Ziqmund freyd bir illüziyanın gələcəyi erix fromm psixoanaliz və din


III. Sevgi və müasir cəmiyyətdə onun tənəzzülü



Yüklə 5,5 Mb.
səhifə6/8
tarix01.02.2020
ölçüsü5,5 Mb.
#101988
1   2   3   4   5   6   7   8

III. Sevgi müasir cəmiyyətdə onun tənəzzülü

Əgər sevgi yetkin, yaradıcı xarakterə xas qabiliyyətdirsə, buradan belə nəticəyə gəlmək olar ki, müəyyən mədəniyyət daxilində fərdin sevmək qabiliyyəti həmin mədəniyyətin onun xarakterinə təsirindən asılıdır. Əgər biz müasir qərb cəmiyyətində sevgidən danışırıqsa, onda qərb sevgisinin sosial strukturu və bu struktura xas ruh, sevginin inkişafına kömək edib etmədiyini bilməliyik. Əgər sualı belə qoyuruqsa, onda “yox” cavabını verməliyik. Qərb həyatının obyektiv müşahidəsi göstərir ki, sevgi-qardaş sevgisi, ana sevgisi, erotik sevgi nadir hadisədir və onların yeri əslində sevginin tənəzzül formaları olan bəzi yalançı sevgi formaları ilə əvəz olunub.

Kapitalizm cəmiyyəti, bir tərəfdən siyasi azadlıq, digər tərəfdən isə bütün iqtisadi və deməli, sosial münasibətlərin tənzimləyicisi kimi bazar prinsipinə əsaslanır. Məhsul bazarı məhsul mübadiləsi baş verən şəraiti, əmək bazarının məşgulluq və əmək satışını tənzimlədiyi şərtləri müəyyən edir. Faydalı əşya tək, faydalı insan enerjisi və qabiliyyətləri bazar şərtlərinə uyğun olaraq zor tətbiq edilmədən və aldatma olmadan məhsullara çevirirlər. Nə qədər lazımlı və etibarlı olsa da, ayaqqabı, əgər ona bazarda tələb yoxdursa, heç bir iqtisadi dəyərə (mübadilə dəyərinə) malik deyil: insan enerjisi və qabiliyyətləri də mövcud bazar şəraitində, tələbat olmadıqda, mübadilə dəyərinə malik deyil.

Kapital sahibi, əməyi ala və onu öz kapitalına gəlir gətirməyə məcbur edə bilər. Əmək sahibi onu kapitalistə satmalıdır ki, acından ölməsin. Bu iqtisadi struktur dəyərlər yerarxiyasında əks olunub. Kapital əməyə hakimlik edir; əşyalar yığını-cansız olan – daha yüksək dəyərə malikdir, nəinki, canlı olan əmək, canlı olan insan qüvvəsi.

Ən əvvəldən bu kapitalizmin əsas strukturu idi. Bu müasir kapitalizmə də xas olmasına baxmayaraq, onun bəzi faktorları dəyişib və ona spesifik keyfiyyətlər verərək müasir insanın strukturunun xarakterinə dərin təsir göstərib. Kapitalizmin inkişafının nəticəsi olaraq, biz kapitalın mərkəzləşməsi və təmərküzləşməsi prosesinə daha çox rast gəlirik. Böyük müəssisələr durmadan böyüyür, xırdalar – məhv olur. Bu müəssisələrə sərf edilən sərmayələrə yiyə durmaq işi, onları idarə etmək vəzifəsindən getdikcə daha çox uzaqlaşır. Müəssisənin «sahibi” – aksiyaları əldə edən yüz minlərlə insanlardır; yaxşı maaş alan rəhbər idarəçilərinin bürokratik aparatı müəssisəyə sahib durması da, onu idarə edir.

Bu bürokratiya, müəssisəni genişləndirmək, öz qüdrətini artırmaqda, maksimum gəlirin alınmasından daha çox maraqlıdır. Kapitalın artmaqda olan təmərküzləşməsi, qüdrətli bürokratiyanın əmələ gəlməsi fəhlə hərəkatının inkişafı yan-yana gedir. Əmək birliklərinin yaradılması nəticəsində fəhlə, təklikdə, öz adından əmək bazarında öz əməyinin satıcısı kimi gərək çıxış etməsin; o, güclü bürokratiya tərəfindən idarə olunan böyük əmtəə ittifaqlarına daxil edilib; bu ittifaqlar sənaye nəhəngləri ilə münasibətlərdə fəhlələri təmsil edir. İstər kapital, istərsə də əmək sahəsində, bilmək olmaz, bu – yaxşı haldır, yoxsa ris – təşəbbüs bürokratiyaya keçdi. Çoxlu insan bunun nəticəsində müstəqilliklərini itirərək iri iqtisadi cəmiyyətlərin idarəçiliyindən asılı vəziyyətə düşüb.

Kapitalın təmərküzləşməsinin nəticəsi olan, müasir kapitalizmi xarakterizə edən digər həlledici səciyyəvi cəhəti – əməyin təşkilinin xüsusi üsuludur. Əməyin sərt bölgüsü şəraitində müəssisələrin hədsiz mərkəzləşməsi belə bir vəziyyətə gətirib çıxarır ki, fərd öz fərdiyyətçiliyini itirir, maşında, asanlıqla əvəz oluna biləcək, xırda detala çevrilir. Kapitalizmin insan problemi aşağıdakı kimi formula edilə bilər:

Müasir kapitalizm bir-biri ilə əlaqəli çalışan iri insan kütlələrinə ehtiyac duyur; bu insanlar getdikcə daha çox istehlak etmək istəyirlər; onların zövqləri standartdır və xaricdən asanlıqla yönəndirilə və istiqamətləndirilə bilər. Bunlar özünü azad və müstəqil hiss edən heç bir prinsip, nüfuz sahibi və ya vicdandan asılı olmağını düşünən, lakin, əmrə tabe olan, onlardan tələb olunanı edən insanlardır; münaqişəsiz sosial maşina itaət edirlər; onları güc tətbiq etmədən idarə etmək, aparıcısız aparmaq, heç bir məqsəd olmadan irəli getməyə məcbur etmək olar.

Buradan nə nəticəyə gəlmək olar? Müasir insan özündən, ən yaxınlarından, təbiətdən özgələşib.71 O, məhsula çevrilib, öz həyat qüvvəsini investisiya kimi qəbul edir, bu investisiya ona mövcud bazar şəraitində maksimal gəlir gətirməlidir. İnsan münasibətləri əslində özgələşmiş avtomatların münasibətləridir; onların hər biri öz təhlükəsizliyini sürüyə mümkün qədər yaxın olmaqda və digərlərdən fikir, hiss və hərəkətlərdə fərqlənməmək üzərində qurur. Hər birinin digərlərinə mümkün qədər yaxın olmağa çalışmasına baxmayaraq, hər biri olduqca tənhadır, özünü, azca olsa da, təhlükəsiz hiss etmir, onu həyəcan və günah hissi boğur və bu hisslər həmişə insan tənhalığın öhdəsindən gələ bilmədikdə meydana çıxır.

Bizim sivilizasiyamız insan özünü tənha hiss etməməsi üçün bir çox çıxış yollarını təqdim edir: birinci, insanları özlərinin əsas istəkləri xaricində qalmağa, transsendentallıq və vəhdətə can atmasını boğmağa kömək edən ciddi bürokratik və mexaniki əmək şablonu. Təkcə bu şablon tapşırığın öhdəsindən gəlmədiyi üçün insan, dərk edə bilmədiyi ümidsizliyin öhdəsindən gəlmək üçün əyləncə sənayesinin təqdim etdiyi əyləncə şablonu-səs və tamaşanın passiv istehlakına və həmçinin yeni əşyaların alınması və tez bir zamanda yeniləri ilə əvəz olunmasına müraciət edir. Müasir insan, doğrudan da Hakslinin “gözəl yeni aləm”ində təsvin etdiyi obraza çox yaxındır: «Yaxşı yedirdilmiş, yaxşı geyinmiş, seksual təminatlı, lakin, şəxsi “mən”ə malik olmayan, yaxınları ilə ən səthi əlaqələrə malik olan, şüarlarla yönləndirilən. Onları Haksli qısaca olaraq belə formulə etmişdir: “Ehtirasları sevən, cəmiyyəti məhv edər” və ya “Bu günün əyləncəsini sabaha qoyma” və ya “İndi hamı xoşbəxtdir”. Bu gün insan xoşbəxtliyi əylənməkdə görür. Əylənmək-məhsulların, tamaşa, qida, içki, siqaret, adam, mühazirə, kitab, kinofilmlərin istifadəsi və istehlakı deməkdir. Hər şey istehlak olunur, bir növ həzm olunur”. Dünya bizim böyük iştahamızın predmetidir: böyük alma, böyük butulka, böyük sinə, təcrübəsiz uşaq kimi, biz isə həmişə nəyisə gözləyirik, nəyəsə ümid edirik və həmişə məyusuq. Bizim xarakterimiz dəyişmək və almaq, satmaq və istehlak etməyə yönəlib; maddi və mənəvi olmaqla bütün predmetlər alver və istehlak predmetinə çevrilir.

Əgər söhbət sevgidən gedirsə, vəziyyət zəruri olaraq, müasir insanın sosial xarakterinə uyğun olur. Avtomat maşınlar sevə bilməz: onlar öz “şəxsi paketlərini” mübadilə etməklə uğurlu müqaviləyə ümid edirlər». Sevginin və özgələşmiş strukturlu nigahın ən əhəmiyyətli ifadələrindən biri “uyğunluq” ideyasıdır. Xoşbəxt nigah haqqında məqalələrdə bu ideal düzgün fəaliyyət göstərən uyğunluq idealı kimi təsvir olunur.

Bu təsvir fəaliyyət göstərən işçi ideyasından elə də fərqlənmir: o, “ağlasığacaq dərəcədə müstəqil” olmalı, kollektiv əməyə hazır, dözümlü və eyni zamanda şöhrətpərəst və aqressiv olmalıdır. Beləliklə, nigah işləri üzrə vəkil bizə deyə bilər ki, ər arvadını “başa düşməli” və ona kömək etməlidir. Onun yeni paltarı və ya dadlı yeməyi ilə bağlı xoş sözlər deməlidir. O da cavabında əri evə gec gələndə, yorgun və qəmgin olanda onu başa düşməli, işdə çətinlikləri barədə danışanda diqqətlə qulaq asmalı və əri onun ad gününü yaddan çıxardıqda qəzəblənməməli və onu başa düşməlidir. Bütün bu münasibət növləri bir-birinə bütün həyatları boyu yad qalan, heç vaxt “dərin əlaqə”yə” çatmayan, lakin, bir-biri ilə nəzakətli və bir-birinin həyatını mümkün qədər xoş eləməyə çalışan iki insanın münasibətləridir.

Sevgi və nigahın bu cür anlamında əsas vurgu dözülməz tənhalıq hissindən sığınacaq tapılmasına edilir. Nəhayət, “sevgidə” tənhalıqdan xilas tapılır. İki nəfərin dünyaya qarşı ittifaqı qurulur və bu ikilikdə eqoizm səhv olaraq sevgi və yaxınlıq kimi qəbul olunur.

Uyğunluq ruhu, qarşılıqlı dözümlülük və s. anlayışlar nisbətən yenidirlər. Birinci dünya müharibəsindən sonra təminatlı sevgi münasibətləri, əsasən də xoşbəxt nigahın əsasında qarşılıqlı seksual təminatı görürdülər. Əmin idilər ki, bir çox nigahların bədbəxtliyinin səbəbini nigah üzvlərinin «seksual müvafiqliyi”nin olmaması» ilə izah edirdilər: bu bəlanın səbəbini isə partnyorların «düzgün” seksual davranışı» bilməməsi, yəni, onlardan biri və ya hər ikisinin seksual texnikaya malik olmaması ilə izah edirdilər. Bu bəlanı «sağaltmaq” və uğursuz cütlərə kömək etmək üçün bir çox kitablar düzgün seksual davranışla bağlı instruksiya və məsləhətlər verirdi və bu və ya digər şəkildə söz verirdilər ki, bundan sonra xoşbəxtlik və sevgi gələcəkdir. Əsas ideya belə idi ki, sevgi seksual həzzin məhsuludur və əgər iki insan bu cəhətdən bir-birini təmin edərsə, onlar bir-birini sevəcəkdir.

Zamanın ümumi illüuziyası ilə bağlı olaraq hesab edilirdi ki, düzgün texnikanın tətbiqi nəinki texniki, həmçinin bütün bəşəri problemləri həll edəcək. Həqiqətin bu ideyaya təm əks olması faktı nəzərə alınmırdı. Sevgi adekvat seksual təminatın nəticəsi deyil, seksual xoşbəxtlik, seksual texnikaya malik olma da-sevginin nəticəsidir. Əgər bu tezisin başqa bir sübuta da ehtiyacı olsaydı, onda onu çoxsaylı psixoanalitik sənədlərdə tapmaq olardı.

Ən çox təsadüf olunan seksual problemlərin-qadınlarda frigidlik və kişilərdə psixi impotensiyanın müxtəlif formalarının tədqiqi göstərir ki, buna səbəb seksual texnikanı bilməməkdə yox, sevmək qabiliyyətsizliyini törədən tormozlanmalardır. Əks cinsə nifrət və ya qorxu insana özünü bütövlükdə verməyə, təbii və bilavasitə hərəkət etməyə, partnyora etibar etməyə mane olan çətinliklərin əsasını təşkil edir. Əgər seksual tormoz­lanmaları olan adam qorxu və nifrətdən qurtulub sevmək qabiliyyətini qaytararsa, onun seksual problemləri də yox olacaq. Əgər qaytarılmazsa, burada heç bir texnika kömək edə bil­məz.

Bir çox psixoanalitik terapiya sənədləri düzgün seksual texnikanı bilməyin, sevgi və seksual xoşbəxtliyin əsasında durması fikrini təkzib etdiyi vaxt, Freydin, sevginin ikitərəfli seksual təminata səbəb olduğu haqqında nəzəriyyəsi böyük əhəmiyyətə malik idi. Freyd üçün sevgi əsasən, seksual fenomen idi. «Təcrübədə cinsi (genital) sevginin ona böyük həzz verdiyinə əmin olan insan, onu özü üçün xoşbəxtliyin prototipinə çevirir, məcburdur ki, öz xoşbəxtliyini seksual əlaqələr yolunda axtarsın, genital erotikanı həyatının mərkəzinə qoysun”.72 Freydin fikrincə, qardaş sevgis-seksual istəyin nəticəsidir, lakin, bu istək «qadağan olunmuş hədəfə” yönəlmiş impuls olanda. Hədəfi qadağan sevgi ilk vaxtlardan hissi sevgi olmüşdür və şüursuz insanda o, hələ də belə qalır.73 Digər insan və ya yaxınlarla qovuşma hissinə gəldikdə isə, o, Freyd tərəfindən pataloji fenomen, erkən «qeyri-məhdud narsisizmə” qayıdış kimi qiymətləndirilirdi».74

Freyd kimi, sevgini irrasional fenomen kimi qiymətləndirmək üçün daha bir addım atmaq lazımdır. O, irrasional sevgi və yetkin şəxsiyyətin göstəricisi olan sevgi arasında heç bir fərq qoymur. O, sevginin transferensiyası haqqında işlərində qeyd edirdi ki, başqa obyektə köçürülmüş sevgi mahiyyətcə normal sevgi fenomenindən seçilmir.75 Vurğunluq həmişə anormallıqla, gerçəkliyə münasibətdə ağılsızlıqla, kor qüvvəyə tabeçiliklə müşayiət olunur və uşaq sevgisi obyektlərindən köçürülmədir. Şüurlu fenomen, yetkinliyin zirvəsi kimi sevgi, Freyd üçün tədqiqat predmeti olmayıb, çünki belə sevgi onun üçün ümumiyyətlə mövcud olmayıb.

Lakin, Freydin sevginin seksual cazibə və ya seksual təminatın nəticəsi olaraq şüura təsir etdiyi fikrini şişirtmək səhv olardı. Əslində, səbəb-nəticə əlaqəsi burada tərsinədir. Freyd ideyaları XIX əsrin əhval-ruhiyyəsi ilə əlaqədar idi, birinci dünya müharibəsindən sonra hakim olan fikirlərlə yaşayırdı. Həm ümumqəbulolunmuş, həm də Freyd ideyalarına təsir göstərən amillər ciddi əxlaqlı viktorian dövrünün ideyalarına reaksiya idi. Digər tərəfdən, o zaman kapitalizm strukturuna uyğun insan ideyası hökm sürürdü. Kapitalizmin insan tələbatlarına uyğun olduğunu sübut etmək üçün insanın təbiətən rəqabətə meylli olduğunu və digər insanlara düşmən kəsildiyini sübut etmək lazım idi. İqtisadçılar iqtisadi gəlir hərisliyindən, darvinistlər isə sağ qalmanın bioloji tərəfindən danışarkən, Freyd belə bir qənaətə gəldi ki, kişi bütün qadınları ram etmək istəyi ilə yaşayır və yalnızca, cəmiyyətin təzyiqi ona bu istəyi həyata keçirməyə mane olur. Nəticədə kişilər mütləq bir-birinə paxıllıq edir və hətta bütün sosial və iqtisadi əngəllər yoxa çıxsa da, bu rəqabət və paxıllıq davam edəcək.76

Ən nəhayət, Freydin təfəkkürü XIX əsrdə hakim olan bu tip materializmin təsiri altında idi. Hesab olunurdu ki, bütün mənəvi hadisələrin substratını fizioloji amillər təşkil edir. Ona görə də sevgi, nifrət, şöhrətpərəstlik, paxıllıq Freyd tərəfindən seksual instiktin müxtəlif təzahürləri kimi qiymətləndirilirdi. O, görmürdü ki, əsas reallıq insan mövcudluğunun bütövlüyüdür: birincisi, bütün adamlar üçün eyni olan insani situasiya, ikincisi, cəmiyyətin spesifik strukturu tərəfindən diktə olunan həyat praktikası. (Bu cür materalizm növündən ilk dəfə olaraq irəliyə doğru addım atan Marks olmuşdur: onun «tarixi materializmdə” insanın mahiyyətini dərketməsinə açar gidaya və əmlaka olan tələbatlara uyğun cisimlər və instinktlər yox, insanın bütöv həyati prosesi, onun “həyatın praktikası” olmuşdur). Freydə görə, instiktiv istəklərin tam və maneəsiz təminatı mənəvi sağlamlıq və xoşbəxtliyə gətirə bilərdi. Lakin, bəzi klinik faktllar aşkar göstərir ki, öz həyatlarını qeyri-məhdud seksual təminata həsr edən kişi və ya qadın xoşbəxt olmurlar və tez-tez kəskin nevrotik konflikt və əlamətlərdən əziyyət çəkirlər.

Bütün instinktiv tələbatların tam ödənməsi nəinki xoşbəxtlik gətirmir, eləcə də psixi sağlamlığa belə zəmanət vermir. Yenə də Freydin ideyası birinci dünya müharibəsindən sonra, kapitalizmdə baş verən dəyişikliklər, ağırlıq mərkəzi yığımdan xərcləməyə, özünüməhdudlaşdırmadan istehlaka keçəndə populyar ola bilərdi; bu həyəcanlı, avtomatlaşmış fərd üçün yeganə əyləncə idi. Hansısa istəyin təminatını özündən əsirgəməmək nəinki seks sferasında, eləcə də hər cür maddi istehlakın sahəsində əsas tendensiyasına çevrildi.

Freydin ideyalarının əsrimizin əvvəllərində mövcud forması ilə müasir psixoanalitiklərin ən məşhur nuümunələrindən biri olan məşhur G.S.Sallivenin ideyaları ilə müqayisə etmək çox maraqlı olardı. Sallivenin psixoanalitik sistemində biz, Freydin əksinə olaraq, seksuallıq və sevgi arasında fərqə rast gəlirik.

Sallivenin konsepsiyasında sevgi və yaxınlıq nə deməkdir? “Yaxınlıq elə bir situasiyadır ki, iki insana onların bütün şəxsi dəyərlərini təsdiq etməyə maksimal imkan yaradır. Şəxsi dəyərlərin təsdiqi mənim əməkdaşlıq adlandırdığım münasibət tipini tələb edir. Əməkdaşlıq dedikdə, mən, daha dolğun qarşılıqlı təminatın genişləndirilməsi naminə digər insanın aşkar tələblərinə uyğunlaşması üçün bir insanın aydın formalaşmış davranışını nəzərdə tuturam”.77 Əgər biz bu sallivensayağı fikirlərimizi müəyyən dil çətinliyindən azad etsək sevginin nə cür əməkdaşlıq oldüğü bizə aydın olar: bu zaman iki insan belə hiss edir: “Biz oyunun qaydalarına uyğun oynayırıq ki, öz prestij, şərəf və ləyaqət hissini saxlayaq”.78

Freydin sevgi konsepsiyası XIX əsrin kapitalizm şəraitində patriarxal erkəyin təcrübəsini təsvir edirsə, Sallivenin təsviri XX əsrin bazar kateqoriyaları ilə düşünən özgələşmiş şəxsiyyətin təsviridir. Bu, «ikilikdə eqoizmin», ümumi maraqlarla birləşmiş və ətraf aləmə düşmən kəsilən iki nəfərin təsviridir. Əslində, yaxınlığın belə təsviri, prisipcə, istənilən uyğunlaşmış əməkdaşlıq hissinə tətbiq edilə bilər-burada hər bir kəs “ümumi məqsədlər naminə öz davranışını digərinin tələbatlarına uyğunlaşdırır”. (Salliven burada ən bariz tələbatlardan danışır, sevgi isə iki nəfərin bir-birinin aşkar olmayan tələbatlarına reaksiyasını nəzərdə tutur).

Sevgi-qarşılıqlı seksual təminat kimi və ya “uyğunlaşdırılmış iş” və ya “tənhalıqdan sığınacaq” kimi-bunlar müasir qərb cəmiyyətində sevginin tənəzzülünün iki “normal” forması və ya sevginin sosial modelləşmiş patologiyasıdır. Sevgi patologiyasının bir çox fərdi formaları var ki, şüurlu əzab çəkməyə gətirib çıxarır və bəzi psixiatrlar və artmaqda olan qeyri-professionallar bunu nevrotik adlandırırlar. Bəzi ən geniş yayılan formalarla tanış olaq.

Nevrotik sevginin əsasını “sevgililərdən” biri və ya hər ikisinin valideynlərdən birinin fiqurasına bağlılığı və yetkinləşdikdən sonra ona olan hissləri, gözlənti və qorxuların sevgili insana “köçürməsi” təşkil edir. Bu cür insanlar üşaq asılılığı obrazından heç vaxt qurtulmurlar və böyüyəndə də bu obrazı öz sevgi tələblərində axtarırlar. Bu hallarda insan hissi mənada iki, beş və ya on iki yaşlı uşaq səviyyəsində qalır, halbuki, intellektual və sosial cəhətdən öz zamanını yaşayır. Daha kəskin hallarda emosional qeyri-yetkinlik belə insanın sosial fəaliyyətinin pozulmasına gətirir: bir qədər yüngül hallarda konflikt intim şəxsi münasibətlər sferası ilə kifayətlənir.

Ana və ya ata-mərkəzli şəxsiyyət haqqında danışdıqlarımızı nəzərdə tutaraq, növbəti misallarda müasir dövrdə daha çox rast gəlinən nevrotik sevgi münasibətləri-emosional inkişafı anaya bağlılıq mərhələsində qalmış adamlar nəzərdən keçirilir. Bunlar sanki anadan ayrılmamış adamlardır. Onlar hələ də özlərini uşaq hiss edir, ana qayğısı, sevgisi, himayəsi, istisi və fəxarətinə ehtiyac duyurlar: qeyd-şərtsiz ana məhəbbətinə can atırlar, bu məhəbbət onlara ancaq övlad olduqları üçün verilir-onlar acizdirlər.

Belə kişilər qadının məhəbbətini qazanmağa çalışanda da, onu əldə etdikdən sonra da adətən çox incə və nəvazişli olurlar. Lakin, onların qadına (eləcə də hamıya) münasibətləri çox səthi və məsuliyyətsizdir. Onların məqsədi sevmək yox, sevilməkdir. Belə tip kişidə adətən parlaq ideyalarla örtülü boşluq çoxdur. Əgər onlar özlərinə uyğun qadın tapırlarsa, özlərini qayğısız, zirvədə hiss edirlər və çoxlu nəvaziş göstərə bilərlər. Buna görə də bu adamlar aldadıcı olurlar. Lakin, müəyyən vaxt keçdikdən sonra qadın onların fantastik ideal­larını ödəmədikdə münaqişə və inciklik meydana gəlir.

Əgər qadın həmişə onunla qürrələnmirsə, şəxsi həyat cəhdləri edirsə, sevilmək və diqqətəlayiq olmaq istəyirsə, və ya onun başqa qadınla sevgi macəralarını bağışlamaq istəmirsə (yaxud həmin qadına heyran və maraq göstərmirsə), kişi özünü məyus və incik hiss edir və adətən bunu belə bir ideya ilə izah edir ki, «onu sevmir, eqoistdir və ya şəxsiyyətini boğur”. Sevən ananın öz heyranedici övladına münasibəti ilə uyğun olmayan nə varsa, sevginin olmaması kimi izah edilir. Belə kişilər adətən öz nəvazişli davranışlarını, xoşa gəlmək istəklərini əsl sevgi ilə səhv salırlar: sonra isə belə qənaətə gəlirlər ki, onlar ilə ədalətsiz hərəkət edilib; onlar özlərini dahi sevgili hesab edirlər və sevgililərinin nankorluğundan şikayət edirlər.

Belə, anaya istiqamətlənmiş şəxsiyyət nadir hallarda ağır narahatlıq keçirmədən yaşaya bilir. Əgər ana doğrudan da uşağını “sevirdisə”, ona bütün diqqəti və qayğısını verirdisə, belə adam anası tipli qadına rast gəlibsə və onun istedad və qabiliyyətləri ona, özünə qarşı həsəd və heyranlıq hissi yaratmağa imkan verirsə (bir sıra uğurlu siyasətçilər kimi), o, sosial mənada yaxşı uyğunlaşır və heç vaxt daha yüksək yetkinlik səviyyəsinə çatmır. Lakin, daha xoşagəlməz hallarda onun sevgisi və ya sosial həyatı ona çoxlu məyusluq gətirir. Belə insan sərbəst yaşayırsa, münaqişə, gərgin həyəcan və depressiya yaranır.

Patalogiyanın daha ağır formasında anaya meyllilik daha dərin və irrasionaldır. Bu səviyyədə əsas istək qayğıkeş ana əllərinə və döşünə yox, onun bətninə qayıtmaqdan ibarətdir. Əgər psixi sağlamlığın mahiyyəti ana bətnindən çıxmaqdırsa, ona ruhi xəstəliyin mahiyyəti bətnə qəbul edilməkdir: ora geri qayıdaraq həyatdan canını qurtarmaq. Bu növ fiksasiya adətən özünü uşaqla boğucu-dağıdıcı münasibətlərlə bağlayan analara aiddir. Hərdən sevgi nəminə, hərdən də borc naminə onlar öz uşağını, gənci, kişini öz yanlarında saxlamaq istəyirlər: onun köməyi olmadan nəfəs almasın, digər qadınları alçaldaraq, ancaq səthi seksual səviyyədə sevməlidir: o, azad və müstəqil yox, əbədi əlil və cinayətkar qalmalıdır.

Bu tərəfdən ana obrazının mənfi-dağıdıcı, boğucu aspekti özünü büruzə verir. Ana həyatı verə də bilər, ala da. O, həm həyatı yaradan, həm də məhv edəndir: o, sevgi möcüzələri yarada bilər-eyni zamanda heç kəs onun qədər incidə bilməz.

Dini obrazlarda (induist ilahəsi Kali kimi) və yuxu simvollarında ananın bu iki əks aspektinə rast gəlmək olar.

Nevrotik patologiyanın digər formasına ataya bağlılıq hallarında rast gəlirik.

Bu halda, ana soyuq və təmkinlidir, ata isə (həyat yoldaşının soyuqluğu nəticəsində) özünün bütün hiss və maraqlarını oğlunda cəmləyir. O, «yaxşı atadır” və eyni zamanda o, avtoritardır. Oğlundan razı qalanda onu tərifləyir, hədiyyə verir, diqqətli olur; oğlu atasını narazı salanda isə onu öz nəvazişindən məhrum edir və ya danlayır. Atasının sevgisindən başqa heç nəyi olmayan oğlu qul kimi atasına bağlanır. Onun həyatda əsas məqsədi-atasının xoşuna gəlməkdir. O, bunu bacaranda özünü xoşbəxt, qayğısız, razı hiss edir. Lakin, bir səhv etdikdə və atasını razı sala bilmədikdə o, özünü atasının gözlərində alçalmış, sevilməyən, imtina olunmuş hiss edir.

Növbəti həyatında belə adam kimdəsə ata obrazı tapmağa çalışacaq ki, ona ata kimi bağlansın. Ata tərifi əldə edib-etməməsindən asılı olaraq, belə adamın həyatı uçuşlar və enmələr zəncirinə çevrilir. Belə adamların sosial karyerası adətən çox uğurlu olur. Onlar şüurlu, əzmkardırlar-bir şərtlə ki, ata obrazı kimi seçilmiş insan onları necə idarə etməyi bilir. Lakin qadınlara münasibətlərində onlar soyuq qalırlar və məsafə saxlayırlar. Qadın onlar üçün mərkəzi əhəmiyyət kəsb etmir. Ona adətən laqeyd mərhəmətlə yanaşırlar ki, bu da atanın balaca qızına marağını xatırladır. Əvvəlcə onlar qadında öz kişilik xüsusiyyətləri ilə güclü təəssürat yaradırlar. Lakin, həyat yoldaşına çevriləndən sonra, qadın başa düşəndə ki, ata obrazına bağlılıq hissi əri üçün daha mühüm olduğundan onun rolu həmişə ikinci dərəcəli olacaq - onun məyusluğu get-gedə artır, lakin ola bilər ki, qadın da atasına bağlı qalır – onda o, ona şıltaq uşaq kimi yanaşan əri ilə xoşbəxt olur.

Sevginin nevrotik pozğunluğunun daha mürəkkəb forması - digər bir valideyn situasiyasına əsaslanır ki, bu zaman valideynlər bir-birini sevmir, lakin, mübahisə etmək və ya nədənsə narazılıqlarını bildirmək üçün həddən artıq təmkinlidirlər. Özgələşmək onlara uşaqlarına adekvat münasibət göstərmələrinə mane olur. Balaca qız ədəb-ərkan atmosferində yaşayır, bu atmosfer ata və ya ana ilə yaxın kontaktlara imkan vermir, deməli, qız öz problemlərini həll etmək imkanından məhrumdur və qorxu içində yaşayır. O, heç vaxt bilmir ki, valideynləri nə duşunür və nə hiss edir: bu atmosferdə həmişə qeyri-müəyyənlik, sirli element vardır. Nəticədə, qız öz dünyasına qapanır, xəyallarla yaşayır, yadlaşır və gələcək sevgi münasibətlərində də bu ustanovkanı saxlayır.

Sonradan, bu özünəqapanma gərgin həyəcanın, dünyaya inamsızlıq hissinin, mazoxist meyllərin güclənməsinə səbəb olur. Adətən belə qadın ərinin dava-qırğın etməsini, sakit və normal davranışdan üstün tutur, ona görə ki, bu onun gərginlik və qorxu yükündən azad olmasına kömək edir; belə qadınlar çox vaxt özlərindən asılı olmayaraq münaqişə törədirlər ki, əzabverici emosional gərginlikdən qurtulsunlar.

Daha sonra, daha çox rast gəlinən irrasional sevgi formalarına nəzər salaq (onların mənbəyi olan uşaq inkişafının xüsusi faktorlarının analizi olmadan):

Tez-tez rast gəlinən (kinofilm və romanlarda) və “qüdrətli sevgi” kimi qəbul edilən yalançı-sevgi formalarından biri də “səcdə edən sevgi”dir». Əgər insan autentiklik hissi-şəxsi “mən”ini dərk etdiyi səviyyəyə çatmayıbsa”, o, sevimli insana “səcdə etməyə” başlayır». O, öz şəxsi qüvvələrindən uzaqlaşıb və onları ən ali xeyir (summum bonum), işıq, fəzilət hesab etdiyi sevimli adamına proyeksiya edir. Bu prosesdə o, özünü şəxsi qüvvə hissindən məhrum edərək, özünü, bir növ, sevimli insanda itirir (özünü onda tapmaq əvəzinə). Adətən heç bir insan uzun müddət ona səcdə edən pərəstişkarının arzuları ilə yaşaya bilmir və bu zaman məyusluq başlayır; tez bir zamanda yeni mərhələ tapılır, hərdən bu tez-tez baş verir. Bu cür sevgiyə xas olan əsas cəhət başlanğıc mərhələdə sevgi hissinin qüvvətli və ani olmasıdır. Bu ibadətkar sevgi çox vaxt həqiqi və ya qüdrətli sevgi kimi təsvir olunur: o, sevgini qüdrətli və dərinliyini sübut etməli olduğu halda, yalnızca ibadət edənin çarəsizliyi və aclığını aşkar edir. Bəzən isə iki insan bir-birinə qarşılıqlı səcdə ilə yanaşırlar və bu bəzi ifrat hallarda folie a’deux obrazını yaradır.

Yalançı sevginin digər forması «sentimental sevgi” adlana bilər. Onun mahiyyəti ondan ibarətdir ki, sevgi burada və indi konkret adamla deyil, xəyallarda yaşayır. Bu tip sevginin ən geniş yayılmış forması əvəzedici sevgi təminatıdır, bu istehlakçı tərəfindən sevgi haqqında film və roman, o cümlədən sevgi mahnılarının istehlakı ilə məhdudlaşır. Həyata keçməmiş bütün sevgi, birlik və yaxınlıq hissləri öz təminatını belə məhsulların istifadəsində tapır. Bir-birindən özgələşmə divarı ilə ayrılmış kişi və qadın ekranda oynanılan sevgi hekayəsinin təsirindən göz yaşlarını saxlaya bilmirlər. Bu hekayələrə filmdə tamaşa edən bir çox cütlər üçün bu, bir-birlərinə deyil, birlikdə-başqa insanların «sevgi”sinə tamaşaçı» kimi-sevgini yaşamaq üsuludur. Sevgi reallıqda yuxu kimi mövcud olduğu müddətdə onlar bunda iştirak edə bilərlər; lakin, onlar iki real insanın münasibətləri simasında gerçəkliklə qarşılaşanda soyuqlaşırlar.

Sentimental sevginin digər aspekti sevginin zamanda abstraksiyasıdır. Cüt özlərinin keçmiş sevgisi haqqında xatirələri və gələcək sevgiləri haqqında fantaziyalarla ovuna bilər. Təzəcə nişanlanmış və ya evlənmiş cütlər gələcəkdə onları gözləyən sevgi haqqında xəyallara dalırlar. Hansı ki, indidən bir-birləri ilə darıxmağa başlayırlar. Bu tendensiya müasir insanın yaşadığı ümumi ustanovkaya uyğundur. O, indi ilə deyil, keçmiş və ya gələcəklə yaşayır. O, sentimentallıqla uşaqlığı və ya anasını yada salaraq, gələcək üçün xoşbəxt planlar qurur.bu zaman sevgi əvəz olunurmu, yoxsa ki, indiki zamandan keçmişə və ya gələcəyə keçirilir-fərq etməz-belə abstrakt və özgələşmiş sevgi forması narkotik maddə rolunu oynayır-reallıq, tənhalıq və özgələşmənin ağrısını yüngülləşdirir.

Nevrotik sevginin daha bir növü şəxsi problemlərdən qaçmaq üçün proyektiv mexanizmlərdən istifadə etməklə “sevimli” insanın zəif cəhətlərinə diqqəti yönəltməkdən ibarətdir. Bu cəhətdən fərdlər özlərini qruplar, millət və dinlər kimi aparırlar. Onlar öz şəxsi çatışmamazlıqlarının yanından sakitcə ötərək, özlərini görməməzliyə vururlar. Lakin, başqasının nöqsanlarını tez seçirlər və başqa insanları ifşa etməyi, təkmilləşdir dəyişməyi üstün tuturlar.

Əgər iki insan bunu eyni vaxtda edirlərsə, sevgi münasibətləri qarşılıqlı proyeksiya münasibətlərinə çevrilir. Əgər mən hökmlü və ya qərarsız, tamahkar və ya kinliyəmsə, bunları öz yoldaşımda aşkara çıxarmağa çalışıram və ya xarakterimdən asılı olaraq onu ya cəzalandırır, ya da sağaltmaq istəyirəm. Digər insan elə həmin şeyi edir və beləliklə hər ikisi, öz şəxsi problemlərini inkar etməklə, şəxsi inkişaflarına kömək edəcək heç bir addım atmırlar.

Proyeksiyanın digər forması şəxsi problemlərin uşaqlara proyeksiyasıdır. Bu proyeksiya hər şeydən əvvəl uşaq sahibi olmaq istəyində təzahür edir. Belə hallarda bu istək əsasən şəxsi mövcudluğun problemləri tərəfindən diktə edilir. İnsan öz həyatının mənasızlığını aradan qaldıra bilmədikdə bu mənanı uşaqda axtarır. Lakin bununla həm özünü, həm də uşağı bəlaya salmaq olar. Özünü-ona görə ki, mövcudluq problemi ancaq insanın öz daxilində, heç bir vasitəçi olmadan həll edilməlidir; uşağı-ona görə ki, bu insanda uşağı tərbiyə etmək üçün lazımi cəhətlər olmaya bilər. Uşaqlar həmçinin boşanma işi baş qaldıranda gələcək məqsədlərə qulluq edirlər.

Belə vəziyyətdə valideynlərin əsas arqumenti budur ki, onlar uşağı ailə birliyindən məhrum etmək istəmədiklərindən ayrıla bilməzlər. Hər cür dərin araşdırma göstərə bilər ki, ailədaxili gərginlik və bədbəxtlik atmosferi uşağa rəsmi ayrılıqdan daha ziyandır-bu ona başa salır ki, dözülməz vəziyyəti cəsarətli addımla dəyişmək olar.

Burada tez-tez rast gəlinən daha bir səhvi qeyd etmək yerinə düşər. Hesab olunur ki, sevgi münaqişəsizlik deməkdir. İnsanlar hesab edirlər ki, həmişə ağrı və kədərdən qaçmaq lazımdır, çünki qarşılaşdıqları münaqişələr tərəflərdən heç birinə xeyir verməyən dağıdıcı mübadilədən başqa bir şey deyildir. Əslində isə əksər insanlar üçün münaqişə gerçəklikdən qaçmaq üçündür. Bu, çox vaxt əhəmiyyətsiz və səthi xarakter daşıyan və həll olunmayan kiçik problemciklərdir. Gerçək münaqişə iki insan arasında nəyisə gizlətmək və ya digərinə yıxmaq üçün deyil, onları yaradan daxili reallıq səviyyəsini yaşamaq üçündür.

Belə münaqişələr dağıdıcı deyil. Onlar aydınlaşmaya aparır və ya katarsis törədir ki, hər iki insan ondan bilik və qüvvə ilə zənginləşmiş çıxırlar. Bu, bir daha əvvəl deyilənləri sübut edir.

Əgər iki insan bir-biri ilə mövcudluq mərkəzləri ilə bağlıdır, yəni, özünü də mövcudluğunun dərinliyindən dərk edirsə-sevgi mümkündür. Məhz bu cür «mərkəzi yaşama”da insan reallığı, həyatilik, sevginin əsası gizlənib. Bu cür yaşanan sevgi daim riskdir, bu istirahət deyil, daimi hərəkət, inkişaf, qarşılıqlı işdir; münaqişə və ya harmoniya, sevinc və ya kədərin olması, iki insanın öz mövcudluğunun bütövlüyünü hiss etməsinin yanında ikinci dərəcəli olur-birlikdə onların hər biri özünü itirmir-tapır. Sevginin olub-olmamasının ani bir sübutu var-münasibətlərin dərinliyi, həyatilik, sevənlərin hər birinin qüvvəti; bu sevgini tanımağa imkan verən bardır.

Avtomatlar bir-birini sevə bilmədiyi kimi, Allahı da sevə bilməz. Allaha sevginin tənəzzülü insana sevginin tənəzzülü qədər iri miqyas alıb. Bu fakt bizim indiki dini renessansın şahidi olduğumuz ideyasına ziddir. Heç bir şey həqiqətdən uzağa gedə bilməz. Biz Allahın bütpərəst anlamına qayıdış və Allaha sevginin özgələşmə xarakterli bir şeyə çevrilməsinin şahidiyik. Allahın bütpərəst anlamına qayıdış aşkar hiss olunur. İnsanlar səksəkəlidir, onların nə prinsipləri, nə də inancları var, onlar irəli getməkdən başqa bir şey görmürlər; ona görə də onlar uşaq qalıblar, ümid edirlər ki, ehtiyacları olanda ata və ya anaları köməyə gələcək.

Əlbəttə, orta əsrlərdə olduğu kimi, bəzi dini mədəniyyətlərdə adi insan da Allaha kömək edən ata və ana kimi baxırdı. Lakin, eyni zamanda o, Allahı ciddi qəbul edirdi, onun həyatının məqsədi – Allahın qanunları ilə yaşamaq idi: «xilasolma” ən ali zirvə idi və digər fəaliyyət bütövlükdə buna tabe idi. İndi belə səylərə rast gəlinmir. Gündəlik həyat bütün dini dəyərlərdən ayrıdır. O, maddi nemətlər və şəxsi bazarda müvəffəqiyyət uğrunda mübarizəyə həsr olunub. Bizim ictimai səylərimizin əsaslandığı prinsiplər laqeydlik və eqoizm prinsipləridir (axırıncı çox vaxt “fərdi təşəbbüs” adlandırılır).

Əsl dini mədəniyyətlərə xas olan insanı 8 yaşlı uşaqla müqayisə etmək olar; o, köməkçi ataya ehtiyac duyur. Lakin, onun təlim və prinsiplərini öz həyatına tətbiq edir. Müasir insan daha çox 3 yaşlı uşağa oxşayır, oyun oynayanda özü-özünə kifayət edir.

Bu nöqteyi nəzərdən Allah prinsiplərinə uyğun araşdırma aparsaq, görərik ki, biz orta əsr dini mədəniyyətindən çox ibtidai bütpərəst icmasına daha yaxınıq. Başqa nöqteyi-nəzərdən bizim dini vəziyyətimiz ancaq qərb cəmiyyətinə xas cəhətləri ortaya çıxarır. Mən bu kitabda əvvəl dediklərimə istinad edə bilərəm. Müasir insan özünü məhsula çevirib: o öz həyat enerjisinə sərmayə kimi yanaşır-şəxsi bazarda öz vəziyyəti və mövqeyini nəzərə alaraq, onun köməyilə gəlir əldə etmək istəyir. O, özündən, yaxınlarından, təbiətdən özgələşib. Onun əsas məqsədi-başqa gəlir əldə etmək istəyən insanlarla öz bacarıq, bilik və özü ilə öz “şəxsi paketi” ilə, gəlir gətirən vicdanlı mübadilə etməkdir. Həyatda hərəkət etməkdən başqa məqsəd yoxdur; ədalətli mübadilə prinsiplərindən başqa prinsip yoxdur; istehlak etmək ləzzətindən başqa ləzzət yoxdur.

Bu şəraitdə Allah anlayışı nə deməkdir? O, özünün ilkin dini mənasından özgələşmiş uğur mədəniyyətinə uyğun mənaya çevrilib. Dini canlanma ilə səviyyələnən indiki uyğunlaşmağa dövrdə Allaha inam rəqiblə mübarizəyə kömək edən psixoloji metoda çevrilib.

Din insanın iş fəaliyyətində insana kömək kimi özünətəlqinə və psixoterapiyaya bərabər tutulur. 20-ci illərdə hələ heç kəs “öz şəxsiyyətini kamilləndirmək” üçün Allaha müraciət etməmişdi. Deyl Karneqinin 1938-ci ildə nəşr etdiyi “Dost tapma və insanlara təsir etmənin yolları” bestselleri sırf dünyəvi səviyyə ilə kifayətləndi. O dövrdə Karneginin kitabının funksiyası bu günümüzün bestselleri Reverend Pilin «Pozitiv təfəkkürün gücü”nün funksiyası kimi idi. Bu dini kitabda uğur əldə etməyə olan müasir maraq, monoteist dini ruhla razılıqda olub-olmaması haqqında suala rast gəlinmir.

Əksinə, bu ali məqsəd şübhəyə məruz qalmır, dua və inam isə müvəffəqiyyət əldə etmək üçün şəxsi qabiliyyətinin artırılmasına kömək edən vasitə kimi məsləhət görülür. Müasir psixiatrların müştərilərini artırmaq üçün işçilərinin xoşbəxtliyinin dərdini çəkdiyi kimi, ruhanilər də daha nüfuzlu olmaq üçün Allaha sevgi barədə danışırlar. “Allahı öz ortağına çevir”- ifadəsi daha çox “Allahı biznesdə ortağına çevir” deməkdir, nəinki onunla sevgidə, ədalət və həqiqətdə qovuş. Qardaş sevgisi simasız bazar ilə əvəz olunduğundan, Allah kainat adlı səhmdar cəmiyyətin direktoruna çevrilib: sən bilirsən ki, o, var, o, şirkəti idarə edir (şirkət yəqin ki, onsuz da idarə oluna bilərdi), sən heç vaxt onu görməyəcəksən, lakin, sən öhdənə düşəni yerinə yetirməklə onun idarəçiliyini qəbul edirsən.



Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin