Yazıçı-publisist, fəlsəfə doktoru



Yüklə 18,14 Kb.
tarix29.11.2018
ölçüsü18,14 Kb.
#85155
növüYazı


Publisistik düşüncələr

Jurnalistin peşə etikasına dair



Akif ƏLİ,

yazıçı-publisist,

fəlsəfə doktoru

------------------
Jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Çünki jurnalistlər həm xalqa həqiqətləri bildirən, həm də xalqın haqq sözünü dünyaya çatdıran, müəyyən mənada ictimai rəyə və şüurlara təsir edən ziyalı zümrəsidir. Əlbəttə biz həqiqi, vicdanlı, vətəndaş mövqeyi olan və millətə bağlı peşəkar jurnalistləri nəzərdə tuturuq.

Eyni zamanda təəssüflə qeyd etmək lazım gəlir ki, mətbuatda, özü də təkcə bizim mətbuatda deyil, dünyanın digər ölkələrinin kütləvi informasiya vasitələrində də bu meyarlardan uzaqlaşan “jurnalistlərə” rast gəlinir. Konkret olaraq son illər ölkəmizin sürətli inkişafını istəməyən, ölkə rəhbərinin müstəqil siyasətini sinirə bilməyən, xalqımızın uğurlarını gözü götürməyən bəzi güc mərkəzlərinin təmənnalı “sözçüləri” istər daxildən, istərsə xaricdən üstümüzə yalan, böhtan, şər-şəbədə, çirkab atararq qeyri-obyektiv mətbu məhsullar yayırlar.

Halbuki elə həmin mərkəzlərin təbliğ və təşviq etdiyi demokratik düzəndə mətbuat və söz azadlığının mötəbərliyi çox həyəcan və bəlağətlə bəyan edilir.

Ancaq demokratik idarəçilik kiv-ə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə əlavə məsuliyyət də qoyur. Bu məsuliyyət həm peşə etikasına riayət etməyi, həm də peşə ləyaqətini yüksək tutmağı zəruri edir. Bu səbəbdən mətbuatın, jurnalistikanın qarşısında duran ən vacib məsələlərdən biri kimi peşə etikasına riayət hər zaman aktualdır.

Xatırladaq ki, peşəsinin elementar prinsiplərinə riayət etmək ümumiyyətlə hər sahədə vacibdir, mətbuat kimi həssas sahədə çalışan jurnalistin isə sadəcə borcudur.

Bu prinsiplərin əsas baza müddəalarından biri əlbəttə, obyektivlikdir. Jurnalisti nüfuzdan və hörmətdən salan məqamlardan biri də müəyyən məqsədlərlə kiminsə şəxsiyyətini alçaldan təhqiramiz yazıların qələmə alınması, yaxud insanları siyasi, dini, irqi, cinsi mənsubiyyətinə görə ayırmasıdır. Kiminsə şərəf və ləyaqətini təhqir etməyə, həqarət göstərməyə, şəxsi həyatına müdaxilə etməyə qanun ümumiyyətlə yol vermir. Müxtəlif nəzər nöqtələrini dəqiq və qərəzsiz şəkildə işıqlandırmaq da jurnalistika sahəsində peşə borcu hesab olunur. Bu zaman kiv-də tənqid olunan tərəfə cavab hüququ vermək həmin mətbu orqanın obyektivliyinin, qərəzli olmadığının göstəricisidir. Əgər hər hansı səbəbdən kiv-in səhvinə görə dəqiq olmayan, yanlış məlumat yayılıbsa, onun təkzibi və üzr istənilməsi də peşə etikasına daxil olan anlayışdır. Belə hallar əslində həmin mətbu orqana başucalığı gətirər, ona inamı artırar. Tərəfkeşlik, təqsirsizlik prezumpsiyasını pozmaq, xəbərə şəxsi prizmadan şərh vermək kimi “cəlbedici” məqamlar da peşəkar jurnalistin funksiyasına daxil deyildir. Daha onu demirik ki, müəyyən təmənna ilə, yaxud maddi maraq xatirinə ədalətsizlik edərək haqsız tənqid yazmaq, xüsusən şər, böhtan xarakterli yazını çapa, yaxud ekrana, efirə hazırlamaq nəinki məqbul deyil, ümumiyyətlə yolverilməzdir.

Bir məqama da toxunaq. İnformasiyanını mənbəyinin göstərilməsi jurnalistikada vacib şərtlərdən olduğu üçün, bizdə daha çox rast gəlinən - “mötəbər mənbə”, “məlumatlı mənbə”, “səlahiyyət sahibi”, “deyilənə görə” və s.bu kimi anonim istinadlarla konkret şəxs və ya olay haqqında yayılan məlumat əslində dezinformasiya mahiyyəti daşıyır. Bu isə özünə hörmət edən jurnalistin peşə etikası ilə bir araya sığmayan davranış kimi qiymətləndirilə bilər. Əslində mötəbər mətbu orqan nə qədər “qaynar” olsa da, aldığı informasiyanı bir-neçə mənbədən dəqiqləşdirib düzgünlüyünə əmin olmadıqca, onun yayılmasına tələsməz.

Sevindiricidir ki, əvvəlki situasiyalardan fərqli olaraq, son aylarda cəbhədə baş verən insidentlərin işıqlandırılması zamanı ölkənin əksər mətbu orqanları məhz bu cür doğru yolla gedərək ümummilli mənafelərə xidmət etməklə öz nüfuzunu və mötəbərliyini daha da artırdı.

Vaxtilə mövcud stereotipləri dağıdan, azadlıq, müstəqillik yollarında sovet ideoloji prinsiplərini tənqid edən bəzi mətbu orqanlar indi təəəssüf ki, əksinə, yeni stereotiplər yaratmaqdadır. Xüsusən özünü müstəqil elan edən, yaxud iqtidara müxalif yönlü olan yazarlar eyni əski yanaşma tərzi ilə şablon qəliblər, qəribə trafaret anlayışlar yaradırlar. Məsələn, nədənsə onların təfəkküründə kimsə “yaxşı intizamlı, çalışqan məmurdursa – demək heç də yaxşı adam deyil”, “dövlətə sədaqətlə xidmət edirsə - demək xalqdan uzaqdır”, “iqtidar nümayəndəsidirsə - demək bizdən deyil, yaddır”, “hökumət strukturunda çalşırsa - demək xalqı, dövləti, vətəni yox, cibini güdür” və s. Təbii, bütün bu absurd “stereotiplər” nə qədər sadəlövh, yanlış və gülünc olsa da, səviyyə və savadca o qədər də yüksək olmayan müəyyən insanların şüuruna yeridiləndə pozucu mahiyyət alır.

Burada bir xarakterik məqamı da qeyd etmək vacibdir. Bəzən kiv-lərdə “jurnalisti vurmaq, döymək olmaz, jurnalist toxunulmazdır” və s. tipli iddialara rast gəlinir. Əslində özünə əlahiddə imtiyazlar tələb etmək - digər peşə adamlarına sayğısızlıq və onların aşağılanması kimi görünür. Yəni məntiqlə digər peşə adamını, məsələn, müəllimi, həkimi, mühəndisi, polisi və b. vurmaq, döymək olar, amma jurnalist toxunulmazdır. Halbuki söhbət insan hüquqlarından gedirsə, hər kəsin toxunulmazlıq hüququ var və hər bir konkret situasiyada konkret “döyülmə, vurulma” səbəbləri hüququn aliliyi prinsipindən araşdırılmalıdır. Ancaq bu bəhanələrlə hətta yuxarıda qeyd etdiyimiz bəzi beynəlxalq güc mərkəzlərinin təmənnalı tapşırıqlarına əməl edən mətbuat orqanları, yaxud qht təmsilçiləri də konkret hüquqi məsuliyyət daşıyan, konkret kriminala görə məhkəmənin hökmü ilə cəzalandırılan jurnalistlərin dərhal azad edilməsini tələb edir, bu zaman ümumən ölkəyə, dövlətə, dövlət rəhbərliyinə qarşı mənasız kompaniyalar aparırlar. Son illər biz bunun şahidi oluruq. Xüsusən də jurnalist əməyinə görə yox, konkret qanunsuz fəaliyyətə görə azadlığı məhdudlaşdırılanlar ətrafında belə mətbu tozanaqlar qoparılır.

Halbuki cəmiyyətin norma və prinsiplərə riayət edən, vətəndaşlıq mövqeyindən çıxış edərək fəaliyyət göstərən dəqiq, qərəzsiz, obyektiv, mədəni və etikalı jurnalist, yaxud mətbu orqan tamaşaçı, dinləyici, oxucu auditoriyasının hörmətini, ehtiramını və inamını qazanır. Ölkəmizdə belə mötəbər mətbu orqanlar, kiv təmsilçiləri isə çoxdur.

Alim, müəllim, jurnalist, yazıçı, şair və s. peşəsinə baxmayaraq, əsil ziyalı üçün peşə etikası ilk növbədə vətəndaşlıq, dövlətçilik mövqeyindən çıxış edərək həqiqəti danışmaq, obyektiv və prinsipial olmaq, öz fəaliyyəti ilə cəmiyyətin mədəni tərəqqisi, maariflənməsi naminə çalışmaqdan ibarətdir.



Müstəqil dövlətimizin göstərdiyi diqqət və qayğı, yaratdığı münbit şərait və möhkəm təməllər üzərində inkişaf edən milli mətbuatımızın hər bir üzvü, vətənə və xalqa xidmət edən hər bir peşəkar jurnalist özünün çətin, şərəfli fəaliyyətini məhz yuxarıda deyilən məqbul prinsiplər üzərində qurmaqla həmin diqqətə və qayğıya yaradıcı əməyi ilə cavab vermiş olar.
-----------------------------

13.05.2016
Yüklə 18,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin