1. Qafqaz dil ailəsi


Azərbaycanda neolit dövrünün öyrənilməsi



Yüklə 34,89 Kb.
səhifə6/6
tarix26.11.2023
ölçüsü34,89 Kb.
#135815
1   2   3   4   5   6
Ə. Səid. Arxeologiya

5. Azərbaycanda neolit dövrünün öyrənilməsi.
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VII–VI minilliklərdə Мezolit dövrü Neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, Neolitdə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Anazağa, Firuz, Böyükdağ), Naxçıvan Kültəpəsində, Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat keçirdiyini göstərir. Yaşayış yerlərinin əkinçilik və maldarlıq üçün əlverişli mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur. Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə olunan mikrolit lövhələr istehsal təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək tərəfi istifadə nəticəsində cilalanmışdır. Sürtkəc və dən daşlarının tapılması, nəinki dənli bitkilərin əkildiyini, həm də onların yaşayış yerlərində emal edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar olunması əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu, biçinçinin cəmiyyətdə müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar ağacların içərisinin oyulması ilə və ya qamışdan hazırlanmışdır. Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə ucları və qarpunlardan da istifadə olunmuşdur. Şübhəsiz ki, sahilboyu ərazidə yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur. Qobustan abidələrinin tədqiqində İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun, F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur. C.Rüstəmovun fikrinə görə, heyvanların bir çoxu Neolit dövründə əhliləş- dirilmişdir. Heyvanların əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir. Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxuculuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını və olduqca kobud olduğunu göstərir. Neolit dövründə əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpə- ləmə və sıxma retuş bu dövrdə əmək alətlərinin hazırlanmasında mühüm rol oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına yiyələnmişlər ki, bu da təsərrüfatda və məişətdə mühüm yeniliklərə səbəb olmuşdur. Daş alət əvvəlcə qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan vermişdir.
Qafqazın Neolit dövrü abidələri Qara dəniz sahili məskənləri ilə öyrənilir və onlar iki qrupa bölünür:
1. Erkən Neolit dövrü düşərgələri: Gürcüstanda Odişi və Abxaziyada Kistri abidələri, o cümlədən Adler yaxınlığında Nijni-Şnovskaya abidəsi;
2. Son Neolit dövrü düşərgələri: Soçi, Adler və Abxaziyadadır. Bu abidələr e.ə. IV minilliyə aiddir.
Taş-Airbir və Zamilkova abidələri e.ə. V-III minilliklərə aiddir. Buradan aşkar olunan heyvan sümükləri ibtidai maldarlığı göstərir. Keramika məhsulları da tapılmışdır. Sümük alətlər və baltalar da aşkar edilmişdir.
Erkən Neolit dövrü abidələrinə Şərqi Avropada Dnepr-Donetsk, Narva, Lialovski,Volqa-Kamsk mədəniyyətləri aiddir.
Dnepr-Donetsk mədəniyyəti e.ə. V-IV minilliklərə aiddir. Ukraynanın meşə zolaqlarında, Cənubi Belarusda, Yuxarı Dnepr boyunca bu mədəniyyətin nümayəndələri yayılmışlar. Orta Neolitdə bu mədəniyyətin cənub hissəsində, meşə zolaqlarında əkinçilik və maldarlıq inkişaf etmişdir.
Yerli Mezolit mədəniyyəti əsasında e.ə. V minillikdə Lialovski mədəniyyəti yaranmışdır. Oneqa gölü sahilində də Neolit dövrü qəbirləri aşkar edilmişdir.
BAYKAL-NEOLİT MƏDƏNİYYƏTLƏRİ- Anqra çayı hövzəsindəki qədim yaşayış yerləri və qəbirlərdən aşkar edilən zəngin maddi-mədəniyyət abidələrini əhatə edir.
İSAKOV mərhələsinə (e.ə. IV minillik) aid ilk qəbirlər 1939-cu ildə açılmışdır. İsakov mərhələsinə aid çoxlu gil qab nümunələri, əmək alətləri, çaxmaq daşından ox ucları, nizələr, bizlər, iynələr, qaban dişindən bəzək nümunələri və s. aşkar edilmişdir.
SEROV mərhələsində(e.ə. III minillik) şist və nefritdən bıçaqlar, çaxmaqdaşından xəncərlər, ox ucları, sümükdən nizələr, naxışlı bizlər, iynələr olmuşdur. Bu mərhələyə aid daşdan yonulmuş çoxlu balıq fiqurları, muncuqlar, baş geyimlərinin qalıqları və s. tapılmışdır.
KİTOY mərhələsində(e.ə. III minilliyin sonu-II minilliyin əvvəli) balıqçılıq daha genişlənmiş, şərq və qərb arasında mövcud olan mübadilə artmışdı. Bu mərhələdə nefrit daha geniş miqyasda tətbiq edilməyə başlamışdı. Bu mərhələyə aid üç tiyəli kiçik xəncərlər, qarpunlar, sümük iynə, bıçaq tiyələri, balıq tutmaq üçün qarmaqlar, sümükdən antropomorf heykəlciklər, balıq fiqurları, tütək hissəsi, mərmərdən yonulmuş insan heykəlinin baş hissəsi, sığın buynuzundan külüng aşkar edilmişdir.
BİBLOS Finikiyanın ən qədim liman şəhərlərindən biridir. İndi həmin şəhərin yerində Livanın Cebeyl kəndi vardır. Həmin yaşayış yerində aşkara çıxarılmış qədim maddi mədəniyyət nümunələri e.ə. V minilliyə- neolit dövrünə aiddir. Burada Adonis ilahəsi şərəfinə məbəd inşa edilmişdi.
Azərbaycanda Neolit dövrü abidələri Naxçıvan, Qarabağ, Gəncəçay zonalarında, Mingəçevirin alt təbəqəsi, Damcılı mağarası, Qobustanın yeni Daş dövrü mədəniyyəti əsasında da öyrənilmişdir. Abidələrdəki tədqiqatlar əsasında belə qənaətə gəlinmişdir ki, Neolit mədəniyyəti dövründə yerli sakinlər daha geniş ərazilərdə məskunlaşmışlar. Arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Neolit əhalisi ilk dəfə olaraq oturaq həyata keçmiş və bununla da torpağa bağlılıq prosesi formalaşmışdır. Daşlarda toxa şəkilli əmək alətlərinin hazırlanması, mikrolövhələrdən oraq dişləri, gildən qabların düzəldilməsi, Neolitdə özündən əvvəlki dövrlərdən əsaslı surətdə fərqlənmişdir. Tədqiq olunmuşdur ki, bu dövrdə Qobustan sakinləri torpağı becərmək üçün uzunsov çay daşlarından alətlər hazırlamışlar. Qobustandan dən daşı və sürtgəcvari alətlərin tapılması yerli sakinlərin dənli bitkilərdən istifadə etdiklərini göstərir. Müəyyən olunmuşdur ki, Qobustanda qədim sakinlər əkinçilik, maldarlıq və balıqçılıqla məşğul olmuşlar. Qobustanın tədqiqatçısı C.Rüstəmovun fikrincə qədim Qobustan sakinləri heyvanları Neolit dövründən əhliləşdirməyə başlamışlar. Bu dövürdən Qobustan əhalisi gil qablar hazırlamağı, gəmi düzəldib dənizdə üzməyi bacarmışlar. O, bu fikri Qobustan qayalarında həkk olunmuş gəmi təsvirləri əsasında söyləmişdir. Bir sıra tədqiqatçılar hətta mübadilənin və bəzi metalların kəşfini Neolitlə əlaqələndirirlər. Qobustanda ən maraqlı tapıntı 2x1m ölçüdə qəbir abidəsidir. Buradan 11 insan kəlləsi və digər insan sümükləri çıxarılmışdır. Skeletin yanında muncuqlar və heyvan dişindən asmalar əldə olunmuşdur. Bu Azərbaycanda ən qədim qəbir abidələrindəndir. Araşdırmalar təxminən Son mezolit və İlk Neolitə aid etməyə imkan verir.
Yüklə 34,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin