Həqiqətin İsa Muğannası (İsa Hüseynov).
Giriş.
Xalq yazıçısı İsa Muğanna Azərbaycan nəsrinin inkişafında sanballı xidmətləri olan söz sənətkarı, yeni nəsrin banisidir.
60-cı illərin əvvəllərində nəsrimizdə yeni mərhələ başlandı-Muğanna bu mərhələni səciyyələndirən əsərlər yazdı. Muğanna Azərbaycan həqiqətlərini bütün sərtliyi və tarixi reallığı ilə canlandıran yazıçıdır. Mövcud cəmiyyətin üzdə görünməyən, ancaq bütün mahiyyətini ifadə edən reallıqlarını ilk dəfə ədəbiyyata Muğanna gətirmişdir. Muğanna yaradıcılığı ruhu silkələyən, yaddaşı oyadan, səssizliyə üsyan, sükuta tufan gətirən, cəmiyyətin fikir, düşüncə tarixinə daha çox nüfuz edən, heç kimin tənqid və tərifi ilə hesablaşmayan möhkəm, əzəmətli, iç həqiqətinə inanan və bizi də inandıran bir yaradıcılıqdır.
İsa Hüseynov dərin ictimai, tarixi-fəlsəfi məzmunu və əsl vətəndaşlıq mövqeyi ilə səciyyələnən yaradıcılığı Azərbaycan oxucusunun bədii zövqünün formalaşmasına mühüm təsir göstərmişdir.
Həyat və yaradıcılığı.
İsa Mustafa oğlu Hüseynov (Muğanna) 1928-ci il iyun ayının 12-də Ağstafa rayonun Muğanlı kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fililologiya fakültəsində oxumuşdur. Sonralar Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitunu bitirmişdir. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, “Literaturnıy Azerbaydjan” qəzetində Nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifəsində çalışmışdır.
Yaradıcılığa ötən əsrin 40-cı illərində başlayan Muğanna ədəbi ictimaiyyətin diqqətini cəlb edərək oxucuların marağına səbəb olmuşdur. Yaradıcılığa başlayarkən Muğanna təxəllüsü götürmüşdür.
1947-ci ildə 19 yaşında “Arx” adlı ilk hekayəsilə ədəbiyyata gəlmişdir. Ancaq hekayə o vaxtkı konfiliktsizlik ədəbiyyatına uyğun gəlmədiyinə görə hekayə ixtisar olunmuş, balaca bir ölçüyə salınmışdı, ona görə də yazıçı hekayəni unutmuşdur. “Anadil ötən yerdə” oçerkini ilk mətbu əsəri sayırdı. Oçerk 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilmişdir.
50-ci illərin ortalarında “Bizim qızlar”, “Doğma və yad adamlar”, “Dan ulduzu” adlı ilk povestləri çap olunur. Bu əsərlər ədəbiyyat tarixində yeri olan yüksək keyfiyyətli əsərlərdir. Ümumən götürdükdə, 60-cı illər Azərbaycan nəsrində İsa Hüseynov həm cığırdaş, həm də çiyindaşdır. Bu illərin nəsr ədəbiyyatında İsa Hüseynovun “Saz”, “Tütək səsi”, “Yanar ürək”, “Məhşər” əsərlərinin öz yeri vardır. “Saz” və “Tütək səsi” povestlərində müharibə dövrü Azərbaycan kəndi əks etdirilmişdir. Bu əsərlər Vətən müharibəsi mövzusunda yazılan nadir əsərlərdəndir. Bu əsərlər nəsrimizə yeni təlatüm gətirdi. Tənqidçilər qeyd edirlər ki, bu əsərlər vasitəsilə Azərbaycan nəsri 37-ci illərin vahimələrindən xilas olaraq yeni mərhələyə qədəm qoydu.
“Saz”, “Tütək səsi” povestləri poetik əsərlərdir. Realist üslubla, həqiqət, gerçəkliyə uyğunluqla bağlı poeziyadır. Müharibə mövzusunda olan hər iki povestin adının musiqi ilə bağlı olması təsadüfi deyil. Bu povestlərdə yaralanıb əldən düşmüş bəşəriyyətin sarsılmış humanizmindən kədərli və ürəkdən gələn melodiyası səslənir.
İsa Hüseynovun yaradıcılığında “Yanar ürək” romanı xüsusi yer tutur. Əsərin sujet xətti Azərbaycan rayonlarının birində rayon katibi işləyən əmi ilə qardaşoğlu arasında məhəbbət zəminində başlayan gizli ziddiyət üzərində qurulub. Əsərdə yazıçı romanın qəhrəmanının timsalında sovet hökümətinin kadır siyasətinə münasibətini bildirmişdir. “Teleqram” povesti də “Saz” və “Tütək səsi” ilə bir kökdədir-yəni müharibə mövzusundadır. Əsər ikinci görnüşdə faciə adı ilə qələmə alınıb. Müasir dünyanın ən qlobal, mühüm çətinliklərindən biri təbiət və insandır. Bu mövzu Muğannanın “Faciə” povestində xüsusi ustalıq və məharətlə qələmə alınıb. Əsərdə təbiətlə insan münasibətləri araşdırılır, dünya və insan çətinlikləri bədii şərhə çəkilir. Yazıçı meşənin timsalında qlobal bir faciənin-təbiətin məhvi ilə birlikdə insan mənəviyyatının məhvinin ümumiləşdirilmiş obrazını yaratmışdır. Əsərdə zəmanəmizin faciə mövzusu oxucuların nəzərinə çatdırılmışdır. “Kollu Koxa” povestinin sujeti çox sadədir. Əsər Kollu Koxanın xırda bir zarafatının tarixçəsidir. “Kollu Koxa” povesti cəmiyyətə zidd ünsürləri pisləyən, yaxşı niyyətlə yazılmış bir əsərdir. Koxa düşünürdü ki, hər kəs xalqın gündəlik taleyi ilə yaşamalıdır.
“Saz” povesti yazıçının özünün müharibə dövründə keçirdiyi həyatla bağlı olan hadisələrdən bəhs edir. İsa Hüseynov əsəri həyat yoldaşı Firuzə xanıma həsr etmişdir. Müəllifin yazdığına görə povest hər iksinin qəlbinin simləri üstündə köklənib.
“Məhşər” romanı tarixi-fəlsəfi romandır. Roman keçmiş tariximizə nəzər salan ən sanballı əsərlər silsiləsinə daxildir. Əsərdə iki qüvvənin çarpışması çox ustalıqla verilmişdir. Bir tərəfdən ədalətsizlik, qan-qırğın rəmzi Teymur, o biri tərəfdə dünyanı cənnət görmək istəyən, insanların fərqini gücdə deyil, kamillikdə görən Fəzlullah Nəimi və onun varisi Nəsimi durur. Burada müəllif əqlin, kamilliyin və ədalətin gücə qalib gəlməsini oxucuya çatdırmağa nail olmuşdur.
Romanın gözəl məziyyətlərindən biri odur ki, oxucu lazım olan üç amili: fəlsəfi fikri, səlnaməli tarixi, gözəl romantikanı eyni zamanda görə bilir. Yazıçı romanda 14-cü yüzildə gündoğan dünyasının böyük filosofu Fəzullah Cəlaləddin Nəiminin mənəvi qəhrəmanlığını, bütün tacidarlardan üstünlüyünü göstərməyi bacarmışdır.
İsa Hüseynov “Məhşər” romanından sonra “Yanar ürək” romanının mövzusunu bir qədər dərinləşdirmiş, zənginləşdirmiş və “İdeal” romanını yazmışdır. Nədir “İdealın” mətləbi? “İdeal” o taylı-bu taylı Azərbaycanın birliyi barədədir. Əsər Stalinizmə qarşı mübarizədə həlak olmuş insanların ideyaları üçün ağıdır. Roman doğma dilə, ana yurda, bəşəriyyətə məhəbbətlə doludur, tərəqqinin və xeyrin qələbəsi uğrunda mübarizəyə səsləyən güc xəzinəsidir. Əsər xalqın böyüklüyündən, ulu keçmişindən mənəvi güc almağa çağıran əvəzsiz abidədir. “İdeal” milli-mənəvi varlığımıza məhəbbətlə, insana inamla yazılmış kəskin sujetli, mürəkkəb quruluşlu bir romandır. “İdeal” Azərbaycanın yüzillik tarixidir, eyni zamanda İsa Hüseynovun şah əsəri sayılır.
“Əbədiyyət”də “İdeal” kimi eyni üslubda yazılmışdır. Əbədiyyət İdealın davamı kimi düşünülsə də tamamilə İdealın davamı deyildir. Hər iki romanda saf amallar uğrunda mübarizə aparan, ideal insan kimi yetişənlərin faciəli həyatı təsvir olunub və faciədən çıxış yolu göstərilib.
“Qəbiristan” romanı Qarabağ mövzusundadır. Yazıçı elmsiz adamların özündə gəzdirdiyi qəbri və qəbiristanlığı nəzərdə tutaraq əsərin adını “Qəbiristan” adlandırmışdır.
İ.Hüseynovun ədəbi fəaliyyəti kino sənətinin inkişafı ilə də qırılmaz bağlıdır. Onun ssenariləri əsasında “Nəsimi”, “Ulduzlar sönmür”, “Nəsimi”, “Qərib cinlər diyarında” və başqa filimlər çəkilmişdir. Bu filimlərin uğurlu ekran həyatı qazanmasında İsa Hüseynovun xidmətləri əvəzsizdir. Kino sahəsindəki xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür.
Ədəbi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmiş-“Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordeniylə təltif olunmuş, “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına layiq görülmüşdür. Yazıçı haqqında “Azərbaycanfilm” Kinostudiyasında “Muğanna” adlı sənədli televiziya filmi çəkilmişdir. İsa Hüseynov 2014-cü il aprel ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
Bütün ömrünü ədəbiyyatımızın inkişafına həsr edən İsa Hüseynovun zəngin ədəbi irsi-dərin məzmunlu bədii əsərləri milli ədəbiyyatımızın uca zirvəsidir.
Yubiley tədbirləri.
Dünyada bir-birinə bənzəyən, bir-birinin təkrarı və davamı olan yazıçılar var, İsa Hüseynov heç kimə bənzəmir və bənzətmək də mümkün deyil. Milli ədəbiyyatın inkişafına, Azərbaycan mənəviyyatının tərəqisinə xidməti əsas götürülərsə Muğanna öndər missiyasını yerinə yetirən yazıçılardandır. O yazıçı böyükdür ki, onun özünəməxsus aləmi var. Kimsəyə bənzəməyən Muğanna öz dünyasını yaradıb. Bizi ahətə edən bu dünya, onun keçmişi və bu günü, məhəbəti və nifrəti, gözəlliyi və naqisliyi yazıçının dünyasında yeni bir mahiyyət, yeni bir məna kəsb edir. Yazıçının fikrincə kamil insan var, cahil insan var. O, insanda ağlı,kamilliyi yüksək qiymətləndirirdi. Ağlı, dərrakəsi, eşqi ilə vəhdətdə olan insan əsil insandır-demişdir.
Cahilin tərzi-həyatı heyvanların tərzi-həyatına uyğundur, çünki hər ikisi idrakdan məhrumdur. İsa Hüseynov əsərlərində qeyd etmişdir-ədəbiyyat müvəffəqiyyətlə yanaşı, nöqsanları da çəkinmədən göstərməli, oxucunun fikir və duyğularını silkələməli, durğunluq, ətalət hallarının aradan qaldırılmasına kömək etməlidir. İsa Hüseynovun oçerk, hekayə, povest, roman kimi qələmə aldığı əsərləri nəsr tariximizdə ədəbi hadisə sayılır.
İsa Hüseynovun yaradıcılığı bədii əsərlər olsa da mövzular başlanğıcını tarixdən götürüb, tarixdən qidalanıb. Ulu tariximiz Muğannanın yaradıcılığından keçib. Onun bütün əsərlərində tarixlə zəmanəmiz vəhdətdədir. Muğanna təkcə tarixi varaqlamır, eyni zamanda tarixdə olanların səbəbini araşdırmışdır.
Muğanna Azərbaycan ədəbiyyatının folkneri adlandırırlar, bu da yazıçının həddən çox milli, Odər məddəniyyətə bağlı olmağından irəli gəlir. Muğanna ruhən saza bağlı olmuşdur, bu bağlılığı, vurğunluğu ilə belə güclü əsərlər yaratmışdır. Yazıçının böyüklüyü ilk növbədə doğma, milli ədəbiyyatında tutduğu yerlə təsdiq olunur. Bu mənada İsa Hüseynovu müasir dövr ədəbiyyatımızın klassiki adlandırmaq olar.
İsa Hüseynov əsil yanar ürək sahibi olan bir sənətkar kimi tariximizin şərəfli, mürəkkəb, dolanbac yollarını, müasir insanın psixoloji aləmini ustalıqla işıqlandırmışdır.
İsa Hüseynov Mirzə Cəlildən sonra Azərbaycan həqiqətlərini bütün sərtliyi və tarixi reallığı ilə canlandıran ən böyük yazıçıdır. İsa Hüseynovun əsərləri insanlara sevgi, mərdlik, paklıq, mənəvi saflıq hissləri aşılıyır. Öz əsərlərilə Azərbaycan gənclərini ucalığa, vətənpərvərliyə çağırmışdır.
Vahid Azərbaycan ideyası Muğannanın əsərlərinin əsas qayəsini təşkil edir, hər zaman xalqı birliyə çağırır. İsa Hüseynovun yazdığı hər bir əsər Azərbaycan ədəbiyatına tarixi nüfuz gətirmişdir. Bəlkə də elə buna görə onu dünyanın ən məşhur ədiblərilə müqayisə edib haqlı olaraq demişlər ki, Nobel mükafatına layiq görülə biləcək nəhəng yazıçıdır.
Muğannanın bütün yaradıcılığının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə ona görə də oxucu onu sevir, təqdir edir. Çünki biz yer adamlarıyıq. Muğannanın bütün yazdıqlarının mayasını göydən, Tanrıdan tutub. Buna görə də biz yer adamları Muğannanın dediklərini sinirə bilmirik. Çünki onun dediklərində həqiqət var. Həqiqət isə bizdən yuxarıdı-Muğanna kimi, Muğanna bizdən yuxarıdı-həqiqət qədər. Belə bir sənətkarın yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Bu işdə kitabxanalarda keçrilən tədbirlərin rolu böyükdür. Keçirilən maraqlı tədbirlərdən biri icmallardır. Yazıçının əsərlərinin icmalının keçrilməsi oxucular tərəfindən maraqla qarşılanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə İsa Hüseynovun seçilmiş əsərləri 2005-ci ildə “Lider nəşriyyatı”, 2009-cu ildə “Avrasiya Press” tərəfindən nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir. Yazıçının əsərlərilə oxucuları yaxından tanış etmək üçün kitab sərgisi də təşkil etmək məqsədəuyğundur. Sərgidə yazıçının əsərləri, onun həyat və yaradıcılığından bəhs edən kitab, qəzet, jurnal məqalələri əks olunmalıdır.
Tədbirlərin sırasında ədəbi-bədii gecələrin, görüşlərin keçrilməsi də məqsədəuyğun sayılır. Şairlərin, yazıçıların, ədəbiyyatşünasların dəvət edilməsi tədbirlərin daha maraqlı keçməsinə səbəb olur.
Metodiki vəsaitin tərtib olunması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur.
1.İsa Muğanna.İdeal.Bakı,”Lider nəşriyyatı”,2005,536 səh.
2.İsa Muğanna.Seçilmiş əsərləri.Altı cilddə 1cild. Bakı,”Avrasiya press”,2009,424 səh.
3.Cəfərov Nizami. Tarixin tərcümeyi-halı.Bakı,”AzAtaM”,2014,256 səh.
4.Əlamətdar və tarixi günlər təqvimi-2018.
Dostları ilə paylaş: |