Üçüncü məsələ imandır: din və İslam inancı. İman insan istedadının yolu seçməkdə və qət etməkdə ən çox təsirə malik olan bir hissəsini təmin edən amildir, təhlükə zamanı insana qüdrət, cəsarət, bilgi, istiqlaliyyət, özünəinam, möhkəmlik və müqavimət verir, müxtəlif amillərin rolunu insana olduğu kimi göstərir. İnsan imanlı olsa, maddi fenomenlərin dəyərini, miqdarını və potensialını tanıyar, onlarda nə ifrata varar, nə də əhəmiyyətsiz yanaşar. Bu, imanın xüsusiyyətidir. İmanı olmayan insan maddi dəyərlərə lazım olduğundan artıq dəyər verir, onun həyatında pulun, vəzifənin, hakimiyyətin və bu kimi məsələlərin rolu böyüyür. İmanlı insan isə pula, rifaha, onların roluna qədərincə əhəmiyyət verir, mənəviyyata, axirətə, Allahın razılığına, cənnətə və insan ağlının dərk etdiyi bütün mənəvi dəyərlərə münasib və layiqli qiymət verir. Elm ayağının axsadığı bəzi yerlərdə iman işlək olur. Siz tarixə və bəşərin çətin dönəmlərinə baxsanız, görərsiniz ki, bu çətinliklər daha çox imanla həll olunub, elmlə yox. Elmin piyada və gücsüz olduğu yerdə iman ölkələri xilas edib, xalqları əsarətdən çıxarıb. İman pisliklərə, çirkinliklərə, zülmlərə son qoyub. Elm, ayıqlıq və imandan ibarət bu üç amilin rolunu və onların bir-biri ilə əlaqəsini bilmək çox əhəmiyyətli məsələdir.