Bəxtiyar Tuncay
Azərbaycan türklərinin genetik yapısı və Leylatəpə mədəniyyətinin Şərqi Anadolu ilə bağlılığı
Qafqaz türklərinin genetik yapısının öyrənilməsi işində bir çox alimlərin böyük xidmətləri olmuşdur. Onların apardıqları autosm DNT və klassik markerlər (Bulayeva et al., 2004, 2006; Почешхова, 2008; Боготова, 2009; Caciagli et al., 2009; Литвинов и др., 2008;); mitoxodrial DNT markerləri (Бермишева и др., 2003, 2004; Nasidze et al., 2003; Nasidze et al., 2004; Почешхова Э.А., 2008; Кутуев, 2009); Y-xromosomlar (Nasidze et al., 2003; Nasidze et al., 2004; Underhill et al, 2010; Bulayeva et al., 2006; Caciagli et al., 2009; Mirabal et al., 2009; Боготова, 2009; Кутуев и др., 2010) türklərin Qafqazdakı yazıya qədərki və yazı sonrası genetik tarixini və miqrasiyalarını öyrənmək baxımından çox böyük önəm daşıyır.
Azərbaycan Respublikasında sistemli və əsaslı genetik analizlər aparılmadığından bizim genetik yapımız haqqında məlumatları Rusiya alimlərinin Dağıstan (Dərbənd) azərbaycanlıları üzərində apardıqları tədqiqatlardan öyrənmiş oluruq. Həmin tədqiqatlardan belə məlum olur ki, bu gün də, Kür-Araz mədəniyyəti və Kür-Araz «eneoliti» dövründə olduğu (Iosif Lazaradis et al) kimi, Azərbaycan türklərinin genetik yapısında R1b Y-xromosomu aparıcı yeri tutur.
Qafqazın 6 türk xalqının – azərbaycanlıların, balkarların, qaraçaylıların, qaranoqayların, qumuqların və noqayların Y-xromosom markerlərinin (N=870) genişləndirilmiş vahid panel (58 SNP və 17 STR) üzrə təhlilini verən R. A. Saxalyaxo genetiklər arasında R1b-M343 haploqrupunun 18 nəsil budağını ilk dəfə təsnif etmiş və göstərmişdir ki, qaranoqaylarda müşahidə edilən R1b1a1-M73 variantı mənşə etibarı ilə Asiyanın geniş çölləri ilə bağlıdır və Qafqaza Asiya çöllərindən gəlmişdir. Alimin yazdığına görə, osetinlərin və Abxaz-Adıq qrupu xalqlarının (abxazlar, abazalar, adıqlar, çərkəzlər, kabardalılar və şapsuqlar) genetik yapısında dominantlıq təşkil edən G2a-P15 haploqrupuna sadəcə qaraçay və balkarlarda rast gəlinir. Digər dörd türk xalqında həmin haploqrup müşahidə edilmir və ya da olduqca önəmsiz dərəcədədir (Схаляхо Р. А., 2013, с. 4). Bu isə qaraçay və balkarların digər türklərdən fərqli olaraq, adı çəkilən qonşu xalqlarla iç-içə yaşamasından, əsirlərlə qız verib-almasından qaynaqlanır. Azərbaycan və qumuq türklərində isə R1b və R1a haploqrupları ilə yanaşı önəmli ölçüdə Nax-Dağıstan xalqları (çeçen, inquş, ləzgi, dargin, lak, tabasaran və s.) üçün xarakterik olan J1-M267 və J2a-M172 haploqrupları da maşahidə edilir. Noqaylarda və qaranoqaylarda, digər dörd türk xalqında rast gəlinməyən N1-LLY22 və C-M130 haploqrupu da qeydə alınıb ki, bu da onların yerli olmadığını, Qafqaza Şərqi Avrasiya çöllərindən gəldiyini təsdiq edir (Схаляхо Р. А., 2013, с. 4).
Azərbaycan və qumuq türkləri üçün R1b haploqrupu üstünlük təşkil edir. Bu haploqrupun R1b1a2a-L23 və R1b1a2-M269 variantları Qafqaza Ön Asiyadan (Şərqi Anadoludan) köç edib
Qaraçay və balkarların genetik kodları onların Çuxur mədəniyyəti – Döyüş baltaları mədəniyyəti – Kərtmə mədəniyyət – İskit, sak, sarmat və alan mədəniyyəti – xəzər mədəniyyəti xətti ilə Qərbi Avrasiyanın eneolit mədəniyyətinin varislər olduqları və ən azı həmin dövrdən, yəni eneolit dövründən Qafqazda yaşadıqları heç bir şübhə doğurmur.
Eyni sözləri genetik baxımdan Kür-Araz «eneoliti»nin (Iosif Lazaradis et al) birbaşa varisləri olan Azərbaycan türkləri üçün də söyləmək mükündür. Biz də bu ərazilərdə ən azı eneolit dövründən məskunuq. Arxeoloqlara inansaq, babalrımız bu ərazilərə Kür-Araz «eneoliti» dövründə Şimali Mesopatamiyadan, başqa sözlə, Şərqi Anadoludan köç etmişlər. Onların fikrincə, elm aləmində «Leylatəpə mədəniyyəti» adı ilə tanınan mədəniyyət bilavasitə həmin köçün nəticəsində peyda olmuşdur.
Onların bu fikri genetiklərin fikri ilə üst-üstə düşür. Belə ki, tədqiqatlar göstərir ki, Azərbaycan və qumuq türkləri üçün R1b haploqrupu üstünlük təşkil edir. Bu haploqrupun R1b1a2a-L23 və R1b1a2-M269 variantları (haplotipləri) Ön Asiya (Şərqi Anadolu) mənşəlidir. Qaranoqaylarda müşahidə edilən R1b1а1-M73 haplotipi isə Azərbaycan və qumuq türklərində dominantlıq təşkil edən R1b1a2a-L23 və R1b1a2- M269 haplotiplərindən fərqli olaraq, Ön Asiya mənşəli deyil, Şərqi Avrasiya mənşəlidir (Схаляхо Р. А., 2013, с. 13-15).
Qaranoqaylarda müşahidə edilən R1b1а1-M73 haplotipi Azərbaycan və qumuq türklərində dominantlıq təşkil edən R1b1a2a-L23 və R1b1a2- M269 haplotiplərindən fərqli olaraq, Ön Asiya mənşəli deyil, Şərqi Avrasiya mənşəlidir
Qafqaz arxeologiyasının ən mühüm elmi problemlərindən birinin xalkolit (eneolit) dövrünə aid Leylatəpə mədəniyyətinin tədqiqi olduğunu bildirən N. Müseyibli yazır ki, İ. Nərimanov tərəfindən Qarabağda eyni adlı yaşayış məskəninin qazıntısı nəticəsində XX əsrin 80-ci illərində müəyyən edilmiş Leylatəpə arxeoloji mədəniyyəti (Нариманов И. Г., 1985, 271-272), son illərə qədər demək olar ki, yalnız bir abidə əsasında məlum idi. «Son illər ərzində Azərbaycan ərazisində bu mədəniyyətə aid çoxsaylı abidlər aşkara çıxarılmış və qazıntılar aparılmışdır. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin çəkilişi ilə əlaqədar aparılan arxeoloji qazıntı işlərini xüsusilə qeyd etməl lazımdır. Bu layihə çərçivəsində aparılan çöl tədqiqatları zamanı 2004-2005-ci illərdə Azərbaycanın qərb bölgəsində I Böyük Kəsik, I Poylu, II Poylu, Ağılıdərə kimi yaşayış yerləri, Cənubi Qafqaz arxeologiyası üçün ilk dəfə olaraq eneolit dövrünə aid Soyuqbulaq kurqanları aşkar edilərək qazıntı işləri aparılmışdır» (Müseyibli N., 2011, s. 22).
Alimin yazdığına görə, Azərbaycanın qərb bölgəsində Leylatəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar olunması son eneolit dövründə - e.ə. IV minilliyin I yarısında daha geniş arealda intensiv şəkildə yayıldığını göstərir. «Digər tərəfdən, həm qazıntıların aparıldığı, həm ilkin kəşfiyyat işlərinin aparıldığı abidələrin… keramika məmulatının əsas xüsusiyyətləri bu abidələrin və bütövlükdə Leylatəpə mədəniyyətinin bir tərəfdən Ön Asiya, digər tərəfdən isə Şimali Qafqazın Maykop mədəniyyəti ilə bağlı olduğunu sübut edir. Saxsı qabların tipoloji olaraq ən yaxın paralelləri Şərqi Anadolu – Şimali Mesopatamiya bölgələrindəki Arslantəpə, Təpə Qavra, Tel Xəznə və s. abidələrindən məlumdur. Maykop mədəniyyətinin erkən mərhələsinə aid demək olara ki, bütün abidələrdən belə qablar, o cümlədən üzərində «dulusçu işarələri» (damğalar – B. T.) olan qablar (Кореневский С. Н., 1999, 7-23; Мунчаев Р. М., 1975) aşkar edilmişdir (Müseyibli N., 2011, s. 25-26).
1 №-li Soyuqbulaq kurqanından görüntü. Foto N. Müseyibli tərəfindən çəkilmişdir
Arxeoloqların əksəriyyəti bu fikirdədir ki, Leylatəpə mədəniyyəti öz köləri etibarı ilə Übeyd və erkən Uruk mədəniyyəti ilə bağlıdır. Q. Qoşqarlının sözlərinə görə, Böyük Kəsik 1, Böyük Kəsik 2, Poylu 1, Poylu 2 və Ağılı Dərədən üzə çıxmış mədəni təbəqələr Übeyd və erkən Uruk mədəniyyətindən məlum olan mədəni təbəqələrlə bənzərlik təşkil edir (Гошгарлы, 2005, c. 74).
T. Axundov və X. Alməmmədov da eyni fikirdədirlər. Onlar yazırlar ki, IV minilliyin ikinci rübündə və ortalarında Şimali Mesopatamiyadan Güney Qafqaza gələn Uruk ənənələrinin daşıyıcıları əvvəlcə Leylatəpə mədəniyyətinin formalaşmasına təkan vermiş, bundan sonra Şimali Qafqaza miqrasiya edərək orada Maykop mədəniyyətinin əsasını qoyşlar (Axундов, Алмамедов, 2009, с. 33-34).
F. Quliyev isə qeyd edir ki, Böyük Kəsik qəsəbəsində tapılan saxsı qab qalığı ilə Uruk keramikası arasındakı eynilik mədəni əlaqələrdən xəbər verir (Гулиев, 2005, c. 82).
Arxeoloqların gəldiyi bu nəticə genetiklərin gəldikləri nəticələrlə bütünlüklə üst-üstə düşür və maraqlıdır ki, dilçi və folklorçu alimlərin gəldikləri nəticələr də onların fikirlərini təsdiqləyir.
Dövrümüzədək ilk Uruk hökmdarı Bilqamıs (// Qilqamısın) haqqında qədim bir şumer dastanı gəlib çatmışdır. Orada təsvir edilən bəzi adət və ənənələrin bugünə qədər Azərbaycan xalqı arasında yaşamaqda olması adamı heyrətə gətirməyə bilmir. Məsələn, Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə hesab olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs” dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir:
Arslantəpə mədəniyyəti
Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o.
Sinəsinə yaraşan boyunbağı da asdı
Belinə qurşaq vurub, başına tac qoydu o.
İgidlərin ardınca bir cam təmiz su atdı.
Pillələrlə çıxıb o evin damına qalxdı (Bilqamıs dastanı, 1985, s. 32).
Başqa bir misala baxaq. Folklorşünas alim B. Abdullayevin yazdığına görə, qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, ömrünü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələrdən olması barədə miflər var (Vəliyev, 1985, s. 112).
Eyni mövzuya toxunan Ə. Haqverdiyev isə yazır ki, qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. «Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya "yuq" deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı... Ölünü ağlamaq, cənazəsi üstündə saç yolmaq adət halını almışdı» (Haqverdiyev, l957, s. 392).
Maraqlıdır ki, eyni adətin izlərinə «Bilqamıs dastanı»nda da rast gəlirik:
O kəslər ağlayar ki, qədim adamlar kimi
səninlə öyünərdi,
O kəslər ağlayar ki, sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına ətir-yağ çəkən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar,
Canına zeytun sürtən yava qadın ağlayar.
Sənin məsləhətinlə özünə arvad tapıb,
Nigah otağına ilk qədəm basan ağlayar.
Qardaşların ağlayar, bacı kimi hay salar,
Yaslara batar tamam, nalə çəkib saç yolar! (Bilqamıs dastanı, 1985, s. 64). R. Göyüşov yazır ki, daşdan və gildən düzəldilən insan fiqurları eneolit dövrünün ən maraqlı abidələridir (Göyüşov, 1986, s. 31).
Bilqamıs və Enkidu
Şübhəsiz ki, eneolit və tunc dövrlərinə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqurları ilə bağlı olmuşdur. «Bilqamıs dastanı»nın məzmunundan belə görünür ki, eneolit dövrü sakinləri, eləcə də sonrakı tunc dövründə şumerlər bu gil heykəlləri günəş tanrısı Utuya (akkad variantında Şamaşa) qurban verərmişlər:
Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.
Sonra taxtadan böyük bir masa da çıxartdı.
Əqiqdən qayrılmış qabı balla doldurdu.
Lacivərddən düzəlmiş qabı yağla doldurdu.
Masanı bəzəyərək Utu üçün apardı (Bilqamıs dastanı, 1985, s. 66).
Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal, yağ kimi yeməli şeylər apardığı kimi, Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş. Qeydə alınmış “Qodu-Qodu” nəğmələri içərisində bal və yağın xatırlanması da xüsusi maraq doğurmaqdadır:
Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa (Nəğmələr,inanclar,alqışlar, B.,1986, s. 47).
5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi, Azərbaycan türkləri də XX əsrin ortalarınadək “Bal verin ballamağa, yağ verin yağlamağa”-deyərək “Qodu-Qodu” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.
Burada daha iki maraqlı paraleldən də söz açmaq yerinə düşər. Qədim şumer mənbələrində yazılanlara görə, Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur. Qədim şumerlər onunla bağlı bir dastan da qoşmuşdular və bu dastanın süjeti Azərbaycanda çox məşhur olan Məlikməmməd nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür. «Dastanda əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür. O orada balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün şahidi olur və ilanı öldürür. Etana qartalın belinə minib göyə qalxır. Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. Quş qəhrəmana yerə baxmağı və onun nəyə oxşadığını təsvir etməyi təklif edir. Etana yeri öncə xəlbirlə, sonra çörəklə müqayisə edir.
Dastanın yazıldığı gil lövhə qırıq olduğundan onun ardı məlum deyil. Lakin elə bu qədər də söhbətin “Məlikməmmədin” şumer variantından, daha dəqiq desək, prototipindən getdiyinə heç bir şübhə oyatmır. Beləki, bizim qəhrəman da əbədi həyat çiçəyi axtaran Etana kimi, cavanlaşdırıcı almanın dalınca gedir. O da quyuya düşür. O da əjdaha ilə zümrüd quşunun konfliktinin şahidi olur.O da əjdahanı öldürür və quşun belində uçur. Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir. Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir (Tuncay B., 2013, s. 55).
Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il mart ayında sevə-sevə keçirdikləri Novruz bayramının təşəkkülü ilə bağlı ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir ki, bu mətnlərdən eyni bayramı martın 21–də şumerlərin də qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı Dumuzu şərəfinə keçirildiyi məlum olur. «Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bay-ramı adlandırırdılar. Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet barədə Lipin və Belov birgə qələmə aldıqları “Gil kitabələr” adlı kitablarında məlumat verməkdədirlər. Süjetin qısa məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir. Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur, ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün yeraltı dünya-ya enir, 7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş verir. Həmin gün ağaclar yenidən çiçək açır, təbiət oyanır» (Tuncay B., 2013, s. 71).
Beləliklə, folklorçu alimlərin üzə çıxartdıqları paralellər arxeoloqların gəldikləri nəticənin düzlüyünü təsdiq etməklə yanaşı, erkən kurqanda dəfn ənənələrinə malik tayfaların mədəni mənsubiyyəti və əlaqələrinə işıq salmaqda önəmli ip ucu verir.
Fikrimizcə, həmin tayfaların mədəni mənsubiyyətinin və əlaqələrinin aydınlaşdırılmasında dilçi alimlərin ortaya qoyduqları dil paralellərinin də əhəmiyyəti bundan az deyildir.
Maraqlıdır ki, alimlərin bəziləri şumer dilini türk dili saymış və bu gün də saymaqda davam edirlər. Məlumat üçün bildirək ki, şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar. Sonralar bu fikir Ə. Cavad, N. Boratav və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir. Bu iş sonrakı dövrlərdə də davam edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi A. Məmmədov və tanınmış qazax alimi A. Amanjolov, məşhur qazax şairi O. Süleymenov, qaraçay-balkar alimi Miziyev, türkiyəli tədqiqatçı O. N. Tuna və başqalarının əməyini xüsusi qeyd etmək lazımdır.
Ə. Cavad, N. Boratav və M. Miziyev bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və bu dillərin genetik qohum olduqları versiyasını müdafiə etmişlər. O. N. Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi ilə tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şumer-türk leksik uyğunluqlarını müəyyən etmişdir. Alim fonetik səs əvəzlənməsi prinsipinə istinad edərək belə nəticəyə gəlmişdir ki, şumer dilində həm qərbi, həm də şərqi türk ləhcə və şivələrinin ünsürlərinə rast gəlinir (Tuncay B., 2013, s. 55-56).
Tanınmış dilçi alim A. Məmmədov yazır ki, şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik, leksik və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradırsa, digər tərəfdən də türk dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tutarlı əsas verir (Məmmədov A, 1989, s. 5).
A.Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir (Məmmədov A, 1989, s. 5-6).
Şumer-türk paralellərinin və bu paralellər əsasında mədəni əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir. O, istər fonetika, istər leksika, istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxarmağı bacarmışdır (Hacıyev T, 1976, s. 22-23).
Qaynaqça
-
Ахундов Т. и Алмамедов Х. Южный Кавказ в эпоху неолита – ранней бронзы (центральный и восточный регион) // Азербайджан – страна, связывающая восток и запад. Обмен знаниями и технологиями в период «первой глобализации» VII-IV тыс. до н. э. Международный симпозиум, Баку, 1-3 апреля 2009 года, c. 31-35.
-
Bilqamıs dastanı. Bakı, Gənclik, 1985. 104 s.
-
Bulaeva K. B, Jorde L, Ostler C, et al. (6 co-authors). STR polymorphism in populations of indigenous Daghestan ethnic groups. Genetika. 40. 2004, p. 691-703.
-
Bulaeva K. B, Jorde L, Watkins S, et al. (9 co-authors). Ethnogenomic diversity of Caucasus, Daghestan. Am. J. Hum. Biol. 18. 2006, p. 610-620.
-
Caciagli L, Bulayeva K, Bulayev O, et al. (8 co-authors). The key role of patrilineal inheritance in shaping the genetic variation of Dagestan highlanders. J. Hum. Genet. 54. 2009, p. 689-694.
-
Göyüşov R. Azərbaycan arxeologiyası, B.,"İşıq", 1986. 186 s.
-
Hacıyev T.Azərbaycan ədəbi dili tarixi.l,B.,1976.
-
Haqverdiyev Ə. Seçilmiş əsərləri, ll c., B.,1957.
-
Iosif Lazaradis et al. The genetic structure of the worlds first farmers // bioRxiv, 2016 (http://www.biorxiv.org/content/early/2016/06/16/059311).
-
Litvinov S., Kutuev I., Yunusbayev B., Khusainova R., Valiev R., Khusnutdinova E. Alu insertion polymorphisms in populations of the South Caucasus // Balkan Journal of Medical Genetics. 2008. Vol. 11. P. 25-30.
-
Məmmədov A. Azəbaycan dilinin erkən tarixinə dair materiallar // Azərbaycan filologiyası məsələləri.l. B.,1989.
-
Mirabal S, Regueiro M, Cadenas A. M, Cavalli-Sforza L. L, Underhill P. A, Verbenko D. A, Limborska A. A. and Herrera R. J. Y-Chromosome distribution within the geo-linguistic landscape of northwestern Russia. European Journal of Human Genetics 17. 2009.
-
Müseyibli N. Azərbaycanın Qərb bölgəsində Leylatəpə mədəniyyətinin yaşayış məskənləri // Azərbaycan arxeologiyası, cild 14, sayı 1, 2011, s. 22-34.
-
Nasidze I., Sarkisian T., Kerimov A., Stoneking M. Testing hypotheses of language replacement in the Caucasus: Evidence from the Y-chromosome. Hum Genet 112, 2003, p. 255–261.
-
Nasidze I, Ling EY, Quinque D, Dupanloup I, Cordaux R, Rychkov S, Naumova O, Zhukova O, Sarraf-Zadegan N, Naderi GA, Asgary S, Sardas S, Farhud DD, Sarkisian T, Asadov C, Kerimov A, Stoneking M. Mitochondrial DNA and Y-chromosome variation in the Caucasus. Annals of Human Genetics 68, 2004, p. 205-221.
-
Nəğmələr, inanclar, alqışlar. Bakı, “Yazıçı”, 1986.
-
Tuncay B. Etnoqonik miflər (ümumtürk materialları əsasında). Bakı, “Nurlan”, 2013, 308 səh.
-
Underhill PA, Myres NM, Rootsi S, Metspalu M, Zhivotovsky LA, King RJ, Lin AA, Chow CE, Semino O, Battaglia V, Kutuev I, Järve M, Chaubey G, Ayub Q, Mohyuddin A, Mehdi SQ, Sengupta S, Rogaev EI, Khusnutdinova EK, Pshenichnov A, Balanovsky O, Balanovska E, Jeran N, Augustin DH, Baldovic M, Herrera RJ, Thangaraj K, Singh V, Singh L, Majumder P, Rudan P, Primorac D, Villems R, Kivisild T. Separating the post-Glacial coancestry of European and Asian Y chromosomes within haplogroup R1a // Eur J Hum Genet. 2010. Vol. 18. P. 479-484.
-
Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985. 414 s.
-
Бермишева М.А., Кутуев И.А., Хуснутдинова Э.К. Полиморфизм митохондриальной ДНК в популяции ногайцев В кн. «Материалы по изучению историко-культурного наследия Северного Кавказа», выпуск IV «Антропология ногайцев». Издательство «Памятники исторической мысли». Москва, 2003. С.197-203.
-
Бермишева М.А., Кутуев И.А., Коршунова Т.Ю., Дубова Н.А., Виллемс Р., Хуснутдинова Э.К. Филогенетический анализ мтДНК ногайцев: высокий уровень смешения материнских линий из восточной и западной Евразии. // Молекулярная биология. 2004. Т.38. №4. С. 617-624.
-
Боготова З.И., Кутуев И.А., Хусаинова Р.И., Валиев Р.Р., Керефова М.К., Хуснутдинова Э.К. Анализ ALU-инсерционного полиморфизма в популяциях кабардинцев и балкарцев // Медицинская генетика. 2009. Т.8. №1. С.19-24.
-
Гошгарлы Г. Исследование археологичиских памятников в зоне нефтепровода Баку-Тбилиси-Джейхан (БТД) и южно-кафказского газопровода Баку-Эрзурум (ЮКГ) в 2004-2005 г.г. Qafqazın arxeologiyası, etnologiyası, folkloru., AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, B., 2005, с. 74-75.
-
Гулиев Ф. Урукская керамика Южного Кавказа. Qafqazın arxeologiyası, etnologiyası, folkloru., AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, B., 2005, с. 82-83.
-
Кутуев И.А., Боготова З.И., Хусаинова Р.И., Валиев Р.Р., Виллемс Р., Хуснутдинова Э.К. Изучение линий мтДНК в популяциях кабардинцев и балкарцев. // Медицинская генетика. 2009. №11. С. 10-15.
-
Кореневский С.Н. Знаковая керамика Кавказа эпохи энеолита и ранней
Бронзы // Древности Северного Кавказа. Москва, 1999, 7-23.
-
Кутуев И.А., Литвинов С.С., Юнусбаев Б.Б., Хусаинова Р.И., Валиев Р.Р., Виллемс Р., Хуснутдинова Э.К. Генетическая структура популяций Кавказа по данным Y-хромосомы // Медицинская генетика. 2010. Т.9. №3. С 18-25.
-
Мунчаев Р.М. Кавказ на заре бронзового века. Москва, 1975.
-
Нариманов И. Г. Обейдские племена Месопотамии в Азербайджане //
Всесоюзная археологическая конференция “Достижения советской археологии в XI пятилетке”. Тезисы докладов. Баку, 1985, 271-272.
-
Почешхова Э.А. Оценка межэтнических различий народов Западного Кавказа (по мультиаллельным аутосомным ДНК маркерам) /Э.А.Почешхова // Медицинская генетика. 2008. Т.7, 2. С.3-9.
-
Схаляхо Р. А. Генеография тюркоязычных народов Кавказа: Анализ изменчивости Y-хромосомы. Автореферат диссертации на соискание ученой степени кандидата биологических наук. Москва, 2013.
Dostları ilə paylaş: |