"Dəlinamə"— XVII əsr Azərbaycan ədəbi abidəsi; məsnəvi şəklində qələmə alınmış mənzum hekayə. Adından da göründüyü kimi, “dəli” türk sözü olub, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi dastan abidələrində “igid”, “qəhrəman” mənasında işlənmişdir. Şamil Cəmşidov “Dəlinamə” adlı məqaləsində əsərin elmi-paleoqrafik xüsusiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti məlumatlandırmışdır[1] "Dəlinamə" həcmcə kiçik olub, didaktik məzmun daşıyır. Əsərdə Şərq, o cümlədən Azərbaycan xalq ədəbiyyatında ağıllı, müdrik və qorxmaz dəli (Bəhlul Danəndə və s.) obrazlarından olan Dəlinin ictimai bərabərsizliyə, fövqəladə qüvvələrə qarşı üsyankar mübarizəsi təsvir olunmuşdur. Hekayət uzun illər islam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Nağılvari girişlə başlanan hekayətin məzmunu “Kitabi-Dədə Qorqud”un “Dəli Domrul” boyundakı kimi, maraqlı bir süjet üzərində qurulmuşdur. "Dəlinamə"nin qəhrəmanı çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən asi xarakterlidir. Lakin hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını sevən, gözütox və təmənnasız insan kimi diqqəti cəlb edir. Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəli Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha “Yuxaruda nə durursən, en aşaqə”, “Bənim qorkumdan oxşarsan uşaqə” deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir. Hekayətin sonunda, Dəli öz Tanrısına inam gətirəndən sonra belə bir fikir aydın olur ki, onun, yəni Dəlinin bütün narazılığının səbəbi, əslində, günahı olanların günahının bağışlanmamasıdır:
Dedi: keç cümlənin suçı suçından,
Dedi:bağışladım öci öcindən.
Dedi: İylədi almanı, verdi canını,
Dedi: Tanıdı dəli ol dəm Sübhanını
.
Hekayətin sonunda Allah-taala Dəlinin diləyini həyata keçirir, bütün suçluların suçundan keçməklə, bəndəsi qarşısında bir daha qüdrətli, rəhmli olduğunu nümayiş etdirir. “Dəlinamə”nin dörd nüsxəsindən yalnız B-5275 şifrli nüsxəsinin son beytlərindən birində “Heyrani” antroponimi işlənmişdir ki, onun hekayətin müəllifi olması ehtimal olunur. Həcmi 50-70 beytdən ibarət olan bu nüsxələr məzmunca oxşardır, XIX əsrin sonu — XX əsrin əvvəllərində köçürülmüşdür. Əlyazmalar İnstitutunda saxlanılan və kataloqa təsviri məlumatı daxil edilən "Dəlinamə"nin ən nüsxəsi 1835-ci ildə (B-5275/6900) köçürülmüşdür.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Dəlinamə"nin 18 əlyazma nüsxəsi vardır.
Abidə Azərbaycan ədəbi dilinin tarixini öyrənmək baxımından əhəmiyyətlidir.