Zəbur surəsi, 15: 11 -bütün həyatım boyu Allaha yol axtarmışam. Bilirəm



Yüklə 61,04 Kb.
tarix06.06.2018
ölçüsü61,04 Kb.
#52871
növüYazı

Nil Donald Uolş

ALLAHLA SÖHBƏTLƏR
2-ci fəsil
Mənə diriliyin yolunu Sən göstərəcəksən: bütün firavanlıq Sənin hüzurundadır, səadət Sənin əlindədir. Həmişə Səninəm.
Zəbur surəsi, 15:11
-Bütün həyatım boyu Allaha yol axtarmışam.
-Bilirəm.
-... indi onu tapmışam və buna inana bilmirəm. Elə bil ki, burada əyləşib öz-özümə yazıram.
-Sən məhz bunu da edirsən.
-Amma bu nə isə Allahla ünsiyyətə çox da bənzəmir.
-Bəs sən göy gurultusu və ildırım istəyirdin? Bunu necə təşkil etməyi düşünərəm.
-Axı Sən bilirsən ki, – elə deyilmi – bütün bu kitabı küfr hesab edənlər tapılacaq. Xüsusən də Sən əvvəlki kimi müdrik, lakin “bizim adam” çıxacaqsansa.
-İcazə ver, sənə nəyisə izah edim. Sizdə Allahın həyatda yalnız bircə, müəyyən obrazla bəlirlənməsi barədə təsəvvür var. Bu olduqca təhlükəli anlayışdır. O sizə Allahı hər yerdə görməyə imkan vermir. Fikirləşirsənsə ki, Allah başqa cür deyil, yalnız bu cür görünür, O-nu başqa cür deyil, ancaq belə eşitmək olar, yaxud O, ümumiyyətlə, başqa cür deyil, ancaq belədir, gecə də, gündüz də Mən-dən kənara baxacaqsan. Bütün həyatını Allahın axtarışında keçirəcək və O-nu tapmayacaqsan. Hamısı da O-nu axtardığına görədir. Bunu misal kimi deyirəm.

Deyilib ki, Allahı həm dünyəvilikdə, həm də alidə görmürsənsə, yarısını buraxırsan. Və bu – böyük Həqiqətdir.

Allah həm kədərdə var, həm fərəhdə, həm acıda, həm də şirində. Bütün bunların arxasında ilahi bir niyyət durur və buna görə də hər şeydə ilahi bir qatılım var.
-Bir dəfə “Allah – salyamili buterbroddur” adlı kitab yazmağa başlamışdım.
-Bu, son dərəcə yaxşı kitab ola bilərdi. Sənu buna Mən ruhlandırmışdım. Niyə onu elə də yazmadın?
-O, küfr çıxdı. Ya da, ən azı, dəhşətli dərəcədə ehtiramsız idi.
-“Möczəli şəkildə ehtiramsızlıq” demək istədin! Haradan götürdün ki, Allah ancaq ehtiramdır? Allah – əla və pisdir. İsti və soyuqdur. Sol və sağdır. Ehtiram və ehtiramsızlıqdır!

Daha düşünmürsənmi ki, Allah gülməyi bacarmır? Artıq sənə elə gəlmirmi ki, Allah yaxşı zarafatdan həzz almır? Yaxud bu qərara gəlibsən ki, Allahda yumor hissi yoxdur? Düşünmürsənmi ki, yumoru kimsə başqası yaradıb?

Məgər Mən-imlə ancaq ehtiramlı pıçıltı ilə ünsiyyət saxlamalısan? Jarqon və tünd sözlərin Mən-ə məlum olmadığını düşünürsən? Sən Mən-imlə ən yaxşı dostunla danışa bildiyin kimi danışa bilərsən.

Doğrudanmı, eşitmədiyim bircə kəlmənin, görmədiyim mənzərənin, Mən-ə naməlum səsin olduğunu düşünürsən?

Düşünmürsənmi ki, bəzilərinə nifrət edir, bəzilərini sevirəm? Bax, sənə bunu deyirəm: Mən heç nəyə nifrət etmirəm. Mən-im üçün heç nə iyrənc deyil. Bu, həyatdır, həyat isə bəxşiş, ağılyetməz xəzinə, bütün müqəddəslərin ən müqəddəsidir. Mən həyatam, çünki həyat Mən-dən ibarətdir. Və onun hər bir yönünə ilahi məna nəsib edilib. Heç nə, heç nə Allaha məlum olan və O-nun bəyəndiyi səbəbsiz mövcud deyil.
-Bu necə ola bilər? Bəs insanın törətdiyi şər barədə necə?
-Sən Allahın planına daxil olmayan nəsə elə bir şey, heç nə törətmək halında deyilsən – nə düşüncə, nə əşya, nə hadisə, nə də hər hansı bir sınaq. Çünki Allahın planı elədir ki, sən lazım olanı, arzuladığın hər şeyi yaradasan. Bir Allah kimi Allahın təcrübəsi də elə bu azadlıqdan ibarətdir və Mən sizi, bu həyatın özünü o təcrübə üçün yaratdım.

Şəri siz şər adlandırırsınız. Lakin Mən hətta bunu da sevirəm, çünki siz xeyiri “şər” dediyinizin vasitəsilə anlaya bilərsiniz; Allahın işini ancaq “şeytan əməli” dediyinizin vasitəsilə dərk edə və yarada bilərsiniz.

Mən istini soyuqdan, alini alçaqdan, sağı soldan çox sevmirəm. Bunların hamısı nisbidir. Bütün bunlar küll varlığın bir hissəsidir.

Mən “yaxşı”nı “pis”dən çox sevmirəm. Hitler cənnətə düşüb. Bunu dərk edəndə Allahı anlayarsan.
-Lakin məni bu inancda tərbiyə ediblər ki, xeyir və şər var, həqiqət və yalan bir-birinə ziddir, bəzi şeylər Allahın nəzərində pisdir, yanlışdır və qəbuledilməzdir.
-Allahın nəzərində hər şey “qəbuledilən”dir, çünki Allah var olanı necə qəbul etməyə bilər? Nəyisə rədd etmək onun varlığını inkar etməyi bildirir. Nəyinsə pis olduğunu söyləmək onun Mən-im bir hissəmin olmadığını deməyi bildirir, bu isə mümkün deyil.

Qənaətini saxla və öz dəyərlərinə sadiq ol, axı bunlar sənin valideynlərinin və əcdadlarının, dostlarının, cəmiyyətinin dəyərləridir. Onlar sənin həyatının strukturunu təşkil edir və onların itirilməsi sənin həyat təcrübənin məğzini ləğv etmək demək olardı. Lakin onları sıra ilə araşdır. Dəyərləri bir-bir təkrar gözdən keçir. Bütün binanı özülünə qədər sökmə, lakin hər bir kərpici araşdır, çat görünənləri və strukturu daha saxlamayanları dəyişdir. Sənin düzgün və səhv barədə ideyaların yalnız ideyalardır. Bunlar Sənin Kim Olduğunu biçimləyən və təşkil edən düçüncələrdir. Və onlardan istənilənini dəyişdirmək üçün ancaq bir əsas, belə dəyişim üçün ancaq bir səbəb var: hazırda Kimsənsə, xoşbəxt deyilsən.

Xoşbəxt olub-olmadığını yalnız sən bilə bilərsən. Öz həyatın haqqında yalnız sən deyə bilərsən: “Bu tamamilə razı qaldığım və mənim yaratdığımdır (övladımdır)”.

Dəyərlərin sənə xidmət edirsə, onları saxla. Mübahisədə onları qoru. Onları müdafiə et. Lakin onları elə müdafiə et ki, heç kimə ziyan vurma. Başqasına vurulmuş ziyan şəfanın zəruri elementi deyil.
-Deyirsən ki, “Öz dəyərlərini saxla” və dərhal da israr edirsən ki, bizim bütün dəyərlərimiz saxtadır. Bundan baş çıxartmaqda mənə kömək et.
-Mən demədim ki, dəyərləriniz saxtadır. Lakin onlar düzgün də deyil. Onlar, sadəcə, mülahizələrdir. Qiymətlərdir. Hökmlərdir. Bunlar daha çox sənin deyil, kimsə başqası tərəfindən verilmiş hökmlərdir. Bəlkə də, valideynlərinin. Dinin. Müəllimlərin, tarixçilərin, siyasətçilərin.

Öz həqiqətin kimi qəbul etdiyin dəyərləndirmə hökmlərindən çox azı sənin özəl təcrübənə əsaslanıb. Lakin axı bura məhz təcrübə xatirinə gəlibsən və səni məhz öz təcrübəndən özünü yaratmaq gözləyirdi. Sən isə özünü başqalarının təcrübəsinə görə yaratdın.

Əgər günah kimi bir şey mövcud olsaydı, günah elə məhz bu olardı: başqalarının təcrübəsi əsasında sənin kim olmağına razılıq vermək. Bu elə sənin etdiyin “günah”dır. Və hamınızın. Hətta öz təcrübənizi gözləməyib, başqlarının təcrübəsini “İncil” kimi (bu sözün hərfi mənasında) qəbul edirsiniz, sonra isə özəl təcrübənizlə ilk dəfə rastlaşanda artıq bildiyinizi güman etdiyinzlə onu ört-basdır edirsiniz.

Bunu etməsəydiniz, tamamilə başqa bir təcrübəniz olardı – müəllimlərinizi, ilkin qaynaqlarınızı yanlış çıxardan təcrübə. Əksər hallara öz valideynlərinizi, məktəblərinizi, dinlərinizi, ənənələrinizi, müqəddəs kitablarınızı yanlış qəbul etməyi istəmirsiniz, buna görə də sizə o cür düşünməyi buyrulanın xeyrinə olaraq özəl təcrübənizi inkar edirsiniz.

Və buna insanın seksuallığına münasibətinizdən daha yaxşı heç bir misal gətirmək olmaz.

Hər kəs bilir ki, seksual təcrübə ən sevimli, ən fərəhli, ən qüdrətli, ən oyadıcı, ən təravətləndirici, enerji ilə ən çox doyduran, ən təsdiqləyici, ən güvənli, ən çox birləşdirən, hətta insanların qabil olduğu ən bərpaedici fiziki təcrübə ola bilər.

Amma sən bunu praktikda özün üçün kəşf edib, bunun əvəzinə seks barədə başqalarının təntənə ilə dediyi mülahizə, qiymət, rəy və ideyaları qəbul etməyi seçdin. Və bu başqalarının sənin məhz necə düşünəcəyin barədə özəl maraqları var idi.

Bütün bu fikir, mühakimə və ideyalar sənin şəxsi təcrübənə birbaşa zidd idi, amma madam ki müəllimlərinin yanlış ola biləcəyi sənin üçün ağlasığmaz idi, özünü inandırırsan ki, təcrübən yanlışdır. Nəticəsi bu olur ki, bu məsələdə öz həqiqətinə xəyanət etdin və bu sənin üçün fəlakətlidir.

Eyni şeyi pulla da etdin. Həyatında hər dəfə xeyli pulun olanda özünü çox gözəl hiss etdin. Onları əldə edəndə və xərcləyəndə özünü əla hiss etdin. Bunda pis, şər, daxilən “yanlış” heç nə yox idi. Amma bu məsələ barədə başqalarının öyüdlərini o qədər dərindən mənimsədin ki, öz şəxsi təcrübəni “həqiqət”in xeyrinə rədd etdin.

Bu “həqiqəti” şəxsi həqiqətin kimi qəbul edib, onun ətrafında külli miqdarda düşüncələr – yaradıcı fikirlər düzəltdin. Bu qayda ilə pulun ətrafında səni ondan itələyən öz şəxsi gerçəkliyini yaratdın, çünki yaxşı olmayanı özünə cəzb etməyi niyə istəməlisən ki?

Allaha münasibətdə də qəribə bir şəkildə oxşar ziddiyyəti yaratmağa nail oldun. Bütün səmimi duyumların sənə deyir ki, Allah gözəldir. Müəllimlərinin sənə öyrətdiklərinin hamısı Allahın pis olmasından danışır. Ürəyin sənə deyir ki, Allahı qorxmadan sevmək lazımdır. Müəllimlərin sənə deyir ki, Allahdan qorxmaq gərəkdir, çünki o, qisasçıdır. Onlar deyirlər ki, sən İlahi qəzəbin vahiməsində yaşamalısan. O duyulanda titrəməlisən. Bütün ömrün boyu Allahın cəzasından qorxmalısan. Çünki deyilib ki, Allah ədalətlidir.

Həm də yalnız Allaha məlumdur ki, O-nun dəhşətli ədaləti qarşısında durarkən hansı pisliklərlə üzləşməli olacaqsan. Beləliklə, İlahi ehkamlara boyun əyməlisən. Əks halda isə ...

Başlıcası – “Allah O-nun qanunlarına həqiqətən də ciddi şəkildə itaət istəyirdisə, onların pozulmasına niyə imkan yaratdı?” kimi məntiqi sualları qarşınıza qoymağınız lazım deyil. Əlbəttə, müəllimləriniz cavab verməyə həmişə hazırdırlar: oan görə ki, Allah sizin “seçim azadlığınızın” olmasını istəyir. Lakin birinin əvəzinə başqasını seçəndə cəza alıransa, seçim azad ola bilərmi? Yerinə yetirilməli olan bu iradə sənin deyil, başqasınındırsa, hansı “iradə azadlığı” ola bilər?

Bunu sizə öyrədənlər Allahı ikiüzlüyə çevirirlər.

Sizə deyirlər ki, Allah bağışlayan və rəhmlidir, lakin bu “bağışlanma” barədə “düzgün” yalvarmasan, “Allahın yanına lazımi qaydada gəlməsən”, duan eşidilməyəcək, fəryadın nəzərə çarpmadan qalacaq. Lakin yalnız bircə “lazımi qayda” olsaydı, bu da o qədər pis olmazdı. Amma ki nə qədər müəllim varsa, o qədər də “lazımi qaydalar” var.

Beləliklə, əksəriyyətiniz yaşlı həyatınızın önəmli hissəsini Allaha “düzgün” sitayiş üsulu, düzgün itaət və düzgün ibadət axtarmaqda keçirirsiniz. Kinayə bundan ibarətdir ki, Mən sizin sitayişinizi istəmirəm, itaətiniz Mən-ə lazım deyil və Mən-ə ibadət etməyə heç də borclu deyilsiniz.

Bütün tarix boyu, adətən, mənəmlik xəstəsi və müstəbid olmuş, özlərini heç vaxt güvənlikdə hiss etməmiş monarxlar öz təbəələrindən elə bir davranış tələb ediblər. Lakin Allah bunu heç vaxt heç bir mənada tələb etməyib və çox maraqlıdır ki, bu cür tələblər İlahiliyin ehtiyac və istəkləri ilə heç bir ümumiliyi olmayan saxtakarlıqdır.

İlahiliyin heç nəyə ehtiyacı yoxdur, çünki Küll Varlıq məhz budur: bütün var olan. Belə ki O, təyin etmə üzrə ehtiyacsızdır və heç nədən korluq çəkmir. Əgər müəyyən şəkildə nəyəsə ehtiyacı olan, istədiyini əldə etməyib elə inciyir ki, bunu əldə etməyi gözlədiyi kəsləri cəzalandıran belə bir Allaha inanmağı seçirsinizsə, o zaman Mən-dən xeyli kiçik olan Allahı seçirsiniz. Siz, həqiqətən də, kiçik Allahın övladlarısınız.

Xeyr, övladlarım, icazə verin, bu səhifələrdə sizi bir daha inandırım ki, Mən-ə heç nə lazım deyil. Mən sizdən heç nə tələb etmirəm.

Lakin bu heç də onu bildirmir ki, Mən-im arzularım yoxdur. Arzu və ehtiyac eyni deyil (hərçənd ki əksəriyyətiniz indiki həyatınızda onları eyniləşdiribsiniz).

Arzu – bütün yaradılışın başlanğıcıdır. Bu, ilk fikirdir. Qəlbdəki böyük hissdir. Bu daha sonra nə yaradacağını seçən Allahdır.

-Allahın arzuları hansılardır?


-Birincisi: Mən Mən-im Kim olmağımı, Özümü bütün əzəmətimlə dərk etmək və duymağı arzulayıram. Sizi və Kainatın bütün aləmlərini icad etməyincə bu Mən-im üçün qeyri-mümkün idi.

İkincisi: Arzulayıram ki, sizə verdiyim özünüzü seçdiyiniz kimi yaratmaq və hiss etmək gücündən istifadə edib Əslində Kim Olduğunuzu anlayıb duyasınız.

Üçüncüsü: Arzulayıram ki, bütün həyat prosesi daim fərəhin duyulması, fasiləsiz yaranış, sonsuz genişlənmə və hər bir indiki anın tam gerçəkləşməsi olsun.

Bütün bu arzuların həyata keçirilə bilməsi üçün kamil bir sistem qurdum. Və onlar bu dəqiqə, bu anın özündəcə həyata keçirilir. Səninlə Mən-im aramdakı yeganə fərq bundadır ki, Mən bunu bilirəm.

Sənin tam bilgi anında (bu an isə sənin üçün istənilən vaxt ola bilər) özünü Mən-im Öz-ümü hiss etdiyim kimi hiss edəcəksən: tam fərəhli, sevən, qəbul edən, bəyənən və alicənab.

Bu, Allahın Beş Vəziyyətidir və bu dialoqu bitirməzdən öncə bu vəziyyətlərin tətbiqinin səni indiki həyatında Tanrısallığa necə gətirib çıxarda biləcəyini – və gətirməlidir – sənə göstərərəm.
-Bütün bunlar son dərəcə qısa suala son dərəcə uzun cavabdır.
-Bəli, öz dəyərlərini onların sənə xidmət etdiyini hiss edincə saxla. Amma bununla belə, öz düçüncələrinə, hisslərinə və hərəkətlərinlə xidmət etdiyin həmin dəyərlərin sənin təcrübənin məkanına özün barədə ən ali və ən yaxşı ideyanı gətirib-gətirmədiyinə diqqət yetir.

Öz dəyərlərini bir-bir nəzərdən keçirt. Onları ictimai müzakirəyə qoy. Əgər dünyaya deyə bilsən ki, sən kimsən və nəyə inanırsan, deməli, özündən məmnunsan. Bir halda ki artıq heç bir sonrakı təkmilləşməyə ehtiyacı olmayan özəl “Mən”ini – və bu “Mən” üçün həyat – yaradıbsan, Mən-imlə bu dialoqu davam etdirməyinə ehtiyacın yoxdur. Sən kamilliyə çatıbsan. Bu kitabı kənara qoy.

-Mənim həyatım mükəmməl deyil və hətta buna yaxın da deyil. Kamil deyiləm. Əslində, naqislik kələfiyəm. Ürəyimdən keçir ki – bəzən bunu bütün qəlbimlə arzulayıram – bütün bu naqislikləri – davaranışımı müəyyən edən, uğursuzluqlarımı irəlicədən yönəldən, yolumu kəsən hər şeyi islah etməyi bacarım. Görünür, Sən-in yanına da buna görə gəlmişəm. Müstəqil şəkildə cavab tapmağa nail olmadım.


-Şadam ki, gəlibsən. Sənə yardım etmək üçün həmişə burada idim. İndi də buradayam. Təklikdə cavab axtarmağına ehtiyac yoxdur. Həm də heç vaxt olmayıb.
-Amma bu o qədər ... lovğalıq kimi görünür... sadəcə əyləşmək və Sən-inlə dialoq aparmaq. Həm də Sən –Allah, bax, budur, sadəcə, cavab verirsən. Bura bax, axı bu, dəlilikdir.
-Aydındır. Bibliyanın bütün müəllifləri normal adamlar idilər, sən isə dəlisən.
-Bibliyanı yazanlar İsanın həyatına şahid idilər və görüb eşitdiklərini düzgün yazıblar.
-Düzəliş. Bibliya müəlliflərinin çoxusu İsa ilə heç vaxt rastlaşmayıb və bütün ömürləri boyu onu görməyiblər. Onlar İsa Yer kürəsini tərk edən andan bir xeyli illər sonra yaşayıblar. Nazaretli İsa ilə küçədə üz-üzə gəlsəydilər, onu tanımazdılar.
-Amma...
-Bibliyanın müəllifləri böyük mömin və böyük tarixçilər idilər. Sələflərindən yaşlı nəslə, bunlardan isə onlara və dostlarına ötürülən rəvayətləri qeydə alıblar. İlk sənəd hazırlanana qədər beləcə davam edib.

Həm də müəlliflərin heç də bütün qeydləri Bibliyanın yekun sənədinə daxil edilməyib.

Çox tezliklə İsanın təliminin ətrafında “kilsələr” əmələ gəlməyə başladı. Və həmişə olduğu kimi, siz güclü ideyanın ətrafında toplaşarkən bu kilsələrdə sizə İsanın Tarixinin hansı hissəsinin və necə nağıl edilməli olduğunu müəyyən edən bəzi adamlar var idi. İncillərin və bütün Bibliyanın mətnləri toplandıqca, qeydə alındıqca və nəşr edildikcə bu seçmə və düzəliş prosesi bütün bu müddətdə davam etdi.

Və hətta müqəddəs orijinal mətnlərin tərtibatından bir neçə yüz il sonra Ümumdünya Kilsə Məclisi növbəti dəfə hansı ehkam və həqiqətlərin Bibliyanın rəsmi variantına daxil edilməli və hansıların “ziyanlı” və yaxud kütlələrə açıqlanmasının “vaxtsız” ola biləcəyini təyin etdi.

Həmçinin digər müqəddəs mətnlər də var idi, onları ilham anında qalan bütün hər cəhətdən adi, səndən çox da dəli olmayan adamlar yaradıblar.

-Daha fikrində tutmursanmı ki, (İlahi, ümidvaram ki, xeyr) bu qeydlər də gözəl günlərin birində “müqəddəs kitab” olacaq?


-Övladım, həyatda hər şey müqəddəsdir. Bu mənada, bəli, bu mətnlər müqəddəsdir. Amma səninlə söz güləşdirməyə hazırlaşmıram, çünki nəyi nəzərdə tutduğunu bilirəm.

Yox, güman etmirəm ki, bu əlyazma da haçansa müqəddəs kitab olar. Bunun üçün, ən azı, yaxın bir neçə yüz ildə sənin dilinin köhnəlməyi lazımdır. Anlayısanmı, müşkül bundan ibarətdir ki, doğrusu, ünsiyyətimizin dili hədsiz dərəcədə danışıqsayağı, məişətvari, olduqca müasirdir. Həm də insanlar qət edəcəklər ki, Allah doğrudan da səninlə birbaşa danışıbsa, həyət qonşusu kimi bu cür danışmazdı. Allahın nitqində pərəstişə vadar edən nəsə olmalıdır. Nə isə bir əzəmət. Bir sözlə, İlahilik.

Artıq dediyim kimi, bu, problemin bir hissəsidir. İnsanlar Allahı yalnız bir biçimdə “zahirlənmiş” kimi qavrayırlar. Bu biçimə sığmayanların hamısı küfr kimi qəbul edilir.
-Əvvəllər mənim də dediyim kimi.
-Əvvəlcə sənin də dediyin kimi.

Ammna gəl, sualının məğzinə qayıdaq. Niyə düşünürsən ki, Allahla dialoq aparmaq dəlilikdir? Məgər duaya inanmırsan?

-İnanıram, amma bu, başqa şeydir. Dua mənim üçün həmişə birtəfərli əlaqə olub. Mən yalvarıram, Allah isə susur.


-Allah duaya heç bir dəfə də cavab verməyib?
-Ah, bəli, verib, amma anlaylırsanmı, sözlə heç vaxt. Əlbəttə, həyatda mənimlə bağlı cürbəcür şeylər baş verib, bunların duaya cavab – olduqca birbaşa cavab olduğuna əminəm. Lakin Allah mənimlə heç vaxt danışmayıb.
-Aydındır. Beləliklə, bu Allah - inandığın bu Allah hər şeyi edə bilər, təkcə danışmağı bacarmır.
-Əlbəttə, Allah istəsə, danışa bilər. Sadəcə, ağlıma sığmır ki, Allah mənimlə danışmaq istəyər.
-Həyatda üzləşdiyin bütün müşküllərin səbəbi bundadır - özünü Allahla söhbətə layiq bilmirsən.

Ulu Göylər! Adi söhbət etməyə layiq olduğunu təsəvvür edə bilmirsənsə, Mən-im səsimi eşitməyini ümumiyyətlə necə gözləyə bilərsən?

Budur, sənə bunu deyirəm: Mən bu dəqiqə möcüzə yaradıram, çünki indicə tək səninlə deyil, bu kitabı əlində tutub bu sözləri oxuyanların hər biri ilə danışıram.

Mən hazırda onların hər biri ilə danışıram. Onlardan kimin kim olduğunu bilirəm. Bu sözlərə kimin yol tapacağını indicə bilirəm və bilirəm ki (həmişə Mən-imlə ünsiyyətdə olduğu kimi), bəziləri dinləyə bilər, bəziləri isə ancaq dinləyə bilər, heç nə eşitməzlər.
-Yaxşı, bu da bizi başqa bir problemə gətirib çıxardır. Artıq bu materialı dərc etmək barədə düşünürəm, o hələ ki yazılma mərhələsindədir, artıq indidən fikirləşirəm.
-Bəli. Bəs “problem” nədədir?
-Deməyəcəklərmi ki, bütün bunları gəlir xatirinə təşkil edirəm?

Həm də o zaman ideyanın özü şübhəli görünməyəcəkmi?


-Çoxlu pul qazanmaq üçün nəsə yazmaq istəyirsən?
-Yox. Bütün bunları buna görə başlamamışam. Kağız üzərində bu dialoqu ona görə başladım ki, cavab almağa son dərəcə susadığım suallar otuz il ərzində idrakıma əzab verirdi. Bütün bunları kitaba çevirmək fikri sonradan ağlıma gəldi.
-Məndən.
-Sən-dən?
-Bəli. Düşünürsən ki, bütün bu qəribə sual və cavabları boş yerə itirməyinə imkan verərdim?
-Nə isə bu barədə düşünməmişəm. Lap əvvəldə sadəcə suallara cavab almaq, ruh düşkünlüyündən can qurtarmaq, axtarışı başa çatdırmaq istəyirdim.
-Gözəl. Belə olan halda öz bəhanələrindən şübhələnməyi saxla (bunu həmişə edirsən) və gəl, davam edək.
Rus dilindən Şahid çevirdi.
Seyidbeyli@mail.ru
Yüklə 61,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin