Xəbər bülleteni №25



Yüklə 449,42 Kb.
səhifə3/6
tarix21.10.2017
ölçüsü449,42 Kb.
#8036
1   2   3   4   5   6

Varlıların varlısı: Bill Qeyts

02.03.2016



us-politics-clinton global initiative“Forbes” jurnalı yeni reytinq dərc edib. Reytinqə görə, “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts dünyanın ən varlı adamıdır. O, 75 milyard dollarla milyarderlərin siyahısına başçılıq edir.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin ən varlı insanları reytinqində 2-ci yerdə 64,5 milyard dollar varidatla “İnditex” kompaniyasının qurucusu Amansio Orteqa, 3-cü yerdə 60,8 milyard dollar vəsaiti olan investor Uorren Baffet qərarlaşıb.

Telekommunikasiya sahəsində varidat toplayan meksikalı Karlos Slim Elu bu dəfə 50 milyard dollar vəsaitlə iki pillə geriləyərək 4-cü sıraya düşüb. Siyahıda 5-ci yeri 45,2 milyard dollar vəsaitlə “Amazon” şirkətinin banisi 52 yaşlı Ceff Bezos tutub.

Reytinq siyahısında növbəti 3 mövqeni “Facebook” sosial şəbəkəsinin banisi Mark Suxerberq (44,6 milyard dollar), “Oracle” kompaniyasının qurucusu Larri Ellison (43,6 milyard dolar) və “Bloomberg” informasiya agentliyinin baş direktoru Maykl Blumberq (40 milyard dollar) bölüşür.

Dünyanın ən varlı insanlarının reytinq siyahısında ilk 10-luğu isə Çarlz və Devid Kox qardaşları qapayır. Onların hər birinin varidatı 39,6 milyard dollar həcmində qiymətləndirilir.

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti açıqlanıb

02.03.2016

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna martın 1-dək daxil olmuş vəsaitin məbləğini açıqlayıb. Yuvarlaq hesabata görə, fonda 70 milyon 855 min manat, 212 min ABŞ dolları və 2094 avro vəsait daxil olub.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Yeni büdcə: suallar var

02.03.2016

rovshan-agayev-yeni1İqtisadçı ekspert Rövşən Ağayev yenilənən dövlət büdcəsində qeyri-müəyyənliklərin olduğunu yazıb. Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə fevralın 23-də dəyişikliklər edib.

Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev qeyd edib ki, bir çox istiqamət üzrə xərclərin, artımların məqsədi büdcə sənədində, Hesablama Palatasının rəyində ətraflı izahatla təqdim olunmur: “Məsələn, sosial müdafiə və sosial təminat bölməsi üzrə xərclər 802,2 milyon manat artırılıb. Həmin vəsaitin 212,2 milyon manatının pensiya, təqaüd və müavinətlərə xərclənməsi vurğulansa da, qalan 590 milyon manatın konkret istiqamətlər və proqram tədbirləri üzrə bölgüsü barədə informasiya yoxdur. Kənd təsərrüfatı bölməsi üzrə xərclər 87,8 milyon manat artırılıb və həmin artımın “kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar”a yönəldiləcəyi bildirilir. Söhbət hansı islahatlardan gedir?

Eyni vəziyyət “nəqliyyat və rabitə xərcləri” bölməsində də özünü göstərir. “Rabitə” köməkçi bölməsi üzrə xərclərin 11,9 milyon manat artırılması və bu artımın “nəqliyyat, rabitə, informasiya və kommunikasiya sahəsində islahatlar”a xərclənəcəyi qeyd edilir. Söhbətin hansı islahatlardan getdiyi məlum deyil. Əslində hökumət büdcə ilə bərabər özünün islahat paketini də (əgər belə paket varsa) parlamentə təqdim etməli, həmin islahatlar üçün maliyyəni məhz ictimaiyyətə elan edilən konkret tədbirlərə görə istəməlidir”.

Ekspert analoji qeyri-müəyyənliyi büdcənin “iqtisadi fəaliyyət” bölməsi üzrə xərclərinə də aid edir: “Bu bölmə üzrə xərclər 106 milyon manat artırılıb, amma detallı izahat yoxdur. Qeyd olunur ki, artımın 36 milyon manatı maliyyə sağlamlaşdırılması tədbirlərinə yönəldiləcək. Millət vəkilləri üçün sağlamlaşdırma tədbirlərinin əhatə dairəsini qeyd etməyə lüzum olub-olmadığına həmin müzakirə iştirakçılarının özü qərar verə bilər, amma şəffaflıq naminə bu məlumatlar büdcə izahatında təqdim edilməlidir.

“Digər xərclər”, “sair xərclər” maddəsi altında xərclərin bölgüsü son dəyişiklikdə özünü daha kəskin göstərib. Məlum olur ki, 2016-cı ilin dövlət büdcəsinin xərcləri 2,2 milyard manat artırılıb və onun 1,2 milyard manatı (55%-i) məhz “digər xərclər” maddəsinə aid edilib. Yerdə qalan artımlar əmək ödənişi xərcləri (14%), təqaüdlər və müavinətlər (9,6%), borclar üzrə əməliyyatlar xərclərinə (23.9%) şamil edilib. 2016-cı ilin büdcəsinin ilkin təsdiq edilmiş variantında “digər xərclər”in büdcədə payı 9,6% idi, son dəyişiklikdən sonra rəqəm 15%-ə yüksəlib. Böhran hökuməti büdcəyə qənaət, xərclərin səmərəli istifadəsi ilə bağlı bəyanatlar verməyə məcbur etdi. Halbuki qənaət və səmərəli istifadə üçün başlıca şərt şəffaflığın təmin olunmasıdır”.

Dollar 1 manat 58 qəpiyi ötdü

03.03.2016

manat 1
Martın 3-də Azərbaycan manatı həm ABŞ dolları, həm avro, həm də Rusiya rublu qarşısında ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank ABŞ dollarının kursunu 1,5764 manatdan 1,5843 manata yüksəldib. Avronun satış kursu 1,7117 manatdan 1,7204 manata, Rusiya rublunun məzənnəsi 0,0215 manatdan 0,0217 manata qalxıb.

Son bir ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

Dövlət büdcəsində yeniliklər prezidentin imzası ilə rəsmiləşdi

03.03.2016



prezident 1Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanununu imzalayıb. Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman da verilib.

Dövlət büdcəsində yeniliyə görə, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da əvvəl təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin əvvəlki proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.

Dövlət və icmal büdcələrin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülür. 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır.

2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma proqnozlaşdırılır (41,7 faiz). Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Gəlirlərin 45,3 faizi Dövlət Neft Fondunun transferti hesabına formalaşacaq.

Yenilənmiş dövlət büdcəsində xərclər 18 milyard 459 milyon manatdır. Kəsirin yuxarı həddi 1 milyard 673 milyon manat hesablanıb.

Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsində dəyişikliklər də prezidentin imzası ilə təsdiqlənərək qüvvəyə minib. Fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır, bu da əvvəlki proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Artımın 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək.

2016-cı il üçün yeni büdcədə əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur. Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.

Yeni büdcədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

“AzəriLayt” büdcədəki qiymətdən 12 dollar 58 sent baha satılır

03.03.2016



neft 1Dünya birjalarında neftin qiyməti artır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,69 dollar bahalaşaraq 34,79 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar yüksələrək 36,92 dollar olub.

AZƏRTAC-ın 3 mart xəbərinə görə, “AzəriLayt” markalı neftin bir barreli 0,80 dollar bahalaşaraq 37,58 dollara satılır. Bu, Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 12 dollar 58 sent yuxarı qiymətdir. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Transparency.az bildirir ki, Azərbaycan neftinin indiki qiyməti 2 il əvvəlki qiymətdən 75 dollara yaxın aşağıdır. 2014-cü il martın 3-də “AzəriLayt” markalı neftin bir barreli London birjasında 112,33 dollar olub. Həmin gün “Layt” markalı neft bazarda 102,59 dollara, “Brent” markalı neft 109,11 dollara təklif edilib.

“Elektron müraciət yardımların təyinatında məmur müdaxiləsini mümkünsüz edir”

03.03.2016

elnur mecidov 1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov nazirliyin saytına müsahibə verib. Transparency.az-ın məlumatına görə, o deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində elektron texnologiyaların tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, ünvanlı dövlət sosial yardımı kimi aktual fəaliyyət sahələrini əhatə edir: “2014-cü ilin ortalarında istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu gün yeni texnologiyaların tətbiqi sahəsində ümumən ölkəmizin uğurlu iş təcrübəsi kimi dəyərləndirilir. İşəgötürənlərlə işçilər arasında bağlanan hər bir əmək müqaviləsi, müqaviləyə dəyişiklik edilməsi, yaxud xitam verilməsi müvafiq bildiriş formasında “Elektron hökumət” portalı üzərindən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə həmin sistemdə rəsmi qeydiyyatdan keçirilir. Bu da ölkədə əmək bazarına, əmək hüquqlarının təminatına dövlət nəzarətinin birbaşa və operativ, daha səmərəli təşkilinə, işçilərinin hüquqlarının müdafiəsi mexanizminin təkmilləşməsinə, bütün əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib.

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin işə salınması “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” kimi əhalinin geniş şəkildə faydalandığı yeni elektron xidmətlərin “Elektron hökumət” portalı üzərindən istifadəyə verilməsinə şərait yaratdı. Yalnız onu qeyd etmək kifayətdir ki, indiyədək “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması” e-xidmətindən 4 milyon dəfəyə yaxın, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 900 min dəfəyə yaxın, ümumilikdə bu sistemdən 4,9 milyon dəfəyə qədər istifadə olunub”.

Şöbə müdiri əlavə edib ki. 2014-cü ilin sonlarında istifadəyə verilən “İş yerinə dair arayış” e-xidməti bu gün ölkənin ümumən elektron arayış sistemində ən populyar olan və kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan bir e-xidmətdir: “Bu il martın 1-nə olan məlumata əsasən, həmin e-xidmətdən 253198 dəfə istifadə olunub”.

Elnur Məcidov elektron texnologiyaların tətbiqinin əlillik müayinəsi sistemini də əhatə etdiyini vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb və hazırda onun daha da təkmilləşdirilməsi işləri görülür. TSERAS-ın tətbiqi ölkədə əlilik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə və bununla da həmin sahədə şəffaflığın təminatına hesablanıb. Yeni sistem əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etməyə, əlillik təyinatının tam avtomatlaşdırılmasına imkan yaradır. Əlillik müayinəsi üçün müraciət edən vətəndaşdan hər hansı xəstəlik sənədi tələb olunmayacaq və bu, müvafiq qurumun informasiya bazasından elektron qaydada əldə olunacaq.

Əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir və bu da bizə ötən ilin dekabrında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətini hazırlayaraq “Elektron hökumət” portalı üzərindən əhalinin istifadəsinə təqdim etməyə imkan verdi. Tibbi-Sosial Ekspert Komissiyalarında əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, həmçinin bu və ya digər quruma təqdim etmək, yaxud göndərmək üçün PDF formasında elektron arayış formalaşdıra bilirlər. Arayışın təqdim olunduğu təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var. Bu e-xidmətdə “Müayinələrin reyestri”, “Çıxarışın yoxlanılması”, “Çıxarışların tarixçəsi”, “Mənim yoxladığım çıxarışlar”, “Mənim çıxarışlarımı yoxlayanlar” bölmələri vasitəsilə aidiyyəti məlumatlarla tanış olmaq, həmçinin əlillik təyinatına dair çıxarışların bundan öncə kimlər tərəfindən və hansı tarixdə yoxlanılması barədə məlumatlar əldə etmək mümkündür.

Sonrakı mərhələdə isə biz vətəndaşların aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat almaq imkanlarını daha da sadələşdirdik və onların həmin məlumatı artıq heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan, daha rahat və asan formada əldə edə bilmələri üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı yeni e-xidməti cari ilin yanvar ayında təqdim etdik. Artıq əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən şəxs “Elektron hökumət” portalına daxil olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri sırasından “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidməti seçərək və müvafiq bölmədə yalnız şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, doğum tarixini qeyd edərək keçirilmiş sonuncu müayinənin nəticəsi və növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi, əlillik müddətsiz təyin edilibsə, o zaman onun müddətsiz olması ilə bağlı məlumat əldə edə bilir.

Qeyd etdiyim bu hər iki e-xidmətdən də vətəndaşların istifadəsi getdikcə genişlənir və təkcə bu ilin yanvar-fevral aylarında “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən 3500-dək, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı e-xidmətindən isə 19047 dəfə istifadə qeydə alınıb”.

Nazirlik rəsmisi qeyd edib ki, islahat tədbirlərindən biri də ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmasıdır: “Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb və ötən ay bu sistemin tətbiqinə başlanıb. VEMTAS ünvanlı yardım üçün müraciət edilməsi, həmin müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüququna baxılması və bu yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu proseslərini vətəndaş-məmur təmasları mümkün olmadan, avtomatlaşdırılmış rejimdə həyata keçirilməsini təmin edir.

Artıq sosial yardımın təyin olunması üçün elektron şəkildə müraciət edilməsi üçün nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti əhalinin istifadəsindədir. Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün kompüterlər, mobil telefonlar vasitəsilə, bu mümkün olmadıqda alternativ variant kimi poçt şöbələrində elektron qaydada müraciət edə bilirlər. Bununla əlaqədar poçt şöbələrində zəruri texniki imkanlar yaradılıb və bu istiqamətdə işlər davam etdirilir.

Vətəndaşların elektron müraciətlərinə baxılması üçün ailələrə aid müvafiq məlumatlar VEMTAS vasitəsilə “Elektron hökumət” portalı üzərindən 20-dən çox qurumun informasiya bazasına inteqrasiya şəraitində elektron qaydada əldə olunur. Yəni onların sosial yardımla bağlı müraciət etmələri üçün artıq ayrı-ayrı qurumlardan sənədlər toplamalarına ehtiyac qalmayıb, kağız daşıyıcılardan istifadə tam məhdudlaşdırılıb. Qəbul edilən e-müraciətlərə elektron sistem vasitəsilə 15 iş günü müddətində araşdırılaraq baxılır və sosial yardım təyin olunub-olunmaması barədə vətəndaşın e-müraciət zamanı “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə elektron qaydada məlumat göndərilir. Bu elektron müraciət və təyinat sistemi qeyd olunan yardımların təyinatında məmur müdaxiləsini mümkünsüz edir və prosesin şəffaf şəkildə həyata keçirilməsini şərtləndirir.

Ötən ayın sonlarında əhaliyə təqdim olunan “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti də geniş şəkildə istifadə olunan e-xidmətlərdən birinə çevrilməkdədir. Martın 1-dək vətəndaşlar bu e-xidmətdən artıq 28,6 min dəfədən çox faydalanıb”.

Şöbə müdiri bildirib ki, ümumilikdə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 elektron xidməti əhalinin istifadəsindədir: “Onların əksəriyyəti vətəndaşların ən çox faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərindən istifadə sayı da getdikcə artır. Məsələn, ötən ay bu e-xidmətlərdən faydalananların sayı yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb. 2016-ci ilin yanvar-fevral aylarında “Elektron hökumət” portalından ümumi istifadənin 26 faizə yaxını məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub”.

Ermənistan hökumətində yeni struktur dəyişikliyi və təyinat

03.03.2016



ovannes ovsepyan 1
Ermənistan hökumətində daha bir struktur dəyişikliyi aparılıb. Transparency.az xəbər verir ki, prezident fərmanı ilə dövlət gəlirləri orqanı Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb. Yeni yaradılan Dövlət Gəlirləri Komitəsi vergi və gömrük qurumlarını idarə edəcək.

Martın 3-də prezident Serj Sərkisyan Ovannes Ovsepyanı Dövlət Gəlirləri Komitəsinin sədri təyin edib. 43 yaşlı Ovannes Ovsepyan 2008-ci ildən Prezident yanında Yoxlama Xidmətinin başçısı idi. O, Yerevan Dövlət Universitetinin və Rusiya Dövlət Xidməti Akademiyasının məzunudur.

Ötən ay Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında uzunmüddətli əməkdaşlıq razılaşması imzalanıb. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu verilib. Daşnaklara verilən postlardan biri də ərazi idarəçiliyi və inkişaf naziri kürsüsüdür. Ermənistan parlamenti hökumətin strukturunda dəyişiklik edib, Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi bölünüb. Yeniliyə əsasən, Fövqəladə Hallar Nazirliyi bərpa olunub, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılıb.

Bu həftə isə Ermənistanın energetika və təbii sərvətlər naziri dəyişib.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təminatı ilə bağlı hesabat yayılıb

03.03.2016



emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, bu ilin yanvar-fevral aylarında Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 144 ədəd aşağı ətraf və 28 ədəd yuxarı ətraf protezi, 204 ədəd aşağı ətraf ortezi, 131 ədəd bel nahiyəsi üçün korset, 100 ədəd dördayaqlı dayaq vasitəsi, 228 cüt dirsəkaltı ağac, 336 ədəd əsa, 473 cüt protez ayaqqabı, 112 qoltuqaltı ağac, 706 cüt ortopedik ayaqqabı verib.

Qeyd olunan dövrdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 73 ədəd əlil arabası, 113 ədəd eşitmə aparatı, müxtəlif növlərdə 1270 reabilitasiya vasitəsi ilə təmin ediliblər. 165 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən istifadəyə verilib.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib. Bu dövrdə mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər də göstərilib.

Əmanətlər necə sığortalanacaq?

03.03.2016

azad cavadov 1
“2016-cı il martın 2-dən 2019-cu ilə qədər banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır”. Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadov martın 3-də keçirdiyi mətbuat konfransında belə deyib.

Azad Cavadovun sözlərinə görə, əmanətçi martın 1-nə qədər xarici valyuta ilə 12%-lə 10000 dollar vəsait yerləşdiribsə, bir il müddətinə bu əmanətçinin müddəti bitənədək əmanəti qorunur və sığortalanır. Əmanətçinin yerləşdirdiyi əmanətinin manat ekvivalentində həddi 30 min manatı aşarsa, bu zaman həmin aşılan hədd sığortlanmır. 1 mart 2016-cı ildən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər sığorta olunmur və onlara görə kompensasiya ödənilmir”.

APA-Economics-in məlumatına görə, fond sədri deyib ki, lisenziyaları ləğv olunan “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank”ın əmanətçilərinə bu günədək ümumilikdə 93 milyon manat vəsait ödənib: “Həmin üç banka ödənilməli olan kompensasiyanın ümumi məbləği təxminən 148 milyon manatdır. Hazırda fondun 40 milyon manat vəsaiti qalıb. Vəsaitimiz var, buna görə də Mərkəzi Bankdan əlavə vəsait götürməyə ehtiyac yoxdur. Kompensasiyaların ödənilməsi üçün gündəlik olaraq 3-4 milyon manat sərf olunur. Zərurət yarandığı halda fond Mərkəzi Bankdan 20 milyon manat cəlb edə bilər”.

Martın 1-də prezident İlham Əliyev parlamentin 19 yanvar iclasında qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunuimzalayıb. Qanuna görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Fevralda Təhsil Nazirliyinə 17101 müraciət daxil olub

03.03.2016



tnTəhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və vətəndaşların qəbulu mərkəzində 2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Edu.gov.az-ın məlumatına görə, ay ərzində 17101 müraciət daxil olub. Statistikaya əsasən, telefon məlumat mərkəzinə 12788 zəng (2015-ci illə müqayisədə 2,3 dəfə çox) gəlib. Vətəndaşların qəbulu mərkəzində isə bu dövrdə 4313 vətəndaşa xidmət göstərilib.

Müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1353 sənəd (661 məktub, 527 ərizə, 165 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

Sertifikasiya şəhadətnaməsini elektron qaydada əldə etmək mümkün oldu


Yüklə 449,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin