Züd – Ost Qoltuq kəndi
Səlnamə
Tərtib etdi: Salahova Xoşqədəm.
Elektron variant: Mustafayeva Fatimə.
Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucağda Qoltuq kəndi adlı iki yaşayış məskəni vardır.
Züd – Ost ( Cənub - Şərq ) və Nord – Ost ( Şimal – Şərq ) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış , əsrimizin əvvəllərində xeyli genişlənmişdir. Elmi araşdırmalardan məlum olur ki, bucaq mənasını bildirən Qoltuq, əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bidirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır.
Balıqçılığın inkişafı ilə əlaqədar olaraq Kür çayı və Xəzər dənizində yeni vətəgələr açılır, iş yerlərinə təzə - təzə adamlar toplaşırdı. Kürün Xəzərə qovuşduğu yerin cənubunda əmələ gələn Z. O. Qoltuq və şimaldakı N. O. Qoltuq Azov sahilindən gəlmiş rus köçkünləri ilə yanaşı , digər millətlərin də yaşadığı kəndlər idi. Sahibkarlar ətraf rayonlardan, habelə Cənubi Azərbaycanın müxtəlif şəhər və kəndlərındən iş tapmaq üçün bura gələn ucuz işçi qüvvəsindən balıqçı kimi istifadə edir, onlar da balıqçılıq peşəsini öyrənərək dəniz və çay sahilində daimi məskunlaşırdılar.
Z. O. Qoltuq hazırda Neftçala şəhərinin cənub tərəfində geniş ərazini əhatə edir. Kənddə bir neçə məhəllə adı
mövcuddur. Vaxtı ilə rusların Koçevka ( düşərgə, köç yeri ) adlandırdığı məhəllədə ruslarla yanaşı, başqa yerlərdən gələnlər də yaşayırdı. Burada” sayıllılar” məhəlləsi var. Sayıl – dilənçı sözündən əmələ gələn bu məhəllədə, dilənçi kökündə irandan gəlmiş adamlar yaşayıb. Onlara indi də şahsevənlər deyirlər. Əsl Qoltuğun özü isə Kürün indiki axmaz qobu qolunun cənubunda salınmışdır. Əsrin 60 – cı illərində Qoltuqda yeni bir məhəllə - Kazımabad məhəlləsi yaranmışdır. Burada ilk evi Kazım adlı bir şəxs tikdiyi üçün belə adlandırılıb.
Kənddəki evlər əsasən yerli tikinti materiallarından – palçıq və qamışdan tikilərdi. Hazırda yeni evlər daşdan və digər tikinti materiallarındandır.
Əsrin əvvəllərində burada daşdan kilsə tikilmişdir. Sovetlər dövründə ondan digər məqsədlər üçün istifadə olunurdu. Qayğısızlıq üzündən kilsə yarı sökülmüş haldadır. Kilsə yanındakı balıqçıların həkim məntəqəsində işləyən Zebedinskini bu gün də xatırlayırlar. Müharibədən sonra Fətulla Abdulayev məntəqədə müdür işləmişdir. 1950 – ci ildən buradakı feldşer -mama məntəqəsinin müdüri Bəşir Niftulla oğlu İsayev olmuşdur. Kənddə boyükdən kiçiyə kimi hamının xidmətində olmuş, hamı onun ehtiramını saxlamışdır.
1921 – ildən burada balıqçılıq arteli yaradılmışdır. Onun fəal üzvlərindən Yusif Rəhimov, İbrahim Nəsibov, Duraxan Piriyev idi. Artelin başçısı Həziqulu Rzaquluyev, mühasibi Əliağa Mirzəyev idi. 30 – cu illərdən artel kolxoza çevrildi. Duraxan Piriyev uzun müddət kolxozun sədri oldu. Burada ticarət dükanları, o vaxt” Azrıba “adlanan zavodun inzibati idarə binası 1914 – cü ildə tikilmişdir, buzxana və s.vardır. Kolxoz əvvəlcə “ 8 Mart “ , sonra “Stalin” adına, daha sonra isə “ Oktyabrın 27 illiyi “ adlandırıldı. Xəzərin geri çəkilməsi ilə buradakı vətəgə bağlandı, kolxoz ləğv edildi. Hazırda kəndin yaxınlığında yeni bir balıqçılıq kolxozunun idarə binası tikilmişdir. Rabitə şöbəsi 60 – cı illərdə yaradılmış, 1990 – cı illərdə məscid kimi fəaliyyətə başlamışdır. Usta Əşrəf Əzizovun inşa etdiyi bu bina kənd mömünlərinin istifadəsindədir. Kəndin bir ayaması var ki, bu gun də səslənməkdədir. “Ayaqyalın qoltuqlu” . Deyinlənlərə görə ehtiyac üzündən bura yığışan adamlar balıq vətəgələrində işlədiklərindən güzəranları çox pis keçirmiş. Heyvandar olmadıqları üçün çarıq tikməyə gönləri də yox imiş. Qum üstündə qadınlı, kişili ayaqyalın gəzdiklərindən “ayaqyalın “ ifadəsi yaranmışdir.
Kənd əhalisinin əksəriyyəti çox uşaqlı ailədən ibarət olmuşdur. Keçən əsrin ortalarında hər ailədə ən azından 7-12 uşaq böyüyərdi. Ana və atanın qayğısı, tərbiyəsi altında böyüyən bu uşaqlar, ailə vəziyyətinin ağır olmasına baxmayaraq, müxtəlif ali məktəblərdə təhsil almış, cəmiyyətin müxtəlif sahələrində çalışmışlar. Bu çox uşaqlı ailələrdən birinə nümunə olaraq yaşı 80 –ı keçmiş Gülüzar Sadıqovanın ailəsini göstərmək olar. Ailədə 11 uşaq olmuşlar. Bu ailədə böyümüş oğlanlardan biri Etibar Sadıqov Qarabağ bölgəsində fədakarlıq göstərmiş, mayor rütbəsinə qədər yüksəlmişdir.
Kəndin artıq yaşı 100 –ü keçmiş məktəbi burada yaşayan sakinlərə çox doğmadır.
Z. O. Qoltuq kəndində məktəb əsrin əvvəllərində yaradılmışdır. 1920 – ci ildən ibtidai siniflərdə xeyli uşaq oxuyurdu. İki ildən sonra məktəb üçün təzə bina da tikilmişdir.
Əvvəl 7 – illik, sonra isə 8 – illik olan Z.O.Qoltuq kənd məktəbi , hazırda Neftçala şəhər 2 saylı orta məktəb adlanır. Məktəb 1982 – ci ildə yeni binaya köçüb. Məktəbin ilk direktoru Sadıq Sadıqov olmuşdur. Sadıqovdan sonra onun qızı Elmira Sadıqova, Tədbir Mahmudov, Mehman Tağıyev rəhbərlik etmişdilər. Hazırda məktəbin direktoru Aygün Abdullayevadır.
Qoltuq kəndi bir neçə tarixi abidəsi ilə diqqəti cəlb edir. Rus xristian kilsəsi ilə yanaşı Qoltuq kəndinin İsmilli qəbiristanlığı, xalq arasında “ Soltan Pirətavan” adıyla məşhur olan bir ziyarətgah da vardır.
Bu müqqədəs ziyarətgahın yeri vaxtı ilə dəniz sahili olmuşdur.
“Soltan Pirətəvan “ ziyarətgahı haqqında el arasında bir çox rəvayətlər mövcuddur. Nəsildən – nəsilə el rəvayətinə görə bir vaxt burada möcüzəyə bənzər hadisə baş vermiş, Soltan Qeyzin- Xızır peyğəmbərin gözə görünməsi haqqındakı deyimlər yaddaşlarda, xalq danışıq dilində iz salmış, beləliklə, Pirətəvan sözünə rəyini İmamverdi Əbilov “Əsrlər... Nəsillər... Əməllər “ adlı əsərində xüsusi olaraq qeyd etmişdir. Faktlara əsaslanaraq , Heydər Almazov haqqında el arasında yayılan rəvayəti tədqiq edən alim, məhz bu şəxsin xeyriyyəçi olub, Bakı kəndlərindən bu yerlərə gələrək Z. O. Qoltuq kəndində yaşamasını sübut etmişdir. Bunun ardı olaraq rəvayət olunur ki, insanlar dəniz sahillərində yaşayaraq balıqçılıqla məşğul olublar. Dəniz sahillərində çoxlu balıq vətəgələri olub. Ən çox balıq olan yeri “cirbi” adlandırıblar. El sözünə görə Heydər Almazov püşk atmada həmin cirbini udduğuna görə niyyətinə sadiq qalaraq buradakı məzar daşının üzərində türbə inşa etdirmişdir. Bu rəvayət pirin məhz bu şəxs tərəfindən inşa olunması fikrinə daha yaxınlıq təşkil edir. Çünkü giriş qapısının portalındakı kitabə buna bir daha sübutdur.
Xalq rəvayətinin başqa bir versiyasına görə, bu ərazilərdə bir çoban qoyun sürüsünü otaran vaxtı indiki ziyarətgahın yerində qara çarşablı qadının ceyran sağdığını görür. Hər gün günorta azanı vaxtında bu hadisə eynilə təkrarlanırmış. Kənd əhalisi bu əraziyə gələrək qadının ceyranı sağdığının şahidi olurlar. Bir müddət keçdikdən sonra bu yerdə möcüzəyə bənzər heyvan sürüsünü gürüblər. Bir az keçmiş dənizin ləpə döyən hissəsindən su ilə birlikdə 10 -12 ədəd sümüklərin ətrafa yayılaraq tək sümüyün ətrafında dövrə vurduğunun şahidi olublar. Onlar buna imam övladı və onun ətrafında dövrə vuranları isə 12 imam şiələrinin möcüzəsi ilə əlaqələndirərək bu yerdə daş qoymuş və onları Ziyarətgaha çevirmişlər. Tədqiqatlara əsaslanaraq biz bu ziyarətgahımızın XVII əsrdən çox əvvələ aid olduğunu görürük.
Xalq arasında rəvayət edirlər ki, bu ərazi əvvəllər böyük şəhər olub. Təbii proseslər nəticəsində dəniz səviyyəsinin artması şəhərin su altında qalmasına səbəb olub. Sonralar dəniz çəkilərkən şəhərin xarabalıqlarının yerində insanların az yaşadığı kənd yaranıb. Bu kənddə mömin bir kişi yaşayırmış. Rəvayətə görə bu şəxsin adı Soltan olub. Mömin insan hər səhər və axşam vaxtı hazırkı müqəddəs yerin ərazisində şam yandığını görərmiş. İnsanlara bu hadisəni başa sala bilmədiyi üçün Allaha dua edib, onu bu bəladan xilas etməyi diləyib. İlahi tərəfindən ona yuxuda vəhy gəlib ki, bura müqəddəs insanlardan birinin qəbri olub və bu şam onun nişanəsidir. Kənd camaatı bu hadisəyə inanmış, buranı müqəddəs ziyarətgaha cevirmiş, hətta mömin səxs olan Soltan kişi dünyasını dəyişdikdən sonra burada dəfn etmişlər. Doğrudur, bunlar rəvayətlərdir, amma söhbət açdığımız rəvayətlər ocağımızın çox – çox qədimdən mövcud olmasının təsdiqidir və onun tədqiq edilməsi yollarına işıq salır.
Beləliklə quru və dəniz yolları üzərində meydana çıxmış bu sosial, dini, ideoloji mərkəzin, Azərbaycan tarixində bir daha böyük əhəmiyyəti olduğunu görürük. Təqdim etdiyimiz abidənin tarixi mənbə kimi əhəmiyyətini nəzərə alsaq, xalqımızın əsrlərdən bəri ziyarətgah , Pir kimi qoruyub saxladığı bu sosial – mədəni, ideoloji mərkəzin ciddi və hər tərəfli öyrənilməsinin bu günün vacib məsələlərindən biri olduğunu görərik. Bu memarlıq və mədəniyyət abidələrini qorumaq hər bir kəsin borcudur.
Dostları ilə paylaş: |