FriDRİx engels sosiALİZMİn utopiyadan elmə doğru iNKİŞafi I



Yüklə 285,5 Kb.
səhifə1/3
tarix11.01.2022
ölçüsü285,5 Kb.
#110933
  1   2   3


FRİDRİX ENGELS

SOSİALİZMİN UTOPİYADAN ELMƏ DOĞRU İNKİŞAFI

I
Müasir sosializm öz məzmunu e'tibarı ilə hər şeydən əvvəl, bir tərəfdən, hazırkı cəmiyyətdə varlılarla yoxsullar, kapitalistlərlə muzdlu fəhlələr arasında hökm sürən sinfin əkslikləri və o biri tərəfdən isə, istehsalda hökm sürən hərc-mərcliyi müşahidə etməyin nəticəsidir. Lakin öz nəzəri forması cəhətdən o əvvəlcə yalnız, XVIII əsrin böyük fransız maarifçilərinin irəli sürdükləri prinsiplərin sonrakı və bir növ daha ardıcıl inkişafı şəklində meydana çıxır. Sosializmin kökləri maddi iqtisadi faktların çox dərinliklərində olsa da, hər bir yeni nəzəriyyə kimi o da, hər şeydən əvvəl, özündən qabaq toplanmış olan ideya materialına əsaslanmalı idi.

Fransada, yaxınlaşmaqda olan inqilab üçün ağılları maarifləndirən böyük adamların özləri də son dərəcə inqilabi tərzdə hərəkət edirdilər. Onlar necə olursa olsun heç bir xarici avtoriteti qəbul etmirdilər. Din, təbiətin anlaşılması, cəmiyyət, dövlət quruluşu–hər şey ən amansız bir surətdə tənqid edilirdi; hər şey əqlin divanı qarşısında durmalı, ya mövcudluğuna haqq qazandırmalı, ya da ondan əl çəkməli idi. Düşünən ağıl mövcud olan hər şeyin yeganə me'yarı olmuşdu. Bu elə bir zaman idi ki, Hegelin dediyi kimi, dünya başı üstə qoyulmuşdu (Fransa inqilabı haqqında, gör Hegel nə deyir: «Hüquq fikri, hüquq anlayışı dərhal özünü e'tiraf etdirdi, hüquqsuzluğun laxlamış dayaqları ona heç bir müqavimət göstərə bilmədi. Hüquq fikri konstitusiyanın əsasını təşkil etdi və indi hər şey ona əsaslanmalıdır. Göydə günəşin işıq saçdığı və planetlərin onun ətrafında hərləndiyi zamandan bəri insanın başı üstə durması, yə'ni fikrə əsaslanması və gerçəkliyi fikrə uyğun şəkildə qurması görünməmişdi. İlk dəfə Anaksaqor demişdi ki, dünyanı Nüs, ağıl idarə edir, lakin yalnız indi insan ilk dəfə olaraq e'tiraf etdi ki, fikir mə'nəvi gerçəkliyi idarə etməlidir. Bu, günəşin əzəmətli bir doğuluşu idi. Bütün düşünən vücudlar yeni dövrün başlanmasını sevinclə alqışladı. Bu zaman möhtəşəm bir vəcd hökm sürürdü, bütün aləmi ruh yüksəkliyi bürümüşdü, sanki ilk dəfə ilahi başlanğıc dünya ilə barışmışdı» (Hegel, «Tarix fəlsəfəsi», 1840, səh. 535).–Mərhum professor Hegelin, ictimai dayaqları yıxıb dağıdan belə bir təhlükəli tə'liminə qarşı sosialistlər haqqındakı qanunu23, nəhayət, işə salmaq vaxtı deyilmi?), əvvəlcə o mə'nada ki, insan ağlı və onun öz təfəkkürü vasitəsi ilə aşkara çıxardığı müddəalar tələb edirdi ki, bunlar bütün insan hərəkətlərinin və ictimai münasibətlərin əsası hesab olunsun; sonra isə həmçinin daha geniş belə bir mə'nada ki, bu müddəalara zidd olan gerçəklik fe'lən başdan-ayağa alt-üst edilmişdi. Bütün əvvəlki cəmiyyət və Dövlət formaları, bütün ən'ənəvi təsəvvürlər əqlə zidd hesab edilmişdi və dəyərsiz köhnə bir şey kimi kənara atılmışdı, bu vaxta qədər dünya yalnız xürafatı əldə rəhbər tutmuşdu və bütün keçmiş yalnız təəssüfə və nifrətə layiqdir. İndi birinci dəfə ölaraq günəş doğmuş, əql səltənəti başlanmışdır və bu zamandan e'tibarən mövhumat və ədalətsizliyin, imtiyazların və zülmün yerini əbədi həqiqət, əbədi ədalət, təbiətin özündən doğan bərabərlik və insanın ayrılmaz hüquqları tutmalıdır.

İndi biz bilirik ki, bu əql səltənəti burjuaziyanın idealizə edilmiş səltənətindən başqa bir şey deyildi, əbədi ədalət burjua ədliyyəsi şəklində həyata keçirildi, bərabərlik qanun qarşısında burjua-bərabərliyindən ibarət oldu, insanın ən mühüm hüquqlarından birinin isə... burjua mülkiyyəti olduğu e'lan edildi. Əqlə əsaslanan dövlət,–Russonun ictimai müqaviləsi;–işdə ancaq burjua demokratik respublikası oldu və ancaq bundan ibarət ola bilərdi. XVIII əsrin böyük mütəfəkkirləri, habelə onların bütün sələfləri öz dövrlərinin qoyduğu çərçivədən kənara çıxa bilmədilər.

Lakin feodal zadəganlarla bütün qalan cəmiyyətin nümayəndəsi kimi çıxış edən burjuaziya arasındakı əksliklə yanaşı olaraq, bir də istismarçılarla istismar olunanlar, varlı müftəxorlarla zəhmətkeş yoxsullar arasında ümumi əkslik də var idi. Məhz bu cəhət burjuaziya nümayəndələrinə, ayrıca bir sinfin nümayəndəsi deyil, bütün məzlum bəşəriyyətin nümayəndəsi rolunda çıxış etmək imkanı vermişdi. Bundan əlavə, burjuaziya meydana gələn andan e'tibarən onun öz əksliyi də meydana gəlmişdir: muzdlu fəhlələr olmadan kapitalistlər yaşaya bilməzlər və orta əsrlərdəki sex ustası müasir burjuaya çevrildiyi kimi, sexdəki usta əlaltısı və sexdən kənardakı günəmuzdçu da proletarlara çevrildilər. Ümumiyyətlə və bütövlukdə burjuaziya, zadəganlara qarşı mübarizədə özünü o zamanın müxtəlif zəhmətkeş sinifləri mənafeyinin də nümayəndəsi hesab etməkdə müəyyən dərəcə haqlı olsa da, bununla belə hər bir böyük burjua hərəkatı zamanı müasir proletariatın az-çox inkişaf etmiş sələfi olan sinfin müstəqil çıxışları olurdu. Almaniyada Reformasiya və Kəndli müharibələri zamanı anabaptistlər1 və Tomas Münser hərəkatı, böyük İngiltərə inqilabı zamanı levellerlər2 hərəkatı, böyük Fransa inqilabı zamanı Babef hərəkatı belə bir hərəkat olmuşdur. Hələ yetişməmiş olan sinfin bu silahlı inqilabi üsyanları nəzəriyyə sahəsində də müvafiq çıxışlarla müşayiət olurdu; məsələn, XVI və XVII əsrlərdə ideal ictimai quruluşun utopik təsvirləri3, XVIII əsrdə isə açıq kommunizm nəzəriyyələri (Morelli və Mobli) bu qəbildən idi. Bərabərlik tələbi daha siyasi hüquqlar sahəsi ilə məhdudlaşmırdı, hər bir ayrıca şəxsin ictimai vəziyyətinə də şamil edilirdi; yalnız sinfi imtiyazları deyil, sinfi fərqlərin özünü də məhv etməyin zəruri olduğu sübut edilirdi. Hər cür həyat zövqünü qadağan edən sərt asket, Sparta kommunizmi yeni tə'limin ilk təzahür forması idi. Sonra dünyaya üç böyük utopist gəldi: bunlardan biri Sen-Simondur ki, onda proletar məsləki ilə yanaşı burjua məsləki də hələ müəyyən əhəmiyyətini saxlamışdı, o biriləri isə Furye və Ouendir. Ouen ən çox inkişaf etmiş kapitalist istehsalı ölkəsində və bu istehsal üsulunun doğurduğu əksliklərin tə'siri altında, sinfi fərqləri aradan qaldırmaq üçün, fransız materializminə bilavasitə yaxınlaşan bir sistem şəklində bir sıra təkliflər hazırlamışdı.



Bunların hər üçünün ümumi cəhəti ondan ibarətdir ki, onlar artıq o zaman tarixən yaranmış olan proletariatın mənafeyinin təmsilcisi kimi hərəkət etmirlər. Maarifçilər kimi, onlar da birinci növbədə müəyyən bir ictimai sinfi deyil, birdən-birə bütün bəşəriyyəti azad etmək istəyirlər. Maarifçilər kimi, onlar da əql və əbədi ədalət səltənəti qurmaq istəyirlər; lakin onların istədiyi səltənət ilə maarifçilərin istədiyi əql səltənəti arasında yerlə göy qədər fərq vardır. Bu maarifçilərin prinsiplərinə muvafiq şəkildə qurulan burjua dünyası da ağıla uyğun deyil və ədalətsizdir, buna görə də feodalizm və bütün əvvəlki ictimai idarə üsulları kimi, o da zibilliyə atılmalıdır. Bu vaxta qədər həqiqi ağıl və həqiqi ədalət yalnız ona görə dünyada hökmran olmamışdırki, bunlar hələ lazımınca başa düşülməmişdir. O zaman sadəcə olaraq indi meydana gələn və həqiqəti dərk etmiş olan dahi insan yox idi. Bu insanın indi meydana gəlməsi, həqiqətin məhz indi dərk edilmiş olması heç də ümumi tarixi inkişaf gedişinin zəruri nəticəsi deyildir, labüd bir hadisə deyildir, ancaq xoşbəxt bir təsadüfüdür. Bu dahi insan eynilə beş yüz il buıdan əvvəl də doğula bilərdi və o zaman bəşəriyyəti beş əsr davam edən yanlış yoldan, mübarizə və məşəqqətlərdən xilas edə bilərdi.

Biz gördük ki, inqilabı hazırlayan XVIII əsr fransız filosofları, mövcud olan hər şeyin yeganə hakimi olmaq e'tibarı ilə əqlə müraciət edirdilər. Onlar əqlə uyğun dövlət, əqlə uyğun cəmiyyət yaradılmasını tələb edirdilər, onlar əbədi əqlə zidd nə varsa, hamısının amansızlıqla aradan qaldırılmasını tələb edirdilər. Biz onu da gördük ki, həqiqətdə bu əbədi əql məhz o zaman burjuaya çevrilmiş olan ortabab Bürgerin yalnız idealizə edilmiş dərrakəsi idi. Fransa inqilabı bu əqləuyğun cəmiyyəti və bu əqləuyğun dövləti həqiqətə çevirdikdə isə, yeni tə'sisatlar əvvəlki quruluşa nisbətən nə qədər səmərəli olsalar da, mütləq mə'nada heç də əqləuyğun tə'sisatlar olmadı. Əqləuyğun dövlət tamamilə iflas oldu. Russonun ictimai müqaviləsi terror zamanı4 həyata keçdi; öz siyasi qüdrətinə olan inamını itirmiş burjuaziya bu terrordan qurtulmaq üçün əvvəlcə Direktoriyanın5 satqınlığında, axırda isə Napoleon istibdadının qanadı altında nicat axtarırdı. Və'd edilən əbədi sülh sonsuz işğalçılıq müharibələri silsiləsinə çevrildi. Əqləuyğun cəmiyyətin də bəxti gətirmədi. Varlılarla yoxsullar arasındakı əkslik ümumi rifah şəklində həll olunmaq əvəzinə, bu əkslik üzərində bir növ körpü olan sex imtiyazlarının və başqa imtiyazların aradan qaldırılması nəticəsində, habelə bu əksliyi bir qədər yumşaldan kilsə xeyriyyəçiliyinin aradan qaldırılması nəticəsində daha da kəskinləşdi. Feodal buxovlarından azad olmaq demək olan «mülkiyyət azadlığının» indi işdə həyata keçirilməsi, xırda burjua və kəndli üçün ondan ibarət oldu ki, bunlar, iri kapitalın və iri torpaq sahibliyinin güclü rəqabəti nəticəsində boğulan bu xırda mülkiyyəti məhz həmin maqnatlara azad sata bilərdilər; beləliklə, bu «azadlıq» xırda burjua və kəndlilər üçün mülkiyyətdən azad olmağa çevrildi. Kapitalizm əsasında sənayenin sür'ətlə inkişaf etməsi nəticəsində zəhmətkeş kütlələrin yoxsulluq və məşəqqətləri cəmiyyətin mövcudluğunun zəruri bir şərti oldu. Karleyl demişkən, nağd pul getdikcə daha artıq dərəcədə bu cəmiyyəti əlaqələndirən yeganə əsas olurdu. Cinayətlərin sayı ildən-ilə artırdı. Keçmişdə nəzərə çarpdırmaq üçün utanmadan göstərilən, lakin hələ indi də aradan qaldırılmamış olan feodal qəbahətləri hər halda hələlik arxa sıraya keçirilmişdisə, bunların yerində, keçmişdə ancaq gizli edilən burjua qəbahətləri bir o qədər artıq meydana çıxdı. Ticarət getdikcə daha artıq bir dərəcədə hiyləgərliyə çevrilirdi. İnqilab şüarı olaraq irəli sürülən «qardaşlıq» şüarı6 rəqabət mübarizəsinin doğurduğu hiyləbazlıq və həsəd şəklində həyata keçmişdi. Zorakılıq yolu ilə olan zülmün yerini rüşvət tutdu, qılıncın əvəzinə isə ictimai hakimiyyətin başlıca vasitəsi pul oldu. Birinci gecə hüququ feodallardan burjua-fabrikçilərə keçmişdi. Fahişəlik misli görünməmiş dərəcədə artmışdı. Hətta nigah özü, keçmişdəki kimi, fahişəliyin qanuna salınmış bir şəkli, onun rəsmi pərdəsi olaraq qalırdı və hələ üstəlik, ərlə arvad arasındakı sədaqət tez-tez pozulurdu. Bir sözlə, «əqlin qələbəsi» nəticəsində qurulan ictimai və siyasi tə'sisatlar, maarifçilərin gözəl və'dlərinin acı mə'yusluq doğuran eybəcər bir şəkli oldu. Yalnız bu mə'yusluğu qeyd edə biləcək adamlar çatmırdı; bu adamlar isə yeni əsrin əvvəllərində meydana gəldi. 1802-ci ildə Sen-Simonun «Cenevrə məktubları» çıxdı; 1808-ci ildə Furyenin ilk əsəri nəşr olundu, hərçənd onun nəzəriyyəsinin əsası hələ 1799-cu ildə qoyulmuşdu; 1800-cü il yanvarın 1-də Robert Ouen Nyu-Lanarkı7 idarə etməyi öhdəsinə götürdü.

Lakin o zamanlar kapitalist istehsal üsulu və onunla bərabər burjuaziya ilə proletariat arasındakı əkslik hələ çox az inkişaf etmişdi. İngiltərədə yenicə meydana gələn iri sənaye Fransada hələ mə'lum deyildi. Halbuki yalnız iri sənaye, bir tərəfdən, istehsal üsulunda çevriliş yaradılmasını, onun kapitalist xarakterinin aradan qaldırılmasını məcburi zərurət halına salan münaqişələri inkişaf etdirir,–həm də təkcə bu iri sənayenin yaratdığı siniflər arasındakı münaqişələri deyil, habelə onun yaratdığı məhsuldar qüvvələrlə mübadilə formaları arasındakı münaqişələri də inkişaf etdirir; digər tərəfdən isə, bu iri sənaye məhz məhsuldar qüvvələri çox böyük dərəcədə inkişaf etdirməklə, həmin münaqişələri həll etmək üçün vasitələr də verir. Deməli, əgər yeni ictimai quruluşdan doğan münaqişələr təqribən 1800-cü ildə yenicə meydana gəlirdisə, o dövrdə bunları həll etmək vasitələri daha az inkişaf etmişdi. Terror zamanı Parisin yoxsul kütlələri bir anlığa hakimiyyəti ələ alaraq, beləliklə, burjua inqilabını burjuaziyanın öz əleyhinə qələbəyə çatdırdılarsa da, bununla onlar yalnız sübut etdilər ki, o zamankı münasibətlər şərantində həmin kütlələrin uzun müddət hökmranlıq etməsi əsla mümkün deyildir. Ümumi yoxsullar kütləsi içərisindən yeni sinfin rüşeymi halında yenicə ayrılmış olan, müstəqil surətdə siyasi fəaliyyət göstərməyə hələ əsla qadir olmayan proletariat yalnız məzlum və iztirab çəkən bir silk kimi görünürdü və o, öz-özünə yardım etmək iqtidarında olmadığına görə, ona olsa-olsa kənardan–yuxarıdan kömək edilə bilərdi.

Sosializm banilərinin baxışlarını tə'yin edən də bu tarixi vəziyyət idi. Yetişməmiş halda olan kapitalist istehsalına, yetişməmiş sinfi münasibətlərə yetişməmiş də nəzəriyyələr uyğun gəlirdi. İctimai məsələlərin həllini adamlar öz başlarından icad etməli olurdular, çünki bunların həlli, inkişaf etməmiş iqtisadi münasibətlərdə hələ gizli halda qalmaqda idi. İctimai quruluş təkcə nöqsanları göstərirdi; bu nöqsanları aradan qaldırmaq düşünən əqlin vəzifəsi idi. Yeni və daha mükəmməl ictimai quruluş sistemi icad etmək və bunu mövcud cəmiyyətə kənardan, təbliğat vasitəsi ilə, mümkün olduqda isə habelə nümunəvi təcrübələr vasitəsi ilə qəbul etdirmək lazım gəlirdi. Bu yeni sosial sistemlər lap əvvəlcədən utopiya olub qalmağa məhkum idi və bu sistemlər nə qədər ətraflı hazırlanırdısa, bir o qədər xalis xəyal aləminə keçməli idi.

Bunu müəyyən etdikdən sonra biz məsələnin, indi tamamilə keçmişə aid olan bu cəhəti üzərində daha bir dəqiqə də olsa dayanmayacağıq. Qoy ədəbiyyat baqqalları, indi ancaq bir əyləncə kimi görünən bu xülyaları təkəbbürlə əlləşdirsinlər və belə bir «sarsaqlığa» nisbətən öz təfəkkür tərzlərinin açıqgözlü olmasından həzz alsınlar. Bizi, xəyal pərdəsi altından hər addımda zahirə çıxan və bu filisterlərin görə bilmədiyi dahi ideyaların rüşeymi və dahi fikirlər daha çox fərəhləndirir.

Sen-Simon böyük Fransa inqilabının oğlu idi və bu inqilab başlanarkən o hələ otuz yaşına çatmamışdı. Bu inqilab üçüncü silkin, yə'ni millətin istehsal və ticarətlə məşğul olan çoxluğunun o vaxtadək imtiyazlı olan müftəxor silklər, yə'ni zadəgan və ruhanilər üzərində qələbəsi idi. Lakin çox keçmədən mə'lum oldu ki, üçüncü silkin qələbəsi, bu silkin yalnız kiçik bir hissəsinin qələbəsidir; bu qələbə üçüncü silkin sosial imtiyazları olan təbəqəsinin, yə'ni varlı burjuaziyanın siyasi hakimiyyəti ələ almasından ibarət oldu. Həm də bu burjuaziya, bir tərəfdən, zadəganların və kilsənin müsadirə edilən, sonra da satılan torpaq mülkiyyəti ilə ehtikar etmək vasitəsi ilə, digər tərəfdən də, ordu üçün malverənlərin milləti aldatması vasitəsi ilə hələ inqilab prosesində sur'ətlə inkişaf etmişdi. Direktoriya zamlnı məhz bu möhtəkirlərin hökmranlığı Fransanı və inqilabı fəlakət qarşısında qoymuş və bununla da Napoleona dövlət çevrilişi üçün bəhanə vermişdi. Beləliklə, üçüncü silk ilə imtiyazlı silklər arasındakı əkslik Sen-Simonun zehnində «fəhlələrlə» «müftəxorlar» arasında olan bir əkslik şəkli almışdı. Təkcə əvvəlkk imtiyazlı silklərin nümayəndələri deyil, habelə istehsalda və ticarətdə iştirak etməyib öz rentası ilə yaşayanların da hamısı müftəxor idi. «Fəhlələr» sırasına isə təkcə muzdlu fəhlələr deyil, habelə fabrikçi, tacir və» bankirlər da daxil idi. Müftəxorların əqli rəhbərlik və siyasi hökmranlıq qabiliyyətini itirdiklərinə daha heç bir şübhə yox idi və inqilab bunu qəti təsdiq etmişdi. Yoxsulların belə bir qabiliyyətə malik olmadıqlarını isə Sen-Simonun fikrincə, terror dövrünün təcrübəsi sübut etmişdi. Bəs bu halda kim rəhbərlik və hökmranlıq etməli idi? Sen-Simonun fikrincə–elm və sənaye rəhbərlik və hökmranlıq etməli idi; bunları isə yeni bir dini rabitə birləşdirməli idi, dini baxışların Reformasiya zamanından dağılmış olan birliyini bərpa edən və ciddi tabeliyə əsaslanan labüd mistik bir «yeni xristianlıq» birləşdirməli idi. Lakin elm–alimlər deməkdir, sənaye isə–birinci növbədə fəal burjualardan, fabrikçilərdən, tacirlərdən və bankirlərdən ibarətdir. Doğrudur, bu burjualar ictimai mə'murlar kimi, bütün cəmiyyətin vəkil etdiyi adamlar kimi bir şey olmalı idilər, lakin hər halda fəhlələrə qarşı rəhbər mövqelərini və iqtisadi cəhətdən imtiyazlı vəziyyətlərini mühafizə etməli idilər. Bankirlərə gəldikdə, məhz onlar, krediti tənzim etmək yolu ilə bütün ictimai istehsalı tənzim etməli idilər.–Belə bir baxış, Fransada iri sənaye və bununla da birlikdə burjuaziya ilə proletariat arasındakı əkslik hələ yenicə əmələ gəlməkdə olduğu bir dövrə tamamilə uyğun idi. Lakin Sen-Simonun xüsusilə qeyd etdiyi cəhət bu idi: onu hər yerdə və hər zaman birinci növbədə «sayca ən çox və ən yoxsul sinfin» («la classe la plus nombbreuse et la plus pauvre») müqəddəratı maraqlandırır.

Sen-Simon hələ «Cenevrə məktubları»nda belə bir müddəa irəli sürür ki,

«bütün insanlar işləməlidir».

O, həmin əsərində qeyd edir ki, Fransada terror hökmranlığı yoxsul kütlələrin hökmranlığı idi.

O, yoxsul kütlələrə müraciətlə uçadan deyir: «Görün, Fransada sizin yoldaşlarınız hökmranlıq edərkən, orada nələr baş verdi: onlar aclıq törətdilər!»

Lakin Fransa inqilabının sinfi mübarizə olduğunu, həm də yalnız zadəganlarla burjuaziya arasında deyil, habelə zadəganlar və burjuaziya ilə yoxsullar arasında sinfi mübarizə olduğunu başa düşmək 1802-ci ildə son dərəcə dahiyanə bir kəşf idi. 1816-cı ildə Sen-Simon siyasəti istehsal haqqında olan bir elm e'lan edir və siyasəti iqtisadiyyatın tamamilə udacağını qabaqcadan xəbər verir. İqtisadi vəziyyətin siyasi tə'sisat üçün əsas olması anlayışı burada yalnız rüşeym halında ifadə olunmuşsa, bunun müqabilində belə bir fikir tamamilə aydın söylənmişdir ki, insanları siyasi cəhətdən idarə etmək şeylərə sərəncam etməyə və istehsal proseslərinə rəhbərlik etməyə çevrilməlidir, yə'ni haqqında son zamanlar çox hay-küylə danışılan «dövlətin loğv edilməsi» ilə nəticələnməlidir. Sen-Simon öz müasirlərindən eyni bir üstünlüklə 1814-cü ildə–müttəfiqlər Parisə girən saat (1814-cü il martın 31-də. Red.)–və sonra 1815-ci ildə, Yüz günlük8 müharibə zamanı deyir ki, Fransanın İngiltərə ilə müttəfiq olması və sonra həmin iki ölkənin Almaniya ilə müttəfiq olması Avropanın dinc yolla inkişaf və tərəqqi etməsi üçün yeganə tə'minatdır. Doğrudan da, 1815-ci ildə fransızları Vaterlo9 qalibləri ilə müttəfiq olmağa təbliğ etmək üçün böyük bir cəsarət və tarixi uzaqgörənlik lazım idi.

Əgər Sen-Simonun görüşlərində biz dahiyanə bir vüs'ətə təsadüf ediriksə və buna görə də onun baxışlarında sonrakı sosialistlərin xalis iqtisadi olmayan fikirlərinin, demək olar hamısı rüşeym halında vardırsa, Furyedə mövcud ictimai quruluşun tənqidini görürük, həm də bu tənqiddə xalis fransız hazırcavablığı ilə bərabər olduqca dərin bir təhlil vardır. Furye inqilabdan əvvəlki burjuaziyanı, onun cuşə gəlmiş peyğəmbərlərini və burjuaziyanın inqilabdan sonra meydana gələn satqın yaltaqlarını onların öz sözləri ilə tutur. Furye burjua dünyasının bütün maddi və mə'nəvi miskinliyini amansızlıqla ifşa edir və bu miskinliyi əvvəlki maarifçilərin yalnız əql hökm sürəcəyi bir cəmiyyət, hamıya səadət gətirəcək bir mədəniyyət yaradılması haqqındakı aldadıcı və'dləri ilə,–insanın sonsuz təkmilləşməyə qadir olması haqqındakı bəyanatları ilə müqayisə edir; o öz müasirləri olan burjua ideoloqlarının təmtəraqlı ibarələrinin boşluğunu ifşa edərək, onların gurultulu sözlərlə təsvir etdikləri gerçəkliyin nə qədər də miskin olduğunu göstərir və bu ibarəbazlığın tamamilə puça çıxmasına acı-acı istehza edir. Furye yalnız bir tənqidçi olmaqla qalmır; təbiətcə həmişə xoşsifət olan Furye bir satirik, hətta bütün dövrlərin ən böyük satiriklərindən biri olur. O, möhtəkirlik fırıldaqlarını və inqilab süqut edəndən sonra bütün o zamankı Fransanın ticarət fəaliyyətinə hakim olan çərçilik ruhunu sərrast və istehzalı sözlərlə təsvir edir. O, kişilərlə qadınlar arasındakı burjua münasibətləri formasını və burjua cəmiyyətində qadının vəziyyətini daha böyük məharətlə tənqid edir. Hər bir müəyyən cəmiyyətdə qadın azadlığı dərəcəsinin ümumi azadlıq üçün təbii me'yar olduğu fikrini ilk dəfə Furye söyləmişdir. Lakin Furyenin əzəməti, onun cəmiyyət tarixini anlamasında daha aydın təzahür edir. O, cəmiyyət tarixinin bütün əvvəlki gedişini dörd inkişaf pilləsinə bölür: vəhşilik, patriarxat, barbarlıq və mədəniyyət; mədəniyyət dedikdə o, indi burjua cəmiyyəti adlanan cəmiyyəti, deməli, XVI əsrdən e'tibarən inkişaf edən ictimai idarə üsulunu nəzərdə tutur; o göstərir ki, «mədəniyyət quruluşu barbarlıq zamanı ibtidai şəkildə qalan hər bir eybi həyatın əsasına çevirir və onu mürəkkəbləşdirir, ikimə'nalı, ikiüzlü və riyakar bir şəklə salır». Mədəniyyət aradan qaldırılması mümkün olmayan və daim yenidən meydana gələn ziddiyyətlər içərisində, «çıxılmaz dairə» çərçivəsində hərəkət edərək, həmişə səmimiyyətlə va ya riyakarlıqla can atdığı nəticələrin əksi olan nəticələrə gəlib çıxır. Beləliklə, məsələn, «mədəniyyətdə yoxsulluq bolluğun özündən doğur».

Gördüyümüz kimi, Furye də öz müasiri Hegel kimi dialektika ustasıdır. İnsanın sonsuz təkmilləşmə qabiliyyətinə malik olduğu haqqındakı ibarələrin əksinə olaraq Furye də dialektikaya əsasən deyir ki, hər bir tarixi dövrun nəinki öz tərəqqi, habelə tənəzzül xətti vardır və bu anlaşılma üsulunu o bütün bəşəriyyətin gələcəyinə tətbiq edir. Kant, təbiətşünaslığa gələcəkdə Yerin məhv olacağı, ideyasını gətirdiyi kimi, Furye də tarixin anlaşılmasına gələcəkdə bəşəriyyətin məhv olacağı ideyasını gətirmişdir.



Fransada inqilab fırtınası qopub ölkəni təmizlədiyi bir zamanda, İngiltərədə daha sakit, lakin eyni dərəcədə möhtəşəm bir çevriliş baş verirdi. Buxar və yeni iş maşınları manufakturanı müasir iri sənayeyə çevirmiş və bununla da burjua cəmiyyətinin bütün əsaslarını inqilabiləşdirmişdi. Manufaktura dövrlərindəki inkişafın süst gedişi istehsalda əsl bir fırtına və təzyiq dövrünə çevrilmişdi. Cəmiyyət getdikcə daha böyük sür'ətlə iri kapitalistlərə və yoxsul proletarlara ayrılırdı, bunların arasında isə keçən zamanlardakı sabit orta silk əvəzinə, çox qərarsız bir həyat sürən və əhalinin ən axıcı bir hissəsini təşkil edən sənətkarlardan və xırda tacirlərdən ibarət dəyişkən bir kütlə dururdu. Yeni istehsal üsulu öz yüksələn inkişaf xəttinin hələ əvvəlində idi; o mövcud şəraitdə hələ normal, düzgün və yeganə mümkün olan bir istehsal üsulu idi. Halbuki o, artıq o zaman müdhiş sosial fəlakətlər törətmişdi: yurdsuz əhalini böyük şəhərlərin natəmiz, darısqal bucaqlarına toplamışdı; keçmişdən miras qalan bütün mənşə əlaqələri, patriarxal məişət tərzini və ailəni dağıtmışdı; xüsusən qadın və uşaqlar üçün iş gününü son dərəcə uzatmışdı; birdən-birə tamamilə yeni şəraitə–kənddən şəhərə, əkinçilikdən sənayeyə, sabit həyat şəraitindən hər gün dəyişilən və yaşamaq şəraiti tə'min etməyən bir mühitə salınan zəhmətkeş sinif içərisində kütləvi surətdə mə'nəvi pozğunluq törətmişdi. Bu zaman, uşaq kimi saf qəlbli və nəcib xasiyyətli, eyni zamanda dünyada az tapıla bilən fitri rəhbər iste'dadına malik bir adam, iyirmi doqquz yaşlı bir fabrikçi islahçı kimi çıqış etdi. Robert Ouen XVIII əsr maarifçi materialistlərinin belə bir tə'limini mənimsəmişdi ki, insanın xarakteri, bir tərəfdən, insanın təbii quruluşunun və digər tərəfdən, bütün ömrü boyu, xüsusən inkişaf dövründə onu əhatə edən şəraitin məhsuludur. Ouen ilə eyni ictimai vəziyyətdə olanların çoxu sənaye inqilabında yalnız bulanıq suda balıq tutmağa və tez bir zamanda varlanmağa yarayan bir nizamsızlıq və hərc-mərclik görürdü. Ouen isə sənaye inqilabında öz sevimli ideyasını həyata keçirmək və bununla da həmin hərc-mərclik içərisində qayda yaratmaq üçün əlverişli bir fürsət görürdü. Mançesterdə, 500 nəfərdən artıq fəhlənin işlədiyi fabrikin rəhbəri olan Ouen bu ideyanı həyata keçirmək üçün bir təşəbbüs, həm də müvəffəqiyyətli bir təşəbbüs etdi. O, 1800-cü ildən 1829-cu ilədək Şotlandiyanın Nyu-Lanark şəhərində böyük bir iplik fabrikini idarə etmiş və müəssisənin şərikli direktoru olaraq, burada həmin istiqamətdə çalışmışdı, həm də çox sərbəst hərəkət edib, böyük müvəffəqiyyət qazandığına görə, tezliklə bütün Avropada məşhur olmuşdu. O, əvvəllər əhalisi çox qarışıq və əksəriyyəti əxlaqca çox pozğun ünsürlərdən ibarət olan Nyu-Lanarkı tam nümunəvi bir koloniyaya çevirmişdi; əhalisinin sayı tədriclə artıb, 2500 nəfərə çatmış Nyu-Lanarkda sərxoşluq, polis, cinayət məhkəmələri və çəkişmə, yoxsulları himayə altına almaq və xeyriyyəçiliyə ehtiyac mə'lum olmayan şeylər idi. Ouen buna, sadəcə olaraq adamları insan ləyaqətinə daha çox müvafiq olan bir şəraitdə yerləşdirməklə və xüsusən böyüməkdə olan nəslin yaxşı tərbiyə edilməsi qayğısına qalmaqla nail olmuşdu. Kiçik yaşlı uşaqlar üçün Ouenin icad etdiyi məktəb ilk dəfə Nyu-Lanarkda təşkil edilmişdi. Bu məktəblərə iki yaşdan yuxarı uşaqlar qəbul olunurdu; burada uşaqlar vaxtlarını o qədər xoş keçirirdilər ki, onları güclə evə aparmaq olurdu. Ouenin rəqibləri öz fəhlələrini gündə 13–14 saat işləməyə məcbur etdikləri halda, Nyu-Lanarkda iş günü 10,5 saatdan artıq deyildi. Pambıq parça sənayesində başlanan böhran, istehsalın dörd ay dayandırılmasına səbəb olduqda isə, boş qalan fəhlələrə yenə də tam əmək haqqı verilirdi. Bütün bunlara baxmayaraq, muəssisənin dəyəri iki dəfədən çox artmışdı və daim öz sahiblərinə çoxlu; mənfəət verirdi.

Lakin bütün bunlar Oueni qane etmirdi. Öz fəhlələri üçün yaratdığı həyat şəraiti onun nəzərində hələ heç də insan ləyaqətinə müvafiq deyildi. O deyirdi:

«bu adamlar mənim qullarım idilər»;

Ouenin Nyu-Lanark fəhlələri üçün yaratdığı nisbətən əlverişli şərait, bu fəhlələrin azad həyat fəaliyyəti hələ bir yana dursun, onların ağıl və xarakterinin hərtərəfli və səmərəli inkişafı üçün əsla kifayət deyildi.

«Halbuki bu 2500 nəfərin işləyən hissəsi cəmiyyət üçün o qədər real sərvət istehsal edirdi ki, cəmi yarım əsr əvvəl bunun yaradılması üçün 600000 nəfərin işləməsi lazım gələrdi. Mən özümə belə bir sual verdim: bəs 2500 fəhlənin istehlak etdiyi məhsulun miqdarı ilə keçmişdə 600000 fəhlənin istehlak etməli olduğu məhsulun miqdarı arasındakı fərq hara gedir?»

Bu sualın cavabı aydın idi. Bu fərq fabrik sahiblərinə çatırdı; onlar müəssisəyə qoyduqları kapital üçün 5% gəlir götürürdülər və bundan əlavə 300000 funt sterlinqdən (8000000 markadan) artıq mənfəət əldə edirdilər. Bu, İngiltərənin bütün qalan fabriklərinə Nyu-Lanarkdan daha çox aid edilə bilərdi.

«Maşınların yaratdığı bu yeni sərvət olmasaydı, Napoleonu yıxmaq və ictimai quruluşda aristokrat prinsiplərini mühafizə etmək üçün müharibə aparmaq mümkün olmazdı. Halbuki bu yeni qüvvə zəhmətkeş sinif tərəfindən yaradılmışdı»10.

Buna görə bu işin xeyrini də həmin sinif görməlidir. Bu vaxta qədər yalnız tək-tək adamların varlanmasına və kütlələrin əsarət altında saxlanmasına xidmət edən yeni qüdrətli məhsuldar qüvvələr, Ouenin fikrincə, cəmiyyətin yenidən qurulması üçün bir əsas idi və bu qüvvələr ümumi mülkiyyət olaraq yalnız hamının rifahına xidmət etməli idi.

Ouenin kommunizmi, necə deyərlər, ticarət hesablamalarının bəhrəsi olaraq, xalis əməli əsaslar üzərində meydana gəlmişdi. O özünün bu əməli xarakterini axıra qədər və hər yerdə saxlamışdı. Belə ki, Ouen İrlandiyadakı yoxsulluğu aradan qaldırmaq məqsədi ilə 1823-cü ildə kommunist koloniyalarının layihəsini düzəltmişdi və nə qədər kapital qoymaq lazım gəldiyini, illik xərcləri və nəzərdə tutulan gəlirləri müfəssəl hesablayıb bu layihəyə əlavə etıişdi. Gələcək quruluşun qəti planında isə, Ouen lap plana, fasada və hündürlükdən görünüşə qədər hər şeyi bütün texniki təfsilatı ilə hazırlamışdı, həm də bunların hamısını o qədər bacarıqla etmişdi ki, onun, cəmiyyəti yenidən qurmaq metodu qəbul edilərsə, işə hətta bir mütəxəssis kimi yanaşdıqda da bu təfsilata qarşı çox az e'tiraz ola bilər.

Kommunizmə keçid Ouenin həyatında dönüş nöqtəsi idi. Nə qədər ki, o sadəcə olaraq bir insanpərəst kimi hərəkəq edirdi, sərvət, hörmət və şöhrət qazanırdı, təqdir olunurdu. O, Avropada ən məşhur bir adam olmuşdu. Onun nitqlərini yalnız onunla eyni ictimai vəziyyətdə olanlar deyil, hətta dövlət xadimləri və krallar da diqqətlə dinləyirdilər. Lakin o öz kommunist nəzəriyyələri ilə çıxış edən kimi, iş başqa vəziyyət aldı. Onun fikrincə, cəmiyyətin yenidən qurulması yolunu hər şeydən əvvəl üç böyük maneə: xüsusi mülkiyyət, din və mövcud nigah forması kəsirdi. Ouen bu maneələrlə mübarizəyə başlayarkən bilirdi ki, rəsmi cəmiyyət onu rədd edəcək və o öz ictimai mövqeyini itirəcəkdir. Lakin bu mülahizələr Oueni dayandıra bilmədi, onun cəsarətli hücum qüvvəsini zəiflətmədi. Həm də onun məhz irəlicədən gördükləri baş verdi. Rəsmi cəmiyyətdən qovulan, mətbuat tərəfindən sükutla qarşılanan, bütün var-yoxunu sərf etdiyi Amerikadakı kommunizm təcrübələrinin baş tutmaması nəticəsində yoxsullaşan Ouen, bilavasitə fəhlə sinfinə müraciət etdi və bu sinif içərisində öz fəaliyyətini otuz il daha davam etdirdi. İngiltərədə fəhlə sinfinin xeyrinə olan bütün ictimai hərəkətlər və bunların bütün həqiqi nailiyyətləri Ouenin adı ilə bağlıdır. Məsələn, onun beşillik sə'yləri sayəsində 1819-cu ildə fabriklərdə qadın və uşaq əməyinə hədd qoyan ilk qanun qəbul edildi. Ouen, bütün İngiltərə tred-yunionlarını birləşdirib böyük bir ümumi həmkarlar ittifaqı yaradan birinci koiqresin sədri idi11. Habelə Ouen artıq tam kommunizm tərkibində olan bir ictimai quruluşa keçmək tədbirləri olaraq, bir tərəfdən, kooperativ cəmiyyətləri (istehlak və istehsal şirkətləri) təşkil etdi və bunlar, heç olmazsa, sonralar işdə sübut etdi ki, tacirsiz də, fabrikcisiz də keçinmək tamamilə mümkündür; digər tərəfdən isə, fəhlə bazarlarında əmək kağız pulları vasitəsi ilə əmək məhsulları mübadilə edilirdi və bu pulların ölçü vahidi bir saatlıq iş vaxtı sayılırdı12. Bu bazarlar mütləq müvəffəqiyyətsizliyə uğramalı idi, lakin bunlar xeyli sonralar Prudonun irəli sürdüyü mübadilə bankını13 tamamilə qabaqlamışdı; bu bazarların həmin bankdan fərqi məhz onda idi ki, bütün ictimai bəlalardan xilas olmaq üçün universal bir vasitə dərəcəsinə qaldırılmırdı, cəmiyyəti daha çox əsaslı bir surətdə yenidən qurmaq yolunda atılan ilk addımlardan yalnız biri olaraq təklif olunurdu.

Utopistlərə məxsus olan anlama üsulu XIX əsrdəki sosialistlərin baxışlarına uzun zaman hakim olmuşdu və qismən hələ indi də hakimdir. Bütün fransız və ingilis sosialistləri, habelə Veytlinq də daxil olmaqla əvvəlki alman kommunizmi bu yaxın zamanlaradək həmin anlama üsuluna tərəfdar idilər. Sosializm onların hamısı üçün mütləq həqiqətin, əql və ədalətin ifadəsi idi və onu kəşf edən kimi, o, öz quvvəsi ilə bütün dünyanı fəth edəcəkdi; mütləq həqiqət isə zaman və məkandan, bəşəriyyətin tarixi inkişafından asılı olmadığına görə, onun nə zaman və harada kəşf ediləcəyi xalis təsadüfi bir şeydir. Həm də, mütləq həqiqət, əql və ədalət yenə hər bir məktəb banisinə görə müxtəlifdir; hər bir məktəb banisində mütləq həqiqətin, əql və ədalətin xüsusi şəkildə olması, yenə də onun subyektiv dərrakəsindən, həyat şəraitindən, biliyinin həcmindən və təfəkkürünün inkişaf dərəcəsindən asılıdır. Buna görə də bu kimi mütləq həqiqətlər bir-biri ilə toqquşduğu zaman münaqişə, yalnız onların qarşılıqlı ziddiyyətlərinin yumşaldılması yolu ilə həll edilə bilər. Bunun nəticəsində isə bir növ eklektik orta sosializmdən başqa heç bir şey əmələ gələ bilməzdi və doğrudan da bu cür sosializm Fransanın və İngiltərənin sosialist fəhlələrindən çoxunun başında indiyə qədər hökm sürməkdədir. Bu eklektik sosializm müxtəlif sekta banilərinin gələcək cəmiyyət haqqında daha mö'tədil tənqidi qeydlərinin, iqtisadi müddəa və təsəvvürlərinin son dərəcə əlvan və müxtəlif çalarlı qarışığından ibarətdir və çayda xırda daşların iti ucları və kənarları yeyildiyi kimi, mübahisə axınında bu qarışığın da ayrı-ayrı tərkib hissələrinin iti cəhətləri nə qədər tez yeyilirsə, həmin qarışıq da bir o qədər asan əldə edilir. Sosializmi elmə çevirmək üçün hər şeydən əvvəl onu real zəmin üzərinə qoymaq lazım idi.


Yüklə 285,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin