“Aydınlar meydanında nadanlar da at oynadıb”



Yüklə 127,63 Kb.
tarix22.10.2017
ölçüsü127,63 Kb.
#10365
növüYazı

“Aydınlar meydanında nadanlar da at oynadıb”

Akif ƏLİ: “Yaradıcı ruh ya qalib gələcək, ya da dünya iblisə uyub dagılacaq

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri,

filologiya üzrə fəlsəfə doktoru,

tanınmış yazıçı-publisist Akif ƏLİ-nin “Olaylar”a müsahibəsi.

 -Duyğu dolu düşüncələrə meydan açan payızı yaşayırıq. Akif müəllim rəsmi işlərindən vaхt tapıb yaradıcı insan kimi Tanrının verdiyi fürsətdən istifadə edə, düşüncələrini yazıya çevirə bilirmi?

-“Duyğu dolu düşüncələrə meydan açan payız…” Poetik ruhda başladınız söhbətə, xanım, təşəkkür edirəm. Payız və Poeziya – bu zahiri səsləşmə bəlkə də məzmun bənzərliyinə bir işarədir. Hər iki sözün məna qatında kövrəklik, qəriblik, nostalji hissləri, ruhun ucalığı var. Payız bol məhsul yığımı, bərəkət mövsümü olduğu kimi, yayın bol təəssüratlarını, təzə-tər duyğu-düşüncələrini də yığıb-yığışdırmaq, səliqə-sahmana salmaq üçün bərəkətli mövsümdür. Adamlar yayın qızmarından bezib harasa qaçmaq, buludlu, çiskinli, yağışlı, tutqun payız günlərinə qovuşmaq istəyir. Belə havalar təkcə cismimizə yox, ruhumuza da sərinlik, zövqü-səfa gətirir… Süst düşüb qaldığımız dəhşətli yay istilərindən sonra bütün yaradıcı insanlar kimi, təbii, mən də itirilmiş vaxtı kompensasiya etmək, yay istirahəti ilə əlaqədar tökülüb-qalan işləri davam etdirmək istəyirəm. Kitab nəşri, tele-kino-proqramlar, internet yayımı və s. istiqamətlərdə bir sıra planlarım var, bəzi layihələr üzərində çalışıram. Yazmağa mövzu da, sifarişlər də bəs qədərdir. Ömrümün çoxu rəsmi qulluqda keçsə də, dediyiniz o “Tanrı fürsətinə” bağlı məqamlar da olur… Planladığım yazılar arasında satirik-yumoristik əsər də var, tarixi-sənədli, publisistik ədəbi-bədii mətnlər də, kino-tele ssenarilər də… Sağlıq olsun!



-Sonuncu kitabınızın nəşrindən nə qədər vaxt keçir? Bu müddət ərzində qələmə aldıqlarınızdan ibarət yeni bir kitab nəşr etdirməyi düşünürsünüzmü?

- Yeni kitab? Elə bu ilin əvvəlində çıxıb – “Vətən mücadiləsi”. O kitaba son vaxtlar yazdığım və çox da önəm verdiyim, ictimai fikir üçün faydalı hesab etdiyim vətənpərvərlik ruhunda yazılar daxildir. Ulu öndər, dahi siyasət və dövlət xadimi Heydər Əliyevə həsr etdiyim “Əsil İnsan haqqında povest”, “Tarixin seçdiyini – xalq da seçir”, “Dahilər heç zaman qocalmır” məqalələri, milli ideologiya, mədəniyyət və dövlətçilik məsələlərinə həsr olunmuş “Dövlət ideologiyası labüddür”, “Dövlət və mədəniyyət”, “Məmurluq şərəfi”, “Elementar etiket”, “Sabir bizə nələri deyirdi”, “İntibah” kimi elmi araşdırmalar, polemik xarakterli “O sözləri bizim atalar deməyib”, “Mədəniyyət toxumu səpən “Əkinçi”, “Bi-tərəf-mi?” yazıları, həmçinin “Ağır daşlar altında”, “Ana və oğul”, “Axirətdə sorğu-sual”, Qarabağ problemindən bəhs edən “Dumanlı dağlar”, “Ay… erməni!” və s. yazılar daxildir.


“Vətən mücadiləsi”nin ədəbi-bədii dəyəri barədə naşirlər də eyni fikirdə oldular və təəssüf ki, çapdan sonra onu kitab müsabiqəsinə təqdim etdilər… Orada təzadlarla dolu olaylar yaşandı. Görmədiklərimi və görmək istəmədiklərimi gördüm: satirik yazılarımın haqsız, ədalətsiz, iradəsiz, qorxaq, tamahkar personajlarını həyatda gördüm. Məlum oldu ki, bazar iqtisadiyyatı illər boyu dost bilinən, istedadına, səmimiyyətinə, obyektivliyinə inam bəslənilən adamların da içində transformasiya aparıb. Ədəbi vicdan deyilən anlayışların, sağlam rəqabət şərtlərinin sadəcə ayaqlar altına atıldığının şahidi oldum. Təbii ki, bundan adamların nə boyu uzandı, nə olduqlarından uca göründülər… Sadəcə kimin kim olduğu bilindi. İnanmıram ki, danışanda “qızıl xırdalayan”, yazanda hamıya “parlaq kəlmələr” ünvanlayan söz adamının, müqəddəs qələmlə yol yoldaşı olan yazarın qeyri-səmimilik içində keçən ömrü sonucda ədəbi şərəfə qovuşsun. “Ayinəsi işdir kişinin”, kimin kimliyi əməlindən bilinər, kimin necəliyi əməlilə xatırlanar. Pis niyyətdən doğan “paslı kəlmələrə” nə qədər parlaq “qızıl don” biçsən də, yenə pası bilinəcək. Böyük Mirzə Ələkbər Sabir demişkən, batindəkilər zahirə çıxdıqca kimin ağı qara isə o utanacaq…
Kəsəsi, beynəlxalq müsabiqələr praktikasında görünməyən hoqqa, qaravəlli oyunlarını milli bazada müşahidə etdik. Üzüntülü aylar içində oturub guya “münsiflərin təqdim olunuş kitbları bir-bir oxuyub obyektiv rəy verəcəkləri” günü gözləyən publisistika nominasiyasına iddialı iştirakçılara ümumiyyətlə müsabiqəyə təqdim olunmamış bir kitabı göstərib “qalib” budur dedilər. Və müdrik poz tutan ədiblərdən heç biri “Axı bu əsər lap şedevr olsa da belə, bu müsabiqəyə təqdim olunmayıb?!” – demədi. Müsabiqə iştirakçılarının nəinki hüquqları pozuldu, onlara hansısa formada “olayın özəlliyini” izah etməyi belə lazım bilmədilər. Amma axı, həmin iştirakçılar bazara kartof aparmamışdılar, göyərtisatan da deyildilər. İntellektual zəhmətlə yaşayan, yazı yazan ziyalılar idi, mədəniyyət, mənəviyyat adamları idi. Söz onların həyatdakı yeganə qazancıdır… Kitabla bağlı işlərə, kitabətrafı olaylara bu qədər primitiv yanaşmanı görmək əlbəttə ağırdır.
Üstəlik belə qeyri-korrekt əməllər bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda dünya kulturoloqları qarşısında novator məzmunlu çıxış edərək humanitar sahənin inkişafının ölkəmiz üçün prioritet sayıldığını nəzərə çarpdıran, elmin, təhsilin, mədəniyyətin inkişafı üçün bizdə hər cür imkanların mövcudluğunu qeyd edən, xüsusilə ölkənin gələcəyini və uğurlu inkişafını təbii resursların deyil, məhz humanitar amilin təmin edəcəyini əminliklə bəyan edən möhtərəm Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yürüdülən mədəniyyət siyasətinin strateji xəttinin ruhuna da yaddır…
Nə isə, ilin əvvəlində baş vermiş o hadisələrdən indi o qədər uzaqlaşmışam ki, Siz yadıma salmasaydınız, heç yayılması ilə də məşğul olmadığım sonuncu kitabımın nə vaxt çıxdığını xatırlamazdım.

-Mütaliyəyə, kitaba olan marağın sönməsindən şikayət edənlər çoхdur. Sizcə, bu fakt ədəbiyyat işinin mənasız bir məşğuliyyətə çevrilməsinə əsas verirmi?

- Yox əlbəttə! Dahi Üzeyir bəy demişkən, bizim dəllal-məllalla nə işimiz? Bizim öz yolumuz – Doğru yolumuz var! Tanrı bu gözəl dünyaya endirdiyi İnsana elə bir möhtəşəm ruh verib ki, cahillər Nəsiminin dərisini soysalar da, Füzulini ac qoysalar da, Mirzə Fətəlini lənətləsələr də, Sabiri çərlətsələr də, Hüseyn Cavidi soyuqdan dondursalar da – yenə mələklər ilahinin xeyir-duası ilə göydən enib Yaradıcı insanın qələminə ipək qanadları ilə sığal çəkəcək, haqq Sözünü söyləyən insanları yazmağa, yaratmağa ruhlandıracaq… Həyat budur: yaradıcı ruh, zəka ya qalib gələcək, ya da dünya iblisə uyub dağılacaq. İnsan kimi yaşamağın başqa yolu yoxdur.



-Ədəbiyyatın ictimai şüurun inkişafında, mənəvi zənginliyi artırmasında oynadığı rolu bilirik. Amma yenə də kitabdan kənar gəzirik. Bəlkə zəngin mənəviyyata qovuşmaqdan qorхuruq?

- Yox, sadəcə geniş kütlə əsil ziyalıların, zəngin mənəviyyat sahiblərinin, yaradıcı adamların müxtəlif obyektiv və subyektiv səbəblər üzündən əzab-əziyyətli həyat sürdüklərini, ağır, keşməkeşli yaşam tərzinə ürcah olunduqlarını, zaman-zaman cəmiyyətdən təcrid edildiklərini görüb də bu sahənin praktik səmərəsizliyi barədə özü üçün nəticə çıxarır. Və kitabdan, geniş mənada – mədəniyyət peşələrindən uzaq durur. Ancaq məlum məsələdir ki, elitar düşüncə sahibləri, cəmiyyətin qabaqcıl nümayəndələri, yüksək zəkalı insanlar heç vaxt kitabsız, mədəniyyətsiz, mənəviyyatsız yaşamayıb və yaşaya da bilməz.



-«Yaradıcı naturanın mövcuduluğunu kim nə qədər inkar etsə də, örtməyə, gizlətməyə çalışsa da, onun yaratdıqlarını heç kim heç vaхt ört-basdır edə bilməz». Hələ də bu fikirdəsiniz? 

-Zamanın fövqündən baxanda əlbəttə, yenə də bu fikirdəyəm. Yaradıcı adamı inkar etmək, onu bilərəkdən görməməzliyə vurmaq, saymamazlıq etmək olar. Ancaq onun ictimai şüura təlqin etdiyi fikirləri, yaydığı ideyaları uca Tanrıdan başqa heç kəs yer üzündən itirə bilməz. Ulu Tanrı isə həmişə gözəlliyin keşiyindədir, çünki o Özü də gözəldir və gözəlliyi sevər… Ancaq hər bir məkanın özəlliyi baxımından, əlbəttə, kimisə müvəqqəti kənarlaşdırmaq, lap asmaq, kəsmək, tonqalda yandırmaq, dərisini soymaq, suda batırmaq və s. mümkündür. Bəşərin idrakı sönük nadan qismi alimlərə qarşı həmişə bunu edib. Yəni aydınlar meydanında nadanlar da at oynadıb… Bu da acı reallıqdır. Amma hər halda, bir yandan boşalan, bir yandan dolan, sirrini sirdaşa verməyən dünya – gözəl dünyadır… Yaradıcı insanlarsa onu daha da gözəlləşdirir.



-Bir vaхtlar yağışın altında dizi üstə durub dağılan alma və sairəni zənbilinə yığan yaşlı qadının görüntüsündən qəmli düşüncələrə dalan Akif müəllim-indi daha çoх hansı mənzərənin təsiri ilə bu düşüncələri keçirir?

-Əlbəttə, indi həyata gənclik illərində yazdığım o qeydlərdən fərqli baxıram. İndi düşünürəm ki, bir yox, bir çox yaşlı qadın və kişinin üzü qışa gedən yağmurlu-çiskinli payız axşamında dizin-dizin sürünərək ömür “zənbilindən” səpələnib yerə-yurda dağılan mavi arzularını, bu fani dünyada salıb itirdiyi bəyaz ümidlərini, daha heç vaxt tapa bilməyəcəyi çəhrayı gözləntilərini həsrətlə arayıb-axtarması daha çox qüssə gətirən üzüntülü mənzərədir.



-Köhnə kitabları daha həvəslə oхuyan Akif müəllim hazırda internetin «əsiri» olmayıb ki?

-“Əsiri” yox, vurğunu! Köhnə kitablarla təsəlli tapmaq erası keçib getdi. Fərqli zamandayıq. Düşünürəm, bundan sonra dünyanın ekoloji durumu da xeyli yaxşılaşar. Yəni kağız istehsalı üçün hektarlarla meşələr qırılmaz. Daha kağızlar mazutlu çap maşınlarının ağzına verilib üstünə qara-qura nifrinlər tökülməz. İnsanlar kağızı daha ehtiramla və daha zərif məqamlarda işlədəcək. Kağız qara yaxmağa, çirkab yaymağa yox, qaranı, çirkabı silib-təmizləməyə işlənəcək. Çünki vaxt gələcək çap məhsullarını internet əvəzləyəcək. İnsanlar bir-birilə ünsiyyətə artıq daha sivil, daha elitar məkanlarda, virtual aləmlərdə girəcək, məktublaşacaq, informasiya alacaq, filmə baxacaq, əsər oxuyacaq…  İnternet bəşəriyyətin fantastik, kompyüter – dahiyanə kəşflərindəndir. Əgər bu gün bəşəriyyətin gələcək qlobal yaşam tərzindən danışılırsa, bu gələcək ilk öncə dünya “hörümçək toru” məkanında özünü büruzə vermədədir. Qloballaşmaya doğru gedən dünya artıq virtual məkanda birikib bütövləşir… Yaradandan razıyam ki, məni də bu kəşfin məqamına yetirib, özümü ifadə üçün elektron texnikanın imkanlarından istifadə edirəm. Kompyütersiz, internetsiz, flaşkartsız, mobil telefonsuz həyat çox bəsit, maraqsız və hətta darıxdırıcı olur. Xüsusən, yaradıcı və işgüzar adamlar üçün kompyüterin, internetin əvəzi yoxdur. Yadımdadır, vaxtilə ədəbi əsər, dissertasiya, tele-radio ssenariləri, məktublar, sənədlər və s. yazanda nə qədər kağız işlədərdik. Sonralar saxlamağa evdə yer olmadığı üçün qalaq-qalaq əlyazma cırıb atmışam. Amma indi bütün yazılarım elektron yaddaşda, balaca bir daşınan qutunun – noutbukun içindədir… Uzaq keçmişdə qalın-qalın romanlar, povestlər, poemalar yazmış məşhur klassik ədiblərin kompyütersiz nə qədər əziyyət çəkdiklərini təsəvvür edirəm…



-Yaradıcılığınızda daha çoх insanın idrakına, düşüncəsinə, mənəvi aləminə təsir göstərməyi hədəf götürmüsünüz. Bunun səbəbi nədir?

-Səbəbi İnsanın özünün mahiyyəti ilə bağlıdır. Biz əgər insanlara üz tutub söz demək istəyiriksə, o sözü mütləq idraka, zəkaya, düşüncəyə, mənəvi iç dünyasına ünvanlamalıyıq. Bunlarsız İnsan yoxdur. Min illərlə qazanılmış yüksək mədəni dəyərlərin məcmusudur İnsan. Əgər mədəniyyət olmasaydı – insan da olmazdı, yaxud təbiətin digər canlı varlıqlarından fərqlənməzdi. Mədəniyyəti yaradan insanın ağlı, düşüncəsi, zəkası, qəlbi, ruhudur… Yəni bu dünyada qapalı bir dairə əbədi çalışır: insan – mədəniyyəti yaradır, mədəniyyət – insanı yaradır! Bəzilərinin gümanının əksinə olaraq, son vaxtlar mən tez-tez şahidi oluram və görürəm ki, adamlar mətbuatdan, efirdən, ekrandan aramsız yağan əyləncəli şoulardan daha çox mədəniyyət proqramlarını axtarır, idraka, zəkaya ünvanlanmış materiallara üstünlük verir, ağıl-düşüncə ilə görüş istəyirlər.



-Hansı хüsusiyyətlərə malik insanların əhatəsində özünüzü narahat hiss edirsiniz?

- Olduğu kimi görünməyən! Süni həyat tərzi yaşayan! Saxtakarlıq edən! Yalan danışan! Şər əmələ qurşanan… – bir sözlə, aurası pis, mənfi olan bütün fərdlər mənim yaxınlığımda, hətta beş-on addım uzaqda olanda özümü narahat hiss edirəm, sanki darıxıram, darılıram, hətta əsəbiləşirəm…



-Müхtəlif pillələr üzrə təhsil almısınız, elm sahibi olmusunuz. Bəs heç yerdə yazılmayan həyat dərsini necə əldə etdiniz? Məncə, hazırda gənclərin bu «ədəbiyyatın siyahısına» çoх ehtiyacı var.

-Xoş sözlərə görə sağ olun, Aygün xanım. Ancaq səmimi deyirəm – həqiqətən insan nə qədər çox oxuyub-öyrənirsə, bir o qədər az bildiyini dərk edir… Nəzərdə tutduğunuz o “həyat dərsi” müntəxəbatına isə mən özüm də heç yerdə rast gəlməmişəm. Bəlkə bu ona görə belədir ki, həyat hamıya eyni bir kitabdan dərs vermir. Həyat hərəyə fərdi olaraq onun öz qabiliyyətinə, bacarığına, qəlbinə, duyğusuna, qavramına uyğun “ev tapşırığı” verir. Və həyatdan “dərs” ala bilmək, nəticə çıxartmaq özünə, sözünə, davranışına nəzarət etmək, nizam-düzən vermək qabiliyyəti bəlkə də adamlara hardansa yuxarılardan göndərilən bir Tanrı payıdır. Ancaq xoşbəxt adamlara qismət olan çox əzablı bir Tanrı payı…



-Yaradıcı insan olmaqla yanaşı, həm də məsuliyyətli rəsmi vəzifəniz var. Həm bir ziyalı, həm də məmursunuz. Hansının vəzifəsi daha çətindir?

-Baxın, ziyalı məmur olmaya bilər. Amma hər məmurun ziyalı olması vacibdir. Təbii ki, burda deməyə bilmirsən: amma və lakin… Mənim məqalələrimdən biri belə adlanır: “Məmurluq şərəfi”. Yəni mən həmişə dövlətə, xüsusən də müstəqil dövlətimizə qulluq etməyi bütün qazanclardan üstünü saymışam. Mən başa düşürəm ki, yazı yazmasam, yaxud pis yazı yazsam, bunun ziyanı ancaq özümə dəyəcək. Lakin mən pis məmur olsam, dövlət qulluqçusu kimi pis işləsəm, vəzifəmi yarıtmaz icra eləsəm – bunun ziyanı (əlbəttə, vəzifənin miqyasından asılı olaraq) sevdiyim ölkəyə, dövlətə, xalqa gələcək… Hüquqşünas olan Atamdan əxz etdiyim bu həqiqəti özüm üçün həyat prinsipinə çevirmişəm deyə, heç vaxt şəxsi yaradıcılıq işlərimi dövlət qulluğundan önə çəkməyə vicdanım yol vermir…



-Ümumiyyətlə, siz bir ziyalını necə təsvir edə bilərsiniz?

-Ziyalılığın konkret əlaməti varmı ki?! Ziyalılıq daxildən gələn ruhdur, ilahi dəyərdir. Üzvi yaşam tərzidir, genetik davranış sistemidir. Elə bir sistemdir ki, ziyalının özünə nəzarət aparatını daim və mütəmadi ayıq, işlək, hazır vəziyyətdə saxlayır… Ziyalı daha çox özü haqqında yox, özgələri haqqında düşünən humanist, həssas adamdır. Ziyalı közü öz qabağına çəkməyən adamdır. Ziyalı bu gün dediyi sözü sabah danmayan adamdır. Ziyalı haqsızlıq, saxtalıq etməyən, yalan danışmayan, həqiqəti inkar etməyən, obyektivlik hissini itirməyən, vicdanın əleyhinə getməyən və gedə bilməyən əqidə sahibidir… Ziyalı həm də qolları uzun qara meşin pencəyin altından dama-dama yaşıl köynək geyib sarı qalstuk taxmayan adamdır. Ziyalı qatıldığı tədbirdə tele-operatorun onu çəkib-çəkmədiyini bilmək üçün oğrun-oğrun kameranın obyektivinə baxmayan adamdır. Ziyalı gözütox, könlü geniş, xəbislik bilməyən xeyirxah adamdır… Ziyalılığın əlaməti bir deyil, iki deyil, xanım… Ən önəmlisi, ziyalı – sifətində daxildəngəlmə, bəlkə də anadangəlmə, lap bəlkə də göylərdəngəlmə aydın, parlaq işıq, nur, ziya olan adamdır.



-Cəmiyyət ziyalısını qorumaq üçün nə etməlidir və siz bu qayğıya ehtiyac hiss edirsinizmi?

-Mürəkkəb sualdır. Cəmiyyət əlbəttə, öz ziyalı elitasının qədrini bilməlidir və onu qorumalıdır (təbii, mən mütləq mənada əsil, həqiqi ziyalını nəzərdə tuturam, ziyalılıq imitasiyası ilə məşğul olan saxtakar, süni “ziyalı” tipajını yox!). Cəmiyyət öz ziyalısını ona görə qorumalıdır ki, ziyalının gördüyü iş özü üçün deyil, cəmiyyətin, ictimaiyyətin, mənsub olduğu xalqın mənafeyi üçündür. Ziyalı o işləri görə bilir ki, onu kütləvi şəkildə hamı bacarmır. Digər peşə sahiblərindən fərqli olaraq onun fəaliyyəti maddiyyata, maliyyə vəsaitinə transfer olmur. Ziyalı əsasən mənəviyyat qanunları ilə yaşayır, qazancı yalnız intellekt, idrak, zəka “kapitalından” ibarət olur. Amma yaratmaq üçün o da yaşamalıdır axı… Hər bir xalqı, ölkəni, dövləti, milləti daha çox elitar ziyalılarına görə tanıyırlar və qiymət verirlər. Heç vaxt demirlər ki, filan ölkədə yaxşı dələduzlar var, yaxud filan xalqın güclü falabaxanları var, filan məmləkətdə adamı yaxşı aldadırlar və s. Xalqın siması olan ziyalı insanlara qayğı göstərmək, onun problemləri ilə maraqlanmaq, maddi-mənəvi dəstək olmaq, yaradıcılığına diqqət yetirmək, stimul vermək vacibdir. İntellekt sahiblərinə, yaradıcı ziyalılara, alim adamlara belə həssas yanaşma tarixin bütün zamanlarında dünyanın bütün ölkələrində olmuş və olacaq normal bir şeydir. Bunu bilən cəmiyyətlərdə ictimai şüur səviyyəsi yüksək olub və cəmiyyət əxlaq üstündə, humanitar qanun-qaydalar əsasında bərqərar olub, inkişaf edib. Buna laqeyd qalan cəmiyyətlərdə isə, mədəni adamların qədri bilinməz. Necə deyərlər, toxun acdan nə xəbəri?!.. O ki qaldı sualınızın konkret mənim özümlə bağlı hissəsinə, əgər Siz məni sehrli “Pulkəsən” maşının sahibi yox, məhz fikirlərini soruşub cəmiyyətə təqdim etməyə layiq normal bir Azərbaycan ziyalısı hesab edirsinizsə, demək mənim də bu fani dünyada hansısa yaşam problemlərim yox deyil və qayğıya ehtiyacım var. Yenə də: amma və lakin…



-Sonda rəsmi işdə çalışdığınız üçün yoх, bir azərbaycanlı kimi sizdən soruşmaq istərdim. Müstəqilliyimizin 20 ili geridə qaldı. İqtisadi sahəni nəzəra almasaq bu 20 il Azərbaycana nə verdi?

- Bu günkü Azərbaycana qiymət verəndə zaman kontekstini 50-60 ili yox, ən azı bir-neçə yüz ili götürmək daha doğru olardı. Unutmayaq ki, ölkəmizin ötən yüzilliklərdəki tarixi – daimi yadelli hücumları, istilalar və işğallar girdabında əzilən, sıxılan, yumruq altında saxlanan, çapılıb-talanan, didilib-parçalanan, abadlığı olmayan patriarxal-aqrar xarakterli həyat sürən bir ölkənin tarixidir. Yurdumuza aramsız basqıları, vurulan ziyanları, gətirilən əzab-əzaiyyətləri, dönə-dönə çapıb-talanan, varidatı yağmalanan, sərvətləri talan edilən, torpaqları parçalanan dövrləri xatırlayın… Belə ağır tarixi sınaqlardan inanın ki, hər xalq salamat çıxa bilməzdi və çıxmır da! Azərbaycan isə o qaranlıq keçmişdən bu günkü azad, müstəqil günlərə gəlib çatıb. Bax, bu fonda müasir Azərbaycanda gedən hərtərəfli inkişafı, iqtisadi-sosial dirçəlişi görməmək, yaxud görüb də etiraf etməmək olmaz. İstər paytaxtın inkişafı, istər rayon və kəndlərin abadlığı, çəkilən yollar, tikilən evlər, körpülər, yaradılan iş şəraiti bir yandan; camaatın güzəranı, ev-eşiyi, maşını, pulu, dünyaya çıxışı, mədəni səviyyəsi, intellektual potensialı, işgüzarlığı, qurub-yaratmaq imkanları başqa yandan… Bax, bütün bunlar heç şübhəsiz müstəqillik dövranının uğurlarıdır. Onu da heç zaman unutmamalıyıq ki, minillər boyu xalqın arzuladığı müstəqilliyi bizim üçün qoruyub-saxlayan, ölkəni imperiya caynaqlarından qurtarıb, xüsusi proqramlar əsasında dirçəldən, dövləti quran, ordunu yaradan, ölkəni inkişaf relsləri üzərinə qoyub əbədi müstəqilliyə doğru istiqamətləndirən – dahi şəxsiyyət, böyük dövlət xadim Heydər Əliyev olubdur! Siz dediyiniz kimi, əgər iqtisadi dirçəlişi nəzərə almasaq belə (hərçənd “bazis və üstqurum” məsələlərini yada salanda bu mümkün deyil), müstəqillik dövrünün vətəndaşının əvvəlki zamanlardan tam fərqli obrazını görərik. İndi Azərbaycan adamı daha sərbəstdir, qürurludur, işgüzardır, ötkəmdir və bütün planet boyu heç yerdə çəkinmədən, sıxılmadan, vüqarla, fəxrlə deyə bilir: “Mən – Azərbaycanlıyam!”



Müsahibəni yazdı:  Aygün İbrahimova

Olaylar  /  4 11 2011  

Yüklə 127,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə