Xvii əsrin sonunda XVIII əsrin əvvəlində Səfəvi dövləti ağır tənəzzül dövrü yaşayırdı



Yüklə 81,64 Kb.
tarix01.06.2018
ölçüsü81,64 Kb.
#52385

NADIR ŞAH ƏFŞARIN QONŞU DÖVLƏTLƏRƏ GÖNDƏRİLMİŞ

SƏFİRLİKLƏR HAQQINDA
XVII əsrin sonunda - XVIII əsrin əvvəlində Səfəvi dövləti ağır tənəzzül dövrü yaşayırdı. C. Malkolm bu dövrlə bağlı qeyd edir ki, ondan “daha təlatümlü, daha həyəcanlı dövrü təsəvvür et­mək qeyri-mümkündür”.1 Digər bir müəllif Səfəvi dövlətini XVIII yüzilliyin ilk 25 ilində “hərc-mərclik burulğanında batmış ölkə” kimi səciyyələndirmişdir.2 Səfəvi dövlətinin hərbi-siyasi zəifliyindən istifadə edən əf­qan silahlı dəstələrinin başçısı Mir Mahmud İsfahana hərbi yü­rüş etdi. Səkkiz aylıq mühasirədən sonra - 1722-ci ilin ok­tyabr ayı­nın 23-də Səfəvi dövlətinin paytaxtı İsfahan əfqan Mir Mah­mud tərəfindən tutuldu. Mir Mahmud özünü şah elan etdi. Şah Sultan Hüseynin oğlu Təhmasib hələ 1722-ci ilin iyun ayında 800 Qacar döyüşçüsünün müşayiəti ilə İsfahandan qaçmışdı.3 O, noyabr ayında özünü şah II Təhmasib elan etdi. H. Braunun qeyd etdiyi kimi, “İranda hakimiyyət kollapsı qonşu imperiyaların təcavüzü üçün bir işarə oldu”.4 Qəndəharda qilzay tayfasının üsyanı və bu üsyanın ardınca başlanmış ara müharibələri nəticəsində xeyli zəifləmiş Səfəvi dövlətinin fəlakətli vəziyyətindən istifadə edən Rusiya və Os­manlı dövlətləri Cənubi Qafqaz bölgəsində daha fəal siyasət ye­rit­məyə başladılar.

Lakin, zəifləmiş Səfəvi dövlətinin xarici dövlətlər qarşısında qey­ri-fəal obyekt kimi itaət göstərəcəyinə dair ümidlər özünü doğ­rult­madı. Rusiyanın əfqanlarla və Osmanlı dövləti ilə müqaviləsi şah II Təhmasib tərəfindən tanınmadı. Səfəvi dövlətinin işğal edil­miş ərazilərinin əhalisi istilaçılara tabe olmaq istəmirdi. II Təh­masibin dövlətin şimal-qərb bölgələrini tərk edərək taleyin hök­­münə buraxmasına baxmayaraq, həmin ərazilərdə osman­lı­lara qarşı daim xalq üsyanları baş verməkdə idi.5 Əfqan, Osman­lı və Rus işğallarının ağır nəticələri Əfşarlar soyundan olan iste­dad­lı sərkərdə Nadirin6 rəhbərliyi altında istilaçılara qarşı azad­lıq mübarizəsinin yüksəlişi üçün əlverişli şərait yaratdı.

Əfşar tayfasının türk mənşəli olduğunu bir çox yazılı mənbələr, o cümlədən Mahmud Qaşğari (XI əsr) təsdiq edir. “Əf­şar­lar türk oğuz boylarından biridir. Oğuzlar 22 boydan iba­rət olan türkmanlar idilər. Əfşar tayfası bu türkmanlar silsilə­si­nin altıncı sırasında xatırlanır”.7 Əli Əkbər Dehxodanın yazdığı­na görə, “əfşarlar əsl-nəcabətli türk qəbilələrindən biridir”.8 Bu fakt ingilisdilli qaynaqlarda da özünün təsdiqini tapır.9 Fəzlullah Rə­şidəddin Həmədaninin10 məlumatlarına görə (L.Lokkart da bu məlumatları öz əsərində təqdim edir), əfşarlar “düzənliklərdə ya­şa­yan türk xalqıdır”, qəbilənin mifik banisi Əfşar (və yaxud Avu­şar) babası Oğuzun (türklərin əfsanəvi əcdadının) qoşun­larının sağ cinahında döyüşürdü. Əfşarlar XIII əsrdə monqol­la­rın yürüşləri zamanı bu ərazilərə Mərkəzi Asiyadan köçmüş, Azər­baycanda da məskunlaşmışlar. Şah I İsmayıl (1487-1524) özünün nəhəng ordusunu əsasən əfşarlardan və altı digər türk tayfasından (şamlu, rumlu, ustaclu, təkəlu, zülqədər və qacar) təşkil etmişdi. L.Lokkart “Tarixi-Nadiri” əsərinin müəllifi Mirzə Mehdinin məlumatlarına istinadən göstərir ki, Nadir Qırxlu bo­yuna mənsub idi. Bu boy şah I İsmayılın dövründə Xorasana köçmüşdü.11 Nadirin türk olduğunu belə bir fakt da təsdiqləyir ki, o, şifahi danışıqda Azərbaycan türkcəsinə üstünlük verirdi. Na­dir şah Osmanlı sultanına və Moğol imperatoruna məktublarında tez-tez bu dövlət başçılarının ümumi türk soyuna mənsub olduq­la­rına işarə edirdi.12 Qriqorian katolikosu və salnaməçisi A. Kre­ta­sinin məlumatları da bunu təsdiq edir. O, əsərinin bir cox fə­sil­lərində Nadirin erməni hərfləri ilə, Azərbaycan türkcəsində bütöv dialoqlarını nümunə kimi təqdim edir.13 M. Astrabadinın mə­lumatına istinad etmiş E. Takerin qeydinə görə, Nadirin rəs­mi xronikasının ön sözündə deyilirdi ki, “bu qəhrəman layiqli türk­man soyundandır”.14

Yazılı qaynaqların məlumatlarına görə, 1726-cı ildə 37 yaşlı Nadir 6 minlik dəstəsi ilə şah II Təh­masibə xidmət etməyə başlamış və “Təhmasibqulu xan” adı­nı qəbul etmişdi.15Fətəli xan Qacarın ölümündən sonra Nadirqulu xan şah II Təhmasibə silahlı qüvvələrinin baş komandanı təyin edildi. Qay­naq­ların məlumatlarına görə, Nadir bu vəzifəni bircə şərtlə qəbul etmişdi: “Mən sizin əmrinizə yalnız o şərtlə tabe olaram ki, bir istəyimi yerinə yetirəsiniz. O, aşağıdakından ibarətdir: Siz bütün dövlət hakimiyyətini mənə verəsiniz, şərəflə taxtınızda otura­sı­nız, hərbi işləri mənə həvalə edəsiniz və bu işlərə qarışmaya­sınız”.16

Bir sıra uğurlu hərbi yürüşlər etmiş Nadir Səfəvi dövlə­ti­nin bütün şimal-şərq torpaqlarını azad etdi. 1729-cu ildə Nadir artıq bütün Səfəvi torpaqlarını, o cümlədən İsfahanı geri qaytarmışdı. Nadir təntənəli şə­kil­də şəhərə daxil oldu və özü Səfəvi tacını şah II Təhmasibin ba­şına qoydu. Beləliklə, 1729-cu ilin sonunda Təhmasibqulu xan əfqan­ları Səfəvi dövlətinin ərazisindən qovdu və şah II Təhmasibin simasında bu dövləti bərpa etdi. Dövlətin şərq hissəsi tamamilə azad edildi. Artıq bundan sonra rusların və osmanlıların Azər­bay­candan, bəzi qonşu ərazilərdən çıxarılması vəzifəsi aktual­laş­dı. 1730-cu ildə Nadir osmanlıların işğal etdikləri bütün Qərbi İra­nı və Azərbaycanın böyük bir hissəsini (o cümlədən həmin ilin avqust ayında rusların yardımı ilə Ərdəbili) azad edə bildi.17

Azərbaycan sərkərdəsi Nadir əvvəllər imzalanmış Həmə­dan müqaviləsinə qarşı çıxdı, 1730-cu ildə Osmanlı qoşunlarını darmadağın etdi, və Xorasan, Kirmanşah və Cənubi Azərbaycan torpaqlarını azad etdi.

Polşa (Reç-Pospolita -N.G.) taxt-tacı uğrunda müharibə və Qafqazda hərbi əməliyyatlar perspektivi qarşısında qalmış Rusiya hökmdarı Səfəvi şahını potensial düşməndən müttəfiqə çevirmək üçün öz qoşunlarını Xəzəryanı vilayətlərdən çıxarmağı qə­rara aldı. 1732-ci ilin fevral ayının 1-də Rəştdə sülh müqaviləsi imzalamaq mümkün oldu. Hə­min müqaviləyə görə, Rusiya tərəfi beş ay ərzində ələ keçir­diyi bütün torpaqları Səfəvi dövlətinə geri qaytarmağa razılıq ve­rirdi. Yalnız Kür çayından şimalda olan torpaqlar istisnalıq təş­kil edirdi. Osmanlılar Qərbi Azərbaycanı, Gürcüstanı, digər Səfəvi ərazilərini tərk edənək bu ərazilər Rusiyanın nəzarəti al­tın­da qalmalı idi. Səfəvi dövlətindəki rus tacirlərinə və Rusiya im­periyasındakı Səfəvi tacirlərinə ticarətdə sərbəstlik verilirdi. Hər iki tərəf öz üzərinə Sankt-Peterburq və İsfahan saraylarında diplomatik nümayəndəlik saxlamaq öhdəliyini götürürdü.18

Səfəvi şahının Osmanlı dövlətinə qarşı uğursuz hərbi əmə­liyyatlarından istifadə edən Nadir 1732-ci ilin avqust ayında şah II Təhmasibi hakimiyyətdən de­vir­di və onun oğlu, azyaşlı III Abbası şah elan etdi. Bu zamandan etibarən Na­dir əslində dövlətin başçısına çevrildi. O, Səfəvi dövləti ilə Osmanlı dövləti arasında 1732-ci ildə imzalanmış sülh mü­qaviləsini etibarsız elan etdi və yenidən osmanlılara qarşı hərbi əməliyyatlara başladı.

Osmanlı mənbələrinin məlumatlarına görə, sülh danışıqlar ge­di­şində Nadir şəxsən özünün “İran türkcəsində” (İran Türki­sin­də) yazdığı məktubu ilə Osmanlı qonşularının baş komandanı Əli (Ali) paşaya müraciət edərək Osmanlı türkləri ilə ümumi kök­lərə malik olduğunu qeyd etmiş və tezliklə barışıq əldə olu­nacağına ümid etdiyini bildirmişdi:

Ecdad-i ba-isti’ dad-ı mülük-i Osmaniyyeəden olup Ve­ka­yi-i Cengiziyye’de Turan zemini terk ve İran ve Rum’a hicret eden rü’esa-yi aşair-i Türkmaniyye ki, cümlesi bir devha şu’besi ve bir neseb nuhbesidirler. Ol vakt cedd-i a’laları hanedan-ı dev­let-i ruz-efzun canib-i Rum’a şedd-i hiram-ı azimet ve bizim ceddimiz İran ülkalarında ihtiyar-ı ikamet etmişler idi. Min-haysi’n-neseb çünki müştebik ü mültehim bulunuldu. Keyfiyyet ma’lum-ı hazret-i hüsrevane oldukda dermiyan olan musalaha meramına is’af-ı mülükane mebzul buyurulmak mes’üldür diye evvelinde meramını te’diye ve ahirinde kasd-i tevriye eylediği ma’lum oldukdan sonra kendüye sadr-ı müşarün-ileyh tara­fın­dan hakimane mektub u ka’ime tahrir olunmuş idi.”19

Nadir Rusiya səfirləri ilə də danışıqlar aparır, Rusiya rəhbərliyinin bütün Xəzəryanı vilayətləri, ilk növbədə Bakı və Dərbənd şəhərlərini qaytarmaq istəməməsinə etirazını bildirirdi.

1735-ci ilin mart ayının 10-da (21-də) Gəncə müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə görə, bu sənəd imzalandıqdan sonra Ru­siya bir həftə ərzində Bakı şəhərindən, iki həftə ərzində isə Dər­bənd qalasından öz qoşunlarını çıxarmalı idi. Bu güzəştin əvə­zin­də Səfəvi şahı Rusiyanın “əbədi müttəfiqi olmaq”, Bakı ilə Dər­bəndi üçüncü tərəfə (yəni Osmanlı imperiyasına) heç bir za­man güzəştə getməmək öhdəliyini öz üzərinə götürürdü. Sulak ça­yı Rusiya və Səfəvi dövlətləri arasında sərhəd xətti kimi müəy­yənləşdirilirdi. Hər iki tərəf qarşılıqlı xəbərdarlıq olmadan Osmanlı dövləti ilə danışıqlar aparmamaq öhdəliyini qəbul edir­di.20 Rusiya bu bölgədə I Pyotrun son istilalarından məhrum ol­du. Lakin hər halda o ənənəvi “Şərq siyasəti”nin əsas prinsipinə sadiq qaldı: “bu bölgədə Osmanlı dövlətinin möhkəmlənməsinə yol verməmək”.21

Osmanlı və Səfəvi diplomatları iki cəbhədə müharibə apar­maq təhlükəsindən qurtulmaq və bütün qüvvələrini Rusi­ya­ya qarşı yönəltmək üçün 1736-cı ilin mart ayında sülh müqavi­lə­si­nin bağlanılması məqsədilə danışıqlara başladılar. Danışıqlar nə­ticəsində təqribən 100 il öncə (1639-cu ilin sülh müqaviləsinə əsasən - N.G.) təsbit edilmiş sərhədlərin bərpası haqqında razılıq əldə olundu.22 1736-cı ilin sentyabr ayında tərəflər sülh müqavi­lə­sinin bağlanması haqqında razılığa gəldilər.23

1736-cı ilin yanvar ayında Muğanda, Cavad körpüsünün ya­nında, Kür və Araz çaylarının qovşağında nəhəng düşərgə sa­lın­mışdı. Nadir burada öz qurultayını çağırmışdı. O, belə qərara gəlmişdi ki, artıq özünü şah elan etmək məqamı yetişmişdir. 1736-cı ilin mart ayında, azyaşlı şah III Abbas hakimiyyətdən kənarlaşdırıldıqdan sonra (sonralar o, Nadirin oğlu tərəfindən öl­dü­rüldü24) Nadir özünü şah və yaxud Vəli-nemət elan etdi.25

Mənbə məlumatlarına görə, həmin qurultay nümayən­də­lərinə doğma Azərbaycan türkcəsində müraciət etmiş Nadir xan qeyd etdi ki, qarşıda duran əsas məsələ əhalinin Cəfəri məzhə­binə keçməsidir. Nadirin şah elan edilməsi ilə Səfəvi sülaləsinin hakimiyyəti (1501-1736) başa çatdı. Nadir şah Anadolu və Azər­baycan türkləri arasında məzhəb ayrılığı məsələsini aradan qaldırmaq məqsədilə öz elçilərini İstanbula - Osmanlı sultanının sarayına göndərdi.26 O, Cəfəriliyi sünni məzhəbinin 5-cü qolu ki­mi təsdiq etməyi sultandan xahiş edirdi. Osmanlı sultanı Azər­bay­canın yeni hökmdarının bu xoş məramını rədd etdi, lakin hə­min məsələnin ruhani mühitində müzakirə olunmasına razılıq verdi.27

Maraqlı bir cəhəti qeyd edək ki, Osmanlı sultanı I Mah­mud Nadir şah Əfşara göndərdiyi birinci məktubunda “nəcabətli türkman nəslindən olan” Nadirin “İranın sünni məzhəbinə qay­tar­maqla” bağlı olan təşəbbüsünü dəstəklədiyini bildirmiş, lakin cəfəriliyi beşinci məzhəb kimi tanımaqdan qətiyyətlə imtina etmişdi. Beləliklə, Nadirin sülh müqaviləsinin bütün şərtlərinin qə­bul etdirilməsi ilə bağlı olan bütün cəhdləri uğursuzluqla nəti­cələndi.

1737-ci ildə Nadir şah üsyan qaldırmış əfqanlara qarşı hərbi yürüş etdi. O, Herat və Qəndəhar şəhərlərini ələ keçirdi. Son­ra o, qaçqın əfqanlara sığınacaq vermiş Moqol hökmdarını cə­zalandırmaq üçün Hindistana hücum etdi. Nadirin qoşunları Karnala (Dehlinin şimal-qərbində) qədər manesiz gəlib çıxdılar və 1739-cu ilin fevral ayının 24-də Böyük Moqol sülaləsindən (1526-1858) olan Məhəmməd şahın ordusunu darmadağın edə­rək martın ayının 20-də Dehlini ələ keçirdilər. Böyük Moqol­la­rın üzərinə altı milyon rupi məbləğində təzminat qoyuldu. Əldə olun­muş hərbi qənimət 700 milyon rupi dəyərində idi. Qənimə­tin böyük bir qismi Kəlata aparıldı və Nadir onu ölənədək bu­rada saxladı.

Nadir şah Əfşar yaratdığı dövlətin hərbi-siyasi qüdrətini nümayiş etdirmək ücün çoxsaylı səfir heyətlərini qiymət baxı­mın­dan misilsiz hədiyyələrlə qonşu Rusiya və Osmanlı impe­ratorlarının saraylarına göndərdi. Təbiidir ki, böyük strateq və praqmatik olan Nadir şah Əfşar həmin səfir heyətlərini göndər­mək­lə uzaq gələcəyə hesablanmış məqsədlər güdürdü. O, Rusiya rəs­mi dairələri qarşısında öz dövlətinin hərbi-siyasi qüdrətini nü­mayiş etdirir və bununla da onları Cənubi Qafqaza müdaxilə təh­lükəsi ilə hədələyirdi. Nadir şah Əfşar Osmanlı imperiyası ilə münasibətləri isə keyfiyətcə yeni səviyyəyə, müttəfiqlik münasi­bətləri müstəvisinə keçirməyə çalışırdı.

Nadir şah Əfşarın səfir heyəti Rusiya imperiyasına 1739-cu ilin oktyabr ayının 23-də yollandı və Sankt-Peterburqa 1741-ci ilin oktyabr ayının 2-də yetişdi. Şahın qohumu Məhəmməd­hü­seyn xanın başçılıq etdiyi həmin səfir heyətinin məqsədi hökm­darın buxaralılar və hindlilər üzərindəki qələbələrini elan etmək, onun Rusiya imperatoru qarşısında qaldırdığı müxtəlif iddiala­rını ifadə etmək idi.

Yazılı mənbələrdən birində qeyd olunur: “Məhəmmədhü­seyn xan özünü bütün dünyanı fəth etmək fikrində olan qüdrətli hökmdar kimi tərifləyən şahın nümayəndəsi qismində çox bahalı hədiyyələrlə və 14 fillə Sankt-Peterburqa yollandı. Səfiri 128 şəxsdən ibarət olan, gözəl geyinmiş əyanlar heyəti və 50 topla təchiz edilmiş 16 minlik qoşun müşaiyət edirdi. Əlbəttə, hec bir səfir heyəti dostluq münasıbətlərində olduğu dövlətin sarayına bu cür böyük hərbi qüvvənin müşaiyəti ilə yollanmamışdı. 1739-cu ilin dekabr ayının 9-da Nadir şah Əfşarın göndərdiyi səfir heyəti Kizlyara yetişdi və bu gəliş həmin qalada böyük həyəcana səbəb oldu. Həştərxan qubernatoru knyaz Sergey Qolitsın Əfşar səfirliyinin irəliləməsinə imkan vermədi, çünki qubernator Ru­siya imperiyasının mərkəzindən (Sankt-Peterburqdan) hələlik bu səfir heyəti ilə bağlı olan hec bir əmr almamışdı. Həştərxan ya­xın­lığında düşərgə salmış beş piyada və altı draqun alayı tələsik surətdə Volqa çayına doğru yeridildi. Məhəmmədhüseyn xana de­yildi ki, Əfşar qoşunu Rusiya imperiyasının sərhədlərindən şi­mala buraxıla bilməz, ruslar yol boyu bu qoşunu ərzaqla və yem­lə təchiz etmək fikrində deyillər. Buna görə də səfirə ya geri qayıtmağı, ya da qoşunu buraxmağı məsləhət gördülər. Həmin məsələlərlə bağlı olan danışıqlar uzun sürdü. Bu danışıqlardan sonra Nadir şah Əfşar guzəştə getməli oldu: Məhəmmədhüseyn xan yoluna 2 min nəfər şəxsin müşaiyəti ilə davam etdi, 14 fil isə bu elci heyətinin ardınca aparıldı.

Səfir heyəti diplomatik səfərini yalnız növbəti (1740-cı) ilin avqustunda bərpa etdi. Həmin müddət ərzində heyət Kizl­yarda qaldı. Nəhayət, Sankt-Peterburqdan Əfşar səfir heyətinin öz diplomatik səfərini davam etdirməsinə rəsmi icazə verildi. 1740-ci ilin sentyabr ayının 11-də Məhəmmədhüseyn xan təntə­nəli şəkildə Həştərxana daxil oldu.28

Əfşar səfir heyəti Sankt-Peterburqa yalnız 1740-cı ilin sentyabr ayında gəlib çatdı. Məhəmmədhüseyn xan Sankt-Peter­burqa təntənəli surətdə daxil oldu. Əfşar səfir heyətinin rəhbəri Anna İoannovnanın (1730-1740) hüzuruna gəlmək fikrində idi, lakin imperatriça Anna İoannovna artıq dünyasını dəyişmişdi. Buna görə də səfirlik Anna Leopoldovnanın qəyyumluğunda olan İoann Antonoviçin sərəncamına göndərildi. Oktyabr ayının 2-də Əfşar səfirliyi hökmdar vəzifəsini icra edən Anna Leopol­dov­naya təqdim edildi. Görüş zalına daxil olan Məhəmməd­hü­seyn xan hökmdar qarşısında üç dəfə təzim etdi, sonra isə şah fərmanını müəyyən olunmuş qayda üzrə təqdim edərək yüksək ibarələrlə zəngin nitqinə başladı: “Bu, zat aliləri, ən ali və ən nur­lu mövqeli Süleyman üstünlüyünə malik olan, dövləti Ay ki­mi nurlandıran, səltənət taxtını bəzəyən, Allahın mərhəməti sa­yə­sində hakimiyyətə malik olan, İran dövlətinin hökmdarı, Hin­dis­tan və Turan hakimlərinə tac bəxş edən Nadirin dostluq və xeyirxahlıqla tərtib edilmiş fərmanıdır.”29

Məhəmmədhüseyn xanın nitqi başa çatdıqdan sonra Nadir şahın göndərdiyi hədiyyələrin təntənəli təqdimatı başlandı. “An­na Leopoldovnaya, İoann Antonoviçə və Yelizaveta Petrov­naya ən bahalı parçalar, brilyant kəmərlər, brilyantla bəzədilmiş qızıl qədəhlər, bahalı masa, baş geyimlərinin bəzədilməsi ücün 3 lə­lək, üzüklər, sandıqlar təqdim edildi... Bununla yanaşı Mə­həm­mədhüseyn xan elan etdi ki, dünya hökmdarı (Nadir şah Əfşar - N.G.) bütün rus əsirlərini azad etmək əmrini vermişdir.”30

Bötövlükdə Nadir şah Əfşar Rusiya hökmdarının sarayına 22 aşya, 15 üzük, 15 fil31 göndərmişdı hal-hazırda (bu hədiyyə­lər­dən yalnız 17 əşya və üzük qalmışdır).32 Hindistanın Böyük Mo­qollar sülaləsinin ən qüdrətli hökmdarlarından olmuş Şahca­hanın33 (1627-1658) yaqutla, zümrüdlə və böyük almazla bəzə­dil­miş qızıl üzüyü34 də Nadir şah Əfşarın Sankt-Peterburqa gön­dər­diyi hədiyyələr arasında idi.

Qeyd etmək lazımdır ki, hal-hazırda həmin səfirliyin bütün əsas eksponatlarının saxlandığı Ermitaj yalnız Nadir şah Əfşarın səfirliyi sayəsində dünyanın yeganə muzeyidir ki, orada XVII əsrə-XVIII əsrin əvvəllərinə aid olan Hindistan qızıl qablarının belə böyük kolleksiyası mövcuddur. Beləliklə, sayca az olma­sı­na baxmayaraq, həmin əşyalar (hədiyyələr) nümunəvi meyar-kol­leksiyalara çevrilmişdir.35

Nadir şah Əfşarın göndərdiyi səfir heyəti Sankt-Peter­burqda 1741-ci ilin məlum saray çevrilişi məqamında da olmuş və 1742-ci ilin noyabr ayında yeni Rusiya hökmdarı Yelizaveta Petrovnanın (1741-1761) dostluq ruhunda tərtib edilmiş fərman­ları və hədiyyələri ilə vətənə qayıtmış. Müxtəlıf şərab və araq növ­ləri həmin hədiyyələr arasında ən görkəmli yeri tuturdu. Görünür ki, tərəflər arasındakı danışıqlar o qədər də qənaətbəxş olmamışdır. Çünki Tehrandakı Rusiya nümayəndəsi (rezidenti) Ka­luşkin Sankt-Peterburqa xəbər göndərmişdi ki, 1740-ci ildə dövlət sərhədlərində tərəflər arasında hərbi toqquşmalar başlan­mış, Nadir şah Əfşar “Rusiyanı fəth edəcəyini” bildirmişdi. Əfşar dövləti ilə münasibətlərin pisləşməsi nəticəsində imperat­riça Yelizaveta Petrovna gücləndirilmiş qoşunları general-ley­te­nant Tarakanovun başçılığı ilə sərhəd bölgəsinə göndərdi. Görü­nür, Rusiya rəsmi dairələrinin öz sərhədləri yaxınlığında Os­man­lı imperiyası ilə yanaşı daha bir güclü müsəlman dövlətinin olmasını istəməməsi münasibətlərin pisləşməsinin daha bir sə­bə­bi idi.36 Buna görə də Rusiya hökumətinin Qafqazdakı bütün son­raki xarici siyasəti Nadir şah Əfşarın təsirinin və hakimiyyə­ti­nin zəiflədilməsinə yönəldilmişdi.

Nadir şah Dehli ələ keçirildikdən dərhal sonra - Əfşar sə­firliyinin Rusiyaya səfəri ilə eyni zamanda Osmanlı sultanının sarayına da səfir heyəti göndərmişdi. Bu səfirlik də qonşu döv­lətin hökmdarına qiymətli hədiyyələr aparmışdı. Qeyd etmək la­zım­dır ki, bu məqama qədər şahın və Osmanlı sultanının daimi səfirləri və konsulları yox idi, onlar təsadüfi hallarda Tehrana və İstanbula müvəqqəti səfirlər göndərirdilər.

Nadir şah Əfşarın İstanbula göndərdiyi səfir heyətinə öncə Əli xan başçılıq etdirdi. Lakin heyətin rəhbəri yolda dünyasını dəyişdi və onu Hacı xan əvəz etdi. Səfirlik İstanbul sarayına Na­dir şahın məktubu və qiymətli hədiyyələrlə yanaşı Osmanlı Sultanı I Mahmuda hədiyyə kimi nəzərdə tutulan 7 fil də aparırdı.37

Nadir şahın Osmanlı sultanına göndərdiyi hədiyyələr 90 əşyadan ibarət idi: ulduz təsviri ilə bəzədilmiş 1 mis nimçə, qiymətli daşlarla bəzədilmiş bəzək əşyası, almaz yaqutlarla bə­zə­dilmiş xəncər, qiymətli daşlarla bəzədilmiş 1 Hindistan qılın­cı, büllurdan hazırlanmış 1 qızıl mücrü, müxtəlif qiymətli daş­lar­la bəzədilmiş 63 paltar və məişət əşyası, 7 fil, 4 fil sümüyü, fillər üçün nəzərdə tutulan 2 örtük və s.38

1745-1746-cı illərdə Əfşar dövləti və Osmanlı imperiyası arasında Qafqaz uğrunda yeni müharibə başlandı. Rusiya ilə sülh müqaviləsi bağlamış Osmanlı sultanının hərbi-siyasi fəallıq im­kan­ları artmışdı. Lakin hərbi əməliyyatlar əhəmiyyətli dəyi­şik­liyə səbəb olmadı. Tərəflər sülh danışıqlarına başladılar. 1746-cı ilin baharında Nadir şah Əfşar Azərbaycana qayıtdı və Soucbu­laq­da bağlanacaq sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Osmanlı səfiri Nazif Əfəndi ilə görüşdü. İlkin danı­şıq­lardan öncə tərəflərin qiymətli hədiyyələrin qarşılıqlı şəkildə təqdimatı oldu. Osmanlılarla dostluq münasibətləri qurmağa ça­lı­şan Nadir şah Əfşar özünün iki etibarlı nümayəndəsini – Şan­lı Mus­tafa xanı və Məhəmməd Mehdi xanı səfirlik heyəti və qiy­mə­tli hədiyyə­lərlə Osmanlı sultanı I Mahmudın sarayına göndərdi.

Nadir şah Əfşar sultan I Mahmuda Hindistana hərbi yürüş gedişində əldə etdiyi taxt (Təxte-Tavuz), rəqs edən fil və digər qiymətli hədiyyələr göndərmişdi. Osmanlı sultanı həmin hədiy­yə­lərin müqabilində Nadir şah Əfşara secmə atlar və başqa qiymətli hədiyyələr göndərdi.39 Nadir şah Əfşarın 1746-cı ildə Osmanlı sultanı I Mahmuda hədiyyə etdiyi taxt (Təxte-Tavuz) baş­dan başa qızıl təbəqəsi, zümrüd, yaqut daşları, mirvari ilə ör­tül­müşdü və nəzərə çarpmayan qara agacdan hazırlanmışdı. Tax­tı iri yaqutlarla sıx bəzədilmiş 9 dairə bəzəyir. Hər bir dairə­nin mərkəzini zümrüd bəzəyir.

Bu cür hədiyyədən xeyli məmnun qalmış Osmanlı hökm­darı Nadir şaha təşəkkür etmək qərarına gəldi: O, qızıl qınlı xəncəri hədiyyə qismində Nadir şaha göndərmək qərarına verdi. Bu xəncərin qəbzəsi brilyantlar haləsində olan üç iri zümrüdlə bəzədilmışdı. Ən böyük zümrüdün altında İngiltərə istehsalı olan saat yerləşdirilmişdi. Lakin Osmanlı sultanının diplomatik nümayəndələri 1747-ci ildə Tehrana çatdıqda eşitdilər ki, Nadir şah Əfşar qətlə yetirilmişdir. Səfirlik həmin xəncərlə və digər qiy­mətli hədiyyələrlə istanbula qayıtmalı oldu. Beləliklə, misli - bərabəri olmayan bu zərgərlik əsəri Türkiyəyə qayıtdı. Hal-ha­zırda onu “Topqapı xəncəri” adlandırırlar və o, Nadir şah Əfşara ünvanlanmış qiymətli hədiyyələr kimi İstanbulun “Topqapı” Muzeyində saxlanılır. 40

1746-cı ilin sentyabr ayının 4-də Əfşar dövləti və Osmanlı imperiyası arasında ixtilaflara rəsmən son qoymuş müqavilə im­zalandı.41 Müqavilənin giriş qismində 1639-cu ildə Zohabda (Qəs­ri-Şirində) bağlanmış Səfəvi-Osmanlı müqaviləsinin şərtləri (o cümlədən həmin müqavilə ilə iki dövlət arasında təsbit edil­miş sərhədlər) təsdiq edilirdi. Tərəflər narazılıq doğura biləcək və bağlanmış sülhə zidd olan əməllərdən çəkinməyi öz öhdə­lərinə götürürdülər.42 Həmin müqavilədə cəfəri məzhəbindən xü­susi bəhs olunmur. Lakin bu sənəddə əsas diqqət Osmanlı vila­yət­lərində zəvvarların, tacirlərin statusuna və müdafiəsinə yönəl­dilmişdi. Müqaviləyə görə, Xilafətin İslamın ilk üç xəlifəsinin lə­nətlənməsi ənənəsi qadağan edilirdi.43 Nadir şah Əfşar bu müqaviləni rəsmən təsdiq edə bilmədi: 1747-ci ilin iyun ayının 20-dən 21-nə keçən gecə o, sui-qəsd nəticəsində öldürüldü.44

Beləliklə, qısa zaman ərzində Səfəvi dövlətinin ərazilərini bərpa etmiş, sonra isə başlıca siyasi xadimə çevrilərək, imperiya quraraq qonşu dövlətlərin başçılarını vahiməyə salmış, Xəzər də­nizində hərbi donanma yaratmağa çalışan Nadir şah Əfşarın gərgin həyatı saray daxilində təşkil olunmuş sui-qəsd nəti­cə­sin­də sona yetdi.




1 Malcolm J. The history of Persia, Vol. II, p.1.

2 H.R.Roemer The Safavid Period, p.325.

3 The chronicles of Travellers, p.113.

4 Braun H. Iran under the Safavids and in the XVIII century, p.199.

5 Lockhart L. The fall of the Safavi dynasty, p.259

6 P. Averinin bəzi tarixi hadisələrin yenidən dəqiqləşdirmək təklifi maraq doğurur. Məsələn, o, güman edir ki, Nadir 1688-ci ildə deyil, 1698-ci ildə doğulmuşdur. P. Averinin başlıca dəlili bəhs edilən dövrün ən dəyərli yazılı qaynaqlarından olan Mirzə Mehdi xan Astrabadinin “Cahanguşeyi-Nadiri” əsərində hicri 1110-cu ilin məhərrəm ayının 28-i ilə bağlı təqdim etdiyi məlu­matdır. Bu tarix isə miladi ilin 1698-ci avqust ayının 6-na müvafiq gəlir. Mir­zə Mehdi xan Astrabadinin “Cahanguşeyi nadiri” əsərinin Bom­bey litoqrafik nəşrində 1100-cü il (1688-ci il) tarixi göstərilir. Lakin bu tarix nə əlyazmada, nə də əsərin 1960-cı ilin Tehran nəşrində (orada 1110-cu il tarixi verilmişdir) təsdiqlənmir. Digər ilkin yazılı qaynaqlarda (məsə­lən, Məhəm­məd Kazımın “Aləmarayi-Nadiri” əsərində) 1109-cu il onun ana­dan olma ta­rixi kimi gös­tə­ri­lir. Halbuki bu mənbələrdə Nadirin təvəllüd ta­rixi dəqiq gös­tə­rilmir. P. Averinin fikrincə, bu məlumatlar 1110-cu (1698-ci) ilin Nadirin təvəllüd ili hesab edilməsinə dair fikri möhkəm­lən­di­rir (Avery P. Nadir Shah and Afsha­rid legacy, p.3). Digər qaynaqlarda olan məlumatları L. Lokkart “Nadir şah” kitabında təqdim edir. Müasir Qərb tarix elmində bu fikir qəti şəkildə qəbul edilməsə də, bütün ciddi nəşrlər və müəlliflər Nadirin təvəllüd tarixinin 1698-ci illə bağlı olduğuna dair yeni fikrə mütləq istinad edilir. Bu konsepsiyanın tərəfdarlarından biri M. Ak­suor­tidir. O, hesab edir ki, həmin tarixin qəbul edil­məsi salnaməçilərin Na­di­rin həyatının erkən dövrü haqqında nə üçün mə­lumat vermədikləri məsələsinə aydınlıq gətirə bilər.

7 Kashgari Mahmud. Divanu Lugat-it-Turk, V.I, p.55-56

8 Ali Akbar Dehxoda. Lugatname, p.3112

9 Fraser J.B. The history of Nadir Shah, formerly called Thamas Kuli Khan, p.72.

10 XIV əsrin dövlət xadimi, həkimi, tarixçi-salnaməçisi.

11 Lockhart L. Nadir Shah, p.17.

12 Daha ətraflı məlumat üçün bax: BOA. NMH.d., 3/21.

13Абраам Кретаци Повествование (критический текст, перевод на русский язык, предисловие и комментарии Н.К. Корганяна). Глава X (ст.198), XI (ст.199-200), XX (ст.212), XXII (ст.214-215), XXV (ст.220), XXXVII (ст. 244), ХL (ст.250).

14 Ernest S. Tucker. Nadir Shah's Quest for Legitimacy in Post-Safavid Iran, p.11.

15 Daha ətraflı məlumat üçün bax: Hüseynov E.İ. Azərbaycan Nadir Şah Əfşarin hakimiyyəti dövründə, Bakı, 2013.

16 Армянская анонимная хроника 1722-1736 гг. Под редакцией Буниятова З.М., ст.28.

17 Tapper R. Frontier Nomads of Iran, p.103.

18 Lockhart L. Nadir Shah, p. 58.

19 Ragip Paşa, Koca Mehmet, s.25.

20 Lockhart L. Nadir Shah, p.86.

21 Sykes P. A history of Persia. Vol. II, p.96; Lockhart L. The fall of the Safavi dynasty. p.188.

22 Mustafazadə T.T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri, s.142. Bu müqaviləyə görə, bütün Azərbaycan, müasir Gürcüstanın şərq qismi, Diyarbəkir və Mosul vilayətləri, habelə Nəcəf və Kərbəla şəhərləri Səfəvi dövlətinə keçirdi. Cənubi Qafqazın qərb vilayətləri və Bağdad şəhəri Osmanlı imperiyası tərkibində qalırdı.

23 Сотавов Н.А. Северный Кавказ в русско-иранских, ст.96; Lockhart L. Nadir Shah, p.107.

24 Lockhart L. Nadir Shah, p.104.

25 Hanway J. An historical account of the British trade, Vol. II p.123; Floor W. The rise and fall of Nader Shah, Dutch east India company reports, 1730-1747, p.53.

26 Osmanlı sultanları 1517-ci ildən, Misir məmlükləri dövləti (1250-1517) məğlubiyyətə uğradıldıqdan sonara, “İslam xəlifəsi” hesab olunurdular.

27 Daha etrafli bax: Koca Ragıp Mehmed Paşa Tahkik ve Tevfik (Osmanlı - İran diplomatik munasebetlerinde Mezhep Tartışmaları).

28 Очерки из истории Тамбовского края.

29 Yenə orada.

30 Hədiyyələr haqqında daha ətraflı məlumat ücün bax: Ильин В. О походе Надир-шаха в Индию (исторические материалы). - «Астраханские губернские ведомости», 1847, №26-32; А.А. Иванов, В.Г. Луконин, Л.С. Смесова. Ювелирные изделия Востока, ст. 12.

31 А.А. Иванов, В.Г. Луконин, Л.С. Смесова Ювелирные изделия Вос­то­ка, ст. 12.

32 Ivanov A. Applied arts: metalwork, ceramics and sculpture, p.644.

33 O, bir çox böyük əməllərin icraçısıdır. Lakin hal-hazırda dünya ictimaiyyəti Şahcahanı sevimli arvadı Mümtaz xanımın qəbri üzərində əsrarəngiz Tac-Mahal məqbərəsi ucaltdığına görə yad edir.

34 Hökmdarın üzüyünün daxili tərəfində yazılmışdır: “İki işiq mənbəyinin bir işarədə yaxınlaşmasının ikinçi Sahibi”. Bu üzük yaydan ox atmaq üçün nəzərdə tutulmuşdur. Ox atarkən böyük barmağı qorumaq üçün həmin üzüyü məhz ona taxırdılar. Bu, bəzək üzüyüdür, lakin döyüş formasına malikdir.

35 А.А. Иванов, В.Г. Луконин, Л.С. Смесова. Ювелирные изделия Восто­ка, ст. 14.

36 Lockhart L. Nadir Shah, p.250-251.

37 BOA, Hatt-ı Hümâyun, 4/134, 19 M 1154 ( 6 Nisan 1741); BOA, Hatt-ı Hümâyun, 5/177.

38 BOA, TS. D. 4109.

39 Münir Aktepe M. Nadir Şah’ın Osmanlı Padişahı İ Mehmet’e gönderdiği Taht-i Tavus Hakkında, s.115.

40 BOA, TS. MA. d, 9571.

41 BOA, HAT, 7/220.

42Shaw S. Iranian relation with the Ottoman empire in the eighteenth and nineteenth centuries, p.309; Ernest S. Tucker. Nadir Shah’s Quest for Legitimacy in Post-Safavid Iran, p.98-99.

43 Avery P. Nadir Shah and Afsharid legacy, p. 49.

44 Ernest S. Tucker. Nadir Shah’s Quest for Legitimacy in Post-Safavid Iran, p.101-103.

Yüklə 81,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin