Bismillahir-Rəhmanir-Rəhim.
Möhtərəm qonaqlara təşəkkürümü bildirirəm. Ümidvarıq ki, Allah-Taala ölkənin yeni nəsli, onun dindarlığı və mənəvi paklığı ilə bağlı bu mühüm işinizi ən gözəl şəkildə icra etmək üçün sizə müvəffəqiyyət versin!
Universitetin təvəllüdü
Mən ölkə universitetləri ilə əlaqədar məsuliyyəti qəbul etdiklərinə görə bütün cənablara təşəkkür edirəm. Həqiqət budur ki, İran universitetləri bu ölkədə dindən xəbər-ətər olmayan bir zamanda doğuldu. Nəinki heç kəs dindar deyildi, məscidlərdə, dini çevrələrdə, dini məktəblərdə və alimlərin evlərində din hakim idi, lakin ölkənin, universitetin əsas hissəsində əsla hakim deyildi. Ümumi ölkədə də dinlə mübarizə aparılırdı. Tələbələr bizim öz uşaqlarımız, yəni müsəlman balaları, müəllimlərin və universitet rəhbərlərinin çoxu da müsəlman olsalar da, universitetin ümumi vəziyyətinə təsir göstərə bilmirdilər. Universitetin vəziyyəti əsasının qoyulduğu kimi idi. Bu gün o vəziyyət İslam görkəmi ilə əvəzlənməlidir. Bu, qəti bir məsələdir.
Dini bilgi
Biz bir neçə il bundan əvvəl universitetdə dedik ki, xüsusi səbəbi olan istisnaları çıxmaq şərtilə təhsil üçün elm hövzələrinə gedən tələbə bir neçə ildən sonra tamamilə dinə bağlı bir adam olduğu kimi, universitetə gedənlər də belə olsun. Yəni bizim universitetlərimiz gərək fundamental olaraq elə yenilənsin ki, oraya daxil olan şəxsin dinə və məzhəbə qarşı təslimçiliyi, ciddiliyi və bilgisi möhkəmlənsin və universiteti bitirəndə dinə tam bağlı bir insan olsun. Fərqi yoxdur ki, o insan həkim olsun, psixoloq olsun, sosioloq olsun, yaxud mühəndislikdə və mühasibatda təhsil almış olsun. Əsl İslam cəmiyyətinin universiteti belə olmalıdır.
Son məqsəd
Lakin bu məqsədi necə reallaşdırmaq olar? Onun şərtlərindən biri sizin universitetlərdə çalışmanızdır. Universitetlərin İslam formasına düşməsi bizim son məqsəd və amalımızdır. Bu məqsədə nail olmaq üçün hökumət, nazirliklər, məmurlar, ölkənin kütləvi informasiya vasitələri, o cümlədən teleradio şirkəti, mətbuat, alimlər, hövzə və hamı uzun müddət işləməlidir. Qeyd etdiyim kimi, bu məqsədin həyata keçməsinin bir hissəsi də sizin universitetdə olmanıza bağlıdır. Biz ümidvarıq ki, buna dair yeni səlahiyyət və status qabaqkının nöqsanlarından uzaq olsun və onun müsbət cəhətlərini götürsün. Qabaqkı formanın sözsüz ki, qüsurları vardı, amma başdan-ayağa qüsurlu deyildi, müsbət cəhətləri də çox idi. Biz istəyirik ki, bu yeni forma qabaqkı müsbət cəhətlərin hamısını götürsün, nöqsanlar isə olmasın. Bu məqsədə doğru getmək istəyirik. Bundan ötrü də gərək cənabların universitetdə ruhani simaları olsun. Mən həmişə bunun üzərində təkid göstərirəm. Siz cənablar əmmaməli bir məmur və kargüzar kimi yox, bir ruhani kimi universitetlərdə çalışmalısınız. Bəziləri belə düşünürlər ki, universitetlərdəki nümayəndəliklərin mütləq təşkilatı, ofisi, dəm-dəsgahı, bir neçə otağı, bir neçə telefon xətti, hər bir işçinin bir katibi olmalıdır və sair. Mən bu məsələlərə qarşı deyiləm. Bu, bəzən lazım olur, bəzən olmur; bəzən az lazım olur, bəzən çoxu. Mənim fikrim budur ki, siz bir hövzə tələbəsi, axund və ruhani kimi universitetə gedəsiniz. Mənim fikrim budur. Ruhani bir zavoda, müəssisəyə, yaxud bazara getdikdə necə gedirsə, universitetə də elə getsin. Düzdür, axundun bazarda bir növ fəaliyyəti var. Universitet üçün də bir sıra işləri bacaran ruhani lazımdır.
Yaxşı ruhani
Mən universitetlərlə az-çox tanışlığıma görə belə anlayıram ki, uğurlu fəaliyyət üçün gərək yaxşı ruhani olasınız. Əgər universitetdə yaxşı ruhani olsanız, o zaman əsasnamələrə yazılıb sərəncamla göndərilən və adətən, ondan birinə də əməl olunmayan işlər yazılmadan və göndərilmədən həyata keçər, universitetin və tələbənin sevdiyi, uca tutduğu uğurlu bir ruhani uyğun olmayan bir təhsil müavini, rektor və ya hansısa fakültənin bir müəllimi ilə qarşılaşdıqda, bir işarə ilə onu universitetdən çıxara bilər, “müəllim və işçi götürərkən ruhaninin də fikrini öyrənin” deməyimizə ehtiyac qalmaz.
Avamlıqdan çəkinmək
Universitetdə sizə müraciət edənlərə yaxşı bir dost, yaxşı camaat imamı, şəriət hökmü deyən, dini məsələləri yaxşı bəyan edən birisi olun. Əgər bu bir neçə xüsusiyyətə malik olsanız, uğurlu ruhani olarsınız. Vaxtında namaz yerində olun. Sizin yanınıza gəlib dərdləşmək, sözünü demək, məsləhətləşmək istəyən tələbə, yaxud müəllimin müraciət etməsi üçün kifayət qədər vaxt ayırın. Toplantılarda rastlaşanda, üzərində işlədiyiniz və araşdırma apardığınız İslam və Quranın uca və əsaslı təlimlərini bəyan edin. Avamcasına, mütaliəsiz və necə gəldi danışmaqdan çəkinin. Uca və əsaslı məfhumlar üçün hədd mərhum Mütəhhərinin kitablarıdır. Mənim fikrimcə, mərhum Mütəhhərinin kitablarını bilən bir hövzə tələbəsi universitetlər üçün layiqli ruhani ola bilər. Elmi baxımdan Mütəhhərinin kitablarını tam öyrənin. Təbii ki, ölkədə baş verən hadisələrlə də tanış olmalısınız. Çünki təkcə dini məsələlər yetmir. Əgər daha artıq və daha yaxşı bilsəniz, daha gözəl olar. Demək istəmirik ki, sonu budur. Demək istəyirik ki, bu həddə kifayətdir.
Alim, ayıq və dünyaya etinasız
Qısası budur ki, universitet gərək ruhanini alim, ayıq və dünyaya etinasız görsün. Bu üç şərt lazımdır. Alim olsun - yəni öz sahəsində bilik sahibi olsun, savadsız olmasın. Çünki bildiyimiz ki, savadsız əmmaməlilər də var. Bəziləri çox savadsızdırlar, dini məsələləri də düz-əməlli bilmirlər. Bəziləri isə savadsız deyillər, alimdirlər, amma dərin baxışları, ayıqlıqları yoxdur. Bu da faydasızdır. Üçüncüsü isə dünyanın bər-bəzəyinə etinasızlıqdır. Demirik ki, ac qalsın, yaxud minimumdan da çəkinsin. Xeyr, onda dünyaya hərislik duyulmasın, dünyaya rəğbət görünməsin.
Hər halda, çox təşəkkür edirəm. Əslində, sizin hər biriniz, xüsusən də cənab Cənnəti, cənab Sədr və digər məsul şəxslər vəzifənizi yerinə yetirməkdən əlavə, mənə böyük yaxşılıq da edirsiniz. Çünki bu iş mənim üçün çox əhəmiyyətlidir.
Ümidvarıq ki, vəzifələrimizi yerinə yetirməkdə Allah hamımıza kömək etsin!
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |