Doğma ana dili və folklor



Yüklə 24,74 Kb.
tarix21.10.2017
ölçüsü24,74 Kb.
#8255

Doğma ana dili və folklor

Hər bir millətin milli varlığını təyin edən, tanıdan və yaşadan onun doğma ana dili və folklorudur. Azərbaycan folkloru, onun ilk poeziya nümunələri ananın südü, qanı, laylası ilə bərabər dünyaya gəlmişdir. Hər bir xalqın özünün qanından, qan yaddaşından gələn şeir vəzni vardır. Bu onun dilinin ahəng qanununa bağlıdır. Analar milli heca vəznimizin ilk yaradıcılarıdır. Azərbaycan milli şeiri yeddi hecalı, yəni bayatı ölçüsündə, səkkiz hecalı, yəni xalq mahnısı ölçüsündə və on bir hecalı, yəni qoşma ölçüsündə yaranmışdır. Azərbaycan şeirinin bundan sonrakı artırmaları və əlavələri yazılı ədəbiyyatdan və digər sahələrdən gələn heca ölçüləridir. On bir hecalı şeirimizin ilkin ölçüləri xalq düzgülərimizdən gəlir.

Mən qeyd etdim ki, ana dili ilə folklor ayrılmazdır. Millətin qoşa qanadıdır. Folklor hər bir xalqın dilinin məhsuludur. Daha obrazlı desək, onun möcüzəsidir.

Mən Azərbaycan folklorunda əsatirlərin və əfsanələrin bir küll halında yazıya alınmadığını görüb, buna böyük ehtiyac duydum. Yurdumuzun bölgələrinə- İmişliyə, Cəlilabada, Qazağa və digər yerlərə səfərlər etdim. Tovuzda bir pirani qoca suallarıma belə cavab verdi:

-Oğlum, sən hər şey yox olandan sonra boş qalmış yurdlarda sərvət axtarırsan. Sən düşünmürsənmi, 1931-1937-ci illərdə elmimizin qaymağı olan, əsatir, əfsanə nədir başa düşən ziyalılarımızı güllələdilər, məhv etdilər. Onların yerində savadsız, lakin aqil babalar qalmışdı. Onlar öz soyundan, ulularından öyrəndiklərini zehinlərində yaşadır, nəsillərə söyləyir, yaddaşlara həkk edirdilər. Düşmən duyuq düşdü. Bunları da sıradan çıxarmaq, qan yaddaşını məhv etmək xəyalı ilə onları ailəsi ilə birlikdə Qazaxıstan çöllərinə, Orta Asiya aullarına sürgün etdilər. İndi aradan xeyli zaman keçir, yəqin onların çoxu sıradan çıxmış olar. Ancaq bir ümidim qalır. Bizim xalqımız öz folklorunu, genetik yaddaşını öz törəmələrinə, nəvələrinə, bir sözlə, gələcək nəsillərə öyrətməyi özlərinə borc bilirlər.

Mən folklor toplama adı ilə dövlətdən icazə alıb o yerlərə səfərlər etdim. Qocaların çoxu dünyasını dəyişmişdi, yerlərində cavan qızları, oğulları, nəvə və nəticəsi qalmışdı. Sürgün vaxtı qismən cavan olan sürgündə yaşlaşmış Arazqırağı kəndlərdən olan yaşlı bir nəslin nümayəndəsi mənə bildirdi ki, bizim torpağımızı, varımızı, dövlətimizi əlimizdən aldılar. Uşaqlı-böyüklü sürgünə gələrkən təkcə özümüzlə doğma ana dilimizi gətirdik. Bir ədəd də olsun özümüzlə kitab götürməyə qoymadılar. Qazaxıstanın aullarında öz ailəmiz içərisində ana dilində danışdıq. Körpələrimiz ana qoynunda ana dilini öyrəndi, qan yaddaşına köçürdü. Bizim ailənin uşaqları üçün nəinki əlifba kitabı, bir dərslik, heç nə yox idi. Uşaqlarımız yazı-pozu bilmədən folklorumuz vasitəsilə laylalar, oxşamalar, xalq düzgüləri, mahnılar, hətta nağıl və dastanlarımızla tanış olmağa başladılar. Babalar, nənələr, ana və atalar yurddan sinələrdə gətirdikləri xalq örnəklərini göz bəbəyi kimi qoruyurdular. Onu dönə-dönə təkrar edirdilər və öz çocuqlarına, yeniyetmələrinə öyrədirdilər. Mən onların nümunə göstərdikləri layla, oxşama və xalq düzgülərini dinlədikcə nəinki bu nümunələr haqqında, hətta milli heca vəznimizin inkişafını da görürdüm. Yeddi hecalı laylada poetikamızı, onun nəqarətində melodik düşüncəmizi görür və sevinirdim. Öz-özümə fəxrlə deyirdim ki, mənim xalqım nə böyük xalqdır. Öz yurdundan nə torpaq, nə var gətirmiş hamısı əlindən alınmışdır. Ancaq qürbət ellərə öz dilini və öz dilində folklorunu gətirmişdir. Bircə laylaya diqqət edin:

Laylay dedim həmişə,

Çiçəkləsin dağ, meşə.

Döşəyində gül bitsin,

Yastığında bənövşə.

Laylay, gülüm, a laylay,

Laylay, balam, a laylay.

Sən şeirdə söz düzümünə bax, sözlərin estetikasına, gözəlliyinə diqqət yetir. Vətənin gülü də, bənövşəsi də bu poeziyanın daxilindədir. Yurdumuzun çəmənlərinin ətri də bu laylaya qarışıb gəlmişdir. Onun nəqarətindəki “laylay, gülüm, a laylay, laylay, balam, a laylay” deyimindəki ahəngə baxın, onun musiqisinə diqqət yetirin. Və yaxud yuxudan əzgin oyanmış körpədə ana öz oxşaması ilə nə gözəl şuxluq və gümrahlıq yaradır, onu atıb-tutur, oynadır, şənləndirir, ona uyğun orijinal ifadələr işlədir:

Atım, tutum mən səni,

Şəkərə qatım mən səni.

Ağzım acı dadanda,

Ağzıma atım mən səni.

Eləcə də səkkiz hecalı xalq mahnıları anaların dilində zaman-zaman yaşayır:

Yağış yağar yer doymaz,

Mən səndən necə doyum?

Xalq düzgülərində də on bir hecalı qoşma ölçüsündə bünövrələr, zəminlər yaranır. Körpələr böyüdükcə daha mürəkkəb folklor janrlarından tapmacalar, yanıltmaclar və digər folklor örnəklərindən bacarıqla faydalanırlar. Analar nağıl danışdığı kimi atalar da xalq dastanlarından parçalar söyləyirlər. Anaların, ataların dilində “Şah və Gülzar”, “Novruz və Qəndab”, “Koroğlu” dastanından parçalar, “Şah İsmayıl və Ərəbzəngi” epizodu nənələrin və babaların sinəsində vətəndən yadigar olaraq Qazaxıstan aullarına gedib çıxmışdır. Mənim görüşdüyüm bir pirani qoca “Aşıq Qərib” dastanından danışarkən, “Ana, mən qəribəm, qərib” şeirini söyləyərkən onun göz yaşları qabağımızdakı süfrəni islatdı.

Mən Nizami Gəncəvinin folklor əlaqələri ilə uzun müddət məşğul olmuşam. 1976-cı ildə “Nizami və folklor”, 1983-cü ildə “Nizami və xalq əfsanələri” adlı elmi kitablarımı nəşr etdirmişəm. Nizami əsərlərini doğma ana dilində deyil, fars dilində yazmışdır. Bunun bir neçə səbəbləri olmuşdur:

1. IX əsrdə Xəlifəlik mövqeyində olan adamlar ərəb dilinin rəsmi dövlət dili və elm dili olmasını qəbul etmişlər. Elə həmin əsrdə Xəlifənin vəzirliyini daşıyan farslar-bərməkilər fars dilini ədəbi dil, şeir dili kimi qəbul etdirmişlər.

2. Nizami bir xalqa mənsub şair kimi yox, bəşəri bir şair kimi ucalmaq istəyirdi. O, buna görə də əsərlərinə baş qəhrəman şərqdə və qərbdə tanınan Makedoniyalı İskəndəri, Xosrovu, Ənuşirəvanı və digərlərini seçirdi.

3. Nizaminin dövründə yüksək tirajla əsərlər nəşr etdirmək qeyri-mümkün idi. Ona görə də Nizami hər bir əsərini ayrı-ayrı hökmdarlara ithaf edirdi. Həmin hökmdarlar da dövrün qanununa görə həmin əsərin yeddi surətini çıxarıb yeddi ölkə başçısına göndərməli idi. O dövrün qanununa uyğun olaraq ona həsr olunmuş kitabın ilk nüsxəsini özünün qızıl xəzinəsində saxlamalı idi. Bir də həmin əsərin yeddi surətini çıxarıb, ayrı-ayrı şahlara göndərməli idi. Bu yolla Nizami tanınırdı və əsərləri ölkədən-ölkəyə səyahət edirdi.

İndi qəribə bir fakta da rast gəlirik. Nizami əsərinin Paris, London və Vaşinqton nüsxəsi qeyd olunur. Bu ondan irəli gəlir ki, Nizaminin əsərlərinin üzünü ayrı-ayrı xəttatlar köçürmüşlər. Onun əsərinin ilk nüsxəsi xəzinələrdə qalmış, bir ölkə digər ölkə ilə müharibə apardıqda onun xəzinəsi ilə bərabər Nizaminin əsərini də bir ölkədən digər ölkəyə aparmışdır.

Nizaminin milli mənsubiyyəti, dili haqqında qeydlər öz dövründə və özündən sonra yazıya alınmamıdşır. Az-çox onun tərcümeyi-halı haqqında özünün “Xəmsə”sində məlumatlar tapmaq olur. Nizaminin sağlığında və özündən sonrakı əsrlərdə onun tərcümeyi-halı yazıya alınmamışdır. Nizaminin dili, bədii və elmi təfəkkürü haqqında yalnız və yalnız onun folklor qaynaqları əsasında elmi nəticələrə gəlmək mümkündür.

Şair öz mühitinin oğludur. Onun bədii təfəkkürü əsərlərində öz əksini tapmışdır. Nizaminin şəxsiyyəti, əsərlərinin qaynaqları və onun folklor əlaqələrini öyrənmək üçün tədqiqata başladım. Mən öyrəndim ki, Nizaminin ilk əsəri “Sirlər xəzinəsi”ndəki süjetlər Kəpəzlə, Göyçayla bağlıdır. O, “Xosrov və Şirin”i yazarkən Bərdə qocaları ilə söhbət aparmış, Oğuz rayonundakı Daş ağılla bağlı, “Fərhad və Şirin” əfsanəsi ilə Tovuzdakı İbrahim Hacılı kəndindəki nəğməkar Fərhadla, ümumiyyətlə, türk aləmindəki Fərhad, Şirin obrazı ilə ətraflı tanış olmuş və onları ümumiləşdirərək böyük bir abidə yaratmışdır. “Leyli və Məcnun” poemasını yaradarkən şərq əfsanələri ilə yanaşı vaxtilə Şirvanşah Axsitanın dövründə mövcud olan, hətta şah sarayına yol tapmış “Leyli və Məcnun” dastanı ilə tanış olmuşdur. Bunu bu gün əldə olan “Leyli və Məcnun” adlı qədim bir dastanın mövcudluğu təsdiq etməkdədir. “Yeddi gözəl” əsərindəki Nizami dövrünün arxitektura qalıqları müəyyən fiqurlar Simnarın körpüsü, Şindan qalası (Şeyda qalası) yurdumuzun Şərq bölgəsindədir. İsgəndərnamədə qeyd olunan Dirilik çeşməsi Şirvandadır.

Bütün bu qədim əsatir və əfsanələr əvvəlcə Azərbaycan türklərinin dilinin, psixologiyasının, fantaziyasının məhsulu, möcüzəsidir. Nizami bunlardan əzəmi dərəcədə istifadə etmiş, daha doğrusu, xalqın dili, təfəkkürü əsasında yaranmış əsatir və əfsanələri fars dilində öz əsərlərinə gətirmişdir. Apardığım tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişəm ki, Nizami Gəncəvi Azərbaycan folklorunun varlığından doğmuşdur.

Nizami Azərbaycan türklərinin əsatir və əfsanələrinin hikmətlərini, zehniyyət və zəkasını, təfəkkürünü öz istedad və qabiliyyəti ilə sintez etmiş və ona dahilik, bəşəri ucalıq gətirmiş dahiyanə əsərlərini yaratmışdır.

Nizaminin kimliyinə Azərbaycan folkloru şahidlik edir.

“Fərhad və Şirin” əfsanələri İran Ərdəbilində, Naxçıvanın Arpaçayında və Şahbuzda, Türkiyənin Amasiyasındadır. Nizami “Fərhad və Şirin” dastanını Bərdə qocalarından öyrənmiş və öyrəndikləri bu poemanın yazılmasında əsas rol oynamışdır. Əlbəttə, Bərdə qocaları Nizamiyə Azərbaycan dilində olan “Fərhad və Şirin” dastanını söyləmişlər. Nizami öz yaradıcılıq konsepsiyasına uyğun olaraq onları fars ədəbi dilinə çevirib, öz poemasına (“Xosrov və Şirin”) daxil etmişdir.

Hətta, Nizami dastanın dilini dəyişsə də, dastan ənənələrinə bağlı olan vücudnaməni, cahannaməni poemada saxlamışdır. Azərbaycan xalq dastanlarına məxsus vücudnamə, təhkiyə-nağıl hissəsini olduğu kimi saxlamış və sonra da poema-dastanın faciə ilə bitməsinə görə cahannamədən istifadə etmişdir. Bu isə Azərbaycan xalq dastanı ənənələrinin poemada yaşadığını göstərir. Nizami Azərbaycan xalq dastanlarından əzəmi dərəcədə faydalanaraq dastan-poemalar (“Xosrov və Şirin”, “Leyli və Məcnun”) yaratmışdır. “Yeddi gözəl”də “Məmməd və Güləndam” dastanının izləri qalmaqdadır. Məmməd itirdiyi sevgilisi Güləndamı axtara-axtara tanımadığı bir diyarda-bulağın mərmər daşında Yeddi Gözəlin rəsmini görür ki, Güləndam bunların mərkəzindədir.

Bir cəhətdən Nizaminin və Ü.Hacıbəyoun yaradıcılıq metodları aradan uzun zaman keçməsinə baxmayaraq, bir-birinə çox bənzəyir. N.Gəncəvi Azərbaycan xalq dastanlarından yaradıcı şəkildə faydalanaraq dastan-poemalar, Ü.Hacıbəyov isə “Koroğlu”, “Leyli və Məcnun”, “Əsli-Kərəm” dastanlarının süjetindən, şeir və musiqisindən yaradıcı surətdə istifadə edərək özünün ölməz dastan-operalarını yaratmışdır. Bir sözlə, bizə görə Nizaminin yaradıcılıq metodu Ü.Hacıbəyov üçün bir qaynaq rolu oynamışdır. Hər iki böyük sənətkar dastan yaradıcılığı çeşməsindən əzəmi dərəcədə yararlanmışlar.



Sədnik Paşa Pirsultanlı

Professor, filologiya elmləri doktoru
Yüklə 24,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin