Təqva və siyasət38
Bismillahir-Rəhmanir-Rəhim.
Bu məclisin təşkil edilməsinə və siz əziz gənclərin, mənim öz övladlarımın burada iştirakına çox sevinirəm. Fəzanı gənclik ətri ilə ətirləmisiniz. Bunun böyük dəyəri var. Düzdür, bizim bu iftar süfrəmizdə çıxış nəzərdə tutulmamışdır. Proqram sizinlə bir yerdə iftar etmək, sonra sağollaşıb ayrılmaq idi. Lakin sizin kimi belə gülərüzlü, iti və məsum baxışlı əziz gənclərin bizim imtinamızla qarşı-qarşıya dayandığını gördükdə, sizin iradənizi tərcih etməyə məcbur oluruq. Normalda isə proqramın yalnız iftarla bitməsini istəyərdim. Hər halda, mən siz əzizlərlə bu görüşü çox faydalı hesab edirəm.
Gənc nəslin qədrini bilmək
Bizim ölkəmizdə kim gənc tələbə təbəqəsinə qarşı məsuliyyət hissindən doğan həssaslıq göstərməsə, heç şübhəsiz, səhvdədir. Bu gün hamı gənc nəslin, xüsusən də elm öyrənməyə başlamış gənclərin qədrini bilməli, onun taleyinə qarşı diqqətli olmalı, bu mühüm və həlledici amil qarşısında məsuliyyət hissi keçirməlidir. Ölkənin bütün məmurlarında bu hiss olmalıdır.
Təqvaya tövsiyə
Çox səmimi olan bu gözəl məclisdə mən sizə bir ata kimi baxıb, hər bir şeyi bir cümlədə xülasələşdirib onu tövsiyə etmək istəsəm, bu, təqvaya dəvətdən başqa bir şey olmaz. Bəlkə də fikirləşəcəksiniz ki, bu, təkrar sözdür, yeni söz deyil. Əvvəla, təkrar olunmuş və min dəfə təkrar edilmiş çoxlu sözlər var ki, indiyə qədər deyilməmiş sözlərdən daha dərin və daha gözəldir. Belə deyil ki, dəfələrlə deyilmiş bir söz deyiləsi olmasın və indiyə qədər deyilməmiş bir sözü demək lazım olsun. Quranda onlarla yerdə təqvaya əmr olunub. Bunu yalnız bir dəfə də deyə bilərdi, lakin belə etməmişdir.
Bu gün siması həqiqət axtarışında olan pak və uca insanların amallarını təsvir edən Əmirəlmöminin şərafətli Nəhcül-bəlağə kitabında hər şeydən çox öz dinləyicilərini təqvaya əmr etmişdir. O, təqva barədə bir xütbədə geniş söhbət aça və bir daha təkrarlamaya bilərdi. Bizə də vacibdir ki, hər cümə namazında xalqı təqvaya dəvət edək. Bunun özü önəmli bir məsələdir. Nə üçün təqvaya qarşı bu qədər diqqət var? Mən bu gecə sizi təqvaya tövsiyə edirəm və deyirəm: Mənim əzizlərim! Mənim övladlarım! Təqvalı olun. Özünüz üçün təqva toplayın.
Təqvanın nümunəsi
Təqva bütün insanlar, bütün təbəqələr və bütün fəaliyyətlər üçün vacib bir şeydir. Əgər onu özləri üçün toplayıb saxlaya bilsələr, ondan faydalanacaq birinci şəxs elə özləri olarlar. Buna görə təqvaya əmr etməyin hər bir dövrdə nümunə baxımından müəyyən mənası var. Təqvanın ümumi mənası həmişə birdir, lakin nümunələr, yəni insanın təqvaya riayət etməli olduğu yerlər baxımından, onlarla məna tapır. Buna görə də, təqvaya tövsiyə həmişə lazım və zəruridir.
Təqva nədir? Təqva ehtiyatlı olmaq və diqqətsizlik etməməkdir. Buna pəhrizkarlıq da deyirlər. Bu pəhriz yeməmək, içməmək və bir iş görməmək mənasında deyil. Təqva odur ki, insan həmişə pəhriz - qorxu və ehtiyat halında olsun, sürüşməkdən, başıaşağı yıxılmaqdan ehtiyatlansın. Siz dağlıq bir ərazidə gəzəndə, dağa çıxanda atdığınız hər bir addım taleyüklü olur. Əgər hər hansı bir addımda diqqətsiz olsanız, həyatınız təhlükəyə düşər. Buna görə də, atdığınız hər bir addımda diqqətli olmağa məcbursunuz; ayağınızın yerini yoxlayır, sonra qoyursunuz. Təqvanın mənası budur və bu, həyatın bütün işlərinə şamil olur.
"Təqvalı olun" ayəsinin mənası
"Təqvalı olun"39 ayəsini belə tərcümə edirlər: "Allahdan qorxun". Lakin Quranda “Allahdan qorxun” anlayışı var, təqvalı olmaq isə başqa bir şeydir. Allahdan qorxmaq ədalətli və məlumatlı bir hakimdən qorxmaq kimidir. Hakim bizim etdiyimiz işin bütün xırdalıqlarından məlumatlı və öz mühakiməsində sərt ədalətli olduqda, yəni heç zaman səhvə yol vermədikdə, öz həyatında qüsuru olan insan belə bir varlıqdan təbii ki, qorxur. Quranda bu mənada olan qorxu mövcuddur: “İnsanlardan qorxmayın, Məndən qorxun!”;40 “Əgər möminsinizsə, Məndən qorxun!”41 Təqvalı olmaq isə, ehtiyatlı olub qorunmaq deməkdir. Yəni ehtiyatlı olun, Allah-Taala sizi görür. Təqva belə bir ehtiyatlılıqdır. Təqva uçurumları və çevrilmələri, tarixdəki bədbəxtlikləri, müxtəlif tayfa və xalqların həlak olmasını görmüş, gələcəyin də qarşısında hazır olduğu bir insanı etimadsız bir nöqtəyə addım atmağa qoymur.42 Təqva - sürüşmə ehtimalı olan və xilası mümkün olmayan sıldırım qayaya addım atmaqdan çəkinmək, ehtiyatlı olmaqdır.
Həyatda təqva
Təqva həyatın bütün sahələrinə aiddir. Bu, təkcə möminə aid deyil, mömin olmayan da təqvalı olsa, təqva onu imana yönəldə bilər. Hidayətdən uzaq qalmaların çoxu təqvasızlıqdan qaynaqlanır; yəni taleyə biganə olmaq, hər bir insanı gözləyən aqibəti, ölüm və həyat sərhədini keçmək məsələsini ciddi saymamaq. Bunlar insanın uyğun ehtiyat mövqeyini itirməsinə səbəb olur. Buna görə də, hidayət yolunu axtarmır, ölümdən sonrakı taleyinin nə olacağı barədə düşünmür, bizim və bu dünyanın yaradanı olan Allahın bizdən nə istədiyi ilə maraqlanmır. Bu, sözügedən təqvasızlıq halıdır. Lakin insanda təqvanın əlamətləri sayılan bu nigaranlıqlar mövcud olsa, hərəkət edər, çalışar və həqiqət yolunu axtarar. Kim buna çalışsa, Allah da onu hidayət edər: “Bizim uğrumuzda cihad edənləri (çalışanları) öz yollarımıza hidayət edəcəyik”43. Allah-Taala Quranda buyurur: “Sən ancaq Qurana tabe olan kimsəni qorxuda bilərsən”44. Ey Peyğəmbər! Sən zikr ardınca olan insanları hidayət edə bilərsən. Zikr - xatırlamaq, unutmamaqdır. Təqva budur.
Tələbə və təqva
Bir tələbə öz dərsində, rəftarında, siyasi fəaliyyətində, mövqe seçimində, gələcəyinin seçimində təqvalı ola bilər. Təqva ilə hərəkət etmək olar. Meyarı da budur ki, özünüzə vəzifə bildiyiniz, sizi çağırdığını duyduğunuz iş zamanı başqa heç bir amil sizi ona doğru hərəkətdən saxlaya bilməsin. Tələbələr əsas xaraktercə, əvvəldən belə olmuşlar.
Mən gənclik dövründən tələbələrlə əlaqədə olmuşam. Qumdan Məşhədə qayıtdığım dövrdə hövzə tələbələri üçün təfsir dərsi deməyə başladım. Sonra gördüm ki, hövzə tələbələri arasında bəzi gənclər də peyda olurlar, onlar da gəlib iştirak edirlər. Öyrəndim ki, bunlar universitet tələbələridir. Bildim ki, universitet gəncləri arasında Quran təfsirinə maraq var. Bunlar o zaman güclü şəkildə yayılan marksist təfəkkürlər qaşısında möhkəm və güclü bir məntiq əldə etmək istəyirdilər. Bu, Quran məntiqi idi.
İnqilabdan qabaq marksizmin təbliğatı
Sizə bunu da deyim, bəlkə də çoxları üçün təəccüblü görünər. Repressiya dövründə rejimin ABŞ tərəfdarı, kommunizmlə kəskin düşmən, onları darmadağın edən bir rejim olmasına baxmayaraq, eyni zamanda altmışıncı illərin sonu və yetmişinci illərin əvvəllərində marksist anlayışlarının və marksist kitablarının gənclər arasında və universitetlərdə yayılması inqilabçı İslam təfəkkürlərinin yayılmasından qat-qat kiçik cinayət sayılırdı. Mən görürdüm ki, bəzən bir broşür, yaxud kitab nəşr etdirmək istədikdə senzura mərkəzlərində necə maneələrlə rastlaşırdıq və çap edilmirdi. Əgər nə vaxtsa hansısa bir yolla bu broşür və kitablar onların əllərindən çıxıb çap olunsaydı, kitab mağazaları onları öz piştaxtalarına qoymağa cürət etmirdilər. Amma o zaman mağazaların piştaxtaları marksist broşürləri ilə dolu idi. Bu vəziyyət Tehranda digər yerlərdən daha pis idi. Məşhəddə də görünürdü. Mənim namaz qılıb söhbət etdiyim məscidin yanında bir kitab mağazası vardı. Bir gün keçəndə gördüm ki, təxminən 100, 150, 200 səhifəlik 7-8 marksist kitabını satışa qoyub. Onların hamısını yığıb aldım ki, vəziyyətin necə olduğunu dostlara göstərim.
Rəhbərin təfisir dərsləri
Universitetdəki müsəlman və mübariz gənclər möhkəm bir səngər tapıb bu təfəkkürlərə qarşı mübarizə aparmaq istəyirdilər. Mən başqa bir məsciddə tələbələrə məxsus Quran təfsiri üçün dərs təyin etdim və dedim ki, cümə günləri yalnız universitet tələbələrinə Quran təfsir edəcəyəm. Oraya gələnlərin izdihamı gənc məclislərini görənlərin hamısının təəccübünə bais olmuşdu. Təyin etdiyimiz məscid gənclərlə doldu. Ora bəs etmədiyindən başqa bir yerə getdik. Düzdür, bir il çəkmədi ki, SAVAK tərəfindən dərsə qadağa qoyuldu. Bəhanə etdilər ki, siz burada siyasi təbliğat aparırsınız. Mən Bəqərə surəsinin ayələrini təfsir edirdim. Bu surənin əvvəlləri Bəni-İsrail övladları barədədir. Onlar deyirdilər ki, İsrail övladları dedikdə məqsədiniz İsrail dövlətidir və bu da cinayətdir. Bu əsasla dərsi bağladılar.
İnqilabın əvvəllərində universitetin vəziyyəti
Gənclərin bu hazırlığı, təhlükələr qarşısında mübarizliyi, öz qərarı üzərində dayanması, onları çağıran vəzifəyə hazır olması mənim həmişə müşahidə etdiyim xüsusiyyətlərdəndir. İslamın, İranın və bu ölkənin başucalığının düşmənləri həmişə gənc nəslin elmi fəaliyyətdə imanla hərəkət etmələrinə və ölkələrinə töhfə vermələrinə mane olmaq istəmişlər. Onlar gənc nəslin qarşısında bataqlıq və uçurum yaratmaq istəyirlər. Əlbəttə, instinktiv təmayül də mövcuddur; nəinki gənclər, bəzən qocalar da bəzi vəsvəsələr qarşısında yuvarlanırlar. Həmişə belə şeylər olub. Buna görə inqilabdan öncə, sonra və inqilabın əvvəllərində İslama, inqilaba və İslam quruluşuna müxalif olan bütün qruplar universitet üzərində mərkəzləşdilər. Onlar universiteti tutmaq, gəncləri öz tərəflərinə çəkmək, İslam inqilabını, İslam quruluşunu, İslamın bu möhtəşəm və gözəl hərəkətini gənc, alim, elmi gələcəyə malik düşüncəli tərəfdarlarından məhrum etmək istəyirdilər. Bu məqsədlə universitetdə çoxlu işlər gördülər. Yəqin ki sizin çoxlarınızın yadında deyil, lakin mənim üçün dünən kimidir. O zaman da mömin, yaxşı, prinsipial və aktiv tələbələr aldanmışlar qarşısında ən mühüm rolu ifa etdilər. Müxtəlif qruplaşmalar Tehran Universitetinin qərbindəki xiyabanda hər addımbaşı bir tablo vurmuş, müxtəlif adlarla qərargahlar düzəltmişdilər. Universitet daxilində də kafedraların bəzi otaqlarını özlərinə ayırmışdılar. Əvvəlcə oranı öz siyasi mübahisələrinə və partiya işlərinə mərkəz etmiş, sonra isə silah anbarına çevirmişdilər.
Rəhbərdən bir xatirə
Mən həftədə bir gün Tehran universitetinin məscidində günorta namazlarını qılırdım. Namazdan sonra bir qədər söhbət edir və tələbələrin suallarına cavablandırırdım. Bu mənim hər həftəlik proqramım idi. Bir gün günortaya yaxın universitetə tərəf hərəkət etdim. Universitetə çatdıqda gördüm ki, çox sakitlikdir. Orada olan mömin uşaqların bir neçəsi gəlib mənim mühafizəçilərimə dedilər ki, onu universitetə qoymayın, təhlükəlidir. Mən dedim ki, yox, bizim proqramımız var, bazar günüdür və mən getməliyəm, universitetin məscidindəki görüşümüzü tətil etməyəcəyəm. Bir tərəfdən universitetin məscidinə gəldik və gördüm ki, orada çox az uşaq qalıb. Nəhayət, bizi qane etdilər ki, universitetdə qalmayaq. Mən universitetdən çıxdım, onlar da çıxdılar. Sonra həmin tələbə gənclərin özləri və xalq bunları universitetdən ixrac etdilər. O zaman hökumət elan etdi, imam da müdafiə elədi və xalq universitetə girib oranı o qədər insanla doldurdu ki, bu qruplar suda həll olan duz kimi məhv oldular. Universitet qruplaşmaların əlindən çıxdı. Əsas qüvvə də tələbələrin özləri idi. Tələbə mühiti belədir: pak, sədaqətli, səmimi, düzgün hisslərə cavab verən bir mühitdir.
Doğma və yadlar
Mən sizin kimi müxtəlif siyasi təmayüllərə malik təşkilatların bir-birinin yanında oturduğunu, birgə olduğunu, bir yerə toplaşdığını görəndə sevinirəm. Mən bütün xalqa, o cümlədən tələbə mühitlərinə zorla sırınan ayrılıq və bölünmələrdən çox əziyyət çəkirəm. Mən bir neçə il öncə cümə namazında "doğma və yadlar" ifadəsini işlətdim, bəziləri çox hirsləndilər. Halbuki burada hirslənməyə əsas yoxdur. "Doğma və yadlar" bölgüsü tamamilə düzgündür. Əvvəla, bu, xalqa aid deyildi, siyasilərə, siyasi fəallara, müxtəlif siyasi sahələrdə çalışan şəxslərə müraciət idi. Xalq həyatda, müxtəlif mühit və fəaliyyətlərdə bir-birinin yanındadır: qonşu, dost, tanış, əməkdaş və sair. Söhbət onlardan getmir, "doğma və yadlar" məsələsi siyasi sahəyə aiddir.
Bu gün hegemon və istismarçı ölkələrin, xüsusən ABŞ-ın siyasi dairələri çoxlu təcrübələrə malikdirlər. Onlar bütün dünyada fəaliyyət göstərirlər, Latin Amerikasında, Afrikada, Asiyada, Avropanın özündə, müxtəlif ölkələrdə iqtisadi, siyasi və digər həlledici sahələrə yol tapmaq üçün mübarizə aparırlar. Nə qədər rejimlər yıxıblar, nə qədər hərbi çevrilişlər planlayıblar, nə qədər müstəmləkəçi qüvvələrə dayaq olublar. Bu gün də bu işlərlə məşğuldurlar. Mən indi ad çəkmək istəmirəm. Bizim regionmuzda sosial bazası olmayan çoxlu dövlət və rejim saya bilərsiniz. Dini legitimlik bir yana qalsın, zərrə qədər də əqli, siyasi və ictimai legitimlikləri belə yoxdur. Xalq bu rejimlərin qurulmasında zərrə qədər də rol oynamayıb, onlar hərbi və siyasi güc hesabına hakimiyyət başındadırlar. Onların arxasında kim durur? Hegemon dövlətlər və birinci növbədə ABŞ. Bizdə belə ölkələrdən az deyil, bircə nəzərlə 6-7 belə dövlət tapmaq olar.
Onlar bu işdə böyük təcrübəyə malikdirlər. Oturub müxtəlif layihələr hazırlayır, təbliğat şüarları düzəldir və ortaya atırlar. Burada da onların adamları var. Onların pas ötürdüklərini burada tutur və üzərlərinə düşən işi görürlər. Bu şəxslər yad və özgədirlər. Kim olursa-olsun, istər üzərində xüsusi bir partiya adı olsun, ya olmasın; istər açıq şəkildə İranda ABŞ-ın müdaxiləsinin tərəfdarı olduğunu desin, istər deməsin; istər ABŞ-ın İrandakı istəklərinin həyata keçməsini istədiyini bildirsin, ya da bunu açıq şəkildə deməsin, rəftarı və sözü bunu göstərsin. Belə bir adam özgə və yaddır. Siyasi mühitdə belə ünsürlərdən çəkinmək lazımdır. Əlbəttə, çəkinmək lazımdır, onları darmadağın etmək yox. Biz heç zaman bunu nə hökumətə tövsiyə etmişik və edirik, nə də müxtəlif qurumlara. Bunlar cinayət törətsələr, cinayətkar kimi cəzalandırılmalıdırlar. Amma nə qədər ki, hüquqi cinayət törətməyiblər, biz demirik ki, kiminsə fikri belə olduğundan, məhv edilməlidir. Bunların vətəndaş hüquqları var, lakin yaddırlar, doğma, məhrəm və xeyirxah deyillər. Bu söz onda bəzilərini narahat etdi, dedilər ki, siz nə üçün deyirsiniz: “doğma və yad”. Əlbəttə, mən o zaman güclü ehtimal verdim ki, bu söz qarşısında ajiotaj yaradanlar, təhrik edənlər, şüar verənlər elə doğma olmayanlardır. Bu bölgünü hamı qəbul edir. Tamamilə məntiqli və məqbul sözdür. Sizin maraqlarınızı qəbul etməyən şəxslə normal və məhrəm münasibətdə ola bilməzsiniz. Sizin maraqlarınızla düşmən olan, sizin sözünüz, yolunuz, işiniz və gələcəyiniz üçün heç bir əhəmiyyət tanımayan, onun əksini lazım və mühüm bilən şəxsə, bəllidir ki, etimad etməzsiniz. Bu baxımdan, "doğma və yad" məsələsi çox aydın bir məsələdir. Eyni zamanda bəziləri ona qarşı çıxdılar, bəzu mətbu orqanlarında, qəzetlərdə bəzi sözlər yazdılar.
Doğmalara qarşı, yadlarla əlbir
Yad və bədxah düşmənlə mübarizəyə dözə bilməyənlər mömin, doğma, ölkənin maraqlarını və gələcəyini istəyən, lakin siyasi baxımdan fərqli düşünən bir qüvvə qarşısında isə "doğma və yad" üsulunu icra edirlər. Bu, səhvdir. Buna görə cənab Qumi buradakı dostların - əziz qız və oğlanların müxtəlif tələbə təşkilatlarından olduqlarını deyəndə çox sevindim.
Təqva vəzifəni tanımaqda və lazımi mövqeyi seçməkdə təsirlidir. “Təqva” dedikdə məqsədimiz bu deyil ki, kimsə mütləq boynunu əyib təsbehlə zikr deməyə başlasın. Təqvanın mənası bu deyil. Təqvanın mənasında ayıqlıq, oyanış, müxtəlif məqsədləri nəzərə almaq və diqqətlilik yatmışdır. Sanki bir sürücü rol arxasında oturmuşdur, lakin maşının dörd tərəfi onun nəzarəti altındadır, tam ehtiyatlıdır.
Siyasi mövqelərdə təqva
Siyasi mövqe seçimində də təqva lazımdır. Harada siyasi mövqe seçmək istəyirsinizsə, diqqətli olmalısınız ki, bu mövqe inqilabi amallarla, İslam amalları ilə və ölkənin ali maraqları ilə uyğundur, yoxsa yox? Bura təqvanın təsir etdiyi bir yerdir.
Mənim əzizlərim! Bəzilərini bir mövqeyə çəkən səbəbi, iddia etdiklərinin əksinə olaraq, bəzən təyin etmək olmur. Məhəbbət və nifrət, xarakter, nöqsan, tamah, qorxu və bu tip məsələlər təsirli amillərdir. Özləri üçün bir gələcək təsvir edirlər və ondan uzaq düşməmək məqsədilə bəzi mövqelər seçirlər. Bu, düzgün deyil. Bu, təqvadan qaynaqlanan addım deyil. Bəzilərinin məqsədi yalnız hakimiyyətdir. Biz bunu da görmüşük. Bu 21-22 illik inqilab dövründə elə adamlar gördük ki, zahiri baxımdan yaxşı sözlər danışırdılar, lakin sözləri hakimiyyət həvəsli ürəkdən gəlirdi. İnqilabın əvvəllərində hakimiyyəti ələ alan və imamın da sonsuz dərəcədə müdafiə etdiyi cənablar inqilabın yolunu bütünlüklə dəyişmək istəyirdilər. Əgər imamın sayıqlığı, qətiyyəti, möhkəmliyi və bu məsələlərlə məşğul olan bəzi şəxslərin diqqəti olmasaydı, xalqın bu böyük inqilabının nəticəsinin nə olacağı bəlli deyildi. Mən bir hadisədə yox, bir neçə hadisədə bunu yoxlamışam. Onlar üçün birinci dərəcəli məsələ hakimiyyətə gəlmək idi; istər özləri, istərsə də qrupları. Qrup maraqları onlara icazə vermirdi ki, öz qruplarından başqa yerdə olan dostlarını belə hakimiyyətə yaxın buraxsınlar. Xoşbəxtlikdən, onların hakimiyyəti davam etmədi, imamın sayıqlığı mane oldu. Onların inqilabla, imamın xətti, tərəfdarları, inqilabın tərəfdarları və inqilabçı İslamı istəyənlərlə rəftarı heç zaman xeyirxah olmamışdır.
Allah təqvası – bütün işlərin əsası
Hər halda, mən siz əziz gənclərə deyirəm: İstər dərs oxumaqda, istər siyasi mövqe seçməkdə və istərsə də mədəni fəaliyyətlərdə Allah təqvasını, Allahın razılığını, Allah-Taalanı razı salacağını bildiyiniz işləri axtarmağı unutmayın, əldən verməyin. Əsas budur. Əgər ölkədə xalqın mühüm bir hissəsi bu niyyətdə olsa, hamı belə olmasa da, ölkə yaxşı günə çıxacaq. Əgər bir ölkədə mömin camaat və mömin təbəqə olsa, heç şübhəsiz, onlar sağlam hidayət, izzət və ucalıq yolları ilə gedəcəklər.
Siz ölkənizin ən həssas dövrlərindən birində yaşayan gənc nəsilsiniz. Mən güman edirəm ki, bu qədər həssas bir dövrlə keçmişdə az rastlaşmışıq. Yəni belə deyim: heç bir həssas dövr belə bir əlverişli şəraitlə birgə olmayıb. Bəlkə bu qədər həssas olan digər dövrlər də olub, lakin hazırlıq olmayıb. Amma bu gün bu ölkənin gənc nəslinin keçmişin geriliklərini düzəltmək üçün hazırlığı var, potensial mövcuddur. Allahın və dinin yolu aydın yoldur. Quruluşun və cəmiyyətin bünövrəsi yaxşılıq üzərində qurulub, fəsad üzərində yox. Dövlət məmurlarının məqsədi yaxşılıq və xidmətdir. Bu ölkənin pisliyini istəyən və imkan tapdıqda onun maraqları əleyhinə fəaliyyət göstərən əcnəbilərin ölkənin daxili işlərində heç bir rolu yoxdur. Bunların hamısı imkanlardır.
Ən vacib məsələ
Bəziləri bu imkanları, bu əlverişli şəraiti məhv etmək istəyirlər. Mənim fikrimcə, bu gün bütün tələbə qruplarına ən vacib məsələ cəmiyyətimizdə inkişafa əlverişli olan bu mühiti məhv edib insanları ümidsizliyə uğratmaq, universitetdə dərs və elmin səviyyəsini endirmək, elmi, təhsili rövnəqdən salmaq, tələbələri digər işlərə, müxtəlif çəkişmələrə, mənasız siyasi oyunlara qatmaq istəyən şəxslərlə mübarizədir.
Mən görürəm ki, bəzən tələbələr arasında müəyyən fikirlər səslənir. Mən bu fikirlərə nə təəccüb edirəm, nə də bu gözlədiyimin əksinədir. Bunların əhəmiyyəti yoxdur. Mənim üçün əhəmiyyətli olan belə fikirlərdə tələbələrin məqsədləridir. Bu gün iyirmi ildir ölkənin universitetləri inkişafa doğru hərəkət edir. Bu ölkədə çoxlu tələbə mövcuddur. Say çox olduqda onların arasında keyfiyyətlilərin olmasına da əminlik yaranır. Müxalif insanların məqsədi hansısa yolla universiteti elm və təhsil prosesindən saxlamaqdır. Tələbələrə qarşı baş tutan bu fəaliyyətlərin bəzisində belə mənfur və xəbis niyyətlər mövcuddur. Onlar bizim gənc və mömin universitetimizi işindən saxlamaq istəyirlər. Allaha şükür olsun ki, siz əzizlərin nurani ürəkləriniz, pak ruhlarınız və xalis niyyətləriniz var, inşallah, Allahın nəzəri üstünüzdədir. Çalışın bütün fəaliyyətlərinizdə təqvaya diqqət yetirin, təqvanın əhəmiyyəti barədə bacardığınız qədər düşünün. Görün sizin fəaliyyətlərinizdə hansı əməl, hansı hərəkət, hansı mövqe təqva ilə uyğundur.
Mən də dua edirəm ki, Allah-Taala sizin hamınızı müvəffəq etsin. Ölkənin sizin vücudunuzdan, xidmətlərinizdən, elm, bilik və tədqiqatlarınızdan, müxtəlif mərkəzlərdə fəaliyyətlərinizdən faydalanacağı gün inşallah, gələcək.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |