Araz şairi (Məmməd Araz)
Məmməd Araz Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirən 60-cı illər ədəbi nəslinin poeziyasında ən parlaq simalarından biridir. Onun əsərlərinin iki təməl daşı vardır: doğma təbiətə vaqiflik və ana dilini sevmək, bütün incəliklərinə bələd olmaq.
Dilin əlvanlığı, şirinliyindən, poetik düşüncələrin dərinliyindən, bəzən xoş, bəzən də ağrılı-acılı düşüncələrin vəhdətindən yaranmış Məmməd Araz poeziyasının mehvəri Vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm də nigaran qənaətlərdir. Doğma kökə bağlılıq, xalq taleyinin çətin yolları haqqında fəlsəfi fikirlər Məmməd Araz poeziyasında bədii əksini tapmışdır.
Vətən torpağının əzabına, ağrısına qatlaşmaq, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək Məmməd Araz poeziyasının mənası, məzmunudur.
Məmməd Araz Azərbaycanı, onun təkrarsız təbiətini, göz oxşayan gözəlliklərini, qəhrəman tarixi keçmişini, mənəvi zənginliklərini böyük məhəbətlə sevmiş və şeirlərində səmimiyyətlə, hərarətlə tərənnüm etmişdir.
Həyat və yaradıcılığı.
Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində anadan olmuşdur. Doğma kəndində orta məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Pedoqoji İnstitutunun coğrafiya şöbəsində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə Nurs kəndində müəllimliklə başlamış, sonra Bakıya köçüb Nazirlər Soveti yanında işləmişdir. Moskvada Yazıçılar İttifaqı nəzdində müdavim, Bakıda “Maarif” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında baş redaktorun müavini, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini, 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru, Azərbaycan Yazıçılar İttifaqı poeziya bölməsinə rəhbərlik etmişdir.
1957-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə “Yanan işıqlarım” adlı ilk şeirlə başlamışdır. “Vətən torpağı”, “Şeirə gətir”, “Necə unudum səni”, “Mən Araz şairiyəm” adlı şeirlərini Məmməd İbrahim imzası ilə nəşr etdirmişdir. Bu əsərlər poeziyamızda olan ənənəvi mövzularda-məhəbbət, vətən, təbiət lirikasının nümunələri idilər.
“Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” fəlsəfi-psixoloji şəkildə yazılmış poemalardır. O, hələ yeniyetmə ikən Arazı və Şahbuzu Ana nəğməsi kimi dinlədi, torpağı və təbiəti Ata kitabı kimi oxudu. Təbiət onun üçün əlifba kitabı oldu. Lap uşaqlıqdan meylini, mehrini təbiət elminə saldı, qələmi də bir pöhrə kimi çəməndən, çöldən, meşədən göyərdi, Azərbaycan təbiəti dərsliyinə redaktor oldu. Poeziyada yeni iqlimin-ekoloji təfəkkürün ilk təməl daşını qoyanlardan biri Məmməd Araz oldu. Poeziya özü ilə bərabər Arazın dərdini, ağrısını da gətirdi. Onun poeziyasında tarixdən, təbiətdən, ana dilindən, folklordan bəhs edən şeirlər oxuyuruq.
1970-72-ci illərdə qələmə aldığı “Atamın kitabı” poemasında vətənin gələcək sahibləri olan gənclərə üzünü tutaraq vətəni, təbiəti sevməyi məsləhət görür. Poema milli, ictimai ideyaları özündə cəm edir. “Araz yadıma düşdü”, “Eyfel qülləsində”, “Qoruyun dünyanı”, “Nobel mükafatı”, “Azərbaycanım mənim”-həm şairin, həm də Azərbaycan poeziyasının inkişafında yeni mənəvi iqlimin, tarixi mərhələnin bədii sənədləri olan şeirlər idi.
Məmməd Arazın vətənpərvərlik hissləri ilə aşılanmış “Babək qılıncı” şeiri Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik simvolu olan əsərlərindədir. Millətin qürur mənbəyi olan Babək Xürrəmin xatirəsinə həsr olunmuşdur. Babək Xürrəmilərin Ərəb işğalçılarına qarşı 61 illik mübarizəsini, 816-cı ildən başlayaraq 837-ci ilə qədər olan 21 ilinə rəhbərlik etmişdir. Sonunda Babək satqınlığın qurbanı olmuş, Xəlifə mötəsimin hökmü ilə edam edilmişdir.
Məmməd Araz şeiri 1979-ci ildə yazmışdır. Bu şeirdən sonra ədəbiyyatımızda Babəkin adı ilə bağlı çoxlu şeirlər yazılmışdır. Şairin qılıncla bağlı yazdığı şeirlərindən biri də “Ulu şahım, qılıncına söykənim!” şeiridir. Tarixdən məlumdur ki, Şah İsmayıl Xətai Azərbaycanda Səfəvilər dövləti yaradıb və 23 il hökmdar olub. İsmayıl şah, hökmdar olmaqla bərabər həm də güclü sərkərdə, dahi şair idi. Məmməd Araz sanki Xətainin ruhu qarşısında dayanıb ona dərdini söyləyir, ondan məsləhət istəyir.
XX əsrin sonlarında Azərbaycan dövləti yenidən müstəqilliyinə qovuşduğu bir zamanda Dağlıq Qarabağda başlayan müharibənin təsirilə yaranan çətinlik, müstəqilliyimizin itirilməsi təhlükəsi Məmməd Arazı bir vətəndaş-şair kimi narahat edirdi. Şair bu müharibənin hansı fəlakətlərə səbəb ola biləcəyini görür və xalqı Şah İsmayıl Xətainin qılıncına söykənməyə çağırırdı.
Hələ sovet qadağaları dövründə qələmə aldığı “Məndən ötdü qardaşıma dəydi” şeirində şair böyük cəsarətlə Azərbaycanın başına gətirilən bəlalardan danışır, zaman-zaman Azərbaycan üzərində güdən çarpışmalardan söz açır. Şair bu şeirlə zamana, dövrün ideologiyasına kəskin etirazını bildirir.
Şair Azərbaycanın rəmzlərindən biri olan Araza xitabən bir neçə şeir yazmışdır. Əsil şair və yazıçıların yaradıcılığı zamanın, quruluşun qara qutularıdır. Keçmiş tariximizin görünən və görünməyən tərəfləri bu qara qutular vasitəsilə açılır. Məmməd Araz poeziyasını da zamanın qara qutusu kimi görmək olar. 1980-cı illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda yaranan siyasi vəziyyətin açılmasında Məmməd Araz şeirinin qüdrəti danılmazdır.
“Ayağa dur Azərbaycan” şeiri təkcə Məmməd Araz yaradıcılığının yox ümumi ədəbiyyatımızın uğurlarından biridir. Şairin dediyi kimi, şeirdəki hayqırtı təkcə Məmməd Araz hayqırtısı deyil Quzeyli, Güneyli bütün Azərbaycanın hayqırtısıdır. Zamanın tələbindən doğan bu hayqırtını xalqın yaddaşına yazan ilk şair Məmməd Araz oldu.
“Dünya düzəlmir”, “Daş harayı”, “Yol ayrıcında söhbət”, “Sənətdə son mənzil olmur”, “Ağlayan qayalar”, “Vətən deyin”, “Əsgər andı”, 4-cilddə seçilmiş əsərləri həm şairin, həm də Azərbaycan poeziyasının təkamülündən, yeni mənəvi iqlimin yaranmasından xəbər verirdi.
Məmməd Araz öz yaradıcılığında poema janrına da tez-tez müraciət etmiş və ilk poeması 1957-ci ildə yazdığı “Üç oğul anası” olmuşdur. “Əsgər qəbri”, “Kəndim balacasan, çox balaca”, “Qoca arıçı ilə söhbət” kimi dəyərli poemalar yazmışdır.
Məmməd Araz uzun illər tərcümə ilə də məşğul olmuşdur. İstedadlı tərcüməçi kimi dünya xalqları ədəbiyatından 195 şeir və 5 poema tərcümə edərək onları “Ocaq başında” adı ilə 1988-ci ildə kitab şəklində nəşr etdirmişdir.
1957-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. Məmməd Araz 2004-cü il dekabr ayının 1-də vəfat etmiş, Fəxri xiyabanda dəfn edilmişdir. Şairin ədəbiyyat sahəsində xidmətləri yüksək qiymətləndirilmiş, o, 1979-cu ildə Azərbaycan respublikasının “Əməkdar mədəniyyət işçisi”, 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, 1991-ci ildə “Xalq şairi” adına layiq görülmüşdür. 1995-ci ildə “İstiqlal ordeni” ilə təltif edilmişdir. Məmməd Araz yeganə şairdir ki, sağlığında adına mükafat təsis olunmuş, yaradıcılıq müsabiqələri keçrilmişdir. Bütün bunlar Məmməd Araz poeziyasına ehtiramın, hörmətin əlamətidir. Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti sərəncam vermişdir–Sərəncama görə Bakı küçələrindən birinə Məmməd Arazın adı verilmişdir.
Məmməd Araz həmişə Vətən sevgisini ürəyinin başında gəzdirmiş, Vətən və Azərbaycançılıq məfkurəsi uğrunda gedən döyüşlərin ön sıralarında getmişdir.
Yubiley tədbirləri.
Zəngin ədəbi ənənələrimizi dərindən öyrənən, folklorumuzu incəliklərinə qədər bilən Məmməad Araz görkəmli klasiklərimizin yaradıcılıqlarını təqlid və təkrardan uzaq bir sənətkar idi.
Məmməd Arazın xalq bədii təfəkkürünün canlı qaynaqlarına söykənən şeirləri zahirən sadə, anlaşıqlı görünsə də bir o qədər də fəlsəfi fikirlərlə yüklənmişdir.
İnsanın öz bəşəri missiyasına-ən uca və əbədi vəzifəsinə layiq yaşaması həmişə Məmməd Araz poeziyasının baş mövzusu olmuşdur. Məmməd Araz ömrüboyu iddialardan, umaclardan, riyalardan, yalanlardan uzaq yaşadı. Söz meydanında həmişə özü-özü ilə hesabatla yaşadı. Şöhrətdən uzaq şairin ən böyük qazancı sənətdəki ucalığı və bənzərsizliyidir.
Ömrüboyu dərdin ən ağırı ilə mücadilədə olan şair əyilmədi, sınmadı, ilhamının qüdrətinə söykənərək öz mənəviyyatını, şəxsiyyətini uca tutmağı bacardı.
Məmməd Araz haqqında yazanlar onun fəth etdiyi zirvənin kökünü həmişə ilham və istedadla bağlayırlar. Adətən bu fikri bütün şairlər haqqında demək olar, çünki şairliyin mayası ilhamdan, istedaddan gəlir.
Məmməd Arazı çoxlarından fərqləndirən təkcə xasiyyəti, həssaslığı, kövrəkliyi deyildi, şair fərqli bir tale yaşadı. O, təvazökar, səmimi, zahirən çox fağır, solğun təsir bağışlayan insan idi. Ancaq bu adiliyin içində böyük bir dahilik yaşayardı.
Məmməd Araz ömrüboyu haqqa sarılaraq yazıb-yaratdı. Ömrünün əbədiliyinə imza atan əsərlərini bizə ərmağan etdi. Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək çətindir. Azərbaycan 50 milyonluq bir xalqın–azərbaycanlıların vətəni olduğu kimi Məmməd Araz yaradıcılığı da 50 milyonluq xalqımızın şəriksiz poeziyasıdır.
Zəngin ədəbiyyat tariximizdə müstəsna xidmətləri olmuş Məmməd Araz yaradıcılığını oxucu kütləsi arasında təbliği kitabxanaların və kitabxanaçıların qarşısında duran əsas vəzifələrdən biridir.
Bu işdə kitabxanalarda keçirilən tədbirlərin rolu böyükdür. Yubiley ili ilə əlaqədar olaraq kitabxanalarda tədbirlər planı hazırlanmalıdır.
Məmməd Arazın oxucular arasında ədəbi yaradıcılığının kitabxanalarda geniş təbliği üçün sərgilər, şeir müsabiqəsi, diskussiyalar, dəyirmi masalar, söhbətlər, ədəbi-bədii gecələr və s.tədbirlər təşkil olunmalıdır. Oxucuları məlumatlandırmaq məqsədilə kitabxananın saytında, sosial şəbəkələrdə keçiriləcək tədbir barədə anons verilməlidir.
Vəsaitin hazırlanması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur.
1.Məmməd Araz. “Seçilmiş əsərləri”. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyatı”, 2004, 224 səh.
2.Bəkir Nəbiyev “Hərənin öz yolu var...” Bakı, “Çinar-Çap”, 2008.-466 səh.
3.Əlamətdar və tarixi günlər təqvimi-2019.
Hazırladı: Metodika biblioqrafiya şöbəsinin müdiri S.Nuriyeva və sistem inzibatçısı S.Əhmədova
Dostları ilə paylaş: |