Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi


Dilbər: Görürsən?! Mən də sənin kimi kələyə tuş gəlmişəm. İndi də yaş yetmişi haqlayıb. Gəldim ki, sənin haqqını sənə verim. Zaman



Yüklə 341,27 Kb.
səhifə3/4
tarix21.06.2018
ölçüsü341,27 Kb.
#54384
1   2   3   4

Dilbər: Görürsən?! Mən də sənin kimi kələyə tuş gəlmişəm. İndi də yaş yetmişi haqlayıb. Gəldim ki, sənin haqqını sənə verim.

Zaman: Mənə sizin heç nəyiniz lazım deyil.

Murad: (təəccüblə Zaman yaxınlaşıb qulağına pıçıldayır) Gicbəsər! Necə yəni lazım deyil? Ay bədbəxt, sevin də. Esmeraldadan, Vahiddən canımız qurtuldu. Onların pulunu verib rədd edərik.

Zaman: Burax məni. Onsuz da həmişə sənin axmaq fikirlərinə uyuram.

Esmeralda: Nənəcan, Zamanın sizin pulunuza ehtiyacı yoxdur ki. Onun çoxlu pulu var.

Dilbər: Olsun. Artıq pul cib deşməz ki! Bu da onun haqqıdır. Amma kiçik bir istəyim var.

Murad: Nə istək?

Dilbər: Baban öləndə vəsiyyət etdi ki, səni tapım və sən mənə ömrümün axırınacan baxasan. Mən də öləndə mirası sənə verim.

Murad: Yəni siz ölənə qədər miras Zamana çatmayacaq?

Dilbər: Əgər kişinin vəsiyyətini yerinə yetirməsəm iki əli yaxamda olar. Onun fikri mənim yanımdadır. Həmişə deyirdi ki, ölsə mənə kim baxar? Kimin çiynində gedərəm məzara?

Zaman: Bu nə həyasızlıqdır!? Bu vaxta qədər siz mənə baxdınız ki, indi mən sizə baxım?

Murad: Zaman haqlıdır. Amma nə etmək olar? Nənədir. Öz qanından, öz canından. Atmaq olmaz ki. Zaman, onlar bir səhv ediblər. Sən də eyni səhvi etmə.

Zaman: Murad, sənin gözünü pul tutub!

Murad: Zaman, fizika laboratoriyası, kosmik gəmi, işıq sürəti ilə gedən maşınlar... Bəs hanı o müqəddəs arzular?

Dilbər: Bunlar nə deməkdir?

Zaman: (ona yaxınlaşır) Sən beynini bunlarla yorma, nənəcan! Adın nədir?

Dilbər: Adım Dilbər.

Murad: Mən də Murad. Zamanın dostuyam.

Dilbər: (Esmeraldanı göstərir) Bəs bu gözəl qız kimdir?

Murad: O... Ooo... (kəkələyir)

Zaman: Heç... Bunları sonra danışarıq.

Dilbər: Hə... Cavanlıq edirsiz?

Esmeralda: Dilbər xanım, mən Esmeralda. Zamanın sevgilsiyəm.

Dilbər: Nə? Sevgili? Axx! Mənim gözəl gəlinim!

Esmeralda: Nənəcan! (Dilbərə yaxınlaşıb onu qucaqlayır)

Zaman: (məətəl) Bütün bunlar nə deməkdir? Murad, mən ağlımı itirirəm.

Murad: Sən ağlını çoxdan itirmisən. Zaman, hər şey yaxşı olacaq. Narahat olma. Görərsən, biz Esmeraldadan, Vahiddən, Narından qurtulacağıq. Sonra da öz pulumuz olacaq. İstədiyimiz hər şeyi edərik.

Zaman: Mən artıq heç nə etmək istəmirəm.

Esmeralda: Nənəcan, pivə içirsən?

Dilbər: Pivə? Qızım, mən müsəlman qadınıyam.

Esmeralda: Axı Rusiyada yaşayırsan. Baba sənə heç pivə içirtməyib?

Dilbər: Kişi görsəydi mən pivə içirəm məni Rusiyanın kimsəsizlər qəbiristanlığında diri-diri basdırardı.

Esmeralda: Əcəb işdir! Ax bizimkilər! Hara getsələr də eynidirlər.

Zaman: Yox! Gərək sənin kimi olsunlar, hə!?

Murad: Bəsdirin, dalaşmayın! İndi bizim daha vacib işlərimiz var.

Dilbər: Doğrudur. Mehriban olmaq...

Qapı döyülür. Murad cəld yaxınlaşıb qapını açır. Vahid və Narın gəlirlər. Esmeralda yerindən dik atılır.

Vahid: Xoş gördük, uşaqlar!

Zaman: Siz yenə niyə gəlmisiz?

Vahid: Sakit ol, kürəkən! Danışmağa gəlmişik!

Narın: (Esmeraldaya) Yanıma gəl!

Zaman: Nə haqda danışacağıq? Axı mən dedim...

Vahid: (onun sözünü kəsir və Dilbəri göstərir) Bu qadın kimdir?

Dilbər: Mən Zamanın nənəsiyəm. Siz kimsiz?

Vahid: Nə yaxşı!? Mən Zamanın qayınatası Vahid, bu da qayınanası Narın xanım.

Dilbər: (gülərək onların əlini sıxır) Xoş gördük! Şad oldum.

Zaman: Nə qayınana? Nə qayınata? Bir dayanın görüm...

Dilbər: Deməli, siz Esmeralda qızımın valideynlərisiz.

Vahid: Elədir ki, var. Biz də elçilik gözləyirik. Amma deyirdilər ki, Zamanın kimi-kimsəsi yoxdur. Yaxşı ki, siz gəldiniz. Yəqin elə bunun üçün gəlmisiz, hə?

Zaman: Yox. Yox. Vahid əmi, öz-özünüzə qərar verməyin. Mən sizin qızınızı...

Vahid: Sevirsən! (hirslənir) Bilirəm. Möhkəm sevirsən. Amma oğul bala, evlənmədən oğlanla-qızın tez-tez görüşməyi düzgün deyil. Camaat nə deyər? Bu qızı hər gün çağırırsan evə. Mən də el-aləm içində rüsvay olmuşam.

Zaman: Mən sizin qızınızı heç yerə çağırmıram.

Dilbər: Heç narahat olmayın. Nənəsi ölməyib ki. Elə sabah elçilik olar, üzüklər taxılar. Ondan sonra rahat görüşərlər. Cavandılar. İndi hər şey dəyişib. Avropada sevgililər bir-iki qarın doğandan sonra evlənir.

Vahid: Amma bura Avropa deyil ki. Müsəlman ölkəsidir...

Zaman: (halı pisləşir) Murad, mənə kömək elə..

Murad: (Zamanın qulağına pıçıldayır) Çox az qalıb. Nənə sərvəti sənə versin, bunların hamısı düzələcək!

Zaman: (Murada şillə vurur) Rədd ol! Rədd ol burdan!

Qoca Zaman tələsik içəri girir. İti addımlara Vahidi bir kənara itələyib Zamana yaxınlaşır.

Qoca Zaman: Gördün? Axı mən sənə dedim!? Dedim ki, hər şey pis olacaq! Bircə dəfə də mənə qulaq asmadın! İndi də bəlaya düşmüsən!

Zaman: Of! Yenə sən? Niyə bitmirsiz? Məndən nə istəyirsiz?

Murad: Ay dayı, Zamanın halı yaxşı deyil.

Qoca Zaman: Sus! Sus! Hamınız susun! Məni dinləyin! Zaman, sənə yenə kələk qurublar. Sən bu dəfə daha da böyük bəlanın içinə düşmüsən...

Dilbər: Ayyyy! (kişiyə yaxınlaşır) Sən bir kişiyə bax!? Yaraşığa bax!? Boya-buxuna bax!?

Qoca Zaman: (təəcüblənir) Bu qadın nə danışır?

Murad: Heç bilmirəm gülüm ya ağlayım!? Özüm ölüm, xaraba dəlixanadır!

Zaman: Nənə...! (halsız divana oturur)

Dilbər: Can nənə! (Qoca Zamana əlini uzadır) Mən Dilbər xanım!

Qoca Zaman: Nənə, özünə gəl!

Dilbər: Nənə? Heç sizə yaraşdırmadım! Biz ki, yaşıdıq. Siz mənə nənə deyirsiz?

Qoca Zaman: Ay nənə, heç bir şey sənin bildiyin kimi deyil. Özünə gəl!

Dilbər: Heç eybi yoxdur! Unutmayın, siz zərif bir xanımın könlünü qırdınız!

Vahid: Dilbər xanım, xahiş edirəm, bu işi tez həll edək.

Narın: Bəlkə gedib üzükləri alaq, hə?

Dilbər: Əla fikirdir! Mən hazır...

Vahid: Gedək.

Narın: Esmeralda, sən də Zamanı götür, gəl.

Zaman: Mən heç bir cəhənnəmə getmirəm. (qışqırır) Getmirəm!

Vahid, Narın və Dilbər deyə-gülə çıxırlar. Murad Esmeraldanın qulağına nəsə pıçıldayır. Esmeralda Murada gizlincə dərman uzadır və onların arxasıyca çıxır. Murad masa üstündəki stəkanlardan birinə su tökür və Esmeraldanın ona verdiyi dərmanı suya qatıb Qoca Zamana verir. Gənc Zaman isə divana qıvrılıb ağlayır.

Qoca Zaman: Qoy ağlayıb ürəyini boşaltsın! (suyu alır) Təşəkkür edirəm! (suyu birdəfəlik içir)

Murad həyəcanla kişiyə baxır. İşıq sönür.

Pərdə enir.

1-ci hissənin sonu.

2-ci hissə

2017-ci il.

Ev. Qoca Zaman divanda yatıb və möhkəm xoruldayır. Gənc Zaman əsəbi halda var-gəl edir. Murad isə qəhqəhə çəkib gülür.

Zaman: Nəyə gülürsən, hə? Bax, nəyə gülürsən? Nə vermisən bu kişiyə? Yaşlı adamdır. Demirsən ki, ürəyi partlayar, ölər, qalar üstümüzdə!?

Murad: Harda görülüb ki, yuxu dərmanı adam öldürsün? Boş-boş danışıb başımızı xarab eləməsin deyə, yuxu dərmanı verdim də. Yaşlı adamdır. Yatmaq ona xeyirdir.

Zaman: Bəs burda gülməli nə var, hə? Getdilər Esmeralda ilə mənə üzük almağa. Bu ucuz fahişəni mənə nişanlayacaqlar.

Murad: Orası düzələndir e. Mən başqa şeyə gülürəm. Bayaqdan kişinin xoruldamağına əsəbiləşirsən. Sənin özündən xəbərin yoxdur. Yatanda elə bil simfonik orkestrdir. Deyirəm də. Bu kişi sənin qocalığındır.

Zaman: Elə o da onu deyir. Hamınız axmaqsınız. Bir onu bilirəm ki, mən sizin hamınızdan axmağam. Özüm özümü bütün növ zibillərə salmışam. Sanki mənim ağlım yoxdur!? Mən niyə Murada uyuram? Mən niyə Vahidə qarşı çıxa bilmirəm? Heç vaxtı ilə məni atan nənəmi tənbeh edə bilmədim ki, niyə mənimlə maraqlanmayıb. İndi yadına düşmüşəm? Bəlkə öyrənib ki, pulum var, ona görə gəlib!?

Murad: Ay Zaman, arvad Rusiyadan necə öyrəndi ki, sənin pulun var, hə? Axı bu arvadın heç pula ehtiyacı yoxdur. Ərindən ona sərvət qalıb.

Zaman: Hardan bilirsən e!? Bəlkə boş-boş danışır!? Yalan deyir!? Bizi inandırmaq üçün tələ qurub!?

Murad: İşə düşdük də. Güya yoxlamaqla nə itiririk?

Zaman: Murad, sən pulgir adamsan. Amma pulgir olduğun qədər sadəlövhsən. Mən insanlara belə asanlıqla etibar etməzdim. Sən məni hamıya inandırırsan. Hərdən bu yaşlı kişinin cəfəngiyyatlarına da inanıram.

Murad: Bu kişini boş ver. İndi düşünəcəyimiz ən sonuncu adam bu kişidir!? De görüm, ağlına nəsə plan gəlib?

Zaman: Hə, gəlib. Gedirik banka. Hesabdakı bütün pulu çəkirik. Maşını da satıram. Çatmasa telefonum, notbukumu da sataram. Əvvəl-axır əlli min dolları tamamlayıb verirəm Vahidə. Rədd olsunlar həyatımdan.

Murad: Birdən sonra yenə əl çəkmədi? Dirəşdi ki, qızımın namusunu ləkələmisən, almalısan.

Zaman: Yaxşı görək. Mənim pulum olmayandan sonra Vahid mənə qız vermək istəyər? İndi elə pul üçün çıxarır da bütün bu oyunları.

Murad: Sən də düş prinsipə. Pulu vermə. Qızı da rədd elə başından.

Zaman: Görmürsən, namus söhbəti edir axı. Qız da deyir özümü lezvalayaram, ikinizi də tutduraram. Bunun altından çıxmaq olar? Bu işin axırı həbsdir, Murad.

Murad: Bəlkə Dilbərdən əlli min dollar istəyək. Ona izah edək məsələni. Məncə, kömək edər.

Zaman: Birincisi, mən o arvada heç inanmıram. İkincisi, ona ağız açmaq istəmirəm. Üçüncüsü, lap ağız açdım, pul istədim, vermədi, nə olacaq? Mənim qürurum yerlə bir olar e.

Murad: Mən istəyim. İcazə ver, özüm danışım onunla.

Zaman: Bilmirəm. Bu dəqiqə ağlıma heç nə gəlmir. Bunlar harda qaldılar? Niyə gəlmədilər? Gör neçə saatdır gediblər. Bu kişi də oyanmadı.

Murad: O, aşağısı on iki saat yatacaq. Elə-belə dərman deyil e. Bomba partlasa oyanmaz.

Zaman: Nə hoqqa çıxarırsan sən? Bu dərdləri başımdan atım, sənlə ayrıca danışacağam. Heç eybi yoxdur. (qapı döyülür) Budur. Gəldilər.

Murad: (qapıya yaxınlaşır) Sakit ol. Narahat olma, hər şey düzələcək. (qapını açır)

Dilbər: (oxuyur, əl çalır və rəqs edir)

İki quyu yan-yana, gəl, ay qonşunun qızı!

Su içdim yana-yana, gəl, ay qonşunun qızı!

Sən ol anama gəlin, anam sənə qayınana!

Sən ol anama gəlin, anam sənə qayınana!

Vahid əl çalır, Narın Dilbərlə rəqs edir.

Şamamalar tağında, qoşa xal yanağında!

Kaş ki, bu yaz olaydı üzüyüm barmağında!

Kaş ki, bu yaz olaydı üzüyüm barmağında!

Gəl, gəl, gəl, gəl, gəl, ay qonuşunun qızı!

Gül, gül, gül, gül, gül, ay qonşunun qızı!

Kaş ki, bu yaz olaydı üzüyüm barmağında...

Kaş ki, bu yaz...

Zaman: (yüksək səslə) Nənə! Ay nənə!

Dilbər: (susur) Can nənə!

Zaman: Bəsdir. Çox sağ ol. Bəsdir. Başım ağrıyır. (təngnəfəs) Bəsdir daha.

Vahid: Ay oğul, arvad sevinir də. Nəvə toyu görür e. Sənə adi gəlməsin.

Narın: Hər adama qismət olmur. Sizə də qismət olsun, biz də nəticə toyu görək e, nəticə.

Murad: (pıçıldayır) Siz də ki, bu sifət var, onu da görərsiz.

Dilbər: (yatan kişini görür) Bıyy! Ay bala, bu kişi nə yaman ağır yatıb! Heç demirsiz ki, yatan var. Mən də oxuyub oynayıram.

Zaman: O, elə ağır yatıb ki, Pavarotti öz zil səsiylə mahnı oxusa oyanmaz.

Dilbər: Bəs üstünü niyə örtmürsüz? Demirsiz ki, bu igid xəstələnər!?

Murad: Ətin tökülsün, arvad! İgid a!

Esmeralda: (özünü saxlaya bilməyib qəhqəhə çəkir) Oyyy... Bu qadının bədəni qocalıb e, ruhu cavandır. İki il ərsiz qalmaq çətin işdir, əlbəttə.

Vahid: (hirslə pıçıldayır) Özünü ağır apar.

Narın: Zaman, oğlum, üzükləri də aldıq. Sən də gedib gül, şkolad alarsan, sabah nənənlə birlikdə gələrsiz bizə.

Zaman: Gələrik, gələrik. Siz Allah, gedin. Bir də görüşməmək ümidi ilə...

Vahid: Gözləyəcəyik a!

Narın: Mən hazırlıq edim, qurbanı da kəsək.

Zaman: Yaxşı, yaxşı. Gedin. Sağ olun.

Vahid: Sağlıqla qalın.

Narın: Dilbər bacı, hələlik. Sabah gözləyirik a.

Dilbər: Allah amanında. Gələcəyik sabah. Sağ olun.

Vahid, Narın və Esmeralda çıxırlar. Murad qapını bağlayıb, Zamana işarə edir. Zaman işarəni anlamır.

Murad: Zaman da yoruldu. Bayaqdan yatmaq istəyir. Dedi nənə gəlsin, sonra yatım.

Zaman: Həə.. Düzdür. Nənə, mən yatım.

Dilbər: Yat bala. Quzu kəsim, yat. Yuxun şirin olsun.

Zaman Murada işarələr vuraraq otağa keçir. Murad Dilbərin yanında oturur. Dilbər isə heyranlıqla yatan Qoca Zamana baxır.

Murad: Nənə...!

Dilbər: Hə. (gözlərini kişiyə dikib)

Murad: Nənə...!

Dilbər: Həəə..... (gözlərini kişidən ayırmır)

Murad: Nənə, mən burdayam e. Mənə bax da, sən canın.

Dilbər: (diskinir) Hə, bala, buyur. Nə olub?

Murad: Nənə, ayağına düşmüşük, bizə kömək elə.

Dilbər: Nə olub?

Murad: Nənə bizə təcili əlli min dollar pul lazımdır.

Dilbər: Neyləyirsiz bu pulu?

Murad: Zamanın başına iş gəlib. Ancaq pulla qurtula bilər. Ona da əlli min lazımdır.

Dilbər: Bəs zamanın pulu yoxdur? Axı deyirdilər o varlıdır.

Murad: Nənə, Zaman çoxlu borcun içindədir. Yapışıblar yaxasından, ölümlə hədələyirlər.

Dilbər: Bıyy. İraq olsun. Bala, hansı dövrdür ki, adamı ölümlə hədələyələr? Qanun var, polis var.

Murad: Yox e, nənə, bunlar mafiyadır da. Lotuluq edirlər.

Dilbər: Bəs Zaman özü niyə danışmır mənə bunu?

Murad: Zaman danışmaq istəmir. Üzü gəlmir də. Səni hələ bu gün görüb.

Dilbər: Murad, mən kömək etmək istərdim, amma bütün sərvət Rusiyadadır. Mən təkcə yolpulu götürüb gəlmişəm. Bir də ki, biraz xərclik götürmüşdüm, ona da qız üçün üzük aldım. Rəhmətlik kişi mülkü pula çevirməyib. Gərək Zamanla birlikdə gedək Rusiyaya, mağazalar var, restoranlar var, evlər var, maşınlar var, onları sataq pula çevirək.

Murad: Bu çox gec olacaq axı. Zamanın başı böyük dərddədir.

Dilbər: Vahiddən borc istəyin də. Qayınatası deyil? Kürəkənini xilas edər. Zaman utanırsa, mən özüm danışaram.

Murad: Yox, yox, yox. Vahidlə qətiyyən bu barədə danışmaq olmaz. Nənə, sənə düzünü deyim, Zaman o qızla evlənmək istəmir. Vahid ona tələ qurub.

Dilbər: Necə yəni?

Murad: Vahidin oğluna böyrək lazım idi. Zamanın da böyrəyi uyğun gəldi. Sadəlövh oğlandır da. Verdi böyrəyini. Vahid də əlli min dollar pul verdi Zamana. Sonra da qızı Esmeraldanı müsəllət elədi oğlanın canına. Qız düşmədi Zamanın yaxasından. Vahid də dirəşib ki, qızımın namusunu ləkələmisən, almalısan. Əlli min dollar öz qızına qalsın deyə, belə edir. Ona görə qızından istifadə edir biqeyrət.

Dilbər: Alçağa bax e. Yəni dünyada belə şeylər də var?

Murad: Eh. Hələ bu harasıdır? Qız da deyir ki, məni almasan özümü lezvalayaram. İraq olsun, qız birdən belə şey eləsə, Zamanı basarlar türməyə. Bir yolla Vahidin pulunu təpəsinə çırpıb Zamanı bu bəladan qurtarmalıyıq.

Dilbər: Bəs bunu mənə əvvəldən niyə demirdiniz? Sən get yat. Mən fikirləşim görüm nə tapıram. Narahat olma, oğul bala, dərdi verən Allah dərman da verər. Sən get yat. (divana oturur)

Murad: Yaxşı, nənə. Gör neyləyirsən. Gecən xeyrə qalsın. (getmək istəyir) Sənin yerin də yan otaqda hazırdır.

Dilbər: Yaxşı, çox sağ ol.

Murad: (Dilbərin kişiyə baxdığını görür) Nənə, kişiylə işin olmasın. Yaşlı adamdır. Ürəyi tutar, qalar üstümüzdə.

Dilbər: Yox, ay bala, onunla nə işim var? Mən Zamanı bu bəladan qurtarmağın yolunu axtarıram.

Murad: Di hələlik. (gedir)

Dilbər: (onun arxasıca baxıb getdiyinə əmin olur) Hay hay! (Qoca Zamana baxır) Sən bir buna bax! Yaraşıqlı, gözlə, bir işim var, onu həll edim gəlirəm yanına.

Dilbər cibindən telefonu çıxarıb bir küncə çəkilir. Nömrə yığır.

Dilbər: (sükutdan sonra) Vahid, işlər yaman qarışıb. Bunlar sənə pulu qaytarmaq istəyir. Məndən pul istədilər sənə verməyə.... Sənin verdiyin əlli mini? Yəqin xərcləyiblər də... A kişi, day orasını bilmirəm, amma bunlar bir yerdən pul tapsalar, səni başlarından edəcəklər. Ondan sonra mən də qalacağam ortalıqda.... Hə? Yaxşı, mən hələ ki, davam edirəm. Yox, şübhələnməyiblər... Yaxşı. Di salamat!

Telefonu söndürüb cibinə qoyur. Sonra ətrafa boylanıb səssiz addımlarla divanda yatan kişiyə yaxınlaşır. Qoca Zaman möhkəm xoruldayır.

Dilbər: Can! (kişi yenə xoruldayır) Can!

Qoca Zaman hər dəfə xoruldadıqca Dilbər “can” deyir. Onun saçını, sinəsini, əllərini sığallayır. Qoxusunu ciyərinə çəkir.

Dilbər: Əsl kişi ətridir! Bəh-bəh!

Dilbər Qoca Zamanın ayaqlarını sığallayanda kişi qıdıqlanır və gülərək yuxudan ayılır. Dilbər cəld kənara çəkilir. Kişi təccüb içində ətrafa boylanır. Gözlərini ovxalayıb bir daha evə göz gəzdirir. Dilbərə diqqətlə baxır.

Qoca Zaman: Sən neyləyirsən?

Dilbər: (özünü itirir) Heeçççç. Mən üstünüzü örtmək istədim.

Qoca Zaman: məni qıdıqladın!

Dilbər: Nə qıdıq, cənab? Siz yuxu görmüsüz!

Qoca Zaman: Yox. Sən məni qıdıqladın? Heç utanmırsan? Ayıb deyil səninçün?

Dilbər: Cənab, haçandan yatan adamın üstünü örtmək ayıb olub? Mən sizə yaxşılıq etmək istədim, siz isə...

Qoca Zaman: Pah! Yaxşılıqmış! Nə yaxşılığı, hə? Mən sənin çirkin planlarına yaxşı bələdəm. Vahidin adamısan da. Zamanı tora salmaq üçün göndərib səni.

Dilbər: Aman Allah! Siz nə danışırsız? Böhtan atmayın. Günahdır.

Qoca Zaman: İndi bu dəqiqə Zamanı yuxudan oyadacağam. Sən də ona həqiqəti deyəcəksən.

Dilbər: Siz hansı həqiqətdən danışırsız? Siz mənə böhtan atırsız.

Qoca Zaman: Vahidin adamı olduğunu deyəcəksən. Deyəcəksən ki, Vahid səni göndərib, birdən qızını almasa sənin vasitənlə pulunu geri alsın. Hə. Nə oldu? Nitqin qurudu? İndi fikirləşirsən ki, görəsən, bu kişi bunları hardan bilir? Mən hər şeyi bilirəm. Heç narahat olma. İndi Zamanı yuxudan oyatmağa gedirəm. Yerindən tərpənmə. (Bu vaxt kişinin qolundakı saat zəng çalır) Lənətə gələsən! Mən neçə saatdır yatmışam? Bu axmaq yuxu haradan gəlib? Mən getməliyəm. Amma yenə gələcəyəm. Sənin çirkin planlarını ifşa edəcəyəm. Vahid də, sən də, o biri şərikləriniz də həbsə gedəcəksiz. Lənətə gəlmişlər!

Qoca Zaman sürətlə evdən çıxır. Dilbər təəccüb içində donub onun arxasıyca baxır.

Dilbər: Doğrudan a. Bu kişi bunları hardan bilir? Bəlkə o, falçıdır!? Hə. Mütləq ki, falçıdır. (divana uzanır, birdən nəsə yadına düşür) Ax! Bəs necə? Mən bayaq telefonla danışdım axı. Yəqin bu afirist kişi yatmayıbmış, özünü yuxululuğa vurub və mənim danışdıqlarımı eşidib. Ay mənim axmaq başım! Mən ki, belə səhvlər etməzdim. (əsnəyir) Bəs, görəsən, o niyə belə tələsik çıxdı? Gecəyarısı hara tələsirdi ki? Əşi, nəysə. Yaman yoruldum. Mənə lazım idi bu hay-həşir? Vahidin başına daş düşsün. Biraz gözümün yuxusunu alım. Allah bilir, sabah başımıza nə gələcək? Bu kişinin sözü düz çıxmasın, birdən iş açılar, bu yaşımda tutub basarlar məni türməyə. (əsnəyir, gözləri qıyılır) Nə olar olar da. Özü yıxılan ağlamaz. Yat, Dilbər. Yuxun şirin olsun.

Yuxuya gedir. Murad mürgülü halda gəlir. Qapını açıq qoyub təəccüblə qapıya yaxınlaşır. Ətrafa baxıb qapını bağlayır. Divana baxanda Qoca Zamanın yerində Dilbəri görür.

Murad: Vay! Utanmazlar! Sən bir arvaddakı hünərə bax! Kişini o ağır yuxudan oyadıb, yola da salıb. Kişi də bunu necə yorubsa elə buradaca yatıb. Sən yat, ay Zaman. Nənə keyf-damaqda, sən şahzadə yuxusunda. Günümüzə bax da. (masaya yaxınlaşıb özü üçün su süzür) Mən də deyirəm Dilbər bizi bu bəladan xilas edər. Dilbər kişi hayındadır. Ondan bizim dərdimizə dərman olmaz. Deyəsən, Zaman düz deyir. Biz nəyimiz var, nəyimiz yox satıb Vahidin pulunu verməli olacağıq. (suyu içir) O qədər pul xərcləmişik ki, boş yerə, nəyi də satsaq tamamlanmaz. (stulun üstündə Dilbərin çantasını görür) Hələ bir görək bunun çantasında nə var? (səssizcə yeriyib çantanı götürür) Sən indi görərsən, Dilbər! Əcəb əntiq əşyaları olar bu nənənin. Yaxşı da pula gedər. (çantanın içindən üzük, boyunbağı, bilərzik və sırğalar çıxarır) Həəə! Əla! Bax belə. İşimiz düzəldi. Bunları pula çevirsək Vahidin pulunu qaytararıq. Canımız birdəfəlik qurtular.

Qızılların hamısını götürüb maykasının qurşağına doldurur. Çantanı bağlayıb yerinə qoyur. Ətrafa baxa-baxa səssizcə yeriyib otağa keçir. İşıq sönür.

2050-ci il.

Fizika laboratoriyası. Qoca Zaman yenə də təngnəfəs halda cihazdan çıxır. Yenə əsəbi və gərgindir. Var-gəl edir, yumruğunu masaya döyəcləyir.

Qoca Zaman: Yox. Deyəsən, mən bunu bacarmayacağam. Axı niyə hər dəfə bir əngəl çıxmalıdır? Sanki hansısa qüvvə mənə bu işdə mane olur.

Bilirsiz, əslində, hər şey mənim özümdən asılıdır. Mən bir fizik ola-ola özüm-öz dediklərimə, gələcəkdən keçmişə qayıtdığıma inanmıram. Bu da təbiidir. Çünki bizim şüurumuz dövrə görə formalaşır. 21-ci əsrin ilk qırxbeş ilində bütün bunlar insanların ağlına də gəlməzdi. Sadəcə elmin, elm adamlarının gələcək haqqında müxtəlif fərziyyələri vardı.

Məsələn, mənim yaxşı yadıma gəlir, sevgili və seksdə tərəf müqabili olmaq üçün robotlar kəşf olunanda müxtəlif məzəli yazılar yazıldı, sosial şəbəkələrdə bu zavallı robotları ələ salırdılar. Hələ bir qisim də bunu Allaha üsyan kimi görüb, robotları kəşf edən elm adamlarını itin məlum yerinə soxub çıxardılar! Bu da sənə elmin tərəqqisi!

Amma məncə, burda qeyri-adi bir şey yoxdur. Əlbəttə, bütün bunlar normaldır. O dövrün insanı bir robotu özünə cinsi tələbat ödəməyə vasitə kimi də görə bilməzdi. Amma indi?! İndi o robotlar şəxsiyyət vəsiqəsi də alıblar. Bəzi ölkələrdə onların evlilik hüquqları da var. Ən maraqlısı isə odur ki, sonralar zoofillər üçün heyvan robotlar, nekrofillər üçün ölü robotlar kəşf olundu. Hələlik, onların evlilik hüququ yoxdur. Yəqin ki, yaxın gələcəkdə o da olacaq.

Nə isə... Qayıdaq keçmişə. Sonuncu dəfə sınayacağam. Əgər bu dəfə də alınmasa illərimi sərf etdiyim bu böyük təcrübə yerlə bir olacaq. (köks ötürür) Mən onda neyləyəcəyəm? Bütün elm adamları bilir ki, mən bu işlə məşğulam. Onların içində mənim kəşfimi səbirsizliklə gözləyənlər də var, məni ələ salmaq üçün məyus olmağımı istəyənlər də.

Yox. Mən o mənfurların dilində lətifəyə çevrilməyəcəyəm. Sonuncu cəhd. Bir də. Bir də yoxlayacağam. Bu dəfə alınacaq! Mütləq alınacaq.



Stulda əyləşib barmağını masaya döyəcləyərək fikrə gedir. Saata baxır. İşıq sönür.

2017-ci il.

Vahidin evi. Vahid xoş əhvalla divanda oturub siqaret çəkir. Narın yer yığış edir. Masa üzərinə örtük salır, güldan və meyvəqapını yerləşdirir. Esmeralda masanın başında oturub dırnaqlarını silir. Narın hərdən ona tərs-tərs baxıb köks ötürür və daha sonra yenə yır-yığış edir. Dolçaya su dolururb masa üstə qoyur, stəkanları ətrafına düzür. Esmeralda dırnaqlarına sığal çəkir.

Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin