərə yönəldiblər ki, əlbəttə, şeytani və yanlışdır, amma cəlbedicidir və siz övladınızın bu məsələlərə yaxınlaşmasına imkan verməzdiniz. Bu övlad üçün bir şübhə yaranıb. O, ruhani, din alimi və inandığı şəxs olan siz atanın yanına gəlib deyir ki, ata, filan məsələ necədir? Siz burada hansı hissi keçirərsiniz? Düşünərsiniz ki, mən bu suala cavabda bir qədər səhvə yol versəm, uşağımı əldən verəcəyəm.
Bu, uçurumun əvvəlidir. Daha burada səhlənkarlıq etmir, əsəbiləşmir, düşüncə iradəsinin cilovunu bərk tutub yüngül və əsassız sözlər deməyə tələsmirsiniz. Onun cavabını vermək iqtidarında olmadığınızı görsəniz, deyərsiniz ki, eybi yoxdur, filankəsin yanına gedib soruşarıq. Siz o düşmənin cavabını vermək üçün daha savadlı birisini axtararsınız. Tələbəyə bu hisslə yanaşmaq lazımdır. Tələbə təkcə bir nəfər deyil, böyük bir toplumdur.
Dostları ilə paylaş: |